Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2372/2024 10.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-207/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Gəncə şəhəri 5 saylı notariat ofisində 4Ə-644 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0271 ha torpaq sahəsi satıcı Gəncə Şəhəri Nizami Rayon Bələdiyyəsi tərəfindən alqı-satqı qiyməti 1365 manat müəyyən edilməklə alıcı İddiaçı satılmışdır.
2. xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********58 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0271 ha torpaq sahəsi İddiaçı adına rəsmi reyestrdə qeydə alınmışdır.
3. Gəncə şəhəri 6 saylı notariat ofisində 4Ə-632 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0,0365 ha torpaq sahəsi satıcı Gəncə Şəhəri Nizami Rayon Bələdiyyəsi tərəfindən alqı-satqı qiyməti 2409 manat müəyyən edilməklə alıcı Cavabdeh satılmışdır.
4. xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********20 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0,0365 ha torpaq sahəsi Cavabdeh adına rəsmi reyestrdə qeydə alınmışdır.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-10/6167 nömrəli ekspert rəyindən görünür ki, “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən **********58 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən 0,0271 ha torpaq sahəsinin Cavabdeh faktiki istifadə sahəsi ilə üst-üstə düşmədiyi, yəni cavabdehin faktiki istifadəsində olmadığı müəyyən olunmuşdur.
6. İddiaçı məhkəmə kollegiyasına təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2- 11954/2024 saylı müraciətə baxılması barədə məktubdan görünür ki, sözügedən torpaq sahəsində bələdiyyə mülkiyyətinə aid 29 kv.m torpaq sahəsi mövcuddur. Bu səbəbdən torpaq sahəsinin naturada tanıdılması mümkün olmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Gülüstan yaşayış ərazisindəki 28 nömrəli binanın cənub tərəfində ünvan 5 ünvanda yerləşən 0,0271 ha torpaq sahəsinin üzərində inşa edilmiş dəmir hasarın və digər tikililərin cavabdehin hesabına sökülərək boşaldılmasına və cavabdehin də həmin sahədən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Gülüstan yaşayış ərazisindəki 28 nömrəli binanın cənub tərəfində yerləşən 0,0271 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışla tam mülkiyyət hüququ əsasında Gəncə şəhəri Nizami rayon Bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi Gəncə şəhəri 5 saylı notariat kontorunda onunla Gəncə şəhər Nizami rayon bələdiyyəsinin adından X2 arasında xx.xx.2021-ci il tarixli, AN-İ 093271 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Bunun müqabilində o, müxtəlif vaxtlarda ümumilikdə Nizami rayon Bələdiyyəsinin hesabına 1801 manat pul köçürmüşdür və bu barədə əlində qəbzlər vardır. Həmin alqı-satqı müqaviləsi ilə o, mülkiyətə dair çıxarış almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. İdarənin işçiləri torpaq sahəsinin koordinatlarını müəyyən etmək üçün ərazidə olmuşlar. Lakin aldığı torpaq sahəsi daşınmaz əmlakın nümayəndələri tərəfindən ölçülüb dəqiq yeri müəyyən olunarkən məlum oldu ki, bələdiyyədən alqı-satqı yolu ilə aldığı torpaq sahəsində sonradan adı ona məlum olan Cavabdeh adlı şəxs yaşamaq üçün yarım tikili aparmaqla müxtəlif üsullarla torpağın bir hissəsini hasara alaraq zəbt etmişdir. Həmin şəxsə dəfələrlə ona məxsus zəbt etdiyi torpaq sahəsini boşaltmasını tələb etsə də, o bundan imtina edərək həmin torpaq sahəsini bələdiyyədən aldığını bildirmişdir. Lakin həmin torpaq sahəsinin alınması ilə bağlı heç bir hüquqi sənədi yoxdur. O isə, torpağı aldığı müddətdən bəri həmin ərazidən istifadə edə bilmir. Buna görə də, ona məxsus zəbt edilmiş torpaq sahəsinin boşaldılması və cavabdehin həmin sahədən çıxarılması ilə bağlı qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur.
9. Gəncə Şəhər Məhkəməsinin 2(125)-207/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev) İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair iddiasının təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı alınaraq Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilməsi qət edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının iddia etdiyi Gəncə şəhəri, Gülüstan yaşayış ərazisindəki 28 nömrəli binanın cənub tərəfində ünvan 5 ünvanda yerləşən 0,0271 ha torpaq sahəsi ona məxsus olmaqla rəsmi reyestrdə onun adına qeydə alınmışdır. Lakin işin hazırki hallarından görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsi onun mülkiyyətində olsa da, cavabdeh tərəfindən zəbt edildiyi məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir.
11. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəlləsinin 157.2-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
12. Gəncə Şəhər Məhkəməsinin 2(125)-207/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)-207/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin işçiləri torpaq sahəsinin koordinatlarını müəyyən etmək üçün ərazidə olmuşlar. Lakin aldığı torpaq sahəsi daşınmaz əmlakın nümayəndələri tərəfindən ölçülüb dəqiq yeri müəyyən olunarkən məlum oldu ki, bələdiyyədən alqı-satqı yolu ilə aldığı torpaq sahəsində sonradan adı ona məlum olan Cavabdeh adlı şəxs yaşamaq üçün yarım tikili aparmaqla müxtəlif üsullarla torpağın bir hissəsini hasara alaraq zəbt etmişdir. Həmin şəxsə dəfələrlə ona məxsus zəbt etdiyi torpaq sahəsini boşaltmasını tələb etsə də, o, bundan imtina edərək həmin torpaq sahəsini bələdiyyədən aldığını bildirmişdir. Lakin həmin torpaq sahəsinin alınması ilə bağlı heç bir hüquqi sənədi yox idi. O isə torpağı aldığı müddətdən bəri həmin ərazidən istifadə edə bilmir. Məhkəmənin gəldiyi nəticə əsassızdır. Ona görə ki, təyin olunmuş ekspert mübahisəli əraziyə getmədən, ölçü işləri aparmadan ünvan 4 ünvanda yerləşən 0,0271 ha torpaq sahəsinin Cavabdeh faktiki istifadə sahəsi ilə üst-üstə düşmədiyi, yəni cavabdehin faktiki istifadəsində olmadığı müəyyən olunduğu barədə rəy vermişdir. Bundan narazı qaldığı üçün vəkili tərəfindən təkrar ekspertizanın keçirilməsi ilə bağlı vəsatət verilmişdir. Lakin hakim tərəfindən vəsatət əsassız olaraq təmin etməmişdir. Verilmiş rəyin tələbi ilə bağlı heç bir aidiyyəti yoxdur. Torpaqla bağlı mübahisə torpaqların üs-üstə düşməsi yox bir hissəsinin zəbt olunmasından gedir. Prosessual hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqeyi isə ondan ibarətdir ki, MPM-nin 88-ci maddəsinin tələbinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarından göründüyü kimi, məhkəmə bu prosessual maddənin tələblərini pozmuşdur. Belə ki, mübahisəli torpaq sahəsinin yerində ölçülməsi ilə bağlı təkrar eksperizanın təyin olunması ilə bağlı vəsatətin təmin etməməkdə haqlı olmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etçişdir. Məhkəmənin suallarına cavab olaraq isə bildirmişdir ki, ödənişlərini indiyədək vaxtında etmişdir. Həmin torpaq sahəsini alqı-satqı yolu ilə almışdır.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirib apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq isə bildirmişdir ki, o, heç kəsin torpağını zəbt etməmişdir. Həmin torpaq sahəsi əvvlər onun bağ yeri kimi zəbti olmuşdur. Sonradan isə pulunu ödəyərək satın almışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
17. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
18. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
19. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
20. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
27. Maddə 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
28. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Hazırkı apellyasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-207/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Belə ki, apellyasiya şikayətində iddiaçının mübahisələndirdiyi ekspertiza rəyi və birinci instansiya məhkəməsinin yenidən ekspertiza təyin edilməsi ilə bağlı vəsatətinin təmin edilməməsi ilə bağlı qeyd edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi onun mülkiyyətində olsa da, cavabdeh tərəfindən zəbt edildiyi məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-10/6167 nömrəli ekspert rəyindən görünür ki, “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən **********58 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən 0,0271 ha torpaq sahəsinin Cavabdeh faktiki istifadə sahəsi ilə üst-üstə düşmədiyi, yəni cavabdehin faktiki istifadəsində olmadığı müəyyən olunmuşdur. Ekspert rəyinin həqiqiliyi və əsaslılığı məhkəmə kollegiyasında şübhə doğurmamış, bunun əksini təsdiq edən heç bir mötəbər sübut məhkəmə kollegiyasına təqdim edilməmişdir. Buna görə də, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur.
34. İddiaçı məhkəmə kollegiyasına təqdim etdiyi sənəddə sözügedən torpaq sahəsində bələdiyyə mülkiyyətinə aid 29 kv.m torpaq sahəsi mövcud olması, bu səbəbdən də, torpaq sahəsinin naturada tanıdılması mümkün olmaması göstərilmişdir. Bu hal isə mübahisəli torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olmasını sübut etmir.
35. Qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.
36. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin 2(125)-207/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi :
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-207/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.