Məhkəmə qərarları › İş №2(104)-2341/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2341/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2341/2024 03.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı “510,92 manat əsas borc, 613,71 manat faiz borcu olmaqla, cəmi 1124,63 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 31,25 manat pulun tutulması” tələbinə dair Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tаrixli, e-2(021)- 4008/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxılaraq qətnamə qəbul edildi. İşin halları xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə “X1” debet kart verilmişdir. Cavabdeh tərəfindən **********743626002 nömrəli kart hesabı üzrə aparılan əməliyyatları nəticəsində xx.xx.2020-ci il tarixə 510.92 manat texniki ovedraft yaranmışdır. Bu hal cavabdehin kart hesabından çıxarışla təsdiq olunur. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 510,92 manat əsas borc, 613,71 manat faiz borcu olmaqla, cəmi 1124,63 manat borcun tutulmasını xahiş etmiş və iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh “X1” debet kart təqdim edilmişdir. Cavabdeh tərəfindən **********743626002 nömrəli kart hesabı üzrə aparılan əməliyyatları nəticəsində xx.xx.2020-ci il tarixə 510.92 manat texniki ovedraft yaranmışdır. Lakin borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Nəticədə cavabdehin 07 sentyabr 2023cü il tarixə əsas borc üzrə 510,92 manat, 613,71 manat faiz borcu olmaqla, cəmi 1124,63 manat kredit borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Bərdə Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e- 2(021)-4008/2024 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehdən “510,92 manat əsas borc, 613,71 manat faiz borcunun” tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh “X1” debet kart təqdim edilmişdir. Cavabdeh tərəfindən **********743626002 saylı kart hesabı üzrə aparılan əməliyyatları nəticəsində xx.xx.2020-ci il tarixə 510.92 manat texniki ovedraft yaranmışdır. Lakin borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Nəticədə cavabdehin 07 sentyabr 2023-cü il tarixə əsas borc üzrə 510,92 manat, 613,71 manat faiz borcu olmaqla, cəmi 1124,63 manat kredit borcu yaranmışdır. Cаvаbdehin bаnkа bоrclu оlduğu kredit bоrcunu ödəmədiyi üçün iddiаçının məhkəmə müdаfiəsindən istifаdə hüququ yаrаnmışdır. Birinci instansiyası məhkəməsi qətnaməsini Mülki Məcəllənin 442, 443.1, 445.1 və 449-cu maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı bankın iddia ərizəsində bəhs etdiyi X1 debet kartı kredit kartı deyil pul köçürməsinə xidmət edən kart olmuşdur. İddiaçı bank ona texniki Overdraft hesablayaraq 679.99 manat, 802.35 manat faiz yazmışdır. Texniki overdraft müştərinin maliyyə vəziyyəti nəzərə alınmadan, borcalanın hesabına verilmiş hesaba zəmanətli qəbzlər (birjada valyuta satışı/alınması, müddətli depozit qaytarılana qədər və s.) müqabilində verilir. Overdraft adi kreditdən onunla fərqlənir ki, müştərinin hesabına daxil olan bütün məbləğlər borcun ödənilməsinə yönəldilir. Onun kart hesabına gələn puldan tutmanı bankın əməliyyatçıları etməli idilər, o deyil. Bank öz əməkdaşlarının və ya texniki imkanlarının məsuliyyətini onun üzərimə qoymaqla hüquqdan sui istifadəyə yol vermiş və ona qarşı əsassız faizlər hesablamışdır. Texniki overdraftın bir neçə mümkün səbəbi vardır. Bankın avtomatlaşdırılmış sisteminin texniki xətası, məsələn, kartdan eyni məbləğin ikiqat debet edilməsi. Kartdakı qalıq səhv əməliyyatın məbləğindən az olarsa, overdraft baş verir. Bank səhv aşkar etdikdən sonra karta pulu qaytarır və overdraft bağlanır. Bu halda, müştəri vəsaitdən istifadə edərsə və sonra bank səhvən kreditləşdirilmiş məbləği kartdan çıxararsa, kartdakı qalığın səhv əməliyyatın məbləğindən az olduğu vəziyyət yarana bilər və buna uyğun olaraq overdraft yarana bilər. Göründüyü kimi söhbət müştərinin deyil bankın səhvindən gedir. Müştərinin bank hesabında pul vəsaiti olmadıqda və ya yetərli olmadıqda, ödəniş sistemlərinin bank kartından istifadə etməklə həyata keçirilməsinə icazə verilən əməliyyatlar üzrə hesablaşmaların başa çatdırılması üçün lazımdır və bank hesabı müqaviləsində müştəriyə kredit vermək şərti olmadıqda, kredit təşkilatı bu müştəri üçün belə əməliyyatların zəruri ödənilməsini həyata keçirir. Ancaq iddiaçı bank ona qarşı öhdəlilərində vicdanlı davranmamışdır. Maliyyə vəziyyəti və öhdəliklərini yerinə yetirmək qabiliyyətinə adekvat baxılmamışdır. Çünki onun iştirakı təmin edilməmişdir. Onun məhkəmə iclasında iştirakının təmin olunmaması iş üzrə vəsatətlərin verilməsi hüququndan onu məhrum etmişdir. Məhkəmə qətnaməsindən məlumdur ki, bank onun kredit müqaviləsinə qanunsuz artırılmış faiz dərəcələri tətbiq etmişdir. Mövcud qanunvericiliyə görə, kreditlərin faizləri qanuna uyğun olaraq müəyyən edilməlidir və rəsmi orqanlar tərəfindən müəyyən edilmiş normativlərdən çox ola bilməz. O, bankın qanunsuz cərimə və cərimələrin hesablanmasına da etiraz edir. Kredit müqaviləmizin şərtlərinin təhlili zamanı bank tələblərində istinad olunan faizlərin miqdarının mövcud qanunvericiliyə və müəyyən edilmiş qaydalara uyğun olmadığı aşkar edilmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra - Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və mübahisənin predmeti bölünməz olduğundan məhkəmə aktı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı əsas borca münasibətdə düzgün nəticəyə gəlsə də, faiz borcunun tutulması hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə araşdırmaları zamanı müəyyən edildiyi kimi, xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə kart hesabı açılmış və “X1” debet kart verilmişdir. Cavabdeh tərəfindən **********743626002 nömrəli kart hesabı üzrə aparılan əməliyyatlar nəticəsində xx.xx.2020-ci il tarixə 510.92 manat texniki ovedraft yaranmışdır. Bu hal cavabdehin kart hesabından çıxarışla təsdiq olunur. Göründüyü kimi, cavabdeh tərəfindən debet kartından istifadə nəticəsində texniki overdraft yaranmışdır ki, cavabdeh bu halı inkar etmir. Cavabdeh belə olan halda iddiaçının əməkdaşları tərəfindən karta mədaxil edilmiş pul vəsaitlərindən silinmənin həyata keçirilməli olmasını iddia edir. Lakin cavabdehin kart hesabından müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2020-ci il tarixdən sonra kart hesabına hər hansı vəsait daxil olmamış və həmin kart hesabı vasitəsi ilə əməliyyat həyata keçirilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh texniki overdraft nəticəsində hər hansı hüquqi əsas mövcud olmadan əsassız varlanmışdır. Belə ki, texniki overdraft nticəsində sonuncunun əldə etdiyi 510.92 manat pul vəsaiti iddiaçıya məxsus olmuş və həmin pul vəsaitinin cavabdehin mülkiyyətinə keçməsinə dair hüquqi əsas mövcud olmamışdır. Qanunvericiliyin tələbinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmasın. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənsin. Eyni zamanda məhkəmə qeyd edir ki, əsassız varlanmış şəxs artıq varlı olmamasını sübut etdiyi halda ona qarşı tələb irəli sürülə bilməz. Lakin cavabdeh artıq varlı olmamasına dair məhkəməyə sübut təqdim etməmişdir. Bundan başqa qanunveriliyin tələbinə əsasən əsassız varlanmadan irəli gələn tələblərə 2 illik iddia müddəti tətbiq olunur. İddia müddəti isə cavabdehin bununla bağlı məhkəməyə təqdim etdiyi ərizəsi əsasında tətbiq olunmalıdır ki, cavabdehin iddia müddətinin tətbiqinə dair müraciəti mövcud deyildir. Cavabdehin apellyasıya şikayətinin dəlillərindən biridə onun məhkəmə iclasına dəvət edilmədiyi və bu səbəbdən də hüquqlarının həyata keçirilməsinə imkan yaradılmamasından ibarətdir. Cavabdehin apellyasiya şikayətinin bu dəlili ilə razılaşmayan məhkəmə qeyd edir ki, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. (MPM maddə - 284-1, 284- 5.1, 284-5.2, 284-5.3). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki iş Bərdə Rayon Məhkəməsinə sadələşdirilmiş iş kimi daxil olmuş, işə baxan məhkəmə tərəfindən məhkəmə bildirişi xx.xx.2023-cü il tarixdə cavabdehə poçt vasitəsi ilə göndərmişdir. İşə sadələşdirilmiş icraat qaydasında baxıldığından tərəflərin dinlənilməsi üçün çağırılması nəzərdə tutulmamışdır. Beləlilkıə şərh olunanla əsasən məhkəmə hesab edir ki, texniki overdraft nəticəsində yaranmış 510.92 manat pulun cavabdehdən tutulması hissəsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Lakin birinci isnstasiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni həll edərkən yaranmış mübahisənin xarakterini düzgün müəyyən etməmiş və nəticədə aidiyyəti olmayan maddi hüquq normalarına istinad etmişdir. Maddi hüquq normasının düzgün tətbiq edilməməsi məhkəmə aktının ləğv edilməsi əsası kimi prosessual qanunvericilikdə nəzərdə tutulsa da məhkəmə mahiyyət etibarı ilə düzgün gəlinmiş nəticəni formal əsaslara görə ləğv edilməsini zəruri hesab etmir və məhkəmənin diqqətinə çatdırılmasını zəruri hesab edir ki, hər bir mübahisə üzrə tərəflər arasında yaranmış münasibətlərin həqiqi məzmunu müəyyən edilərək qətnamə işə aid olan maddi hüquq normaları ilə əsaslandırılmalıdır. Faiz borcun tutulması hissəsində məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, apellyasiya şikayəti faiz borcunun təmin edilməsi hissəsində mübahisə predmeti olan qətnamə ləğv edilməli və həmin hissədə iddia rədd edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi qətnaməsini kredit müqaviləsi ilə əsaslandırsa da tərəflər arasında kredit və ya hər hansı müqavilə bağlanmamışdır. Halbu ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə qeyd edir ki, əsassız varlanmadan əmələ gələn mübahisə qanundan irəli gəlir və bu qəbildən irəli gələn mübahilər üzrə tərəflər arasında faizin ödənilməsi ilə bağlı razılaşma mövcud olmadığından faiz hesablana bilməz. İddiaçı iddia ərizəsində faiz borcunun tələbinə dair hər hansı əsaslandırma aparmasa da işə baxmış birinci instansiyası məhkəməsi qətnaməni Mülki Məcəllənin 449-cu maddəsinin tələbi baxımından əsaslandırmışdır. Mülki Məcəllənin 449-cu maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 9 iyul 2009-cu il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. İstinad olunan maddə və onun şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarına əsasən qeyd olunan maddə üzrə tələfdən pulun tələb edilməsi özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması nəticəsində ondan faydalanmanı ehtiva edir ki, belə faydalanmanı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə araşdırmaları zamanı belə sübutlar məhkəməyə təqdim edilməmişdir ki, məhkəmə birinci instansiyası məhkəməsinin qiymət verilən hissədə əsaslandırılması ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayəti qiymət verilən hissədə təmin edilməlidir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qismən qanuni, əsaslı və işin hallarına uyğun olmuş, apellyasiya şikayətinin dəlilləri isə qismən əsaslı olmuşdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbi rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tаrixli, e-2(021)-4008/2023 nömrəli qətnaməsi Cavabdeh 510,92 manat əsas borcun tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tаrixli, e-2(021)-4008/2023 nömrəli qətnaməsi Cavabdeh 613,71 manat faiz borcunun tutulması hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı ASC-nin Cavabdeh 613,71 manat faiz borcunun tutulması hissəsində iddia tələbi rədd edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar