Məhkəmə qərarları › İş №2(104)-23/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-23/2024

18.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-23/2024 18.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və qanunsuz müdaxiləyə son qoyulması tələbinə dair mülki iş üzrə Tovuz rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli 2(062)- 386/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Tovuz rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli 2(062)-386/2020 nömrəli qətnaməsi ilə (sədrlik edən N.Mustafayev) iddia təmin edilmiş, Cavabdeh hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA ******* saylı (reyestr nömrəsi **********22-05101-093006) çıxarışa əsasən, İddiaçı adına dövlət qeydiyyatına alınmış ünvan 1 ünvanında binanın birinci mərtəbəsində yerləşən ümumi sahəsi 86,8 kv.metr, yaşayış sahəsi 62 kv.metr olan mənzildən çıxarılması, cavabdehin həmin mənzilə qanunsuz müdaxiləsinə son qoyulması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Tovuz rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli 2(062)-386/2020 saylı qətnaməsinin tamamilə ləğv olunması və İddiaçı iddiasının təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və qanunsuz müdaxiləyə son qoyulması tələbinə dair iddia ərizəsi ilə Tovuz rayon Məhkəməsinə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA ******* saylı çıxarışa əsasən onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 2 nömrəli mənzildən cavabdeh X2 çıxarılmasına, həmin mənzilə cavabdehin qanunsuz müdaxiləsinə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən 2 nömrəli mənzil hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA ******* saylı çıxarışa əsasən, onun adına dövlət qeydiyyatına alınmışdır. Cavabdeh X5 həmin mənzili qanunsuz olaraq zəbt etmiş və hazırda istifadə edir. Fatmansə Hüseynova həmin mənzilin ona məxsus olmasını iddia edərək, mənzilə dair müvafiq sənədləşmə işlərinin aparılacağını bildirir. Cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində onun həmin mənzil üzərində mövcud olan və qanunla qorunan mülkiyyət hüquqlarını pozulmuşdur. Ona görə də hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA ******* saylı çıxarışa əsasən onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 2 nömrəli mənzildən Cavabdeh çıxarılmasına, həmin mənzilə cavabdehin qanunsuz müdaxiləsinə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkil) X7 apellyasiya baxışında vəsatət verərək iddiaçı tərəfindən Gəncə İnzibati Məhkəməsində cavabdeh DƏDKRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı X2 adına tərtib olunmuş çıxarışın ləğv edilməsinə dair iddia qaldırdıqlarını, həmin işlə bağlı qəbul ediləcək qərar hazırkı işin nəticəsinə təsir edəcəyini bildirərək Gəncə İnzibati Məhkəməsi həmin işə baxıb nəticə verənə kimi hazırki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)- 32/2023 saylı qərardadı hazırkı iş üzrə icraat İddiaçı cavabdeh DƏDKRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı üçüncü şəxs X2 adına tərtib olunmuş çıxarışın ləğv edilməsi tələbinə dair Gəncə İnzibati Məhkəməsinin icraatında olan iş üzrə qəbul ediləcək yekun məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər dayandırılmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-3536/2023 saylı qərardadı ilə İddiaçı cavabdeh DƏDKRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı üçüncü şəxs X2 adına tərtib olunmuş çıxarışın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Həmin iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə mindiyindən iş üzrə icraata təzələnmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə kifayət qədər araşdırma aparmadan iddia tələbini təmin etmişdir. Belə ki, məhkəmə iclasında 27 dekabr 2019-cu il tarixdə qeydiyyata alınan, binanın 46 nömrəli mənzilinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla ümumi sahəsi 215.5 kv.m olan mənzilin mülkiyyətinə verildiyini bildirmişdir. Ancaq burada araşdırılması olan məsələ iddia olunan 86.8 kv.m sahəsi olan mənzillə ona məxsus olan 215.5 kv.m sahədən ibarət mənzilin çıxarışa əsasən üst-üstə düşüb-düşməməsi olmuşdur. Məhkəmə qətnamədə DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin 24 noyabr 2016-cı il tarixli **********13 saylı məktubunu göstərmişdir. Həmin məktuba əsasən 22 aprel 1998-ci il tarixdə inventar nömrəsi 1997 olan reyestr nömrəsi 37 olan çoxmənzilli bina həmin dövrdə milli qeydiyyat sistemi olmadığına görə X1 adına verilmiş mənzil sistemə daxil edilməmiş və texniki pasportda mərtəbəlilik göstərilməmişdir. Burada Daşınmaz Əmlak öz vəzifə borcunu layiqincə yerinə yetirməmiş və yarımçıq sənəd verməsinə baxmayaraq, sanki günahkar vətəndaşmış kimi ifadə etmişdir. Bu məktub 2016cı ildə ünvanlanan məktubdur. 2019-cu il tarixdə Daşınmaz Əmlak ona 215.5 kvm sahəsi olan mənzilə dair çıxarış vermişdir. Məhkəmə isə araşdırmanı son mərhələyə kimi aparmamışdır. Daha sonra isə qətnamədə qeyd etmişdir ki, onun mülkiyyətində olan mənzillə mübahisəli mənzilin (86,8 kvm sahədən ibarət) eyni mənzil olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişlər. Sübut sənəddir, həmin sənəd də təqdim edilib. İş məhkəmənin icraatında olan zaman nə səbəbə məhkəmə Daşınmaz Əmlaka sorğu verib çıxarışlarda olan mənzillərin eyni mənzil və ya onun tərkib hissəsi olduğunu araşdırmamışdır. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər lazımi qaydada xəbərdar edilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi teleqramda obyektiv səbəbdən məhkəmə iclasına gələ bilmədiyini, işə iştirakı olmadan baxılıb birinci instansiya məhkəmıəsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını, Tovuz Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli 2(062)- 386/2020 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq izah etdi ki, əvvəllər həmin bina X10nin yataqxana binası olmuş, mənzil də mərhum həyat yoldaşı Sahib Hüseynova verilmiş, əvvəıllər o, həyat yoldaşı iləbinanın 4-cü mərtəbəsində yerləşən mənzildə yaşamış, lakin bir neçə il bundan əvvəl həmin tikiş fabrikinin nühasibi ona mənzilinin 4-cü mərtəbədə yox, birinci mərtəbədə yerləşdiyini bildirdiyinə və hazırda yaşadığı otaqlar boş olduğundan o, 4-cü mərtəbədən 1-ci mərtəbəyə köçmüşdür. Hüquqi məsələlər və əsslandırma: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsinə dair izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb, mübahisəli ünvana yerli baxış keçirib, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Tovuz Rayon XDS-nin 29 dekabr 1993-cü il tarixli qərarının müvafıq qaydada təsdiq olunmuş surətindən görünür ki, “X10”nin ümumi yataqxanasında yaşayan işçi və qulluqçulara xidməti orderlərin paylanmasına razılıq verilmişdir. İş materiallarında olan 22 aprel 1998-ci il tarixli qeydiyyat vəsiqəsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 adına Tovuz Rayon DTİ və MHQl-nin 15 aprel 1998-ci il tarixli 02 №-li əmri ilə ümumi sahəsi 215,5 kv.metr, yaşayış sahəsi 97,5 kv.metr olan mənzil qeydə alınmışdır. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA ******* saylı (reyestr nömrəsi **********22-05101- 093006) çıxarışın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında binanın birinci mərtəbəsində yerləşən ümumi sahəsi 86,8 kv.metr, yaşayış sahəsi 62 kv.metr olan mənzil İddiaçı adına 10 mart 2011-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********22-05101-093015 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 215,5 kv.metr olan mənzil Cavabdeh adına 27 dekabr 2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Mübahisəli ünvana məhkəmə kollegiyası tərəfindən yerli baxış keçirilərkən müəyyən olunmuşdur ki, tərəflərə məxsus mənzillərin yerləşdiyi binanın hər mərtəbəsindəki mənzillər ortada dəhliz olmaqla sağ və sol tərəfdə sıra ilə yerləşən otaqlardan ibarətdir. İddiaçının adına olan texniki pasporta əsasən ona məxsus mənzilin otaqları dəhlizə daxil olduqda girişdən sol tərəfdə, cavabdehin mərhum həyat yoldaşının adına işlənmiş texniki pasportdan isə cavabdehə məxsus mənzilin otaqlarının dəhlizin həm sol, həm də sağ tərəfində yerləşdiyi müəyyən edilsə də, faktiki olaraq cavabdehin dəhlizə girişdən sol tərəfdə yerləşən otaqlardan istifadə etdiyi, dəhlizə girişdən sağ tərəfdə yerləşən otaqlarda isə başqa şəxsin yaşadığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin 24 noyabr 2016-cı il tarixli **********13 saylı məktubundan görünür ki, Cavabdeh hal-hazırda İddiaçı adına verilmiş mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda gostərilən yeddi yaşayış otaqlarından ümumi sahəsi 37,2 kv.metr olan üç yaşayış otağında yaşayır. Cavabdeh istifadəsində olan yaşayış otaqları daxil olduğu mənzil, milli qeydiyyat sistemində ümumi sahəsi 86,8 kv.metr, yaşayış sahəsi 62 kv.metr yeddi yaşayış otaqlı mənzil kimi İddiaçı adına dövlət reyestrində qeydə alınmış və adı gedən çoxmənzilli binanın birinci mərtəbəsində yerləşir. X1 adına Tovuz Rayon DTİ və MHQ idarəsi tərəfindən verilmiş 15 aprel 1998-ci il tarixli özəlləşdirmə əmrinə əsasən, adı gedən çoxmənzilli binadan verilmiş mənzil 22 aprel 1998-ci il tarixdə inventar nömrəsi 1997 reyestr nömrəsi 37 olan nömrə ilə qeydə alınmış, lakin həmin dövrdə milli qeydiyyat sistemi olmadığına görə X1 adına verilmiş mənzil sistemə daxil edilməmiş və texniki pasportda mərtəbəlilik göstərilməmişdir. X1 adına verilmiş 37 nömrəli qeydiyyat vəsiqəsi itdiyinə görə həyat yoldaşı Cavabdeh mərhumun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün DƏDRX-nin 15 saylı Tovuz ərazi idarəsinə müraciət etmiş, təqdim edilmiş sənədlər əsasında 15 iyul 2016-cı il tarixdə çıxarış verilmiş, lakin sonuncunun təqdim etdiyi mənzilə İddiaçı adına hüquqların dövlət qeydiyyatı aparılıb texniki pasport verildiyinə görə mərhumun adına inventarlaşdırma aparılıb texniki pasport verilməmişdir. İddiaçı və cavabdehə məxsus mənzillərin üst-üstə düşüb-düşməməyini müəyyən etmək üçün məhkəmə kollegiyası tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24 sentyabr 2024-cü il tarixli 3-16-16/2-10/2514 nömrəli ekspert rəyi ilə aşağıdakılar müəyyən edilmişdir.

1. ünvan 1 ünvanında binanın birinci mərtəbəsində yerləşən ümumi sahəsi 85,2 kv m (texniki pasport üzrə 1,2,3,8,9,10 və dəhliz tikilisi (sahəsi 13,8 m2 (1,50x8,90) ) İddiaçı məxsus tikililərin olduğu, Cavabdeh mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən tikililər isə yaşayış evinin 5-ci mərtəbədə yerləşdiyi müəyyən edilir.

2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA ******* saylı (reyestr nömrəsi **********22- 05101-093006) çıxarışla İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında binanın birinci mərtəbəsində yerləşən mənzillə, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********22-05101- 093015 reyestr nömrəli çıxarışla Cavabdeh mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən mənzil üst-üstə düşmədiyi müəyyən edilir. (texniki pasportlara uyğun olaraq)

3. ünvan 1 ünvanda Cavabdeh faktiki istifadəsində olan mənzil MA ******* saylı (reyestr nömrəsi **********22-05101-093006) çıxarışla İddiaçı mülkiyyətində olan mənzilinin bir hissəsi olduğu müəyyən edilmişdir. Həmin tikililən yaşayış binasının 1-ci mərtəbəsində yerləşməklə texniki pasportun məlumatlarında göstərilən 1,2,3,8,9,10 və dəhliz tikilisi (sahəsi 13,8 m2 (1,50x8,90)) olduğu müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi göstərmişdir ki, Cavabdeh hal-hazırda İddiaçı adına verilmiş mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqmda daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən yeddi yaşayış otaqlarından ümumi sahəsi 37,2 kv.metr olan üç yaşayış otağında yaşayır. Cavabdeh istifadəsində olan yaşayış otaqları daxil olduğu mənzil, milli qeydiyyat sistemində ümumi sahəsi 86,8 kv.metr, yaşayış sahəsi 62 kv.metr yeddi yaşayış otaqlı mənzil kimi İddiaçı adına dövlət reyestrində qeydə alınmış və adı gedən çoxmənzilli binanın birinci mərtəbəsində yerləşir. X1 adına Tovuz Rayon DTİ və MHQ idarəsi tərəfindın verilmiş 15 aprel 1998-ci il tarixli özəlləşdirmə əmrinə əsasən adı gedən çoxmənzilli binadan verilmiş mənzil 22 aprel 1998-ci il tarixdə inventar nömrəsı 1997 olan reyestr nömrəsi 37 olan nömrə ilə qeydə alınmış, lakin X1 adına verilmiş mənzil sistemə daxil edilməmiş və texniki pasportda mərtəbəlilik göstərilməmişdir. Cavabdeh adına tərtib edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********22-05101-093015 reyestr nömrəli çıxarışda göstərilən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 215,5 kv.metr olan mənzilin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA ******* saylı (reyestr nömrəsi **********22-05101-093006) çıxarışa əsasən, İddiaçı adına dövlət qeydiyyatına alınmış ünvan 1 ünvanında binanın birinci mərtəbəsində yerləşən ümumi sahəsi 86,8 kv.metr, yaşayış sahəsi 62 kv.metr olan mənzil ilə eyni mənzil olmasına dair məhkəməyə heç bir sübut təqdim edə bilmədi. Hazırda Cavabdeh iddiaçının mülkiyyətində olan mənzildə yaşaması sonuncunun həmin mənzil üzərində qanunla qorunan mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA ******* saylı (reyestr nömrəsi **********22- 05101-093006) çıxarışa əsasən, İddiaçı adına dövlət qeydiyyatına alınmış ünvan 1 ünvanında binanın birinci mərtəbəsində yerləşən ümumi sahəsi 86,8 kv.metr, yaşayış sahəsi 62 kv.metr olan mənzildən çıxarılmalı, cavabdehin həmin mənzilə qanunsuz müdaxiləsinə son qoyulmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İş materialları və məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə ünvan 1 ünvanında binanın birinci mərtəbəsində yerləşən ümumi sahəsi 85,2 kv.m (texniki pasport üzrə 1,2,3,8,9,10 və dəhliz tikilisi (sahəsi 13,8 m2 (1,50x8,90) ) İddiaçı məxsus tikililərin olduğu, Cavabdeh mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən tikililər isə yaşayış evinin 5-ci mərtəbədə yerləşdiyi müəyyən edilmişdir. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 152.1-ci mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh hazırda iddiaçıya məxsus mənzildə yaşamasına baxmayaraq onun iddiaçıya məxsus mənzilə aid hər hansı hüququ olmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və gəldiyi nəticəni əsaslı hesab edir. Cavabdehin məhkəmə kollegiyasıbnın iclasında verdiyi izahatdan da görünür ki, o, əvvəllər həmin binanın birinci mərtəbəsində yox, üst mərtəbəsində yaşamış, bir neçə il bundan əvvəl birinci mərtəbədəki otaqlara köçmüşdür. Beləliklə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə kifayət qədər araşdırma aparmadan iddia tələbini təmin etməsi, iş məhkəmənin icraatında olan zaman nə səbəbə məhkəmə Daşınmaz Əmlaka sorğu verib çıxarışlarda olan mənzillərin eyni mənzil və ya onun tərkib hissəsi olduğunu araşdırmaması kimi dəlillərini, həmin dəlillər məhkəmə araşdırması zamanı təsdiqini tapmadığına görə əsassız sayır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, faktlar nöqteyi-nəzərindən mübahisə düzgün həll edilmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaətlə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehə aid edilməlidir.. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli 2(062)-386/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh qaydada tutularaq “Məhkəmə Ekspertizası Mərkəzi”, X3, büdcə təsnifat kodu 142595, büdcə səviyyə kodu 3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT kod CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesaba ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar