Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2296/2023 04.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: evə köçürülmə və evdən yaşayış və istifadə qaydalarının müəyyən edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə və evdən yaşayış və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(125)-2763/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 04 oktyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrində 110 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmış xx.xx.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda 0,053 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 92,3 kv.metr olan fərdi yaşayış evi ümumi paylı mülkiyyətdədir. Daşınmaz əmlakın 7/8 hissəsi Cavabdeh, 1/8 hissəsi İddiaçı məxsusdur.
2. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-571/2018 nömrəli 24 iyul 2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı mübahisəli fərdi yaşayış evi üzrə payın naturada ayrılması və bölünməsi tələbi barədə iddiası təmin edilməmişdir.
3. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 571/2018 nömrəli 24 iyul 2018-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməmiş, həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2303/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.
5. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2831/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-571/2018 nömrəli 24 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Həmin mülki işə baxılarkən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2018-ci il tarixli, 8129 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin tərəflər arasında 1/8 və 7/8 paylarına uyğun təcrid mənzillər şəklində iki hissəyə bölünməsi, İnşaat Norma və Qaydalarının 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9-cu bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyildir.
7. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-534/2020 nömrəli, 13 mart 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı cavabdehin sözügedən fərdi yaşayış evi üzrə paylı mülkiyyətdə olan payına kompensasiya vermək yolu ilə xitam verilməsinə dair iddia tələbi təmin edilməmişdir.
8. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3041/2020 nömrəli, 25 noyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı sözügedən fərdi yaşayış evinə giriş-çıxışın müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.
9. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1644/2021 nömrəli, 22 aprel 2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3041/2020 nömrəli, 25 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Cavabdeh qarşı evə köçürülmə və evdən yaşayış və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə ünvan 3 ünvanında 92,3 kv.m torpaq sahəsində yerləşən 1/8 paya malik olduğu evə köçürülüb oradan yaşayış və istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında 92,3 kv.m torpaq sahəsində yerləşən ev 1/8 paylı mülkiyyət hüququ əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli çıxarış əsasında adına qeyd edilmişdir. İddiaçı üç otaq bir aynabənddən ibarət evin bir otağında yaşamaq istəyir. Cavabdeh onun bacısıdır, mülk onlara 29 yanvar 2017-ci ildə vəfat edən ataları Hüseynov Əli İsmayıl oğlundan miras qalmışdır. Cavabdeh onu evə buraxmadığından məcbur olub məhlədə çadır qurub, orada yaşayır, həmçinin məhlədə yarımçıq tikili tikdirsə də, cavabdeh hazırda tikilini tikib başa çatdırmağa imkan vermədiyindən münaqişəli ailə üzvü kimi polisdə qeydiyyata alınmışlar. Polis orqanları tərəfindən evə köçüb istifadə hüququnun müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli olduğu barədə iddiaçıya şifahi şəkildə bildirilmişdir. İddiaçıya məxsus bütün əmlaklar mübahisəli əmlakda olduğundan cavabdehin onu mülkə buraxmaması səbəbindən məcbur olub məhkəməyə müraciət etməli olmuşdur.
12. Gəncə Şəhər Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(125)-2763/2023 nömrəli qətnaməsi (hakim Fuad Fərhadov) ilə iddianın təmin edilməsi, İddiaçı ünvan 4şən fərdi yaşayış evinə köçürülməsi, ünvan 4şən fərdi yaşayış evindən paylı mülkiyyətçilər İddiaçı və Cavabdeh ümumi istifadə (yaşayış) qaydalarının müəyyən edilməsi, Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
13. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 213.2, 215.1, 215.2, 215.3, 215.4, 220.3 və 220.5-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 119.1, 216-220 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(125)-2763/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən paylı mülkiyyətçilər İddiaçı və Cavabdeh ümumi istifadə qaydalarının müəyyən edilməsi yazılmışdır. AR MPM-nin 82.1-ci maddəsində göstərilir ki, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, evin səndələri məhkəməyə təqdim olunub. Ev 3 yox 2 otaqdan ibarətdir. İddiaçı atası öz imzası ilə vərəsəlikdən çıxarılması haqda məhkəməyə müraciət etmişdir. Mülkün 1/8 hissəsi bölgüdə nə qədərdir ki, İsmayıla ekspert pay bölməmişdir. Eyni zamanda məhkəmə belə bölgünü təsdiq etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
19. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
20. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
22. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
23. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
24. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
25. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
26. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
27. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.
28. Maddə 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər:
29. Maddə 215.3.1. əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi.
30. Maddə 3.1. Mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər.
31. Maddə 3.2. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir.
32. Maddə 8.0. Mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir.
33. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: 8.0.1. qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; 8.0.2. mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; 8.0.3. mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; 8.0.4. qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; 8.0.5. mənzil-tikinti kooperativində üzvlük; 8.0.6. mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi.
34. Maddə 9.1. Mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir.
35. Maddə 9.2.1. Mənzil hüquqlarının müdafiəsi mənzil hüququnun tanınması üsulu ilə həyata keçirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
41. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
42. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
43. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
44. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
45. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
47. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
49. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(125)-2763/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Belə ki, məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, İddiaçı qızı Cavabdeh qardaşıdır. Mübahisəli əmlak ünvan 1 ünvanda 0,053 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 92,3 kv.metr olan fərdi yaşayış evi ümumi paylı mülkiyyətdədir. Daşınmaz əmlakın 7/8 hissəsi Cavabdeh, 1/8 hissəsi İddiaçı adına mülkiyyət hüququ ilə qeydə alınmışdır.
52. İddiaçı mübahisəli yaşayış evinin paylı mülkiyyətçisidir və onun mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən toxunulmazdır və bu toxunulmazlığa təminat verilir.
53. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri).
54. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
55. İşin faktiki hallarından göründüyü kimi, mübahisə predmeti olan yaşayış sahəsi iddiaçı 1/8 hissəsə pay hüququ olmaqla, cavabdehin 7/8 hissədə pay hüququ olmaqla, onların paylı mülkiyyətində olmaqla, həmin hüquq müvafiq qaydada dövlət qedyiyyatına alınmışdır. Həmçinin, işin mübahəsiz halıdır ki, mübahisə predmeti olan yaşayış sahəsi hazırda cavabdehin sahibliyində və istifadəsindədir.
56. Həmçinin, iş materiallarında olan məhkəmə qərarlarından aydın olur ki, hazırki iş üzrə tərəflər arasında paylı mülkiyyətdə olan əmlakın Mülki Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən bölünməsi və ya ondan pay ayrılması mümkün olmamışdır.
57. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli fərdi yaşayış evinin 1/8 hissəsi üzərində iddiaçının mülkiyyət hüququ, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan istifadə hüququ vardır və cavabdehin Cavabdeh həmin hüququndan istifadəsinə mane olması sonuncunun mülkiyyət hüququna qanunsuz müdaxiləni özündə ehtiva edir. İddiaçının öz mülkiyyətindən müəyyən olunmuş hədlərdə sərbəst istifadə hüququ olduğundan, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etmişdir.
58. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
59. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
62. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
63. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(125)-2763/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.