Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2388/2024 04.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin evdən çıxarılması və evə köçmə” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1051/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1051/2024 nömrəli qətnaməsi ilə (hakim F.Abdullayev) İddiaçı Cavabdeh qarşı “evdən çıxarma və evə köçmə” tələbinə dair iddiasının qismən təmin edilməsi, İddiaçı Bərdə rayon Meyvəçilik qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi və cavabdehin iddiaçının həmin evdə yaşamasına qarşı qeyri-qanuni hərəkətlərinin qadağan edilməsi, iddianın tələbi qalan hissədə təmin olunmaması, iş üzrə ödənilməmiş 49 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Bərdə rayon Məhkəməsinin xx.xx.2024, 2(021)-1051/2024 saylı qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair qətnamə edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, onun atasından qalan Bərdə rayon Meyvəçilik qəsəbəsindəki evə köçürülməyinə, cavabdehin həmin evdən əşyaları ilə birgə çıxarılmasına, ona qarşı qeyri-qanuni hərəkətlərinin qadağan edilməsinə və 100 manat dövlət rüsumunun alınıb verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, sözügedən evdə yaşamışdır. Həmin ev atasından ona qalmışdır. Həmin evin tikilməsində iştirak etmişdir. Ancaq cavabdeh həmin evdə onun yaşamağına imkan verməmişdir. Hətta medasiya şurasına müraciət etmişdir. Cavabdeh gəlmədiyindən medasiyada baxılması mümkün olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Bu barədə mediasiya şurasına etdiyi müraciətə görə xx.xx.2024-ci il tarixdə rəsmi arayış verilmişdir. O, da məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, cavabdeh 2023-cü ilin dekabr ayından evin qıfıllarını dəyişib onu atadan qalan mülkünə buraxmamışdır. Həmçinin o, evdən işə gedərkən qıfılları dəyişdirir onu evə buraxmır. Bu hərəkətlər ona qadağan edilməlidir. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq və təsvir edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələr isə işin hallarına uyğun deyildir. Belə ki, iddiaçı iddia edir ki, o və balalarının yaşadığı evə bir otaq və mətbəxdən ibarət olan evə köçüb yaşamaq istəyir. Qətiyyən bu mümkün deyil, ona görə ki, onların arasında böyük mübahisələr və münaqişələr yaranmışdır. Onun həyat yoldaşı spirtli içki aludəçisidir. Keçmiş həyat yoldaşına bildirmişdir ki, hal-hazırda yaşadıqları evin bazar qiymətinin yarı hissəsini ona versin ki, onlar övladları ilə birlikdə yaşadıqları evi tərk etsinlər. 2006-cı ildən sözügedən mübahisəli evdə yaşayır. Həmin evin təmir olunmasında onun əziyyətləri olmuşdur. Onalrın bir yerdə yaşamaqları qətiyyən mümkün deyildir. Onların rəsmi nikahları pozulmuşdur. Onlar hal-hazırda ayrı yaşadıqlarından iddiaçının iddia tələbi rədd edilməli, onun və iki azyaşlı qız övladlarının yaşayış tərzini nəzərə alıb obyektiv qərar qəbul etməlidir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 276.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək həmin şikayətin təmin edilmədən şikayətlə mübahisələndirilən qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq izah etdi ki, cavabdehlə razılığa gələrək ona 10000 (on min) manat miqdarında pul ödəmiş və cavabdeh mübahisəli ünvandakı evdən çıxıb getmişdir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və na etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və məhkəmə iclasında iştirak edən iddiaçının izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı ******** №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə Bərdə rayon Əliyanlı kəndində anadan olmuşdur. Bərdə rayon Əliyanlı kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, İddiaçı Bərdə rayon Əliyanlı kəndində qeydiyyatdadır, nümayəndəliyin Meyvə bağı ərazisində yaşayır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində əmlak qeydiyyata alınmamışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 21.8-ci maddəsinin tələblərinə uyğun olaraq Arayış verilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən təqdim olunmuş və imzaları notariat qaydasında təqdim olunmuş evdən çıxarılma barədə xx.xx.2024-cü il tarixli razılaşmadan görünür ki, İddiaçı ilə Cavabdeh iddiaçı tərəfindən cavabdehə 10000 (on min) manat kompensasiya ödənilməklə sonuncunun evdən çıxması barədə razılığa gəlmişlər. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh rəsmi nikah bağlayaraq ailə qurmuş, birgə nikahlarından 2 uşaqları anadan olmuş, aralarında bağlanmış nikah 2019-cu ildə pozulmuşdur. Onlar ailə qurduğu vaxtdan hazırda mübahisəli Bərdə rayon Meyvəçilik qəsəbəsindəki evdə yaşamışlar. Daha sonra İddiaçı ilə Cavabdeh arasında ailə münasibətləri pozulmuş və iddiaçı həmin yaşayış evindən çıxarılmışdır. Həmçinin mübahisə obyekti olan yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İşə birinci instansiya məhkəməsində baxılıb qurtardıqdan sonra tərəflər arasında əladə olunmuş razılığa görə iddiaçı cavabdehə 10000 manat miqdarında kompensasiya ödəmiş və cavabdeh mübahisəli ünvandakı evdən çıxıb getmişdir. İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbinin cavabdehin evdən çıxarılması ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə təmin oluna bilməz. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, sözü gedən ev rəsmi reystrdə qeydiyyata alınmamışdır. Həmçinin mübahisəsiz hal ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh 2006-cı ildə ailə quraraq həmin mübahisəli evə köçmüşlər. İddiaçı uzun müddət birgə təsərrüfat aparmaqla ailə üzvü kimi Tərtər rayon yol kənarında yerləşən yaşayış evində yaşadığından oraya köçürülməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə həmçinin nəzərə alır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Beləliklə məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “evdən çıxarma və evə köçmə” tələbinə dair iddia tələbi qismən təmin olunmalı, İddiaçı Bərdə rayon Meyvəçilik qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçürülməli və cavabdehin iddiaçının həmin evdə yaşamasına qarşı qeyri-qanuni hərəkətləri qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2000-ci ilin sentyabr ayının 1-dək yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun, 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin qaydalarına uyğun həll edilir. 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Hazırkı halda mübahisəli ünvandakı fərdi yaşayış evi cavabdeh həmin evə köçməmişdən əvvəl mövcud olmaqla, iddiaçı cavabdehlə ailə qurmamışdan əvvəl həmin evdə yaşadığından və onun həmin evdə yaşamaq hüququ vardır. Cavabdehin iddiaçının həmin evdə yaşamaq hüququnu məhdudlaşdırması qanuni sayıla bilməz. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək iddiaçını həmin evə köçürməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Odur ki, həmin şikayət təmin edilmədən Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1051/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutub, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1051/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2388/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2388/2024
04.12.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver