Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2342/2023 26.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, Ağdam Rayon Məhkəməsinin 2 (013)-899/2023 saylı mülki iş üzrə 04 avqust 2023cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmədə baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı Cavabdeh qarşı məhkəməyə müraciət edərək, Cavabdeh 7973.21 manat məbləğində əsas borcun, 2915.49 manat faiz borcu olmaqla ümumilikdə 10888.70 manat məbləğində kredit borcunun, ödənilmiş 122.67 manat dövlət rüsumunun, həmçinin müvəqqəti təminat tədbirinə dair ərizə üçün 50 manat məbləğində dövlət rüsumunun tutulması, tələbin cavabdehə məxsus “GREAT WALL VOLEEX C30” markalı (buraxılış ili 2013, Ban- LGWEE2K5XDE645041 rəngi ağ) **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması və həmin satışdan əldə olunan vəsaitdən borcun ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin cavabdehə qaytarılması, satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etmədikdə isə, əksik qalan borc məbləğinin Cavabdeh tutularaq, BOKT İddiaçı QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 2 (013)-899/2023 saylı mülki iş üzrə 04 avqust 2023cü il tarixli qətnaməsi ilə (hakim: R.Məmmədov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh müqavilədən irəli gələn ödənilməmiş 7973.21 (yeddi min doqquz yüz yetmiş üç manat iyirmi bir qəpik) manat əsas, 2915.49 (iki min doqquz yüz on beş manat qırx doqquz qəpik) manat faiz borcu və ödənilmiş 122.67 (bir yüz iyirmi iki manat altmış yeddi qəpik) manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçının nümayəndəsi X1 apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsinin rədd olunması hissəsində ləğv edilməsi, həmin hissədə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə kollegiyasının iclasına gəlməmiş, məhkəmə kollegiyasına teleqram ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyib, hesab edir ki, Ağdam Rayon Məhkəməsinin 2 (013)-899/2023 saylı mülki iş üzrə 04 avqust 2023cü il tarixli qətnaməsi ləğv edilməli, hazırki işdə barəsində iddia qaldırılan Cavabdeh məhkəmədə ona qarşı iddia qaldırıldıqdan əvvəl öldüyündən, işin icraatına xitam verilməlidir. Belə ki, məhkəmə kollegiyasında işə baxılarkən Məhkəmə elektron sorğulama sistemindən şəxsin məlumatları haqqında çıxarış edilmiş və müəyyən olunmuşdur ki, xx.xx.1986-cı il tarixdə Ağdam rayonu, Şurabad kəndində anadan olmuş Cavabdeh 27 oktyabr 2013-cü il tarixdə vəfat etmişdir. Göründüyü kimi, iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən, Cavabdeh artıq ölmüş və iddia ölmüş şəxsə qarşı qaldırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 46-cı maddəsinə əsasən, tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilən qanun normalarının tələblərinə əsasən, ölmüş şəxsə qarşı iddia qaldırıla bilməz. Ancaq birinci instansiya məhkəməsi qanunun bu tələblərinə əməl etməmiş və ölmüş şəxsə qarşı qaldırılan iddia ərizəsini icraata qəbul etmiş və mahiyyəti üzrə qərar qəbul etmiş, bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Ağdam Rayon Məhkəməsinin 2 (013)-899/2023 saylı mülki iş üzrə 04 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraaata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, hazırki işin icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 384.0.5, 385.1.1, 402, və 406-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ağdam Rayon Məhkəməsinin 2 (013)-899/2023 saylı mülki iş üzrə 04 avqust 2023cü il tarixli qətnaməsi ləğv olunsun. İş üzrə icraata xitam verilsin. Bu qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-2342/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2342/2023
26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver