Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2382/2024 03.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-3293/2024 nömrəli qərardadından iddiaçı Ərizəçi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Ərizəçi cavabdeh Bərdə Rayon Qeydiyyat Şobəsinə qarşı “öhdəsində olaraq övladı kimi böyütdüyü mərhum X4 1992-ci ildən Şuşa RPŞ-də işləyə-işləyə Mərqüşavan kəndində xidməti vəzifəsini yerinə yetirərkən döyüş bölgəsində faciəli şəkildə şəhid olması” tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-3293/2024 nömrəli qərardadı ilə iddia ərizəsi geri qaytarılmış və məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Həmin orqan məsələnin həllindən imtina etdiyi halda, orqanın hərəkətindən (hərəkətsizliyindən) inzibati qaydada və məhkəməyə şikayət edilə bilər. İddia ərizəsindən və əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın hərəkət və ya hərəkətsizliyindən şikayət etmişdir. Həmin maddələrin tələblərinə əsasən iddiaçının tələbi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın hərəkət və ya hərəkətsizliyindən olduğundan, həmin orqanın hərəkət və ya hərəkətsizliyindən şikayətə baxılması yerli məhkəmə orqanlarının səlahiyyətinə aid olmadığından iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, Ərizəçi mərhuma şəhid statusunun verilməsi üçün müvaqif orqana müraciət etməsi, imtina olunduğu halda inzibati icraat qaydasında inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə, iddia ərizəsinin qaytarılmasının prosessual əsası qismində Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə istinad etmişdir. İddiaçı həmin qərardaddan birinci instansiya məhkəməsinə şikayətlə müraciət edərək qərardadın ləğv edilməsini xahiş etmiş və müraciətini onunla əsaslandırmışdır ki, sözügedən qərardad qanunsuz və əsassızdır. Belə ki, ondan əvvəl Gəncə İnzaibati Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin qərardadı ilə eyni formada iş geri qayatarılmışdır ki, rayon məhkəməsinə müraciət etməlidir. Bu səbəbdəndə hazırki iddia ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı müraciətində birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamasına dair hər hansı maddi və prosessual hüquq normasına istinad etməmişdir. Şikayətə baxmış Bərdə Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayəti təmin etməmiş, şikayəti baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərmiş və mövqeyini xx.xx.2024-cü il tarixli, 2(021)-3293/2024 nömrəli qərardadında nümayiş etdirdiyi mövqeyə uyğun əsaslandırmışdır. Qərardad və şikayətin dəlillərini araşdıran məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) hesab edir ki, şikayət qismən təmin edilərək barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iş marerialları iddia ərizəsinə jhüquqi qiymət verilməsi üçün birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş qətnamə, qətnamədən çıxarışın surətləri və iddia ərizəsinin məzmunundan müəyyən edilmişdir ki, X4 xx.xx.1994-cü il tarixdə öz xidməti vəzifəsini yerinə yetirərkən Marquşavan kəndi ərazisində elektrik vurmadan vəfat etməsi faktı məhkəmə qaydasında (xx.xx.1996-cı il tarixli, №2-303 nömrəli qətnamədən çıxarış) müəyyən olunmuşdur. və Bundan sonra Bərdə Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(021)1694/2017 nömrəli qətnaməsi ilə 12 avqust 1969-cu ildə anadan olmuş mərhum X1 yetkinlik yaşına çatana kimi ərizəçi Quliyeva (Ağayev) Simizar Mürsəl qızının öhdəsində olması faktı müəyyən olunmuşdur. X4 xx.xx.1994-cü il tarixdə öz xidməti vəzifəsini yerinə yetirərkən Marquşavan kəndi ərazisində elektrik vurmadan vəfat etməsinin ölüm səbəbi ilə xx.xx.1996-cı il tarixdə ölüm haqqında akt qeydləri kitabında 174 nömrə ilə qeydiyyat aparılmış və xx.xx.2024-cü il tarixdə A-İİ № 434605 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. İddiaçı öhdəsində olmuş X4 ölüm akt qeydinə düzliş edilməsi və ölüm səbəbinin “xidməti vəzifəsini yerinə yetirərkən hərbi hissədə şəhid olması” kimi göstərilməsi ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, sonuncu xx.xx.2024-cü il tarixli məktubla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları”nın 1-ci bölməsinin 2-ci bəndinə istinadən düzəlişin məhkəmə qətnaməsi əsasında aparılmalı olması əsasın ilə imtina etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə olan hüquqi marağı 12 avqust 1969-cu ildə anadan olmuş mərhum X5 şəhidlik statusunun verilməsindən ibarətdir və iddiaçı bu marağı təmin etmək üçün 12 avqust 1969-cu ildə anadan olmuş X4 şəhid olması faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən qeyd edilməsi zəruri hesab edilir ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2019-cu il 12 aprel tarixli 3 nömrəli qərarının 14-cü bəndində izah edilmişdir ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Göründüyü kimi, başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Qeyd edilən qərarda şəxsin şəhid olması faktının müəyyən olunması ilə bağlı göstəriş mövcud olmasa da şəxsin şəhid olub-olmamasının başqa qaydası mövcuddur. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 nömrəli qərarının 4.1-ci bəndinə əsasən, şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X2 Xidmətinin, X3 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Belə olan halda şəxsin şəhid olması faktının müəyyən olunmasına dair işə hüquqi əhəmiyyətli faktın müəyyən olunması qismində baxılması mümkün deyildir. İddiaçı ona şəhid ailəsi statusunun verilməsi ilə bağlı aidiyyəti inzibati orqana müraciət etməli və sonuncunun müraciətin təmin olunmasından imtina olunduğu və hərəkətsizlik göstərildiyi halda inzibati orqanın hərəkət və ya hərkətsizliyindən müdafiəyə dair iddia vasitəsi ilə İnzibati Məhkəmələrə müraciət olunmalıdır. Bundan başqa hazırki iş üzrə iddiaçı ölüm akt qeydində düzəliş edilməsi ilə bağlı hazırki iş üzrə inzibati orqan olan cavabdehə müraciət etmiş və sonuncu müraciətinin təmin olunmasından imtina etmişdir. Belə olan halda iddiaçı inzibati orqan olan Qeydiyyat şöbəsinin hərəkətində müdaiəyə dair iddia vasitəsi ilə İnzibati Məhkəməyə müraciət etməlidir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2019-cu il 12 aprel tarixli 3 nömrəli qərarının 2.2-ci bəndinə əsasən, əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının kitablarında qeydlərin düzgün olmamasına dair işlərə Azərbaycan Respublikası MPM 37-ci fəslində nəzərdə tutulmuş qaydada xüsusi icraat qaydasında baxa bilər. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. İddiaçı qərardaddan şikayətində öncədən İnzibati Məhkəməyə müraciət etdiyini, iddia ərizəsinin həmin məhkəmə tərəfindən geri qaytarıldığını qeyd etsə də bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Hətta iddiaçının belə bir müraciətinə İnzibati Məhkəmələr tərəfindən qeyd edildiyi kimi mübahisəbət göstəriləcəyə təqdirdə qəbul edilmiş məhkəmə aktından hüquq müdafiə vasitələrindən istifadə edilməsi iddiaçıya tövsiyyə edilir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxılmasının ümumi məhkəməyə aid olmaması və işə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olması qənaətinə düzgün gəlsə də prosessual qanunvericiliyin tələblərinə uyğun iddia ərizəsinin qaytarılmalı olması ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmış və Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinin “məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə” ifadəsi mülki və kommersiya məhkəmələrini ehtiva edir. Belə ki, mülki prosessual qanunvericilik mülki məhkəmə icraatı qaydasında baxılan mülki və ya kommersiya məhkəməsinin aidiyyətini müəyyən edir. İnzibati məhkəmə icraatı qaydasında baxılan iddia tələblərinin isə mülki məhkəmələr tərəfindən geri qaytarılması deyil iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, Bərdə Rayon Məhkəməsinin mübahisə predmeti olan qərardadı prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığından ləğv edilməli və iş materialları məhkəmənin hazırki qərardadına uyğun qərarın qəbul edilməsi üçün birinci instansiyası məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-3293/2024 nömrəli qərardadından iddiaçı Ərizəçi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-3293/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Ərizəçi cavabdeh Bərdə Rayon Qeydiyyat Şobəsinə qarşı “öhdəsində olaraq övladı kimi böyütdüyü mərhum X4 1992-ci ildən Şuşa RPŞ-də işləyə-işləyə Mərqüşavan kəndində xidməti vəzifəsini yerinə yetirərkən döyüş bölgəsində faciəli şəkildə şəhid olması” tələbinə dair iş materialları yuxarıda şərh olunan mövqeyə uyğun hüquqi qiymət verilməsi üçün Bərdə Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2382/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2382/2024
03.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver