Məhkəmə qərarları › İş №2(104)-2329/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2329/2023

11.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2329/2023 11.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, X3, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1336/2023 saylı qətnaməsindən Cavabdeh2 nümayəndəsi (vəkil) X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1336/2023 saylı qətnaməsi ilə (hakim C.Tağıyev) iddianın təmin edilməsi, İddiaçı Gəncə şəhəri, V.Xuluflu küçəsi, bina 5, 30 nömrəli mənzilə köçürülməsi və həmin mənzildən istifadə hüququnun tanınması qət edilmişdir. Cavabdeh2 nümayəndəsi (vəkil) X2 apellyasiya şikayəti verib Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1336/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək onun Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, 5-ci bina, 30 saylı mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun əridir. Onunla 1997-ci ildə el adəti ilə ailə qurmuşlar, nikahlarını xx.xx.1998-ci il tarixdə qeydə aldırmışlar. Birgə nikahlarından iki uşaqları anadan olmuşdur. xx.xx.1998-ci il tarixdə X4 və xx.xx.2006-cı il tarixdə X6 anadan olmuşdur. Ailə qurarkən ərinin atasının adına olan Gəncə şəhəri, Taqi Arani küçəsində yerləşən evə gəlin köçüb orada yaşamışlar. Maddi vəziyyətləri yaxşı olmadığından 1998-ci ildə işləmək üçün Rusiya Federasiyasına köçüb orada yaşamışlar və orada işləyib pul qazanaraq əri Xəqaninin bacısı - Cavabdeh2 pul göndərmişlər və 2001-ci ildə Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, 5-ci bina 30 saylı mənzili əri Cavabdeh1 bacısının adına almışlar və təmir etdirmişlər. Mənzili aldıqdan sonra bütün əmlaklarını da məhz həmin mənzilə yığmışdır. Gəncə şəhəri 3 saylı notariat kontorunun xx.xx.2001-ci il tarixli, 4Ə-1-112 saylı alqı-satqı müqaviləsinə əsasən ərinin bacısı Cavabdeh2 adına xx.xx.2001-ci il tarixli, 18853 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Ancaq Cavabdeh2 həmin mənzildə heç vaxt yaşamamışdır. 2006-cı ildə onlar daimi olaraq Azərbaycana köçüb həmin mənzildə yaşamış, evi dəfələrlə təmir etdirmişlər. Həmçinin, 2001-ci ildən etibarən həmin ünvanda qeydiyyatdadır. Cavabdeh son vaxtlar tez-tez sərxoş olaraq onu döyüb uşaqları ilə birlikdə evdən qovmuşdur. Nkahları pozulmamışdır. 1999-ci ildən artıq 24 ildir ki, o, Cavabdeh1 arvadı kimi həmin mənzildə yaşayır. Onun cehiz əşyaları da həmin mənzildədir. Hesab edir ki, onun həmin mənzildən istifadə hüququ yaranmışdır. Ona görə də məcbur olub hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarı qəbul edimişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh2 nümayəndəsi (vəkil) X2 apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, Gəncə şəhəri, Kəpəz rayonu, Vəli Xuluflu küçəsində yerləşən 5 saylı evin 30 saylı mənzil X9 İcraiyyə Komitəsinin 16 nömrəli 17 noyabr 1987-ci il tarixli Qərarı ilə Cavabdeh2 mülkiyyətinə verilmişdir. Cavabdeh2 Gəncə şəhəri, Kəpəz rayonu, Vəli Xuluflu küçəsində yerləşən 5 saylı evin 30 saylımənzilinin mülkiyyətçisi olduğuna görə o, öz mülahizəsinə görə həmin yaşayış sahəsinə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. İddiaçı Cavabdeh2 məxsus yaşayış evindən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Qeyd olunan maddi hüquq normalarında mülkiyyətçinin saxlamaq vəzifəsi olmayan digər qohumlarının yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Lakin tərəflər arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə bağlanmamışdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək həmin şikayətin dəlillərinə uyğun izahat verdilər və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını və birinci istansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qətnamənin əsaslılığını yoxlayıb, apellyasiya şikayətini kollegiyanın iclasında iştirak edən cavabdehin və onun nümayəndəsinin, habelə iddiaçının izahatları və mülki işin materialları ilə müqayisəli tədqiq edib, iş üzrə toplanmış sübutları hərtərəfli araşdırıb belə hesab edir ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarından olan Vİ-JQ 489012 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında olan nikah xx.xx.1998-cu ildə Bakı şəhəri Binəqədi rayonu “Leyla” Nikah evində qeydə alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu “Leyla” Nikah evində 25 iyul 1998-ci il tarixdə verilmiş XX-JQ seriyalı 153821 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.1998-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh1, anası İddiaçıdır. İş materiallarından olan Gəncə şəhəri Kəpəz rayonu VVADQ şöbəsində verilmiş AZ-İ seriyalı 838170 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2006-cı il tarixdə Gəncə şəhərində anadan olmuşdur, atası Cavabdeh1, anası İddiaçıdır. İş materiallarında olan Gəncə şəhəri İcra Hakimiyyəti MKTİB tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 308 nömrəli arayışdan görünür ki, İddiaçı Gəncə şəhəri, V.Xuluflu küçəsi, 5-ci bina 30 saylı mənzildə yaşayır və 2001-ci ildən etibarən göstərilən ünvanda qeydiyyatdadır. İş materiallarından olan xx.xx.2023-cü il tarixli, 06657 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə, saat 11:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********66 nömrəli məktubundan görünür ki, Gəncə şəhəri 3 saylı notariat ofisinin xx.xx.2001-ci il tarixli 4Ə-1- 112 saylı alğı- satqı müqaviləsinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Vəli Xuluflu küçəsi, ev 5, mənzil 30 Cavabdeh2 satılmışdır və ona xx.xx.2001-ci il tarixli 18853 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli mənzilə cavabdehlərin razılığı ilə köçərək həmin mənzildə birgə təsərrüfat apararaq digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə etmişdir. Ona görə də iddia təmin olunmalı, İddiaçı Gəncə şəhəri, V.Xuluflu küçəsi, bina 5, 30 nömrəli mənzilə köçürülməli və həmin mənzildən istifadə hüququ tanınmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Mübahisəli ünvandakı evin hüquqmüəyyənedici sənədlərindən göründüyü kimi həmin ev Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli 18853 nömrəli qeydiyyat vəsiqəsinə əsasən xüsusi mülkiyyət kimi Cavabdeh2 adına qeydiyyata alınmışdır. Mübahisəli ünvandakı mənzillə bağlı tərəflər arasında hüquq münasibətləri 2001-ci il tarixdən yarandığına görə hazırki iş üzrə xx.xx.2000-ci ildən qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq olunmalıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına görə 01 sentyabr 2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Azərbaycan Respublikası Mülki Məcəllənin göstərilən maddələri yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsini vacib saymışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5.-ci maddəsinin tələbinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış sahəsinə köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli Qərarına əsasən Mülki Məcəllənin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. İş materiallarından isə İddiaçı ilə mübahisəli ünvandakı mənzilin mülkiyyətçisi olan Cavabdeh2 arasında həmin mənzildən istifadə hüququnun yaranmasını təsdiq edən razılaşmanın olduğu görünmür. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, İddiaçı Cavabdeh2 ailə üzvü olmamaqla mübahisəli ünvandakı mənzildən istifadə hüququ ilə bağlı onlar arasında hər hansı bir razılaşma bağlanmadığına görə iddiaçının mübahisəli ünvandakı mənzildə yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması üçün kifayət qədər əsaslar mövcud deyildir, ona görə də o, həmin mənzilə köçürülüb ondan istifadə hüququ tanına bilməz. Digər tərəfdən iddiaçı 1998-ci ildə Rusiya Federasiyasına köçərək orada işləyib həyat yoldaşı Xəqani tərəfindən bacısı Ağgülün adına pul göndərildiyini və sonuncunun həmin mənzili öz adına aldığını göstərmiş olsa da, mənzilin həyat yoldaşı Xəqani tərəfindən göndərilmiş pul vəsaiti hesabına alındığını təsdiq edən sübut təqdim etməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilərək qətnamə ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.2. 392-393 və 402-407-ci maddələrini rəhbər tutub, Qət etdi: Cavabdeh2 nümayəndəsi (vəkil) X1 apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1336/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar