Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2342/2024 04.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: torpaq sahəsinə gedən su arxlarının və gediş-gəliş yollarının zəbtdən azad edilməsi, su arxlarının və yolların açılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X3 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedən su arxlarının və gediş-gəliş yollarının zəbtdən azad edilməsi, su arxlarının və yolların açılması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-67/2024 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi (vəkili) X14 tərəfindən verilmiş apellyasiya şikayətinə 04 dekabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 504013176054 nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın təsdıq olunmuş sürətindən görünür ki, Şəmkir rayon, Qapanlı kəndi yerləşən 2.662537 ha olan kənd təsərrüfat təyinatlı torpaq İddiaçı tam mülkiyyətindədir.
2. 50401301286 nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın təsdıq olunmuş sürətindən görünür ki, Şəmkir rayon, Qapanlı kəndi yerləşən 2.76 ha olan kənd təsərrüfat təyinatlı torpaq İddiaçı tam mülkiyyətindədir.
3. 504013006205 nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın təsdıq olunmuş sürətindən görünür ki, Şəmkir rayon, Qapanlı kəndi yerləşən 3.6622 ha olan kənd təsərrüfat təyinatlı torpaq İddiaçı tam mülkiyyətindədir.
4. A 688487 nömrəli xx.xx.2021-ci il tarixli olan torpaq sahəsinin plan və ölçüsünün təsdiq olunmuş surətindən görünür ki, **********69 reyestr Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışı əsasında Şəmkir rayon, Qapanlı kənd ərazisində yerləşən 0.8852 ha olan torpaq sahəsini İddiaçı mülkiyyətindədir.
5. JN-567 kod 50407038 olan torpağa mülkiyyət hüququna dair dövlət aktın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı, X9, X2, X1, X6, X7, X4, X10, X12, X8, X5 Şəmkir rayon Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixdə 47 nömrəli qərarı ilə Şəmkir rayon, Qapanlı kəndində yerləşən 8.18 ha torpaq sahəsi verilmişdir.
6. 09.08.2023-cü il tarixli 3-21-3-40/2-4431/2023 nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X25 11 Saylı Şəmkir Ərazi İdarəsinin tərəfindən verilmiş mütəxəssis reyindən görünür ki, kompleks yerquruluşu xəritəsinə əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə getdiyi iddia edilən faktiki istifadədə olan su arxlarının və kanalın kənarı ilə gedən maşın yolunun bir hissəsi cavabdehin mülkiyyətində olan torpaq sahəsindədir, digər hissələrdə olan su arxları və kanalın kənarı ilə gedən maşın yolu isə bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olmaqla işlək vəziyyətdə deyildir.
7. 22.12.2022-ci il tarixli Şəmkir rayon Məhkəməsinin qətnaməsindən görünür ki, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlarda qeyd edilən torpaq sahələrinin ətrafına çəkilmiş 0.17 ha ərazini əhatə edən drenaj kanalları Cavabdeh tərəfindən düzəldilərək yararlı hala salınması; ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında İddiaçı adına qeydə alınmış, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 8 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən tutulmuş 5.91 hissəsi cavabdehin zəbtindən azad edilməsi qət edilmişdir
8. Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/3050 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Şəmkir rayonu, Qapanlı kəndi ərazisində yerləşən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə getdiyi iddia edilən faktiki istifadədə olan su arxlarının və kanalın kənarı ilə gedən maşın yolunun bir hissəsi cavabdehin mülkiyyətində olan torpaq sahəsindədir, digər hissələrdə olan su arxları və kanalın kənarı ilə gedən maşın yolu isə bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olmaqla işlək vəziyyətdə olmadığı müəyyən edilir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedən su arxlarının və gediş-gəliş yollarının zəbtdən azad edilməsi, su arxlarının və yolların açılması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir rayon Qapanlı kəndinin ərazisində yerləşən, Şəmkir rayon AİK-nın xx.xx.1998-ci il tarixli 47 saylı qərarı ilə JN-567 saylı Torpağa Mülkiyyət hüququna dair dövlət aktı əsasında ailə üzvlərinin mülkiyyətinə verilmiş 8,18 ha, Şəmkir rayon 1 saylı Notariat Ofisinin xx.xx.2005-ci il tarixli 4Ə-20 saylı reyestrlə qeydə alınmış müqaviləsi əsasında mülkiyyətinə verilmiş 2,662537 ha, xx.xx.2020-ci il tarixli 4ə-1813 saylı reyestrlə qeydə alınmış müqavilə əsasında 0,8852 ha xx.xx.2008-ci il tarixli 4ə-125 saylı reyestrlə qeydə alınmış müqavilə əsasında mülkiyyətinə verilmş 2,76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə maşın kanaldan gedən su yollarının və kanalın kənarı ilə gedən maşın yolunun cavabdehin zəbtindən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, torpaq islahatı ilə əlaqədar Azərbaycan Respublikası AİK-nın Şəmkir rayon AİK-nın xx.xx.1998-ci il tarixli 47 saylı qərarı ilə JN-567 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 8,18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və 10 nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Həmçinin, Şəmkir rayon 1 saylı Notariat Ofisinin xx.xx.2005-ci il tarixli 40-20 saylı reyestrlə qeydə alınmış müqaviləsi əsasında 2,662537 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, xx.xx.2020-ci il tarixli 40-1813 saylı reyestrlə qeydə alınmış müqavilə əsasında 0,8852 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və xx.xx.2008-ci il tarixli 4Ə-125 saylı reyestrlə qeydə alınmış müqavilə əsasında 2,76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həmin kəndin ərazisində yerləşməklə onun mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin 8,18 ha hissəsində karalyok bağı, 2,662537 ha hissəsində şaftalı bağı salmışam. 2,76 və 0,8852 ha hissələrində isə yonca əkdirmişdir. Ancaq, 4 ilə yaxındır ki, həmin sahələrə maşın kanaldan gedən su yollarının və kanalın kənarı ilə gedən maşın yolunun cavabdeh tərəfindən zəbt edilməsi nəticəsində həmin sahələrə suvarma suyunu apara bilmir. Nəticədə həmin sahələrdəki meyvə ağaclarından və yoncandan təyinatına uyğun normal istifadə etməməklə yüksək məhsul əldə etməmiş, bu səbəbdən külli miqdarda maddi zərər çəkmişdir. Dəfələrlə cavabdehdən həmin kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gedən avtomaşın yolunun və su arxlarının açılmasını tələb etsə də nəticəsi olmadığından bu barədə DİN-nin 102 qaynat xəttinə məlumat vermiş, rayon Prokurorluğuna ərizə ilə müraciət etmişdir. Hətta şikayəti əlaqədar X28 rəisi həmin sahələrə yerində baxış keçirmiş, ancaq tələbi mülki xarakterli olmasına görə məhkəməyə müraciət etməyim tövsiyyə edilmişdir. Eyni zamanda cavabdeh mülkiyyətində olan torpaq sahələrinin suvarılması üçün qaynamalardan gələn su arxlarını da zəbt edərək suvarılmasına imkan vermir. Onu da əlavə edir ki, baldızı və həmkəndlin X11 qanuni əsaslarla Qapanlı Bələdiyyəsində 2000-ci ildə icarəyə götürdüyü torpaq sahəsi uzun müddətdir ki, aralarında olan razılaşma əsasında onun istifadəsindədir və həmin sahəyə gedən yolun və su arxının cavabdeh tərəfindən zəbt edilərək kəsilməsi nəticəsində həmin sahənin istifadəsi mümkünsüzdür. Ona görə cavabdehə qarşı məlum iddianı qaldırmalı olmuşdur.
11. Bunda sonra iddiaçı birinci instansiya məhkəməsində dəqiqləşdirmə ərizəsini təqdim edərək, Şəmkir rayon Qapanlı kəndinin ərazisində yerləşən, Şəmkir rayon AİK-nın xx.xx.1998-ci il tarixli 47 saylı qərarı ilə JN-567 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında ailə üzvilərinin mülkiyyətinə verilmiş 8,18 ha, Şəmkir rayon 1 saylı Notariat Ofisinin xx.xx.2005- ci il tarixli 4Ə-20 saylı reyestrlə qeydə alınmış müqaviləsi əsasında mülkiyyətinə verilmiş 2,662537 ha, xx.xx.2020-ci il tarixli 4Ə-1813 saylı reyestrlə qeydə alınmış müqavilə əsasında 0,8852 ha və xx.xx.2008-ci il tarixli 4Ə-125 saylı reyestrlə qeydə alınmış müqavilə əsasında mülkiyyətinə verilmiş 2,76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə maşınkanaldan gedən su yollarının və kanalın kənarı ilə gedən maşın yolunun cavabdehin zəbtindən azad edilməsi barədə tələbinin 8,18 ha 0,8852 ha vǝ 2,76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə maşınkanaldan gedən su arxlarının kənarı ilə gələn maşın yollarının və həmin su arxlarının zəbtdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-67/2024 nömrəli qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi), iddianın təmin edilməməsi qət edilmişdir.
13. Məhkəmə həmin nəticəyə gələrkən “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konversiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Kostitutsiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 146.1, 152.5, 157.2, -cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-si maddəsinə istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88, 119.1, 213, 216-220, 233 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı nümayəndəsi (vəkili) X14 apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-67/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, ekspert qarşısında qoyulmuş suallara ekspert tərəfindən verilmiş cavaba əsasən kompleks yerquruluşu xəritəsinə əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə getdiyi iddia edilən faktiki istifadədə olan su arxlarının və kanalın kənarı ilə gedən maşın yolunun bir hissəsinin cavabdehi mülkiyyətində olan torpaq sahəsində, digər hissələrdə olan su arxları və kanalın kənarı ilə gedən maşın yolunun isə bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olmaqla işlək vəziyyətdə olmadığı qeyd olunmuşdur. Rəydən də aşkar şəkildə görsənir ki, ona məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gələn yol yararsız haldadır. Həmçinin, həmin yolun bir hissəsinin cavabdehin mülkiyyətindən olan torpaq sahəsindən keçdiyi qeyd edilir. Ümumiyyətlə yollar ümumi istifadədə olduğundan kimin mülkiyyətindən olan torpaq sahəsindən keçməsinin heç bir əhəmiyyəti yoxdur. Ekspertiza zamanın mütəxəssis tərəfindən ona məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gələn yola əvvəldən axıradək baxış keçirilməmiş, yalnız yolun bir hissəsinə baxış keçirilməklə ümumi rəy verilmişdir. Rəydə yolun işlək vəziyyətdə olmadığı qeyd olunsa da, yolun işlək vəziyyətdə olmamasının səbəbi tam izah edilməmişdir. Həmçinin ekspert qarşısında yolda basdırılmış ağaclarla bağlı ümumiyyətlə sual qoyulmamışdır. Bundan başqa ümumi istifadədə olan yolun bir hissəsində taxıl əkilmiş olsa da, kimin tərəfindən əkilməsi aydınlaşdırılmamışdır. Həmçinin, iddianın digər predmetini təşkil edən su arxlarına münasibətdə də, yol kimi tam araşdırma aparılmamışdır. Bir daha qeyd edir ki, ərazidə ümumi istifadədə olan yol olmuş və həmin yolun ərazisi bələdiyyə mülkiyyətinə aiddir. Hazırda isə həmin yol cavabdeh tərəfindən yararsız hala salındığı üçün o öz təsərrüfatına gedə bilmir. Birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları ətralı araşdırılmamış, iş üzrə yenidən ekspertiza təyin edilməli olduğu halda, işə mahiyyəti üzrə baxılaraq qətnamə çıxarılmışdır. Ona görə də hesab edir ki, məhkəmənin hazırki qətnaməsi ləğv edilməli və iddanın təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
19. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
20. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.
21. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
22. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
25. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
26. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş)
27. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
28. Maddə 84. 1-ci hissə. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
29. Maddə 111. 1-ci hissə. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
30. Maddə 111. 2-ci hissə. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
31. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
36. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
40. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
41. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
43. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
46. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
48. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-67/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Beləliklə, işin halları ondan ibarətdir ki, iddiaçı məhkəməyə müraciət edərək iddia etmişdir ki, Cavabdeh onun torpaq sahəsinə maşın kanaldan gedən su yollarının və kanalın kənarı ilə gedən maşın yolunun zəbt etmiş, onun torpaq sahəsinin sulanmasına, yoldan istifadəsində maneə törədir. İddiaçı cavabdehin həmin torpaq sahəsinin zəbt edərək və həmin torpaq sahəsindən çıxmasından imtina etdiyini bildirərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
51. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyətin müdafiəsi ilə bağlıdır və aşağıdakı hüquq normaları əsasında təhlil olunmalıdır.
52. İddiaçı mübahisəli torpaq sahəsinə gözlənilən mülkiyyəti vardır və onun mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən toxunulmazdır və bu toxunulmazlığa təminat verilir.
53. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri).
54. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
55. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
56. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır (Torpaq Məcəlləsinin 111.1 və.111.2-ci maddələri).
57. İş materialları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsi tutulmamışdır. Belə ki, həm birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Şəmkir rayonu, Qapanlı kəndi ərazisində yerləşən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə getdiyi iddia edilən faktiki istifadədə olan su arxlarının və kanalın kənarı ilə gedən maşın yolunun bir hissəsi cavabdehin mülkiyyətində olan torpaq sahəsindədir, digər hissələrdə olan su arxları və kanalın kənarı ilə gedən maşın yolu isə bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olmaqla işlək vəziyyətdə olmadığı müəyyən edilir.
58. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.
59. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.
60. Məhkəmə kollegiyası rəyləri tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəylər əsaslıdır. Çünki, mütəxəssis və ekspertin rəyləri dəqiq və müfəssəl tərtib edilmiş, eyni zamanda həmin rəydə bütün ölçülər dəqiqliklə göstərilmişdir. Habelə rəy verilən zaman ərazinin situasiya planı, ortofoto materitalları və elektron baza məlumatlarına istinad edilmişdir.
61. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehin mübahisəli torpaq sahəsini zəbt etməsi və yaxud həmin torpaq sahəsinə gedən yolun cavabdeh tərəfindən yararsız (işlək deyil) hala salınması bildirsə də, bu barədə mötəbər sübutlarını məhkəmələrə təqdim edə bilməmişdir. Bu halda sübutetmə yükü iddiaçının üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
62. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
63. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
64. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
65. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, iddiaçı iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir.
66. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
67. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
68. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
71. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
72. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehin mübahisəli torpaq sahəsini zəbt etməsi və yaxud həmin torpaq sahəsinə gedən yolun cavabdeh tərəfindən yararsız (işlək deyil) hala salınması ilə bağlı subut yoxdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
73. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
74. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
75. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı nümayəndəsi (vəkili) X14 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-67/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.