Məhkəmə qərarları › İş №2(104)-2361/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2361/2023

11.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2361/2023 11.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: ümumi birgə mülkiyyətdə olan əmlakın hərracdan satılması və ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan əmlakın hərracdan satılması və ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3318/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 11 oktyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 fərdi yaşayış evinin ½ payı İddiaçı xx.xx.2021-ci il tarixdə, ½ payı isə X1 adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır.

2. Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 01/1405 saylı, xx.xx.2020-ci il tarixli arayışının surətindən görünür ki, 12 noyabr 2020-ci il tarixli ********** №-li ərizəsinə və 12 noyabr 2020-ci il tarixli ********** №-li müqavilədən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən, mülkiyyətində (icarəsində, istifadəsində) olan fərdi yaşayış sahəsi üçün qiymətləndirilmə işi aparılmışdır. Qiymətləndirmə zamanı daşınmaz əmlak bazarında analoji fərdi yaşayış sahələrinin bazar dəyəri üçün əsas olan parametrlər və bazar trendi nəzərə alınmaqla müvafiq qiymətləndirmə metodu tətbiq edilmişdir. Obyektin 19 noyabr 2020-ci il tarixinə bazar dəyəri 80000 (səksən min) manat təşkil edir.

3. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-172/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı ümumi mülkiyyətdən payının naturada ayrılması tələbinə dair iddiası rədd edilmişdir.

4. Notariat qaydasında təsdiq olunmuş ərizədən görünür ki, X4 atası X1 vəfatından sonra miras qalmış Gəncə şəhəri, Ağamirzə Əhmədov küçəsi, 18 və Ağamirzə Əhmədov küçəsi 2-ci dalan, 8 №-li evdən ona düşən paydan qardaşı Cavabdeh xeyrinə imtina etmiş, bununla əlaqədar gələcəkdə heç bir iddia və tələbinin olmayacağını bildirmişdir.

5. Notariat qaydasında təsdiq olunmuş ərizədən görünür ki, X6 atası X1 vəfatından sonra miras qalmış Gəncə şəhəri, Ağamirzə Əhmədov küçəsi, 18 və Ağamirzə Əhmədov küçəsi 2-ci dalan, 8 №-li evdən ona düşən paydan qardaşı Cavabdeh xeyrinə imtina etmiş, bununla əlaqədar gələcəkdə heç bir iddia və tələbinin olmayacağını bildirmişdir.

6. Notariat qaydasında təsdiq olunmuş ərizədən görünür ki, X3 atası X1 vəfatından sonra miras qalmış Gəncə şəhəri, Ağamirzə Əhmədov küçəsi, 18 və Ağamirzə Əhmədov küçəsi 2-ci dalan, 8 №-li evdən ona düşən paydan qardaşı Cavabdeh xeyrinə imtina etmiş, bununla əlaqədar gələcəkdə heç bir iddia və tələbinin olmayacağını bildirmişdir.

7. Notariat qaydasında təsdiq olunmuş ərizədən görünür ki, X7 atası X1 vəfatından sonra qalmış bütün miras əmlakından ona çatası payı qəbul etməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan əmlakın hərracdan satılması və ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, ümumi birgə mülkiyyətdə olan və ünvan 1 ünvanda yerləşən yaşayış evinin hərracdan satılması, satışdan əldə edilən məbləğin ½ paylara mütənasib surətdə bölüşdürülməsi, ümumi paylı mülkiyyət hüququna xitam verilməsi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən ev ideal ½ paylarla X5 ilə onun ümumi mülkiyyətindədir. X5 2018-ci ildə vəfat edəndən sonra mirası faktiki olaraq onun oğlu Cavabdeh qəbul etmişdir. Həmin evdən birgə istifadə zamanı X5 ilə, onun ölümündən sonra isə oğlu Cavabdeh ilə mütəmadi mübahisəsi yarandığı üçün o, ümumi mülkiyyətdən payın real ayrılmasına dair iddia ilə Gəncə şəhəri Nizami rayon Məhkəməsinə müraciət etmişdir. Ekspertiza qərarı əsasında payların real ayrılmasının mümkün olmaması müəyyən ediləndən sonra məhkəmənin hazırda qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli 2(044)-172/2022 saylı qətnaməsi ilə iddiası rədd olunmuşdur. Ona görə də, ümumi birgə mülkiyyətdə olan əmlakın hərracdan satılması və ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

10. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3318/2023 nömrəli qətnaməsi (hakim Mustafa Musatafayev) ilə, iddianın təmin edilməsi, ½ hissədə İddiaçı və ½ hissədə mərhum X2 məxsus olmaqla paylı mülkiyyətdə оlan ünvan 2 ünvanda yerləşən yaşayış evi açıq hərracdan satılsın və satışdan əldə edilən pul paylı mülkiyyətçilər olan İddiaçı və Cavabdeh (mərhumun vərəsəsi) arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi, ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir.

11. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1, 220.2, 220.3, 220.6 və 221-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 213, 216-220, 233 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(125)-3318/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə miras qalan mülkdən ona və digər vərəsələr pay tanımadan əmlakın hərracdan satılması haqda qətnamə qəbul etməklə onun hüquqlarını pozmuşdur. Bununla da məhkəmə çəkişmə prinsipini pozmaqla ədalətsiz qətnamə qəbul etmişdir. Eyni zamanda qeyd etmək istəyir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsininə əmlakın tam şəkildə bölünməsi barədə verdiyi ərizə əsasında əmlaka mütəxəssis tərəfindən baxış keçirilmiş və şifahi olaraq bildirilmişdir ki, əmlakın naturada bölünməsi mümkündür. Buna baxmayaraq əmlakın bölünməsinə dair iddiaçının verdiyi iddia tələbinə baxılan zaman ekspert belə qərara gəlmişdir ki, əmlakın bölünməsi mümkün deyil. Əmlaka vizual baxdıqda dam örtükləri ayrı olduğundan bölünməsinin mümkünlüyü müəyyən etmək çətin deyildir. İddiaçının əsas tələbi əmlakın bölgüsündən ibarət olmasını nəzərə aldıqda bölünməsi mümkün olan əmlakın satılmasını məqsədə müvafiq hesab etmirik. Göründüyü kimi, əsassız olan iddia tələbi təmin edilməsi nəticəsində mülkiyyət hüquqları pozulmuşdur. Eyni zamanda həmin əmlakın satışından əldə olunan vəsaitə oxşar şəraitdə ev almağı mümkün olmayacaq.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

18. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

19. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

20. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

21. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

22. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

28. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

29. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

31. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

34. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

36. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3318/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Beləliklə, işin halları ondan ibarətdir ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi üzərində İddiaçı ½ hissədə, Cavabdeh ½ hissədə payları müəyyən edilmiş və həmin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda həmin torpaq sahəsindən payın ayrılması barədə tərəflər öz aralarında razılığa gələ bilməmiş, eyni zamanda torpaq sahəsinin paylara uyğun naturada bölünməsi də mümkün olmamışdır. Həmçinin, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-172/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, İddiaçı Cavabdeh qarşı ümumi mülkiyyətdən payının naturada ayrılması tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir.

39. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılaraq satış pulunun paylara uyğun mütənasib şəkildə bölünməsi ilə bağlı yaranan mülki münasibətlərdir və işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verilməlidir.

40. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılmasından bəhs edən 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

41. Mülki Məcəllənin 220.2-ci maddəsində göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

42. Mülki Məcəllənin 220.3-cü maddəsində deyilir ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

43. Mülki Məcəllənin 220.4-cü maddəsinə görə bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

44. Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

45. “Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 .04.2014-cü il tarixli Qərarı”nda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmə hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermə imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər.

46. Göründüyü kimi, qanunverici müəyyən etmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri payın ayrılması ilə bağlı razılığa gələ bilmədikdə, paylı mülkiyyətçi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Bu zaman payın naturada ayrılması mümkün olmadıqda ayrılan mülkiyyətçi öz payının miqdarının paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ödənilməsi kimi hüquqa malik olur. Həmçinin, qanunverici müəyyən etmişdir ki, yuxarıda qeyd olunan qaydalar əsasında əmlakın bölünməsi və ya ondan pay ayrılması mümkün olmadıqda məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Hazırki halda isə iddiaçı paylı mülkiyyətdə olan evin açıq hərracdan satılaraq onun payına uyğun vəsaitin verilməsini tələb edir. Kollegiya hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır.

47. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

50. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

51. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3318/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar