Məhkəmə qərarları › İş №2(104)-2381/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2381/2023

18.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2381/2023 18.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Cavabdeh X7, onun nümayəndəsi (vəkil) X3 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər X9 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma, onun həmin torpaq üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsinə, cavabdehlərin qanunsuz hərəkətlərinə qadağan qoyulması tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-116/2023 saylı qətnaməsindən cavabdehlər X13 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-116/2023 saylı qətnaməsi ilə (hakim E.Əhmədov) İddiaçı cavabdehlər X13 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma, onun həmin torpaq üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsinə və cavabdehlərin qanunsuz hərəkətlərinə qadağan qoyulması tələbinə dair iddiasının təmin edilməsi, cavabdehlər X13 və Cavabdeh2 Bərdə rayonu, Mollalı kəndində yerləşən, JN 421 KOD 61016018 Torpağın Mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən İddiaçı mülkiyyətində olan 1.22 ha torpaq sahəsindən çıxarılması, İddiaçı həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsi, cavabdehlər X13 və Cavabdeh2 qanunsuz hərəkətlərinə qadağan qoyulması, İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlər X13 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdehlər X13 və Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-116/2023 saylı qətnaməsinin ləğv edilməsinə və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İşin halları: İddiaçı məhkəmədə iddia qaldıraraq, Bərdə rayonu, Mollalı kəndində yerləşən paylı mülkiyyətlərinə verilmiş 1,22 ha pay torpaq sahəsindən cavabdehlər X13 və Cavabdeh2 çıxarılmasına, onun həmin torpaq üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsinə, cavabdehlərin qanunsuz hərəkətlərinə qadağa qoyulması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onlara, yəni X4 (ölmüşdür), İddiaçı Bərdə rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 may tarixli 08 saylı qərarına əsasən Bərdə rayonu Mollalı kəndinə 1,22 ha torpaq sahəsi verilmiş, həmin torpağa JN- 421 saylı kod 61016018 olan dövlət aktı da almışlar. Qeyd edilən torpaq sahələri onlara tanıdılsa da, illərdir ki, yaşayışlarını və güzəranlarını təmin etmək üçün torpaq sahələrini əkib becərə bilmirlər, torpaq sahəsindən istifadə edə bilmirlər. Belə ki, qardaşı X13 və qardaşı oğlu Cavabdeh2 1,22 hektar pay torpaq sahələrini zəbt etmişlər. Bu səbəbdən də torpaqdan istifadə və sahiblik hüququnu həyata keçirə bilmir. Dəfələrlə onlardan pay torpaq sashələrindən çıxmalarını tələb etsə də, bir nəticəsi olmamışdır. Bu da onun maddi durumunun ağırlaşmasına səbəb olmuşdur. Odur ki, Bərdə rayonu Mollalı kəndində yerləşən, Paylı mülkiyyətlərində olan 1,22 ha pay torpaq sahələrindən cavabdehlər X13 və Cavabdeh2 çıxarılmasına, cavabdehlərin qanunsuz hərəkətlərinə qadağa qoyulmasına dair məhkəmə qətnaməsinə ehtiyacları var. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ədalətsiz, qanunsuz və əsassızdır. Belə ki, məhkəmə işə baxarkən atasının payına münasibətdə ididaçının mirası qəbul etmə faktının olmamasını nəzərə almadan bütün əmlakı ona vermişdir. Atasının varisi olaraq onun da atasına dair torpaqdan pay almaq haqqı vardır və iddiaçının miras əmlakı barədə onu qəbul etmə faktını təsdiq edən məhkəmə qətnaməsinə sahib olmamasına baxmayaraq məhkəmənin onun xeyrinə belə bir qətnamə çıxarması tamamilə miras əmlaka dair hüququnun pozuntusudur. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Ancaq iddiaçının belə bir hərəkəti olmamış və vərəsəliyə dair hansısa hərəkət edilməsi ilə əlaqədar rəsmi sənədi də məhkəməyə təqdim etməmişdir. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məlumdur ki, iddiaçı mirasın qəbulu ilə bağlı müddəti ötürmüşdür. Bu səbəbdən də iddiaçı onlara qarşı verdiyi iddasında təkcə öz payına dair deyil, mərhum atasının da payına dair tələb irəli sürərkən ciddi hüquq pozuntusuna yol vermiş, amma təssüf ki, məhkəmə də bu fakta diqqət etməmişdir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X13 və , onun nümayəndəsi (vəkil) X6 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmamasına dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X13 əlavə olaraq göstərdi ki, iddiaçı onun bacısıdır və 20 ildir ki, Bərdə şəhərində yaşayır. Mübahisələndirilən torpaq sahəsinin də yarısı iddiçıda, yarısı, yəni mərhum atasının payı isə oğlu (digər cavabdeh) ilə birlikdə onun istifadəsindədir. İddiaçı torpaq sahəsinin özünə aid hissəsini başqa şəxsə icarəyə vermişdir. O, atasından qalmış mirası faktiki qəbul etmiş və hazırkı vaxtadək ondan istifadə edir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etdil Hüquqi məsələlər: Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlilləri ilə bağlı tərəfləri dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxx 1968-ci ildə Bərdə rayonu, Mollalı kəndində doğulmuşdur, Bərdə rayonu, Mollalı kənddə qeydiyyatdadır. İş materiallarında olan JN 421 KOD 61016018 Torpağın Mülkiyyətə verilməsinə dair Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə X4 və İddiaçı Bərdə rayonu, Mollalı kəndinin ərazisində 1.22 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş mütəxəssis rəyində göstərilmişdir ki, Bərdə rayonu, Mollalı kəndində sözügedən mübahisəli 1.22 ha torpaq sahəsindən 0.62 ha cavabdehlər X13 və Cavabdeh2 tərəfindən istifadə edilir, mübahisəli torpaq sahəsinin 0.62 ha cavabdehlər X13 və Cavabdeh2 tərəfindən zəbt edilmişdir. Məhkəmə kollegiyasının iclasında təqdim edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”dən görünür ki, 10 oktyabr 2004-cü ildə vəfat etmiş X2 vərəsəsi X10r. Məhkəmə kollegiyasının iclasında təqdim edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mollalı kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyinin xx.xx.2012-ci il tarixli 1090 nbömrəli arayışından görünür ki, X5 vəfat edənə kimi Bərdə rayonu Mollalı kəndində yaşamışdır. Vəfatından sonra onunla birgə yaşayan ailə üzvü X13 qalmışdır. X1 varisi X10r. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, X5 və İddiaçı Bərdə rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 may tarixli 08 saylı qərarına əsasən Bərdə rayonu Mollalı kəndinə 1,22 ha torpaq sahəsi verilmiş, həmin torpağa JN-421 saylı kod 61016018 olan dövlət aktı verilmişdir. X5 10 oktyabr 2004-cü ildə vəfat etmişdir. X5 vəfat etdikdən sonra oğlu – cavabdeh X13 mirası faktiki qəbul edərək idarə edir. Cavabdeh atasından qalmış digər əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almış olsa da, mübahisəli ünvandakı torpaq sahəsinə vərəsəlik hüququna dair şəhadətnamə almamışdır. İddia ərizəsindən də göründüyü kimi cavabdeh miras əmlakdan faktiki istifadə edir. Birinci instansiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, JN 421 KOD 61016018 Torpağın Mülkiyyətə verilməsinə dair Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə Bərdə rayonu, Mollalı kəndinin ərazisində 1.22 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İddiaçı və atası X2 mülkiyyətinə verilmişdir. X5 vəfat etdikdən sonra həmin torpaq sahəsini iddiaçı faktiki olaraq atasından qalan hissəsinə sahiblik edərək onu idarə etmiş, cavabdehlər isə yalnız 2021-ci ildən həmin torpaq sahəsindən istifadə etməyə başlamışlar ki, bu fakt özü-özlüyündə cavabdehlərin özlərinin izahatları ilə təsdiq edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər X13 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma, onun həmin torpaq üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsinə, cavabdehlərin qanunsuz hərəkətlərinə qadağan qoyulması tələbinə dair iddiası təmin edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Belə ki, işdəki JN 421 KOD 61016018 Torpağın Mülkiyyətə verilməsinə dair Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə X4 və İddiaçı Bərdə rayonu, Mollalı kəndinin ərazisində 1.22 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. İşdəki Bərdə rayon qeydiyyat şöbəsinin arayışından görünür ki, X5 10 aprel 2004-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Kollegiya qeyd edir ki, cavabdeh X7 X1 birinci növbədə vərəsəsi olması və atasından qalmış mirası faktiki qəbul etməsi mübahisəsizdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunmasıüçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratınıöz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Azərbaycan Respublikasının Tоrpаq Мəcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında tоrpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi mülkiyyət hüququnu təmin edir: Orada deyilir - “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Həmçinin İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə təsbit edilir ki, “Hər kəs istər təkbaşına, istərsə də başqaları ilə birlikdə mülkiyyətə sahib olmaq hüququna malikdir”. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi Bərdə rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 may tarixli 08 saylı qərarına əsasən X5 və İddiaçı Bərdə rayonu Mollalı kəndi ərasindən 1,22 ha torpaq sahəsi verilmişdir. Göründüyü kimi həmin torpaq sahəsi paylı mülkiyyətdə olmuşdur. X5 xx.xx.2004-cü ildə vəfat etmiş, ona məxsus torpaq sahəsi oğlu - cavabdeh X13 tərəfindən faktiki qəbul edilmişdir. Birinci instansiya məhkəməsi isə bunu nəzərə almadan bütün əmlakı İddiaçı məxsus olmasını hesab edərək səhv nəticəyə gəlmişdir. Mütəxəssis rəyindən də görünür ki, iddiaçı 1,22 ha torpaq sahəsinin yarısından özü, yarısından isə cavabdehlər istifadə edirlər. Göründüyü kimi İddiaçı atasına məxsus torpaq sahəsindən cavabdehləri çıxarmaq istəyir. Beləliklə də kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, şikayətin dəlilləri əsaslıdır və birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər X13 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-116/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər X9 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma, onun həmin torpaq üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsinə, cavabdehlərin qanunsuz hərəkətlərinə qadağan qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar