Məhkəmə qərarları › İş №2(104)-2327/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2327/2024

12.12.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2327/2024 12.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Goranboy rayon Əlirzalı kənd orta məktəbinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: işə bərpa) Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və X1 ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı və cavabdeh Goranboy rayonu Əlirzalı kənd tam orta məktəbinin nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə, Goranboy Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli 2(045)-2138/2023 nömrəli qətnaməsindən cavabdeh Goranboy rayonu Əlirzalı kənd tam orta məktəbinin nümayəndəsi (vəkil) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Goranboy rayonu M. Həsənov adına Əlirzalı kənd tam orta məktəbin xx.xx.2002-ci il tarixli 16 saylı əmrinin çıxarışından görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixdən məktəbin xadiməsi işindən azad edilərək məktəbə katibə təyin edilmişdir. Səməd Ağamalıoğu adına X5 tərəfindən verilmiş xx.xx.1989- cu il tarixli, PB seriyalı 036081 nömrəli diplomun surətindən görünür ki, İddiaçı “zoomühəndis” ixtisası verilmişdir. xx.xx.2002-ci il tarixli, ******* nömrəli, notarial qaydada təsdiq olunmuş əmək kitabçasının sonuncu qeydindən görünür ki, İddiaçı-məktəbin katibəsi onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilmiş, əsas Az.Res. Əmək Məcəlləsinin 70 (c) bəndi ilə xitam verilmişdir. Goranboy-Naftalan Təhsil Sektoru M. Həsənov adına Əlirzalı kənd tam orta məktəbin xx.xx.2023-cü il tarixli pedoqoji şura iclasının çıxarışından görünür ki, məktəbin kargüzarı İddiaçı Hüseyin qızı ilə bağlanmış olan Əmək müqaviləsinə xitam verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Goranboy-Naftalan Təhsil Sektoru M. Həsənov adına Əlirzalı kənd tam orta məktəbin 82 nömrəli, xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, X2 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186 (b) bəndində əsasən sonuncu xəbərdarlıq şiddətli töhmət elan edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə 95 nömrəli, xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, Goranboy şəhəri üzrə Mirələm Həsənov adına Əlirzalı kənd tam orta məktəbində katibə vəzifəsində işləyən X3 ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 70 “c” maddəsinə əsasən, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməsi əsası ilə, xx.xx.2023cü il tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi və daha sonra dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Goranboy rayonu Əlirzalı kənd tam orta məktəbinin drektorunun onun barəsində qəbul etdiyi 18 sentyabr 2023-cii il tarixli, 95 saylı əmrin etibarsız hesab edilməsi və onun Goranboy rayonu Əlirzalı kənd tam orta məktəbinə, əvvəlki işinə bərpa olunmağı və bununla əlaqədar olaraq əmək müqaviləsinə xitam verildiyi gündən həmin vəzifəyə bərpa olunacağı günədək ona həmin vəzifəyə görə çatası əmək haqqının cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli 2(045)-2138/2023 nömrəli qətnaməsi ilə (hakim T.Mustafayev) iddia təmin edilmiş, Goranboy rayonu Mirələm Həsənov adına Əlirzalı kənd tam orta məktəbin 95 nömrəli, xx.xx.2023-cü il tarixli əmrinin etibarsız hesab edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı əvvəlki işinə bərpa edilməsi qət edilmişdir. Məhkəmə qənaətini onunla əsaslandırılmışdır ki, işçi qismində çıxış edən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən qanunvericinin tələbləri pozulduğuna görə, yəni iddiaçı barəsində peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə onun tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməsi halı öz təsdiqini tapmadığından iddiaçının tələbi əsaslıdır və təmin olunmalıdır. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh tərəf apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli 2(045)-2138/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı məktəbin katibəsi olmasına baxmayaraq, kompyuterdə işləmə bacarığı olmadığı üçün həmişə onun əvəzinə kompyuter işlərini məktəbin təşkilat işləri üzrə direktor müavini Elşən Qurbanov icra etmişdir. İddiaçı isə kompyuterdə işləmək üçün müvafiq bilik və bacarıq əldə etməkdə qətiyyən maraqlı olmamış, yaşının 62 olması ilə əlaqədar belə bilik və bacarığı bundan sonra da əldə etməsi qeyri-mümkündür. Bundan başqa İddiaçı məhz Cavabdeh məktəbin direktoru vəzifəsini icra etdiyi vaxtlarda və direktor təyin edildikdən sonra intizamsızlıq göstərərək dəfələrlə əmək intizamını pozmuş, əmək kollektivində qeyri-sağlam mühit yaratmağa təşəbbüs etmiş (məsələn, nümayişkəranə surətdə direktor Cavabdeh təhqir etmək, üzürlü səbəb olmadan dəfələrlə və günlərlə işə gəlməmək və s. formalarda), ona dəfələrlə, həm də qısa fasilələrlə verilmiş intizam tənbehlərindən nəticəsi çıxartmamışdır. Odur ki, məktəbin direktoru Cavabdeh tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli 95 nömrəli Əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən məktəbin katibəsi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə kollegiyasına apellyasiya şikayətinə dair etiraz və mülahizə daxil olmamışdır. Apellyasiya instansiya məhkəməsində icraat Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Goranboy rayonu Əlirzalı kənd tam orta məktəbinin nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini və Goranboy Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli 2(045)-2138/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və Goranboy Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli 2(045)-2138/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Maddə 65. İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri

1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.

2. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.

3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.

4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir.

5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. Maddə 67. İşçilərin və iş yerlərinin attestasiyasının nəticələrinin tənzimlənməsi

1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdehin apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Goranboy Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli 2(045)- 2138/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qətnamənin qanuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə dəqiq və dönmədən riayət olunması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, ona baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilmiş faktlardan irəli gələn nəticə onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar iş materiallarına uyğun olsun. İddiaçının ləğv edilməsini tələb etdiyi Goranboy şəhəri üzrə Mirələm Həsənov adına Əlirzalı kənd tam orta məktəbin xx.xx.2023-cü il tarixli 95 saylı əmrdən görünür ki, X4 ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 70 “c” maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. İşəgötürən iddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam versə də, məhkəmədə tədqiq edilmiş iş materialları və tərəflərin izahatı əsasında müəyyən olunur ki, işçinin ixtisasına, sənətinə müvafiq olaraq tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədilə qanunvericinin tələbinə əsasən attestasiya keçirilməmiş və bu barədə səlahiyyətli orqan (attestasiya komissiyası) tərəfindən müvafiq qərar qəbul edilməmişdir (cavabdeh tərəfindən buna dair sübut təqdim edilməmişdir). İşəgötürən yalnız əmək müqaviləsinə xitam verərkən iddiaçı barəsində məktəb kollektivi tərəfindən qəbul edilmiş müvafiq aktlara və məktəbin pedaqoji şurasının xx.xx.2023-cü il tarixli iclasının qərarına əsaslanmaqla kifayətlənmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, əmək qanunvericiliyində əmək müqaviləsinin işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndi əsasında xitam edilməsinin əsası kimi peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərarın qəbul edilməsi çıxış edir. Məhkəmə kollegiyası hesab edir ki, müdiriyyət tərəfindən işçi ilə əmək müqaviləsinə xitam verilərkən, Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndinin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Goranboy Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli 2(045)- 2138/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402, 403, 404, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏTETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli 2(045)-2138/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar