Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-2312/2025 19.03.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), Mustafayev Mustafa Əli oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Babayeva Günay Vüqar qızının katibliyi ilə, İddiaçı Əliyev Tahir Məmməd oğlunun, onun nümayəndəsi (vəkil) Bəkirova Sevda Həbib qızının və cavabdeh “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinin Goranboy Rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi Allahverdiyev Elvin Alim oğlunun iştirakı ilə, İddiaçı Əliyev Tahir Məmməd oğlunun cavabdeh “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinin Goranboy Rayon Mərkəzi Xəstəxanasına qarşı əmrin ləğvi və cavabdehin üzərinə onunla yenidən əmək müqaviləsi bağlanması öhdəliyinin qoyulması tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 17.10.2025-ci il tarixli, 2(045)- 1630/2025 saylı qətnaməsindən iddiaçı Əliyev Tahir Məmməd oğlunun nümayəndəsi (vəkil) Bəkirova Sevda Həbib qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi " Publik Hüquqi Şəxs Goranboy Rayon Mərkəzi Xəstəxanası " Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 28 iyul 2025-ci il tarixli, 18-1-39/3-1-1047/2025 saylı əmrdən görünür ki, "Goranboy Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinin İSX (ASM) şöbəsinin Dəliməmmədli ASM bölməsində bölmə müdiri vəzifəsində çalışan Əliyev Tahir Məmməd oğlunun çalışmanın yaş həddi 22 iyun 2024-cü il tarixdə bitmişdir. Müstəsna hal olaraq əmək müqaviləsinin müddəti müddəti 21 dekabr 2024-cü il tarixdək 6 ay müddətinə uzadılmışdı. Müqavilənin müddəti bitdiyi tarixdən 21 dekabr 2024-cü il tarixdən sonra, işçi xəstəlik vərəqəsi təqdim etdiyinə, məzuniyyətdə olduğuna eləcədə qanunla nəzərdə tutulan ictimai (seçki ilə bağlı) vəzifənin icrasında iştirak etdiyinə görə əmək müqaviləsinə xitam verilməsi yubanmışdır. Əliyev Tahir Məmməd oğlunun əmək müqaviləsinə 28 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən işçinin çalışmanın yaş həddinə çatması ilə əlaqədar xitam verilmişdir;
2. Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi " Publik Hüquqi Şəxs Goranboy Rayon Mərkəzi Xəstəxanası " Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 30 iyul 2025-ci il tarixli, 18-1/2-6710/2025 saylı müraciətə baxılması haqqında məktubundan görünür ki, Əliyev Tahir Məmməd oğlu 1977-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsini müvəffəqiyyətlə bitirərək həkim-pediatr ixtisasına yiyələnmişdir. Tibb sahəsində fəaliyyətini davam etdirərək o, 1984-cü ildə Azərbaycan SSR Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən attestasiya komissiyasından keçmiş və nəticə olaraq cərrah-stomatoloq ixtisası üzrə müvafiq peşə səriştəsini təsdiqləmişdir. Əliyev Tahir Məmməd oğlu praktik tibb fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssisi kimi, Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulmuş qaydalara əsasən, 19 yanvar 2023- cü il tarixində stomatoloq ixtisası üzrə növbəti sertifikasiyadan uğurla keçmiş və bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş sertifikasiya şəhadətnaməsi ilə təmin olunmuşdur. Əlavə olaraq qeyd edirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli 108 nömrəli Qərarı ilə təsdiq olunmuş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydasfna uyğun olaraq Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssislərinin peşəkarlıq səviyyəsinir və peşə yararlılığının yoxlanılması məqsədi ilə onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər Həmin qaydanın 2.1-ci maddəsinə uyğun olaraq tibb müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb mütəxəssislərinin sertifikasiyası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir;
3. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən 21 yanvar 2023-cü il tarixli Sertifikasiya Şəhadətnaməsindən görünür ki, Əliyev Tahir Məmməd oğlu 19 yanvar 2023-cü il tarixində həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində stomatologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir;
4. 11 aprel 1989-cu il tarixli, PB № 033500 Diplomun dublikatından görünür ki, Əliyev Tahir Məmməd oğlu 1971-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş və 1977-ci ildə pediatriya ixtisası üzrə tam kursu bitirmişdir;
5. 28 mart 1985-ci il tarixli, № 3805 xidməti vəsiqədən görünür ki, Əliyev Tahir Məmməd oğlu 22 iyun 1984-cü il tarixdə Azərbaycan SSR Səhiyyə Nazirliyi nəzdində olan attestasiya komissiyasından keçmiş və Səhiyyə Nazirliyinin 26 mart 1985-ci il tarixli, 101-K №-li əmri ilə ona birinci dərəcəli həkim cərrah-stomatoloq adı verilmişdir;
6. Verilmiş sorğulara cavab olaraq Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi " Publik Hüquqi Şəxs tərəfindən verilmiş çalışma müddətinin uzadılması haqqında məktublardan görünür ki, iş yükünün çoxluğunu və həkim çatışmazlığını nəzərə alaraq, çalışdığı vəzifədə saxlanılmaqla uşaq şöbəsinin həkim-pediatrı Əhmədova Könül Mirzə qızının, intensiv terapiya bölməsinin həkim-pediatrı Quliyeva Lalə Əli qızının və Ginekologiya və doğum şöbəsinin həkim-neanotoloqu Musayeva Azadə Həsən qızının çalışma müddətinin qanunvericiliyin tələbinə uyğun olaraq 6 ay uzadılmasına etiraz edilməmişdir.
7. Məhkəmə kollegiyasının sorğusu əsasında Əliyev Tahir Məmməd oğlunun şəxsi işində olan ərizələrinin və onun barəsində verilmiş əmrlərin surətləri əldə edilərək, baxış keçirilmiş və iş materiallarına əlavə edilmişdir.
8. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş 29.07.2025-ci il tarixli, 91 saylı aktdan görünür ki, Əliyev Tahir Məmməd oğlu Dəliməmmədli ASM bölmə müdiri 28.07.2025-ci il tarixdə əmək müqaviləsinə əmək məcəlləsinin 70-ci maddəsinin e bəndinə əsasən xitam verilmişdir. Tahir Əliyev hazırlanmış əmək kitabçasını götürməsi üçün şifahi olaraq telefon vasitəsi ilə bildirilmiş, lakin o, imtina etmişdir.
9. Məhkəmə kollegiyasının sorğusu əsasında Əliyev Tahir Məmməd oğluna cavabdeh tərəfindən ünvanlanmış məktubların çatdırılmasını təsdiq edən xəbərnamələrin surətləri əldə edilərək, baxış keçirilmiş və iş materiallarına əlavə edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Əliyev Tahir Məmməd oğlu iddia ərizəsi ilə və daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi " Publik Hüquqi Şəxs Goranboy Rayon Mərkəzi Xəstəxanası " Publik Hüquqi Şəxsin 28 iyul 2025-ci il tarixli, 18-1-39/3-1-1047/2025” nömrəli əmrin qanunsuz və əsasız hesab edilməklə ləğv edilməsi, iddiaçının həmin Publik Şəxsdə əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma günləri üçün əmək haqqının cavabdehdən iddiaçının xeyrinə tutulamsına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi "Publik Hüquqi Şəxs Goranboy Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsdə, Dəliməmmədli "Ailə Sağlamlıq Mərkəzi"ndə bölmə müdiri (həkim ) vəzifəsində 2008-ci ildən etibarən işləmişdir. Əmək məzuniyyətində olmuş və məzuniyyət müddəti 28.07.2025-ci il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi "Publik Hüquqi Şəxs Goranboy Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin rəhbərliyi tərəfindən ona bildirilmişdir ki, 28.07.2025-ci il tarixdə işə başladığı gün, “biz Sizinlə bağlanmış əmək müqaviləsinə xitam verəcəyik” (70 yaşı tam olması səbəbilə). Qeyd edir ki, onun 70 yaşı 22 iyun 2024-cü il tarixdə tamam olsa da, o, əmək fəaliyyətini davam etdirmişdir. Onun 70 yaşı tamamdır. Müharibə iştirakçısıdır, tibb elmləri namizədi, 30-a qədər elmi əsərlərin və məqalələrin müəllifidir. 28.07.2025-ci il tarixdə "Goranboy Rayon Mərkəzi Xəstəxanası "Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 18-1-39/3- 1-1047/2025 nömrəli əmrə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın son yaş həddinə çatması səbəbilə). Ona münasibətdə "Goranboy Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 28.07.2025-ci il tarixli, 18-1-39/3-1-1047/2025 nömrəli əmri qanunsuz və əsassız hesab edir. Belə ki, hal-hazıradək "Goranboy Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsində 70 yaşlı həkimlər vardır ki, həmin həkimlərin sağlıq durumları, eyni zamanda peşəkarlıq səviyyələri heç də ondan yaxşı deyildir. Lakin, Goranboy Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi onu işdən kənarlaşdırmış və onunla əmək müqaviləsinə xitam verilmişdir. O, bunun səbəbini rəhbərliyin ona qarşı olan qərəzli münasibəti ilə əlaqələndirir. Həmçinin, o, vəzifəsi ilə yanaşı, elmi axtarışlarla da məşğuldur. Habelə, ölkədə keçirilən seçkilər zamanı həmişə seçkili orqanlarda rəsmi iştirak etmiş, digər dövlət tədbirlərində də aktiv olmuşdur. Hesab edir ki, ona qarşı olan qərəzli münasibət ağıldan daha çox instinqlərlə idarə olunur.
12. Goranboy Rayon Məhkəməsinin 17.10.2025-ci il tarixli, 2(045)-1630/2025 saylı qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir.
13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işəgötürən istəsə də dövlət büdcəsindən maliyyələşən müəssisədə çalışan 65 yaşına çatmış işçi ilə əmək münasibətlərini (çalışma müddətinin uzadılması istisna olmaqla) davam etdirə bilməz, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddi 65-dir. İşəgötürən tərəfindən işçinin çalışma müddəti hər dəfə 1 ildən çox olmayaraq 70 yaşınadək uzadıldıqdan sonra da işəgötürən bir həftə ərzində müqaviləyə xitam verilməsini tələb etməmişsə, həmin müqavilə əvvəl müəyyən olunmuş müddətə, yəni işçinin 71 yaşınadək də uzadıla bilər. Halbuki, işçinin çalışma müddətinin 71 yaşınadək uzadılması qanunla qadağandır, yəni dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddi 65-dir və yuxarıda göstərilən meyarlar olduqda isə işəgötürən işçinin çalışma müddətini hər dəfə 1 ildən çox olmayaraq, maksimum 5 ilədək- 70 yaşınadək uzada bilər.
14. Məhkəmə öz hüquqi mövqeyində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 287, 288, 292 və 10-1-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci, 14.2 və 217.4-cü maddələrinin müddəalarına istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
15. Goranboy Rayon Məhkəməsinin 17.10.2025-ci il tarixli, 2(045)-1630/2025 saylı qətnaməsindən iddiaçı Əliyev Tahir Məmməd oğlunun nümayəndəsi (vəkil) Bəkirova Sevda Həbib qızı apellyasiya şikayəti verərək, qətnаmənin ləğv еdilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əmək müqaviləsi Tibb Elmləri Namizədi olduğu üçün Əmək Məcəlləsinin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş müddətdən (70 yaşı tamam olduqdan sonra da) artıq uzadıla bilərdi. Lakin cavabdeh açıqaşkar onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Halbuki, 70 yaşı tamam olmuş digər həkimlərlə əmək müqaviləsi bağlanmışdır. Onların peşəkarlıq səviyyələri heç də ondan yaxşı deyildir. Cavabdeh müqavilə bağladığı hər bir işçiyə münasibətdə bərabərlik prinsipini qorumalıdır. Cavabdehin yerlərdəki nümayəndələri ona qarşı qərəzli münasibətdədir. O, elmi əsərlərin və məqalələrin müəllifidir. Tibb elmləri namizədidir.
17. Apellyasiya şikayətinə dair etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Əliyev Tahir Məmməd oğlu apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq göstərmişdir ki, Əmək Məcəlləsinin 10-1.3 maddəsinə görə xüsusi istisna hallarında işə götürülə bilərdim amma bu maddənin tələbləri pozulmuşdur. Əmək müqaviləsinə xitam verilən zaman bu nüanslara baxılmamışdır. Bir ay əvvəl müddətin uzadılması ilə bağlı olaraq ərizə yazmışdır. Amma onunla danışılmamışdır. Ona qarşı qərəzli münasibət olmuşdur. Xəstəlik vərəqəsini cavabdeh orqandan almışdır. Məntəqə seçki komissiyasında sədr idi. Ona görə vaxt uzadılmışdır. Ona məktub verilməmişdir. Bildiriş almamışdır. Bir ay əvvəl müddətin uzadılması ilə bağlı olaraq ərizə yazmışdır. İşdən çıxardılma ilə bağlı əmri Arzu Teymurov imzalamışdır.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Əliyev Tahir Məmməd oğlunun nümayəndəsi (vəkil) Bəkirova Sevda Həbib qızı apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, iddiaçı Goranboy rayon Dəliməmmədli Ailə Sağlamlıq Mərkəzində baş həkim kimi işləmişdir. İddiaçının hal-hazırda 71 yaşı vardır. 5 il müddətində əmək müqaviləsi bir il olmaqla hər il uzadılmışdır. İddiaçıya qarşı qərəzli münasibət olmuşdur. Əmək müfəttişliyi işə qoşulmuşdur. Nazirlər Kabinetinin qərarıda mövcuddur. Bu işlə bağlı olaraq normada var. İddiaçı tibb elmləri üzrə namizəddir. Əmək Məcəlləsinin 10-1.3 maddəsinə görə, xüsusi istisna hallarında işə götürülə bilərdi, amma bu maddənin tələbləri pozulmuşdur. Qarşılıqlı razılaşma əsasında işə götürülə bilərdi. Xəstəxanada başqa 70 yaşından yuxarı işləyən həkimlər vardır. İddiaçıya qarşı qərəzli münasibət olmuşdur.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Əliyev Tahir Məmməd oğlunun, onun nümayəndəsi (vəkil) Bəkirova Sevda Həbib qızının və cavabdeh “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinin Goranboy Rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi Allahverdiyev Elvin Alim oğlu apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq göstərmişdir ki, xitam əmrində yanlışlıqla bağlı araşdırılmalar aparılmışdır. İddiaçı bülleten açdırmış və bizim xəbərimiz yox idi. İddiaçı fasilə ilə bülleten açdırmışdır. Yaşa görə işdən çıxarılma ilə bağlı Tahir həkimə dəfələrlə bildirmişdik və məktubların hazırlanmasında onlarla bərabər iştirak etməsini bildirmişlər. İddiaçının köhnə rəhbərlik ilə ədavəti olmuşdur, amma işdən çıxarılması yeni rəhbərliyin dövründə olmuşdur. İddiaçı başqa vaxtlarda və yerlərdə bülleten açdırmışdır. Köhnə rəhbərlik işdən uzaqlaşdırılmışdır. İddiaçının yaxınlarda 72 yaşı olacaqdır. İddiaçı TƏBİB-nin göstərişi ilə işdən çıxardılmışdır. Onlar 3 dəfə Tahir həkimi dəvət etmişlər. Onlar dekabr ayında xitam vermişlər, sadəcə məzuniyyətlərə görə uzanmışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
21. Maddə 35. I. Əmək fərdi və ictimai rifahın əsasıdır.
22. Maddə 35. VI. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin:
23. 70. Əmək müqaviləsinə işəgötürən tərəfindən aşağıdakı əsaslarla xitam verilə bilər: e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
24. 10-1.1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65dir.
25. 10-1.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.
26. 10-1.3. Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər.
27. 10-1.4. Bu Qanunun 10-1.2-ci və 10-1.3-cü maddələrinə uyğun olaraq müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışma müddəti uzadılmış işçilərin sayı həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz.
28. 10-1.5. Müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən hər bir müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
29. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. Maddə 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
34. MPM-in 372.1-cı maddəsinə əsasən, instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
35. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Goranboy Rayon Məhkəməsinin 17.10.2025-ci il tarixli, 2(045)-1630/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı Əliyev Tahir Məmməd oğlu 1977-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsini müvəffəqiyyətlə bitirərək həkim-pediatr ixtisası üzrə ali təhsil almışdır. Tibb sahəsində fəaliyyətini davam etdirərək o, 1984-cü ildə Azərbaycan SSR Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən attestasiya komissiyasından keçmiş və nəticə olaraq cərrah-stomatoloq ixtisası üzrə müvafiq peşə səriştəsini təsdiqləmişdir. Əliyev Tahir Məmməd oğlu praktik tibb fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssisi kimi Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulmuş qaydalara əsasən, 19 yanvar 2023-cü il tarixində stomatoloq ixtisası üzrə növbəti sertifikasiyadan uğurla keçmiş və bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş sertifikasiya şəhadətnaməsi ilə təmin olunmuşdur. 2008-ci il tarixdən iddiaçı Əliyev Tahir Məmməd oğlu "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi "Publik Hüquqi Şəxs "Goranboy Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsdə, Dəliməmmədli "Ailə Sağlamlıq Mərkəzi"ndə bölmə müdiri (həkim) vəzifəsində işləməyə başlamışdır. 22 iyun 2024-cü il tarixdə iddiaçı Əliyev Tahir Məmməd oğlunun Dəliməmmədli ASM-də bölmə müdiri vəzifəsində çalışmanın yaş həddi bitmişdir. Müstəsna hal olaraq əmək müqaviləsinin müddəti 21 dekabr 2024-cü il tarixədək 6 ay müddətinə uzadılmışdır. 28 iyul 2025-ci il tarixdə Əliyev Tahir Məmməd oğlunun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən çalışmanın yaş həddinə çatması ilə əlaqədar xitam verilmişdir.
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, hazırkı işdə işəgötürən 22.06.2019-cu il tarixdə 65 yaşı tamam olmuş iddiaçının sözügedən Dəliməmmədli ASM-də çalışma müddətini 28 iyul 2025-ci il tarixədək uzatmışdır. Lakin, sonrakı mərhələdə işəgötürən, iddiaçı ilə əmək münasibətini davam etdirməmək barədə iradəsini ifadə edərək, 28 iyul 2025-ci il tarixli, 18-1-39/3-1-1047/2025 saylı əmrlə artıq 71 yaşını keçmiş iddiaçı ilə çalışma müddətini daha müəyyən müddətə uzatmaqdan imtina edərək, onunla əmək münasibətinə xitam vermişdir. İşçinin çalışma müddətinin 71 yaşınadək uzadılması qanunla qadağandır, yəni dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddi 65-dir və yuxarıda göstərilən meyarlar olduqda isə işəgötürən işçinin çalışma müddətini hər dəfə 1 ildən çox olmayaraq, maksimum 5 ilədək- 70 yaşınadək uzada bilər.
41. Kollegiya apellyasiya şikayətinin Tibb Elmləri Namizədi olduğu üçün Əmək Məcəlləsinin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş müddətdən (70 yaşı tamam olduqdan sonra da) artıq uzadıla bilərdi dəlili ilə bağlı qeyd edir ki, həmin normanın tələbi imperativlik daşımadığından, onun tətbiq edilməsi işəgötürənin səlahiyyətinə aid edilmişdir. Həmçinin, işəgötürən həmin normanı tətbiq edərkən, Əmək Məcəlləsinin 10-1.4 və 10-1.5-ci maddələrinin də tələblərinə əməl etməlidir. Əlavə olaraq kollegiya qeyd edir ki, həmin normaların tələbləri ancaq, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalış şəxslərə aid edilir.
42. Kollegiya apellyasiya şikayətinin cavabdehin iddiaçı ilə qərəzli münasibət aparması dəlili ilə bağlı qeyd edir ki, bu subyektiv bəyanat xarakteri daşıyır və hüquqi əhəmiyyət kəsb etmir. İş materialları və tədqiq edilmiş sənədlərlə dəstəklənmir. İddiaçı tərəf bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir.
43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli, 180 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarları qismində aşağıdakılar nəzərdə tutulmuşdur: 1.1. Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilmə; 1.2. Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmə; 1.3. işlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adının olması; 1.4. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və ya müxbir üzvü olması; 1.5. Dövlət mükafatı laureatı olması. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi üçün qanunla nəzərdə tutulan bütün əsaslar mövcud olmuş və işəgötürən öz hüququndan istifadə edərək, onunla iddiaçı arasında olan əmək münasibətlərinə xitam vermişdir.
44. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün hüquqi nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Goranboy Rayon Məhkəməsinin 17.10.2025-ci il tarixli, 2(045)-1630/2025 saylı qətnaməsindən iddiaçı Əliyev Tahir Məmməd oğlunun nümayəndəsi (vəkil) Bəkirova Sevda Həbib qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin 17.10.2025-ci il tarixli, 2(045)-1630/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.