Məhkəmə qərarları › İş №2(104)-2382/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2382/2023

18.10.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2382/2023 18.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qarşı “evə köçürülmə” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1809/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1809/2023 saylı qətnaməsi ilə (hakim E.Əhmədov) İddiaçı Cavabdeh qarşı qarşı “evə köçürülmə” tələbinə dair iddiasının təmin edilməsi, İddiaçı 03 oktyabr 2019-cu il təvəllüdlü X9 və 07 aprel 2021ci il təvəllüdlü X10 ilə birlikdə Cavabdeh yaşadığı Bərdə şəhərində yerləşən məcburi köçkünlər üçün tikilmiş 866 qəsəbədə yerləşən, bina 1, mənzil 30 ünvanda yerləşən mənzilə köçürülməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verib Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1809/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahdan olan 03 oktyabr 2019-cu il təvəllüdlü X9 və 07 aprel 2021-ci il təvəllüdlü X10 ilə cavabdehə məxsus Bərdə şəhərində yerləşən məcburi köçkünlər üçün tikilmiş 866 qəsəbədə yerləşən, bina 1, mənzil 30 ünvanına köçürülməsinə və evdən istifadə hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 27 iyun 2018-ci ildə faktiki nikaha daxil olmuşdur. Birgə nikahlarından 03 oktyabr 2019-cu il tarixdə X9 və 07 aprel 2021-ci il tarixdə X10 adlı uşaqları olmuşdur. O, cavabdehin Bərdə şəhərində yerləşən məcburi köçkünlər üçün tikilmiş 866 saylı qəsəbədə yerləşən, bina 15, mənzil 30 nömrəli evə gəlin köçərək 2022-ci ilin əvvəllərinə kimi həmin evdə yaşamışdır. Bir neçə il ər-arvad kimi normal münasibətlərdə yaşadıqdan sonra onların arasında olan münasibətlər pisləşməyə başlamışdır, cavabdeh onu və birgə nikahdan olmuş 03 oktyabr 2019-cu il tarixdə X9 və 07 aprel 2021-ci il tarixdə X5 cavabdehə məxsus olan Bərdə şəhərində yerləşən məcburi köçkünlər üçün tikilmiş 866 saylı qəsəbədə yerləşən, bina 15, mənzil 30 nömrəli evdən qovmuşdur. Cavabdeh yaşadığı evdən istifadə etməsinə, orada yaşamağına imkan vermir. Ağdam Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli, 2- (021)-301/2015 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikah pozulmuş və birgə nikahdan olan, 03 oktyabr 2019-cu il tarixdə X9 və 07 aprel 2021-ci il tarixdə X10 adlı uşaqları onun himayəsində saxlanılmaqla, uşaqların saxlanılası üçün hər ay hər bir uşağa 125 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq onun xeyrinə tutulması qət edilmişdir. Halhazırda onu yaşadıqları evdən çıxartmışdır, o, məcbur qalaraq valideynlərinin yaşadığı Ağdam rayon, X11 ev 748 ünvanında müvəqqəti yaşayır. Bu günədək cehiz apardığı əşyalar, sənədləri həmin evdədir. Bərdə şəhərində yerləşən məcburi köçkünlər üçün tikilmiş 866 saylı saylı qəsəbədə yerləşən, bina 15, mənzil 30 nömrəli ünvanda yaşamaq istəyir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 03 oktyabr 2019-cu il tarixdə X9 və 07 aprel 2021-ci il tarixdə X10 ilə cavabdehə məxsus Bərdə şəhərində yerləşən məcburi köçkünlər üçün tikilmiş 866 qəsəbədə yerləşən, bina 1, mənzil 30 ünvanına köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarı qəbul edimişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq və təsvir edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, iddiaçı ona qarşı qərəzli mövqe tutur. İddia etdiyi mənzil onun mülkiyyətində deyil. Orada sadəcə olaraq yaşamışlar. Həmin ev atasına məxsusdur. İddiaçı həmin evdə müvəqqəti qeydiyyatda deyil. Mübahisəli mənzil dövlət tərəfindən qaçqınların müvəqqəti məskunlaşması üçün verilmişdir. Münaqişəli ailə kimi onun keçmiş həyat yoldaşı ilə birgə yaşaması mümkün deyildir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Azərbaycan Respublikası Qaçqınlar və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Bərdə Rayon Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası gəlməmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək həmin şikayətin dəlillərinə uyğun izahat verdi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını və birinci istansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq göstərdi li, o, cavabdehin valideynləri ilə birlikdə yaşadıqları mənzildən 44 günlük müharibə vaxtı çıxıb getmişdir, hazırda özünün azyaşlı uşaqları ilə birlikdə cavabdehin yaşadığı həmin mənzilə köçürülməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəfdən üçüncü şəxs qismində iştirak edən X6, X2 və X7 iddia ilə razılaşmadıqlarını bildirərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qətnamənin əsaslılığını yoxlayıb, apellyasiya şikayətini kollegiyanın iclasında iştirak edən tərəflərin izahatları və mülki işin materialları ilə müqayisəli tədqiq edib, iş üzrə toplanmış sübutları hərtərəfli araşdırıb belə hesab edir ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmək istəyir ki, iddiaçı iddia ərizəsinin məzmununda cavabdehlə nikah bağlayaraq Bərdə şəhərində yerləşən məcburi köçkünlər üçün tikilmiş 866 saylı qəsəbədə yerləşən 15 nömrəli binanın 30 nömrəli mənzilinə gəlin köçdüyünü göstərmiş olsa da, sonda texniki səhv olaraq Bərdə şəhərində yerləşən məcburi köçkünlər üçün tikilmiş 866 qəsəbədə yerləşən, bina 1, mənzil 30-a köçürülməsini xahiş etmiş, iddianı təmin etmiş birinci instansiya məhkəməsi də azyaşlı uşaqları ilə birlikdə iddiaçının Bərdə şəhərində yerləşən məcburi köçkünlər üçün tikilmiş 866 qəsəbədə yerləşən bina 1, mənzil 30-a köçürülməsini qət etmişdir. Halbuki həmin ünvanın cavabdehə aidiyyəti yoxdur. Kollegiya ünvanla bağlı yanlış göstərilənləri texniki səhv kimi qəbul edir. Ona görə ki, birincisi, cavabdeh Bərdə şəhərində yerləşən məcburi köçkünlər üçün tikilmiş, 866 ailəlik qəsəbədəki 15 saylı binanın 30-cu mənzilində yaşayır. İkincisi, məhkəmə iclasında müəyyən olunduğu kimi iddiaçı da məhz Bərdə şəhərində yerləşən məcburi köçkünlər üçün tikilmiş 866 ailəlik qəsəbədəki 15 saylı binanın 30-cu mənzilinə gəlin köçmüş və həmin mənzildən çıxıb getmişdir. İş materiallarında olan AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxxx 2000-ci ildə Bərdə rayon X18 Çadır şəhərciyində doğulmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh xx xxxxxxxx 1987-ci ildə doğulmuşdur. İş materiallarında olan Ağdam rayon İcra Hakimiyyəti Başçısının Birinci Dördyol qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1063 nömrəli, 01 noyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Ağdam rayonu, İHB-nin X11ndə 748 nömrəli evdə müvəqqəti yaşayır. İş materiallarında olan AA385636 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür. İş materiallarında olan AZ-İV 340989 nömrəli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X9 05 sentyabr 2010-cu ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçı Ədalət qızıdır. İş materiallarında olan AZ-İV 585275 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X10 05 sentyabr 2010-cu ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçı Ədalət qızıdır. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, tərəflər arasında razılıq əldə edilməmişdir. İş materiallarında olan Ağdam rayon İcra Hakimiyyəti Başçısının Birinci Dördyol qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 668 nömrəli, 01 iyun 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Ağdam rayonundan məcburi köçkün düşmüş X1 rayonu Həsənqaya kəndi ünvanında yerləşən 866 yerlik məcburi köçkün qəsəbəsi, bina 15, mənzil 30 ünvanında müvəqqəti məskunlaşmışdır və ailə üzvləri həyat yoldaşı X2, oğlu Cavabdeh və oğlu X3 ibarətdir. Məhkəmə kollegiyasının iclasında təqdim edilmiş xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, ünvan 3i ünvanında yerləşən 866 yerlik məcburi köçkün qəsəbəsi, bina 15, mənzil 30 ünvanında yerləşən mənzillə bağlı “Dövlətqaçqınkom” ilə X6 arasında kirayə müqaviləsi bağlanmış, ailə üzvləri X2, Cavabdeh və X3 ibarətdir. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı özü məcburi köçkün statusuna malik olan şəxs olmaqla himayəsində iki azyaşlı körpəsi olduğu halda gəlin köçərək daimi yaşadığı mənzilə olan sahiblik hüququndan iradəsindən kənar olaraq məhrum edilmişdir. Halbuki məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Qeyd edilən halları və cavabdehin iddiaçının prinsipial olaraq həmin evə buraxmamasını nəzərdən keçirərək, məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində haqlıdır və buna görə də iddiaçı nikahdan olan 03 oktyabr 2019-cu il tarixdə X9 və 07 aprel 2021-ci il tarixdə X10 ilə cavabdehə məxsus Bərdə şəhərində yerləşən məcburi köçkünlər üçün tikilmiş 866 qəsəbədə yerləşən, bina 1, mənzil 30 ünvanına köçürülməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Mübahisəli ünvandakı evin hüquqmüəyyənedici sənədlərindən göründüyü kimi həmin ev dövlət fonduna aid olmaqla xüsusi təyinatlıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1.5-ci maddəsinə əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Həmin Məcəllənin 96-cı maddəsinə əsasən, məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 99.4-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Həmin Məcəllənin 99.5-ci maddəsinə əsasən kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 99.6-cı maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən, vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. İş materiallarından da göründüyü kimi İddiaçı köçmək istədiyi mənzil məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi üçün nəzərdə tutulmuş mənzil olmaqla həmin mənzilin kirayəçisi, işdə üçüncü şəxs qismində iştirak edən X4r. İddiaçı 2017-ci ildə ünvan 3i ünvanında yerləşən 866 yerlik məcburi köçkün qəsəbəsi, 15 nömrəli binanın 30-cu mənzilinə kirayəçinin razılığı ilə köçüb yaşamağa başlasa da, lakin 2020-ci ilin oktyabr ayında həmin mənzildən çıxıb getmiş, valideynləri ilə birlikdə ona ayrılmış Ağdam rayonu, İHB-nin X11ndə yerləşən 748 nömrəli evdə yaşayır, mübahisəli ünvandakı mənzilin kirayəçisi ilə ümumi təsərrüfat aparmır. İddiaçının uzun müddətdir ki, mübahisəli ünvandakı mənzildə yaşamaqla digər ailə üzvləri ilə ümumi təsərrüfatı birgə idarə etmədiyinə görə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə səhvə yol vermişdir. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, İddiaçı mübahisəli ünvandakı mənzilin kirayəçisi ilə mənzildəndən istifadə hüququ ilə bağlı hər hansı bir razılaşma bağlanmadığına görə iddiaçının mübahisəli ünvandakı mənzildə yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması üçün kifayət qədər əsaslar mövcud deyildir, ona görə də o, həmin mənzilə köçürülüb ondan istifadə hüququ tanına bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.2. 392-393 və 402-407-ci maddələrini rəhbər tutub, Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1809/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı qarşı “evə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar