Məhkəmə qərarları › İş №2(104)-238/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-238/2024

23.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-238/2024 23.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Vəkil Məhəmədəli oğlunun iştiakı ilə, Ərizəçi maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X29 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2(125)-2650/2023 saylı qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: Ərizəçi maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X29 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-0296 kod 50805028 saylı “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamənin anası X6 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası X4 adına Göygöl rayonu, Üçbulaq kəndində yerləşən 0.18 ha torpaq sahəsinə dair JN-029G kod 50805028 saylı “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamə işlənmişdir. Həmin şəhadətnamədə anasının soyadı “Allahverdiyeva” əvəzinə yanlış olaraq “Nəbiyeva” kimi qeyd edilmiş, ata adı isə ümumiyyətlə yazılmamışdır. Ona görə də məlum ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2(125)-2650/2023 saylı qətnaməsi ilə (M.Mustafayev) ərizənin təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun ərizəçiyə aid edilməsi qət edilmişdir. İşdə olan sübutlar: DƏDK və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən Göygöl rayonu, Üçbulaq kəndində yerləşən 0.18 ha torpaq sahəsinə dair JN-029G kod 50805028 saylı “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamə Nəbiyeva Güllünün adına işlənilmişdir. Gəncə VVADQ şöbəsinin xx.xx.2008-ci il tarixli arayışından görünür ki, X13 anası X8 olmuşdur. xx.xx.2022-ci il tarixdə təkrar verilmiş AZİİ seriyalı, 247897 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2004-cü il tarixdə serebral koma səbəbindən ölmüşdür. Göygöl Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Göygöl rayon Zurnabad kənd İcra Nümayəndəliyinin notariat hərəkətinin qeydiyyatı kitabları və alqı-satqı müqaviləsi ilə bağlı sənədlər Dövlət Arxivinin mühafizəsinə təhvil verilməmişdir. Xanlar rayon Zurnabad notariusunda xx.xx.1990-cı ildə 13/2 reyestr nömrəsi ilə bağlanmış müqavilənin surətinin istənilməsi barədə müraciətə cavab olaraq verilmiş Dövlət Notariat Arxivinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Xanlar rayon Zurnabad kəndi xalq deputatları Sovetinin İcraiyyə Komitəsi tərəfindən xx.xx.1990-cı ildə 13/2 reyestr nömrəsi ilə X26 ilə X9 arasında bağlanmış müqavilə arxivə təhvil verilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, Göygöl rayon dövlət notariat ofisində 1990-cı idə rəsmiləşdirilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələr arxivə təhvil verilməmişdir. Dövlət notariat arxivində notariat qaydasında təsdiq edilmiş sənədlər və onların qeydə alındığı reyestr kitabları saxlanılır. Bu səbəbdən xahişin təmin olunması imkan xaricindədir. DƏDK və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, JN-029G kod 50805028 saylı “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamənin surəti təqdim edilmədiyindən, rayon aqrar islahat komissiyasının hansı qərarı əsasında işlənilməsinə dair məlumatın araşdırılması mümkün olmamışdır, məktuba əlavə edilmiş Xanlar rayon Aqrar İslahatı Komissiyasının Xanlar rayonunun Üçbulaq kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəllərdən görünür ki, Göygöl rayonu, Üçbulaq kəndində yerləşən 0.18 ha torpaq sahəsinə Nəbiyeva Güllünün adına qeyd olunmuşdur. “Torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surətindən görünür ki, Xanlar rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1997-ci il tarixli 15 saylı qərarı ilə JN- 029G kod 50805028 saylı “Torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamə”si əsasında Xanlar rayonu Üçbulaq kənd sakini Nəbiyeva Güllüyə 0.18 ha torpaq sahəsi verilmişdir. Qonşu torpaq sahəsinin mülkiyyətçilərindən biri isə hazırkı iş üzrə şahid qismində dindirilmiş Rafiq Şəbəndiyevdir. Xanlar rayon Aqrar İslahat Komissiyasının Xanlar rayonunun Üç bulaq kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə 29-cu sırada Güllü Nəbiyevanın adı qeyd olunmuş, qanuni istifadədə olan torpaq sahəsi qrafasında isə torpaq sahəsinin ölçüsü 0,18 ha qeyd olunmuşdur. DƏDK və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki,1990-cı ilin inventar sənədlərində Göygöl rayonu Murud (indiki Üçbulaq) kəndində yerləşən fərdi yaşayış evi X20 istifadəsində olduğu göstərilmişdir. Bu mülk daşınmaz əmlakın dövlət reyestində qeydiyyatdan keçməmişdir, arxiv işində torpaqayırma və digər hüquqverici sənədlər aşkar edilməmişdir. X27 ilə X14 arasında bağlanmış 1990-cı il tarixli müqavilədən görünür ki, X1 yeləşən evi X15 almışdır. Apellyasiya şikayətinin dəlilləri: Gəncə Şəhər Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2(125)-2650/2023 nömrəli qətnaməsindən narazı qalan Ərizəçi apellyasiya şikayəti verərərk, qətnamənin əsassız olduğu üçün ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, anası X5 adına Göygöl rayonu, Üçbulaq kəndində 0,18 ha torpaq sahəsinə dair JN 029G kod 50805028 saylı “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamə işlənmişdir. Həmin şəhadətnamədə anasının soyadı “Allahverdiyeva” əvəzinə yanlış olaraq “Nəbiyeva” kimi qeyd edilmiş, atasının adı isə yazılmamışdır. Bildirir ki, qətnamədə göstərilir ki, guya o X5 Nəbiyeva Güllü ilə eyni şəxs olmasını sübut edə bilməmişdir. Göründüyü kimi məhkəmə onun ərizəsini təmin etməmək üçün normal dəlil tapa bilmədiyindən “sübut edə bilməmişdir”adı ilə ərizəni təmin etmədən saxlamışdır. Bildirir ki, 1990-cı ildən bu torpaqda ev tikib yaşayırlar. Torpağı 1990-cı ildə alqı-satqı ilə almışlar. Ancaq bu alqı-satqı arxivə təhvil verilməmişdir. Bunun günahkarı onlar deyillər. Anasının adı Güllüdür. Şəhadətnamə anasının adına gəlib. Həmin torpaqda olan evdə o yaşayır. Məhkəmə şahidləri də dindirmək istəmir. Bildirilir ki, işdə kifayət qədər sübut var, lakin ərizə təmin edilmir. Sual yaranır ki, əgər bu torpaq anasınıın yox, başqa adamın adınadırsa, onda bu adla bu keçən 30 ildə nə üçün gəlib torpağını tələb etmir? Bütün bu göstərdikləri onu sübut edir ki, məhkəmə onun ərizəsini təmin etmədən saxlayan zaman düzgün nəticəyə gəlməmişdir. İştirakçılıqla bağlı prosessual məsələlər və işdə iştiak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi nümayəndəsi Vəkil Məhəmədəli oğlu apellyasiya şikayətini müdafiə etdiyini bildirib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, onlar şəhadətnamədə qeyd olunan yalnışlığın aradan qaldırılması ilə bağlı maraqlı şəxsə müraciət etsələr də maraqlı şəxs onların tələblərini tələb etməmişdir. Müraciətlərinə isə ümumi qaydada cavab vermişlər. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X29 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X16 izahat verib bildirmişdir ki, Göygöl rayonu, Üçbulaq kəndində 0,18 ha torpaq sahəsinə dair JN № 029G kod 50805028 saylı “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamədəki yalnışlığın onlar tərəfindən aradan qaldırılması mümkün deyildir. Buna yalnız məhkəmə qaydasında baxılmalıdır. İddiaçı isə məhkəməyə kifayət qədər sübutlar təqdim edə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, əriçəzi Eyyubla Üçbulaq kəndində qonşudurlar. Torpaq sahələri yanbayandır. 1988-ci ildə Ermənistan SSR-dən qaçqın kimi Azərbaycana gəlmiş və Göygöl rayonun əvvəl Murud, daha sonra isə Üçbulaq adlandırılan kəndində ermənilərlə evlərini dəyişmişlər. Fatma xanım da Ermənistan SSR-dən qaçqın kimi Azərbaycana gəlmiş və Üçbulaq kəndində onunla qonşu olmuşdur. Təxminən 1-2 il yaşadıqdan sonra Fatmanın evini Eyyubun anası Güllü almışdır. Güllünün özü yaşlı qadın olmuş, əsasən Gəncədə yaşamış və dağ evi kimi özü, oğlu və qızı Şəfiqə tez-tez həmin evdə gəlib yaşmışlar. Fatma arvad isə evi satıb Göygöl rayonunun Qarabulaq kəndinə köçmüş orada da vəfat etmişdir. Onun iki övladı olmuşdur. Bir qızı və oğlu Xəqani. Xəqani də hazırda Qarabulaq kəndində yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, əriçəzi Eyyubla qohumluqları olmamaqla, Göygöl rayonunun Üçbulaq kəndində qonşudurlar. Fatma xanım da Ermənistan SSR-in Dərələyəz mahalından qaçqın kimi Azərbaycana gəlmiş və Üçbulaq kəndində məskunlaşmışdır. Təxminən 1-2 il yaşadıqdan sonra Fatmanın evini Güllü almışdır. Alınmış evi restavrasiya etmiş, həmçinin çardaq inşa etmişlər. Onların kəndində isə Fatmanın qohumlarından yalnız Şahmar qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Fatma onun atasının dayısı qızı olmuşdur. Göygöl rayonunun Üçbulaq kəndində yaşamışdır. 1990-cı illərin əvvəllərində Fatma evi Güllü adlı şəxsə satmış və Göygöl rayonunun Qarabulaq kəndinə köçmüşdür. Üçbulaq kəndində yalnız onun qohumlarından o qalmışdır. Fatmanın oğlu X22 isə hazırda Göygöl rayonunun Qarabulaq kəndində yaşayır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, müstəqil tələb ürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X22 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 167.1. Hakim, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında, çəkişmə prinsipinə əməl etməklə digər hərəkətlərlə yanaşı tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi, o cümlədən şahidlərin çağırılmasını təklif etməlidir. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarı:

6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.2. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.

Hüquqi məsələlər və əsaslandırma:

Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını, şahidlərin ifadəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2(125)- 2650/2023 saylı qətnaməsi ləğv edilməli və ərizə təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi ərizəçinin tələbini sübut edə bilməməsi əsası ilə ərizəni təmin etməkdən imtina etmişdir ki, bu zaman birinci instansiya məhkəməsi işdə olan sübutları kifayət qədər qiymətləndirməməklə yanaşı, sübutların yetməzliyi halında isə Mülki Prosessual Məcəllənin 14,167 və 184.1-ci maddəsinin tələbini pozaraq, ərizəçiyə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış və müvafiq prosessual hüquqlarının həyata keçməsinə köməklik göstərməmişdir. Buna görə də məhkəmə kollegiyası tərəfindən iş üzrə şahidlər dindirilərək, onların ifadələri sübut qismində qəbul edilmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, “Torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiqlənmiş surətindən görünür ki, Xanlar rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1997-ci il tarixli, 15 saylı qərarı ilə 0.18 ha torpaq sahəsi Xanlar rayonu (indiki Göygöl) Üçbulaq kənd sakini X4 mülkiyyətinə verilmiş, lakin bunu təsdiq edən JN-029G kod 50805028 saylı “Torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamə”də mülkiyyət sahibi kimi Nəbiyeva Güllü adlı şəxsin adı və soyadı qeyd olunmuş, ata adı isə ümumiyyətlə qeyd olunmamışdır. Ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş 1990-cı il tarixli alqı-satqı müqaviləsindən isə müəyyən edilmişdir ki, X2 rayonunun Murud (indiki Üç Bulaq) kəndində yeləşən evi X15 almışdır. Göründüyü kimi JN-029G kod 50805028 saylı “Torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamə”də satıcının soyadı olan Nəbiyeva, alıcının isə adı olan Güllü qeyd olunmuşdur. X26 ilə X9 arasında bağlanmış müqavilə arxivə təhvil verilməmişdir. Lakin, iş üzrə dindirilmiş şahidlər birmənalı olaraq təsdiq etmişlər ki, həqiqətən də Göygöl rayonunun əvvəl Murud, daha sonra isə Üçbulaq adlandırılan kəndində yerləşən Fatmaya məxsus ev 1990-cı ildə hazırki ərizəçinin anası Güllü tərəfindən alınmışdır. Şahidlərin bu ifadəsi iş materiallarında olan, lakin arxivdə aşkarlanmayan 1990-cı il tarixli alqı-satqı müqaviləsində olan məlumatla da eynilik təşkil etmişdir. Şahidlərin ifadəsinə əsasən Fatma Nəbiyevanın oğlu hesab edilən X22 müstəqil tələb sürməyən üçüncü şəxs qismində işə cəlb edilsə də məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Beləliklə, işdə olan sübutlarla X10 Göygöl rayonunun Üçbulaq kəndində yeləşən evi X15 alması, torpaq islahatı zamanı isə həmin evin yerləşdiyi torpaq sahəsinin X10 mülkiyyətinə verilməsi, sadəcə olaraq Xanlar rayon Aqrar İslahat Komissiyasının Xanlar rayonunun Üç bulaq kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin 29-cu sırasında və buna müvafiq olaraq da JN-029G kod 50805028 saylı “Torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamə”də səhvən X14 adı yerinə Güllü Nəbiyeva adı qeyd olunmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2(125)-2650/2023 saylı qətnaməsi ləğv edilməli və ərizə təmin edilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 307, 216-220 və 402-ci maddələrini rəhbər tutaraq,

Qəraraaldı:

Gəncə Şəhər Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2(125)-2650/2023 saylı qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2(125)-2650/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. Ərizə təmin edilsin. DTXK-nin Xanlar rayon şöbəsi tərəfindən Göygöl rayonu, Üçbulaq kəndində yerləşən 0.18 ha torpaq sahəsinə dair Güllü Nəbiyevanın adına verilmiş JN-029G kod 50805028 saylı “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamənin X11 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar