Məhkəmə qərarları › İş №2(104)-2345/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2345/2023

27.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2345/2023 27.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaqdan çıxarılma” tələbinə dair mülki iş üzrə Naftalan Şəhər Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(052)-84/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “torpaqdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin zəbt etdiyi ona, ailə üzvlərindən həyat yoldaşı X3 və oğlu X6 məxsus olan ünvan 1ində yerləşən torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1ində yaşayır və mülkiyyətində 0,25 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə dair onun, ailə üzvləri həyat yoldaşı X2 və oğlu X4 adına JN-028A, KOD 50919048 torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Cavabdeh onun qonşusudur. Cavabdehin əvvəlcə istifadəsində 0,06 ha torpaq sahəsi olmuşdur. Hazırda isə cavabdehin istifadəsində 3 hektar torpaq sahəsi vardır. Cavabdeh onun mülkiyyət hüququ ilə istifadəsində olan torpaq sahəsinin bir hissəsini zəbt etmişdir. Onların arasında olan torpaq mübahisəsi 30 ildir ki davam edir. O, evdə olmayan vaxt cavabdeh onun bağı tərəfdən dirəklər basdırmış, bu səbəbdən aralarında mübahisə yaranmışdır. Həmçinin evdə olmayan vaxt bağın onun tərəfində olan hissəsi yandırılmışdır. Bu səbəbdən cavabdehlə aralarında yenidən mübahisə olmuş və onlar hər ikisi polisə müraciət etmişlər. Naftalan Şəhər Polis Şöbəsindən mübahisələri mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. Onun və cavabdehin torpaq sahəsinin mütəxəssislər tərəfindən ölçülərək müəyyən edilməsini, cavabdehin qanunsuz istifadəsində olan torpaq sahəsinin aşkar edilməsini istəyir. Naftalan Şəhər Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(052)-84/2023 saylı qətnaməsi ilə (hakim A.Səlimov) iddia təmin edilməmiş, İddiaçı iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 100 (yüz) manat məbləində pul vəsaitinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması və İddiaçı tərəfindən mütəxəssis rəyinin verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin hesablaşma hesabına ödənilmiş 95 (doxsan beş) manat məbləğində pul vəsaitinin onun özünə aid edilməsi qət edilmişdir. İşdə olan sübutlar: Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Goranboy Rayon Aqrar İslahat Komissiyasının 17 fevral 1999-cu tarixli 07 saylı qərarı ilə İddiaçı Mayıl oğluna, X3 və X6 Goranboy rayonu, Qasımbəyli kəndində 0.25 hektar torpaq sahəsi verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, X5 ünvan 1ində xüsusi mülkiyyət hüququ ilə 0.67 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır və bu barədə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə, ********** nömrə ilə qeydiyyat aparılmışdır. xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X1 şəhəri, Qasımbəyli kəndi ünvanında yerləşən, ümumi sahəsi 0.67 ha olan torpaq sahəsini Nümayəndə bağışlamışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, X5 ünvan 1ində xüsusi mülkiyyət hüququ ilə 114.2 kv.m fərdi yaşayı evi vardır və bu barədə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016cı il tarixdə, ********** nömrə ilə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş 11 aprel 2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, TEKUİS-ə və JN – 028A KOD 50919048 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı Mayıl oğlunun, onun ailə üzvləri həyat yoldaşı X2 və oğlu X4 mülkiyyətində olan ünvan 1ində yerləşən 0.25 hektar torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsi arasında konfiqurasiyası fərqi olduğundan üst-üstə düşmür. TEKUİS-ə əsasən həmin torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilməmişdir. xx.xx.2015-ci il tarixli ******* saylı çıxarışa əsasən Cavabdeh atası X5 mülkiyyətində olan, hazırda onların istifadəsində olan ünvan 1ində yerləşən 0.67 hektar torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsi arasında konfiqurasiya fərqi olduğundan üst-üstə düşmür. İddiaçı Mayıl oğlunun, onun ailə üzvləri həyat yoldaşı X2 və oğlu X4 mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə ünvan 1ində cavabdeh X5 mülkiyyətində olan hazırda Cavabdeh istifadəsində olan ünvan 1ində yerləşən 0.67 hektar torpaq sahəsinin koordinatları üstüstə düşmür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 07 iyul 2023-cü il tarixli, 10/3177 saylı ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı və onun ailə üzvləri həyat yoldaşı X2 və oğlu X4 mülkiyyətində olan ünvan 1ində yerləşən 0.25 hektar torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsinin arasında konfiqurasiyası fərqi olduğundan üst-üstə düşmədiyi müəyyən olunmuşdur. TEKUİS-ə əsasən həmin torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmədiyi müəyyən olunmuşdur. Cavabdeh atası X5 mülkiyyətində olan hazırda onların istifadəsində olan ünvan 1ində yerləşən 0.67 hektar torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsinin arasında konfiqurasiya fərqi olduğundan üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Cavabdeh atası X5 mülkiyyətində olan hazırda onların istifadəsində olan ünvan 1ində yerləşən 0.67 hektar torpaq sahəsi ilə faktiki istifadə edilən torpaq sahəsinin arasında konfiqurasiya fərqi olduğundan üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Naftalan Şəhər Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(052)-84/2023 saylı qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Naftalan Şəhər Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(052)-84/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, ünvan 1ində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsı onun və ailə üzvlərinin mülkiyyətindədir. Bu barədə onlara JN- 028A KOD 50919048 saylı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Uzun illərdir kiı, onlar mülkiyyətlərində olan həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edirlər. Cavabdeh qonşusudur. Lakin yaşadıqları bu müddətdə etdiyi hərəkətlərə gorə qonşu münasibətləri olmamışdır. Belə ki, mülkiyyətində olan torpaq sahəsi azımış kimi onlar evdə olmayanda onunla qonşu olduqları hissədə ara sərhədlərini pozaraq 3-4 metr dirəkləri onların mulkiyyətində olan həyətyanı torpaq sahəsi tərəfindən basdırmışdır. O birinci instansiya məhkəməsində nə qədər istəsə də bunu subut edə bilməmişdir. Çünki əgər birinci instansiya məhkəməsi tərəfındən yerli baxış keçirilsə idi, o hər şeyi əyani izah edə bilərdi. Bundan başqa o verilən ekspert rəyindən də narazıdır. Belə ki, birnci instansiya məhkəməsi tərəfindən qoyulan suallara texniki ekspert tərəfindən tam aydınlıq gətirilməmişdir. Çünki istər birinci sualın, istərsə də ikinci sualın cavablarından görünür ki, istər onun mülkiyyətində olan torpaq sahəsi, istərsə də Cavabdeh mülkiyyətində olan torpaq sahəsi ilə faktiki istifadələrində olan torpaq sahələrinin arasında konfiqurasiya fərqi olduğundan üst-üstə düşmədiyi bildirilir. Ekspert onun mülkiyyətində olan torpaq sahəsi ilə cavabdehin mülkiyyətində olan torpaq sahəsinin döngə nöqtələri və koordinatlarının bir-birləri ilə üst-üstə düşüb-düşməməsini müəyyən etməmişdir. Ekspert müəyyən etməli idi ki, onların hər birinin faktiki istifadəsində neçə ha torpaq sahəsi var və bunun nə qədəri hansı hissədə artıqdır və yaxud zəbt olunmuşdur. Bir sözlə onunla cavabdehin torpaq sahəsi arasında olan sərhəd xəttini ekspert aydınlaşdırmamışdır. Ona görə də o həmin qətnamədən narazıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, onun torpağını Cavabdeh və oğlu Rəhman Musayev zəbt etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu, ekspert rəyi ilə onun iddiaçının torpağını zəbt etmədiyini bildirib, şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, atası X9 vəfat etmişdir. İş materialalrında olan, ******* nömrəli çıxarışda qey olunan 0,06 ha torpaq sahəsi həyətyanı torpaq sahəsi olmaqla, kənd təsərrüfatlı təyinatlı 0,67 ha torpaq sahəsinə bitişikdir. Mübahisə 0,67 ha torpaq sahəsi ilə bağlıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Naftalan Şəhər Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(052)-84/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mübahisə ilə əlaqədar birinci instansiya məhkəməsi tərəfindən iş üzrə mütəxəssis rəyi əldə edilməklə müvafiq ekspertiza keçirilmiş və əldə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin mütəxəssis rəyi və Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2023-cü il tarixli, 10/3177 saylı ekspert rəyi ilə Cavabdeh iddiaçıya məxsus torrpaq sahəsini zəbt etmədiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası iddiaçının ekspert rəyi ilə razılaşmamasının dəlillərini əsassız hesab edərək qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin mütəxəssis rəyinə əlavə edilmiş tərəflərin mülkiyyətinə verilən və faktiki istifadə etdikləri torpaq sahələrinin yerləşmə planından və torpaq sahələrinin döngə nöqtələrinin kordinatlarından və yerləşmə planından görünür ki, JN – 028A KOD 50919048 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı Mayıl oğlunun və onun ailə üzvləri mülkiyyətində 0.25 hektar torpaq sahəsi olmasına baxmayaraq, faktiki istifadə etdiyi torpaq sahəsi 0,45 ha, Cavabdeh atası X5 mülkiyyətində olan, hazırda onların istifadəsində torpaq sahəsinin isə ******* saylı çıxarışa əsasən 0,67 ha olmasına baxmayaraq, faktiki istifadə etdiyi torpaq sahəsi 0,75 ha olmuşdur. Həmçinin iş materiallarının 102-ci səhifəsində olan X5 mülkiyyətində olan və Cavabdeh faktiki istifadə etdiyi torpaq sahələrinin sərhədlərindən də göründüyü kimi Cavabdeh onunla qonşu olan İddiaçı Mayıl oğlunun birgə mülkiyyətində olan torpaq sahəsinin sərhəddini keçməməklə, faktiki istifadə etdiyi torpaq sahəsi İddiaçı Mayıl oğlunun torpaq sahəsi ilə qonşu olduğu hissədə, ******* saylı çıxarışla olan torpaq sahəsinin sərhərləri daxilindədir. Buna görə də məhkəmə kollegiyasının iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir. Beləliklə, yuxarında göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384-385, 392-393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏTETDİ:

Naftalan Şəhər Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(052)-84/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naftalan Şəhər Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(052)-84/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar