Məhkəmə qərarları › İş №2(104)-2303/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2303/2024

17.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2303/2024 17.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 qarşı Açar sözlər: mənzildən çıxarılma; mənzildən istifadə hüququ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 iştirakı ilə, İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evdən əşyaları ilə birlikdə çıxarılma və evə köçürülmə tələbinə, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı evdən istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli 2(076)- 1496/2024 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 17 dekabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. **********50-10301 nömrəli reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Şəmkir şəhəri, ev 81, Yeni qaydalarla : AZ 5700, Şəmkir rayonu, Üzeyir Hacıbəyli küç, giriş 81 ünvanda yerləşən əmlak İddiaçı2 xüsusi mülkiyyətindədir;

2. xx-xx/3399 nömrəli 1990-ci il tarixli fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, ünvan 2 ünvan sahibi İddiaçı2dur;

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi Daşınmaz Əmlakın Dövlət Reyestrindən Arayışdan görünür ki, ünvan 3 ünvanda yerləşən 1990-cı il tarixdə inşa edilmiş fırdi yaşayış evinə dair İddiaçı2 adına dekabr 1990-cı il tarixli, 3399 inventar nömrəli texniki pasport tərtib edilmiş, qeyd edilən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir.

4. Azərbaycan Respublikası Dövlət X2 tərəfindən verilmiş 26 yanvar 2024-cü il tarixli 3-48-13F/2-H-46 saylı məktubdan görünür ki, dövlət X2nda mühafizə olunan “N.Nərimanov” adına kolxozun qaytanlanmış torpaq kitablarında 1641-ci sıra nömrəsində olan İddiaçı2 adına 0,07 ha həyatyanı torpaq sahəsi qeyd edilmişdir;

5. Nkah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 xx.xx.2016-cı il tarixdə nikah bağlamışlar.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 azyaşlı uşaqları və əmlakları ilə birlikdə onlara mülkiyyət hüququ ilə məxsus olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması, onların həmin mənzilə köçürülməsi, 45+1 manat dövlət rüsumunun, 55 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada alınıb onlara ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişlər. 7 İddiaçılar İddiaçı1 və İddiaçı2 tələblərini onunla əsaslandırmışlar ki, cavabdehlər Cavabdeh2 onların gəlini, Cavabdeh1 isə onların oğludur. Cavabdeh2 onların oğlu Cavabdeh1 ilə ailə qurmuşdur. Onların birgə nikahından iki uşaqları doğulub. Cavabdehlərlə yola getmədikləri üçün onları mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarmışlar. Hazırda cavabdehlər onları öz evindən qovub və mülkiyyətində olan evdə yaşamağa icazə vermirlər. Bu səbəbdən də hazırda onlar qohum evlərində yaşayırlar. Cavabdehlərin yaşadığı ev onların tam mülkiyyətindədir. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət edirlər. Köçmək istədikləri və mülkiyyətlərində olan fərdi yaşayış evi bir neçə yaşayış otağından, yaşayış və qeyri yaşayış sahəsindən ibarətdir.

8. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 da iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı “evdən istifadə hüqunun tanınması ” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

9. Qarşılıqlı iddiaçılar Cavabdeh1 və Cavabdeh2 tələblərini onunla əsaslandırmışlar ki, Cavabdeh1 cavabdehlərin oğludur və Cavabdeh2 isə onların gəlinidir. Cavabdeh1 Cavabdeh2 ilə xx.xx.2016- cı ildə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Həmin nikahdan 2 uşaqları vardır. Cavabdeh Arifə Cavabdeh2 Məmmədova ilə yola getmədiyi üçün ailə münaqişəsi yaranmışdır. Məsələnin əsli odur ki, Cavabdeh2 2016-cı ildən ailə həyatı qurduqdan bu günə kimi həmin evdə yaşayır. Cavabdeh İddiaçı2 isə Rusiya Federasiyasında yaşayır. Cavabdeh İddiaçı1 həmin evdə gəlinin yaşamasını istəmədiyi üçün müxtəlif vaxtlarda müxtəlif bəhanələrlə dava-dalaş salmış və oğluna da Cavabdeh2 boşaması üçün təzyiqlər etmişdir. Hətta onların arasında olan dava-dalaşda cavabdeh İddiaçı1 iddiaçı Cavabdeh2 xəsarətlər yetirmiş və bununla bağlı polisdə araşdırma olmuşdur. Təzyiqlərin nəticə vermədiyinə görə cavabdeh İddiaçı1 bu dəfə məhkəməyə iki ayrı iddia verərək iddiaçıların həmin mübahisəli evdən çıxarılmasını, həm də Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30000 manat maddi və mənəvi ziyan tələb etmişdir. İddia ərizəsinə əlavə edilən video görüntülər və foto şəkillərdən də müəyyən etmək olar ki, ilk iddiada qeyd olunan hallar tamamilə yalan və uydurmadan ibarətdir. Belə ki, İddiaçı1 qeyd etmişdir ki, guya hazırki iddia tələbi üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 onu həmin evdən qovmuşlar və yaşamasına icazə vermirlər. Qeyd olunan məsələ tamamilə uydurmadır. Çünki heç kim İddiaçı1 həmin evdə yaşamasına maneə yaratmır. İddiaçı1 barəsində axtarış qərarı olmuş və 3 aydan çox müddətə həmin evdə yaşamışdır. Bundan başqa şəkilləri iddia ərizəsinə əlavə edilmiş qapıdan da görünür ki, həmin qapı ümumiyyətlə nasazdır və bağlanmır. Odur ki, İddiaçı1 istədiyi zaman evə gəlib getmişdir. Video görüntülər qeyd edilmiş halları təsdiq edəcəkdir. Həmçinin iddiaçıların istifadə hüququnun tanınmasını tələb etdikləri fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Beləliklə də, hesab edirlər ki, onların azyaşlı uşaqları ilə birlikdə həmin evdən istifadə hüququ vardır. Göründüyü kimi Cavabdeh1 cavabdehlərin oğludur və onların ailə üzvüdür. Bundan başqa Cavabdeh2 isə onların gəlinidir. Hazırda Cavabdeh1la Cavabdeh2 nikahı pozulmamışdır.

10. Şəmkir Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli 2(076)-1496/2024 nömrəli qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi) ilkin iddia qismən təmin edilərək, Cavabdeh2 **********50-10301 nömrəli reyestr nömrəli, xx.xx.2024-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında İddiaçı2 mülkiyyətində olan Şəmkir şəhəri, ev-81(Yeni qaydalarla Şəmkir şəhəri, Üzeyir Hacıbəyli küç, giriş 81) ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması; İlkin iddianın qalan hissəsinin təmin edilməməsi; Qarşılıqlı iddianın təmin edilməməsi; Ödənilmiş mediasiya xərci 55 manat və 45 manat dövlət rüsumunun Cavabdeh2 tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi qət edilmişdir.

11. Məhkəmə həmin nəticəyə gələrkən xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53.3, 54.1, 54.3 və 123-cü maddələrinə, xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30.1, habelə Mülki Məcəllənin 152.1, 152.5 və 158.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

12. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, qarşılıqlı iddia tələbinin ona münasibətdə təmin edilməsi və onun ünvan 3 ünvanda yerləşən evə istifadə hüququnun tanınması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, istifadə hüququnun tanınmasını tələb etdiyi fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İlkin İddiaçı1 iş məhkəmədə olan zaman 24 aprel 2024-cü il tarixdə çıxarış almışdır. Bundan başqa, o, ilkin iddiaçıların gəlinidir. Hazırda ilkin iddiaçıların oğlu Cavabdeh1la nikahı pozulmamışdır. Nikah münasibətləri yaranan zaman həmin daşınmaz əmlakın hüquqmüəyyənedici sənədi olmamışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, Cavabdeh2 2016-cı ildə onların oğlu ilə nikaha daxil olaraq mübahisəli evə gəlin köçmüşdür və həmin vaxtdan da orada yaşamışdır. Orta məktəbdə müəllimə işləməsi ilə əlaqədar Lerik rayonuna köçmüş və bir müddət orada yaşamışdır. Sonradan mübahisəli evə qayıtdıqda oğlu və gəlini onu və əri İddiaçı2 evə buraxmamışlar. Ev onun ərinin mülkiyyətində olduğu halda, cavabdehlər onlara qarşı qanunsuz hərəkətlər etmişlər. Sədrlik edənin sualına cavab olaraq ilkin İddiaçı1 bildirmişdir ki, Şəmkir şəhərindəki Səttarxan küçəsinin adı dəyişilib və küçəyə Üzeyir Hacıbəyov küçəsi adı verilmişdir. İlkin İddiaçı1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasın xahiş etmişdir.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmişlər. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək işi ilə əladədar məhkəmə iclasına gələ bilməyəcəyini bildirmiş və işə baxılmasının təxirə salınmasını xahiş etmişdir. Digər proses iştirakçıları isə məhkəmə iclasına gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

17. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

19. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

20. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

21. Maddə 30.4. əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

27. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

30. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, ilkin iddia tələbi qismən təmin edilmiş, qarşılıqlı iddia tələbi təmin edilməmişdir. İlkin iddiaçılar və qarşılıqlı iddiaçılardan Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişlər. Yalnız ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməni «Cavabdeh2 **********50-10301 nömrəli reyestr nömrəli, xx.xx.2024cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında İddiaçı2 mülkiyyətində olan Şəmkir şəhəri, ev-81(Yeni qaydalarla Şəmkir şəhəri, Üzeyir Hacıbəyli küç, giriş 81) ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması; Qarşılıqlı iddianın Cavabdeh2 ünvan 3 ünvanda yerləşən evə istifadə hüquqlarının tanınmasının təmin edilməməsi» hissələrdə mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Şəmkir rayonu “N.Nərimanov” adına kolxozun qaytanlanmış torpaq kitablarında 1641-ci sıra nömrəsində olan İddiaçı2 adına 0,07 ha həyatyanı torpaq sahəsi qeyd edilmişdir. 1990-cı ildə isə həmin torpaq sahəsinin yerləşdiyi ünvan 3 ünvanda mübahisəli fərdi yaşayış evi inşa edilmişdir. Evə dair İddiaçı2 adına 1990-cı il tarixli, 3399 inventar nömrəli texniki pasport tərtib edilmiş, lakin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Sonradan **********50-10301 nömrəli reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində çıxarışa əsasən Şəmkir şəhəri, ev 81, Yeni qaydalarla : AZ 5700, Şəmkir rayonu, Üzeyir Hacıbəyli küç, giriş 81 ünvanda yerləşən 0.07 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi xx.xx.2024-cü il tarixdə İddiaçı2 adına qeydə alınmışdır. Bununla yanaşı müəyyən olunmuşdur ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 xx.xx.2016-cı il tarixdə ilkin iddiaçılar İddiaçı1 və İddiaçı2 oğlu Cavabdeh1la nikaha daxil olaraq ailə qurmuş və həmin vaxtdan da mübahisəli fərdi yaşayış evinə gəlin köçmüşdür. Onların nikahı hazırkı vaxtadək pozulmamışdır. Yaşayış sahəsinin mülkiyyətçisi İddiaçı2 gəlini Cavabdeh2 evdən çıxarılması barədə məhkəmədə iddia qaldırmış, Cavabdeh2 da mübahisəli evdən istifadə hüququ tanınması barədə qarşılıqlı iddia ərizəsilə məhkəməyə müraciət etmişdir.

33. Bu qətnamənin 30-cu bənində qeyd olunduğu kimi birinci instansiya məhkəməsinin qətnaməsi «Cavabdeh2 **********50-10301 nömrəli reyestr nömrəli, xx.xx.2024-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında İddiaçı2 mülkiyyətində olan Şəmkir şəhəri, ev-81(Yeni qaydalarla Şəmkir şəhəri, Üzeyir Hacıbəyli küç, giriş 81) ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması; Qarşılıqlı iddianın Cavabdeh2 ünvan 3 ünvanda yerləşən evə istifadə hüquqlarının tanınmasının təmin edilməməsi» hissələrdə yoxlanılır.

34. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.

35. İlk növbədə qeyd edilməlidir ki, qarşılıqlı iddiaçı Cavabdeh2 2016-cı ildə ilkin iddiaçıların oğlu Cavabdeh1la nikaha daxil olaraq mübahisəli evə köçdüyündən tərəflər arasında yaranmış hazırkı mübahisə xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin müddəaları əsasında həll edilməlidir. Çünki, MPM-nin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bu məsələ ilə bağlı «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

37. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən, valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir.

38. Göründüyü kimi, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Bundan başqa, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh2 yaşayış sahəsinin mülkiyyətçisinə münasibətdə “digər qohumlar” dairəsinə də aid deyildir. Belə ki, Cavabdeh2 yaşayış sahəsinin mülkiyyətçisi olan İddiaçı2 oğlu Cavabdeh1 arvadıdır ki, bu halda onun mənzilin sahibi İddiaçı2 özünün saxlanılmasını tələb etmək hüququ yoxdur. Belə olan təqdirdə, məsələnin həllinə Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulmuş digər qaydaların tətbiqi, yəni Cavabdeh2 istifadə hüququnun müəyyən müddətə saxlanılması istisna olunur.

39. «Gəlin köçən zaman fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından evə istifadə hüququ yaranmışdır» barədə apellyatorun dəlili də məhkəmə kollegiyası tərəfindən əsassız sayılmışdır.

40. Belə ki, mülki qanunvericiliyə görə, müvafiq əmlakı gələcəkdə əldə etməyi qanuni olaraq gözləmək halları da mülkiyyət hüququ kimi qiymətləndirilir. Bu müddəaya uyğun olaraq, dövlət reyestrində qeydə alınmış əmlaklarla yanaşı, həm də əmlak kimi gələcəkdə əldə edilməsi qanuni olaraq gözləmək də mülkiyyət hüququ kimi qiymətləndirilməlidir.

41. «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli, «Burdov Rusiyaya qarşı» iş üzrə, «Qarrax Çexiyaya qarşı» iş üzrə və digər bu kimi qərarlarında X3 Məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ «İnsan Hüquqları və X1 Haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də məsələyə yuxarıda göstərilən qaydada X3 Məhkəməsinin mövqeləri ilə yanaşmış, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar 15 yanvar 2010-cu il tarixli, Viktor Ozerovun şikayəti ilə əlaqədar 15 aprel 2011-ci il tarixli, Müşfiq Bayramovun şikayəti ilə əlaqədar 09 iyun 2011-ci il tarixli qərarlarında hesab etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir.

43. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.

44. Həmin siyahının 2.5-ci bəndinə əsasən, yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış daşınmaz əmlak obyektləri üzərində hüquqların qeydə alınması əsaslarından biridir.

45. Hazırkı işin hallarından da görünür ki, mübahisəli fərdi yaşayış evi ilkin İddiaçı2 adına 2024-cü ildə qeydə alınsa da, lakin evin yerləşdiyi 0,07 ha həyatyanı torpaq sahəsi Şəmkir rayonu “N.Nərimanov” adına kolxozun qaytanlanmış torpaq kitablarında 1641-ci sıra nömrəsində İddiaçı2 adına qeyd edilmişdir. Yəni, İddiaçı2 mübahisəli yaşayış sahəsinə qanuni əsaslarla gözlənilən mülkiyyət hüququ olmuşdur ki, bu halda həmin əmlak da onun mülkiyyəti kimi qəbul edilməlidir.

46. Şərh olunan halları məcmu halda qiymətləndirən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin yoxlanılan hissədə gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən sxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli 2(076)-1496/2024 nömrəli qətnaməsi yoxlanılan, yəni «Cavabdeh2 **********50-10301 nömrəli reyestr nömrəli, xx.xx.2024-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında İddiaçı2 mülkiyyətində olan Şəmkir şəhəri, ev-81(Yeni qaydalarla Şəmkir şəhəri, Üzeyir Hacıbəyli küç, giriş 81) ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması; Qarşılıqlı iddianın Cavabdeh2 ünvan 3 ünvanda yerləşən evə istifadə hüquqlarının tanınmasının təmin edilməməsi» hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar