Məhkəmə qərarları › İş №2(104)-230/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-230/2024

07.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-230/2024 07.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3215/2023 saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və Gəncə şəhəri 1 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X3 miras qalmış ünvan 1 ünvanında yerləşən mülkün qanun üzrə birinci növbə vərəsə kimi onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsi və miras əmlak üzərində vərəsəlik hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi verərək, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək, onun tərəfindən Gəncə şəhəri, Hərbi Şəhərcik-83 (38), xətt-14, ev 7-nin miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras mülkə tam mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X11 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı məhkəməyə ərizə verərək, anası X7 qanun üzrə vərəsələrini müəyyən edərkən onu da nəzərə alıb, Gəncə şəhəri, Hərbi Şəhərcik-38, xətt-14, ev 7-də yerləşən miras mülkdə miras payının ¼ olmasının müəyyən edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X12 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı məhkəməyə iddia ərizəsi verərək, anası X3 miras qalmış ünvan 2 ünvanda yerləşən mülkə onun mirası qəbul etmə faktının müəyyən edilməsinə və miras əmlak üzərində onun qanun üzrə vərəsə tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3215/2023 saylı qətnaməsi ilə (hakim C.Tağıyev ) ilkin iddia üzrə İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 iddiasının əsassız olduğundan təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdeh1 anası X3 miras qalmış Gəncə şəhəri, Hərbi Şəhərcik 38, xətt-14, 7 nömrəli evi vərəsəlik qaydasında qəbul etməsi faktının müəyyən edilməsi, qarşılıqlı iddianın qalan hissədə əsassız olduğundan təmin olunmaması qət edilmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 3215/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, miras əmlakda faktiki olaraq yaşamaqla ona sahiblik etmiş, anasından qalmış evə sahib durmuşdur. O, həmçinin fotoşəkillər təqdim edərək göstərmişdir ki, 2013-cü ildə uşağının sünnət toyu həmin evdə olmuşdur. O, 2014-2016-cı illərdə Şəmkirdə, 2018-ci ildə Gədəbəydə, 2020-ci ildə Toğanada xidmət etmişdir. Onun həmin evdə özünün şəxsi otağı olmuşdur. Bu halların heç biri məhkəmə tərəfindən nəzərə alınmamışdır. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər X8, X9 və cavabdeh Gəncə şəhəri 1 saylı notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmı kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, anası X14 xx.xx.2014-cü ildə vəfat etmişdir. ünvan 3 ünvanında yerləşən mülk anasının xüsusi mülkiyyətində olmuş və anasının adına xx.xx.2012-ci il tarixli çıxarış əldə edilmişdir. Anası rəhmətə gedəndən sonra, onun atası X20, 5 nəfər uçaqlar, yəni o, Cavabdeh1, X13, X11 və X12 qalmış, atası X20 xx.xx.2020-ci ildə, vərəsələrdən X13 isə xx.xx.2021-ci ildə vəfat etmişdir. Mirmehdinin ailəsi, uşaqları var və hansı ünvaanda yaşamalarını dəqiq bilmir. Ö, 2014-cü ilə qədər orada yaşamışdır. Anası sağ ikən həmin evdə olmuş, ancaq müxtəlif rayonlarda hərbi hissədə xidmətdə olduğuna görə evdən çıxmışdır, ancaq qayıdıb şəhərə gələndə orada yaşamışdır. 2014-2016-cı illərdə Şəmkirdə, 2018-ci ildə Gədəbəydə, 2020-ci ildə Toğanada xidmət etmişdir. Həmin ilin noyabr ayında pandemiya başlamış, dekabr ayında atası vəfat etmişdir, bundan sonra Kəlbəcərdə xidmətə getmiş, ehtiyata buraxıldıqdan sonra evə qayıtmışdır. Ancaq həmin evdə yaşamasına icazə verməmişdirlər. Qardaşı Nurağa onu və qardaşı Mirmehdinin ailəsini həmin evdən çıxarmışdır. Buna görə də 1 il 5 aydır ki, kirayədə yaşayır. Ona görə də, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3215/2023 saylı qətnaməsinin ləğv edilməsi və miras əmlakda onun və hər bir vərəsənin miras payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, İddiaçı 2006-cı ilə qədər mübahisəli evdə yaşamış, 2006-cı ildə Ceyhun Namazovla ailə quraraq, Gəncə şəhəri, Eminbəyli küçəsində yerləşən Ceyhungilin ailəsinə məxsus evə gəlin köçmüş, xx.xx.2014-cü ildə anası vəfat etdikdən sonra da həmin evdə yaşamamışdır. Boşandıqdan sonra gəlib 1-2 gün qalmış, həmçinin anası, atası və qardaşı Mirmehdi vəfat edəndə yas üçün gəlib qalıb getmişdir. 2005-ci ildə Ülviyyə, 1993-cü ildə Nəsihət evdən çıxmışdır. 2011-ci ildə qardaşı Mirmehdi ailə quraraq İnşaatçılar sarayı yanında kirayədə yaşamışdır. Floranın boşanandan sonra harada qalması ilə bağlı məlumatları yoxdur. Floranın o evdə heç bir əşyası yoxdur, cehizi də olmamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3215/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3215/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: - Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 678 nömrəli notariat hərəkətlərinin aparılmasından imtinaya dair qərarın surətindən görünür ki, miras əmlakın hüquqmüəyyənedici sənədləri olmadığı üçün və vərəsələr arasında mirasın qəbulu barədə mübahisə olduğu üçün İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. xx.xx.2012-ci il tarixli, **********29-05101-093001 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ev xüsusi mülkiyyət hüququ üzrə X7 adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. AZ-İİ 274338 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2014-cü ildə ölmüşdür. İV-JQ 464622 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ata qrafasında X20, ana qrafasında isə X2 qeyd olunmuşdur. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil istismar hissəsi 1 saylı mənzil sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 25 nömrəli arayışdan görünürki, İddiaçı ünvan 6 ünvanında yaşadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən verilmiş N nömrəli arayışdan görünür ki, İddiaçı Kəlbəcər(Murovdağ) uğrunda gedən döyüşlərdə xx.xx.2020-xx.xx.2020-il tarixlərdə N nömrəli hərbi hissənin tərkibində baş aşbaz vəzifəsində iştirak etmişdir. Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X14 barəsində xx.xx.2023-cü ilədək yoxlama aparılmış və onun sağ qalan vərəsələri oğlu Cavabdeh1, qızı X11, qızı İddiaçı, qızı X12 müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixli arayışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X20 ilə X10 nikahları Gəncə şəhər Qeydiyyat şöbəsində xx.xx.1972-ci il tarixdə 855 nömrə ilə qeydə alınmışdır. İİ-JQ 393133 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 ata qrafasında X20, ana qrafasında isə X2 qeyd olunmuşdur. AZ-İİ 110986 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X20 xx.xx.2020-ci ildə ölmüşdür. xx.xx.2023-cü il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh1, X15, X21, İddiaçı, X33, X16, X12, X17, X18 xx.xx.2003cü il tarixdən ünvan 7 ünvanında qeydiyyatdadırlar. 1 nömrəli Mənzil-İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 ünvan 8 ünvanında qeydiyyatda olmaqla, yaşayır. X11, İddiaçı, X12, X33 həmin ünvanda qeydiyyatda olsalar da, yaşamırlar. İddanı qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə İddiaçı və digər vərəsələr mirası faktiki və ya yazılı ərizə verməklə qəbul etməmişlər və həmin miras Gəncə şəhəri, Hərbi Şəhərcik-38, xətt 14, 7 nömrəli evi yalnız Cavabdeh1 faktiki olaraq qəbul etmişdir. .Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsi ilə razılaşmır. Belə ki, X7 xx.xx.2014-cü il tarixdə vəfat etməsi və onun vəfatından sonra ünvan 4 ünvanında yerləşən mənzilin miras qalması, həmçinin mərhumun 5 nəfər birinci növbədə qanun üzrə birinci növbə vərəsəsinin, yəni İddiaçı, Cavabdeh1, X5, X6 və X4 olması işin mübahisə edilməyən halıdır. Mərhumun əri X20 xx.xx.2020-ci ildə, vərəsələrdən X13 isə, xx.xx.2021-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, mərhum X7 xx.xx.2014-cü ildə vəfat etməsi ilə mübahisəli hüquq münasibətləri həmin vaxtdan yarandığından, mübahisəyə xx.xx.2000-ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarda ifadə etdiyi hüquqi mövqeyinə görə, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Qərarda həmçinin göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Məhkəmə kollegiyasında müəyyən edildi ki, hazırkı iş üzrə tərəflər mərhumun qanun üzrə birinci növbə vərəsələridir. Miras əmlak barədə vəsiyyətnamə qoyulmamış və qanunla müəyyən edilmiş müddətə mirasdan imtina barədə notariat orqanına ərizə verilməmişdir. Kollegiya həmçinin qeyd edir ki, hazırkı iş üzrə məhkəmədə iddia qaldırılarkən, birinci növbə vərəsələrdən X13 xx.xx.2021-ci ildə vəfat etmiş olduğundan, onun hüquqi vərəsələrinin müəyyən edilməsi üçün, iş üzrə icraatın dayandırılmasına hüquqi əsaslar müəyyən edilmir. Həm də, onun birinci növbə vərəsələrinin sayının və yaşayış ünvanlarının hazırda müəyyən edilməsi mümkün olmadığından, onun adına miras əmlakdan qanuna müvafiq olaraq 1/5 hissədə payının müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Kollegiya qeyd edir ki, bu hal gələcəkdə həmin şəxsin vərəsələrinin dairəsinin müəyyən edilməsi və həmin şəxslərin vərəsəlik hüquqlarını həyata keçirmələrini asanlaşdırmaq məqsədi daşıyır. Azərbaycan Respublikası MPM-nin 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticəsi qanuni olmamış, mübahisənin maddi-hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 3215/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia və qarşılıqlı iddia qismən təmin edilməli, X1 miras qalan ünvan 4 ünvanında yerləşən mənzil üzərində 1/5 hissədə İddiaçı, 1/5 hissədə Cavabdeh1, 1/5 hissədə X5, 1/5 hissədə X6, 1/5 hissədə X4 miras payı müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-386, 392-393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3215/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia və qarşılıqlı iddia qismən təmin edilsin. X1 miras qalan ünvan 4 ünvanında yerləşən mənzil üzərində 1/5 hissədə İddiaçı, 1/5 hissədə Cavabdeh1, 1/5 hissədə X5, 1/5 hissədə X6, 1/5 hissədə X4 miras payı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar