Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2381/2024 17.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: birgə nikah dövründə əldə edilmiş əmlakın paylara mütənasib qaydada bölünməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı, onun vəkili Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın paylara mütanasib qaydada bölünməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli 2(021)-1427/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 dekabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 28 fevral 2024-cü il tarixli nikah akt qeydindən çıxarışdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah 11 sentyabr 2012-ci ildə 470 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra qadına Səmədova soyadı verilmişdir;
2. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 28 fevral 2024-cü il tarixli arayışlardan görünür ki, tərəflərin birgə nikahlarından 11 may 2012-ci il tarixdə Gülnur, 29 mart 2014-cü il tarixdə Bahar və 02 sentyabr 2016-cı il tarixdə Aqşin adlı uşaqları doğulmuşdur;
3. Bərdə regional “Asan Xidmət” mərkəzin notariat kontorunda xx.xx.2015-ci il tarixdə təsdiq edilmiş və reyestrdə 4Ə-60 nömrə ilə qeyd edilmiş Daşınmaz əmlakın bağışlanması Müqaviləsindən görünür ki, “Hədiyyə verən”-X1 rayonu Bəcirəvan kəndində yerləşən ümumi sahəsi 0,32 ha olan torpaq sahəsinin ona məxsus hissəsindən 0,16 ha hissəsini “Hədiyyə alan”- X2 və 0,16 ha hissəsini “Hədiyyə alan”-Cavabdeh mülkiyyətinə verir;
4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışdan görünür ki, Reyestr nömrəsi **********73-10301 olan və Bərdə rayonu Bəcirəvan kəndində 0,16 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 152,8 kv.m, yaşayış sahəsi 97,4 kv.m, yardımçı sahəsi 55,4 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında xx.xx.2015-ci ildə Cavabdeh adına qeydiyyata alınmışdır.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı uşaqları 11 may 2012-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü qızı X7 və xx.xx.2016cu il təvəllüdlü oğlu X5 onun himayəsində saxlanılmaqla birgə nikah dövründə 0,15 hektar sahədə inşa edilmiş evin 4/3 hissəsinin, eləcə də 0,15 hektar torpağının yarısının ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, birgə nikah dövründə inşa edilmiş 5 otaqdan ibarət evin 4/3 hissəsinə payının müəyyən edilib mülkiyyət hüququnun tanınması və 0,15 hektar torpaq sahəsinin yarısının üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 12 iyun 2011-ci ildə faktiki evlənmişlər. Rəsmi olaraq 11 sentyabr 2012-ci ildə nikaha girmişlər. Onların birgə nikahından 11 may 2012-ci il təvəllüdlü Gülnur, xx.xx.2014-cü il təvəllüdlü Bahar və xx.xx.2016-cı il təvəllüdlü Aqşin adlı uşaqları doğulmuşdur. Hər üç uşaq hazırda Cavabdeh himayəsindədir, onlar ailə olaraq birlikdə yaşamırlar. Ailələrinin bundan sonra bərpası mümkün deyildir. Birgə nikah dövründə, yəni 2015-ci ilin əvvəllərindən 0,15 ha torpaq sahəsində ev tikdirməyə başlamışlar. Evi tikdirib qurtardıqdan sonra otaqları hissəhissə təmir etdirmişlər. Ev birmərtəbəli olmaqla 5 otaq, 1 mətbəx və 1 hamamdan ibarətdir. Həmin ev onların ümumi birgə mülkiyyətində olduğundan bərabər paylara bölünməlidir.
8. Bərdə Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli 2(021)-1427/2024 nömrəli qətnaməsi ilə (hakim Gündüz Abbasov) İddiaçı Cavabdeh qarşı “Birgə nikah dövründə inşa edilmiş evin və torpağın bölünməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi; Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışa əsasən Cavabdeh adına qeydə alınmış və Bərdə rayonu Bəcirəvan kəndində yerləşən 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 152,8 kv.m., yaşayış sahəsi 97,4 kv.m., yardımçı sahəsi 55.4 kv.m. olan fərdi yaşayış evinə İddiaçı ½ payının müəyyən olunması və onun həmin pay üzərində mülkiyyət hüququnun tanınması; Cavabdeh 50 (əlli) manat məbləğində dövlət rüsumu və 50 (əlli) manat məbləğində mediasiya xidməti haqqı, cəmi 100 (bir yüz) manat məbləğində vəsait alınaraq İddiaçı verilməsi; İddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225-ci maddəsinə, həmçinin Ailə Məcəlləsinin 32, 36 və 37-ci maddələrinə istinadən əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən mübahisəli evin 4/3 hissəsini tələb etmiş, birinci instansiya məhkəməsi isə evin ½ hissəsinin iddiaçının mülkiyyətinə verilməsi qənaətinə gəlmişdir. Halbuki, İddiaçı ilə ailə münasibətləri pozulandan sonra birgə nikahdan doğulmuş azyaşlı uşaqları onun himayəsində yaşayır. Bu səbəbdən də birgə nikah dövründə əldə edilmiş evin ½ hissəsinin iddiaçıya verilməsi düzgün deyildir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mübahisəli evə iddiaçının payının müəyyən olunmasına etiraz etmir. Lakin, nikahları pozulduqdan sonra uşaqların hansı valideyin himayəsinə verilməsi məsələsi həll edilməmişdir. Hesab edir ki, bu məsələ öz həllini tapdıqdan sonra birgə nikah dövründə əldə edilmiş fərdi yaşayış evi paylara bölünməlidir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, nikahları pozulduqdan sonra uşaqların hansı valideynin himayəsinə verilməsi məsələsi həll edilməmişdir. Hesab edir ki, uşaqların hansı valideynin himayəsində olması nəzərə alınmaqla birgə nikah dövründə əldə edilmiş əmlak paylara bölünməlidir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Nümayəndə da hüquqlarını müdafiə etdiyi şəxslə eyni məzmunlu izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
17. Maddə 29.1. Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər.
18. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 19 Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvadın kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ərarvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətidir.
20. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
30. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia tələbi qismən təmin olunaraq tərəflərin birgə nikah dövründə əldə etdikləri fərdi yaşayış evi üzərində tərəflərin hər birinin ½ hissədə payları müəyyən edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sonuncu apellyasiya şikayətində qətnamənin tamamilə ləğv olunmasını xahiş etsə də, lakin apellyasiya şikayətinin dəlillərindən, eləcə də cavabdehin apellyasiya baxışı zamanı verdiyi izahatından müəyyən olunur ki, o, qətnamənin əsaslığını iddia tələbinin təmin olunmuş hissədə mübahisələndir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz apellyasiya şikayəti həddində mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər xx.xx.2012-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə ailə münasibətlərindən xx.xx.2012-ci il təvəllüdlü Gülnur, xx.xx.2014-cü il təvəllüdlü Bahar və xx.xx.2016-cı il təvəllüdlü Aqşin adlı uşaqları doğulmuşdur. Tərəflər birgə nikah dövründə, yəni xx.xx.2015-ci il tarixdə Bərdə rayonu Bəcirəvan kəndindəki 0,16 ha torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 152,8 kv.m, yaşayış sahəsi 97,4 kv.m, yardımçı sahəsi 55,4 kv.m olan fərdi yaşayış evini əldə etmişlər və sözügedən fərdi yaşayış evi Cavabdeh adına qeydiyyata alınmışdır. Sonradan ailə münaibətləri pozulduğundan tərəflər ayrılmışlar və onlar arasındakı nikahın pozulması, nikah pozulduqdan sonra uşaqların hansı valideynin himayəsinə verilməsi barədə iddia məhkəmənin icraatındadır. İddiaçı birgə nikah dövründə ümumi ailə gəlirləri hesabına əldə edilmiş əmlakda payların müəyyən edilməsi barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də iddia tələbini qismən təmin etmişdir.
33. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
34. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 dekabr 2012-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir.
35. İşin mübahisəsiz halıdır ki, tərəflər Bərdə rayonu Bəcirəvan kəndindəki 0,16 ha torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 152,8 kv.m, yaşayış sahəsi 97,4 kv.m, yardımçı sahəsi 55,4 kv.m olan fərdi yaşayış evini xx.xx.2015-ci il tarixdə, yəni birgə nikahda olduqları dövrdə əldə etmişlər.
36. Belə olan halda ər-arvadın birgə mülkiyyət rejimi əsasında həmin fərdi yaşayış evi tərəflərin birgə mülkiyyəti sayılır və onlar həmin əmlak üzərində ½ hissə mülkiyyət payına sahibdirlər.
37. Cavabdeh tərəfin arqumenti ondan ibarətdir ki, İddiaçı ilə birgə nikahlarından doğulmuş azyaşlı uşaqlar onun himayəsində yaşayır. Bu səbəbdən də birgə nikah dövründə əldə edilmiş evin ½ hissəsinin iddiaçıya verilməsi düzgün deyildir. nikahları pozulduqdan sonra uşaqların hansı valideyin himayəsinə verilməsi məsələsi həll edilməli və həmin məsələnin nəticəsinə uyğun olaraq da hazırkı mübahisə həll edilməlidir. Məhkəmə kollegiyası cavabdeh tərəfin bu arqumentlərini əsassız sayır və bununla bağlı aşağıdakıları qeyd edir.
38. Ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
39. Ailə Məcəlləsinin 37.1-ci maddəsində deyilir ki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
40. Nəzərə almaq lazımdır ki, qanunverici mülki hüquqi bərabərlik prinsipindən çıxış edərək ümumi əmlakın bölünməsi zamanı bir qayda olaraq ər-arvadın ümumi əmlakdakı paylarının bərabər olduğunu təsbit etmişdir. Eyni zamanda, qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə aid edilmişdir.
41. Bununla yanaşı Ailə Məcəlləsinin 37.2-ci maddəsində təsbit edilmişdir ki, ayrıayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.
42. Məhkəmə kollegiyası işin hallarını nəzərdən keçirərək qeyd edir ki, mübahisəli fərdi yaşayış evi üzərində İddiaçı payının ¼ hissədə müəyyən edilməsi üçün hər hansı qanuni əsas yoxdur. Belə ki, apellyasiya şikayətinin dəlillərindən, habelə tərəflərin apellyasiya baxışı zamanı verdikləri izahatdan göründüyü kimi cavabdeh mübahisəli fərdi yaşayış evi üzərində ¾ hissədə payı müəyyən olunmasına əsas kimi - iddiaçı ilə birgə nikahlarından doğulmuş uşaqların onun himayəsində qalmasını göstərmişdir.
43. Məhkəmə kollegiyası qeyd edir ki, ailə qanunvericiliyinə görə nikahın pozulması ilə əlaqədar uşağın valideyinlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğlarının çəkilməsinin uşağın himayəsində olduğu valideyinin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyindən tutulmasına əsas verir. Yəni, nikah pozulduqdan sonra uşaqların valideynlərdən birinin himayəsinə verilməsi həmin valideynin ər-arvadın birgə mülkiyyətinin bölünməsi zamanı əmlak payının artması ilə nəticələnmir.
44. Bundan əlavə, ər-arvad arasında əmlak mübahisələrinin qarşısının alınması üçün məqsədəmüvafiq vasitə nikah müqaviləsidir ki, onun vasitəsilə ər və arvad əldə etdikləri əmlaklarının hüquqi rejimini qarşılıqlı razılaşma əsasında müəyyən edirlər. Nikah müqaviləsinin anlayışı Ailə Məcəlləsinin 38.1-ci maddəsində verilmişdir. Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Lakin hazırkı işin hallarından göründüyü kimi tərəflər arasında nikah müqaviləsi də bağlanmamış, habelə onlar arasında əmlak bölgüsü ilə bağlı hər hansı razılaşma olmamışdır.
45. Beləliklə, ailə qanunvericiliyində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölünməsi zamanı payların bərabər bölünməməsinin qanuni əsasları ilə hazırkı işin müəyyən olunmuş və faktiki halları sistemli şəkildə təhlil olunduqda Cavabdeh mübahisəli əmlak üzərində 3/4 hissədə payı müəyyən olunmasına hər hansı qanuni əsas yoxdur.
46. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu qətnamənin əsaslandırma hissəsindəki mövqeyə əsasən şikayətdə göstərilən dəlillər əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğvi üçün əsas deyildir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli 2(021)-1427/2024 nömrəli qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.