Məhkəmə qərarları › İş №2(104)-2396/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2396/2023

16.11.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2396/2023 16.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı, Afiq Əsədov adına Qaracəmirli kənd tam orta məktəbin direktoru X2 və məktəbin nümayəndəsi X1 iştirakları ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1896/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən veilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Afiq Əsədov adına Qaracəmirli kənd tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, 02 noyabr 2017–ci il tarixli əmrin ləğv edilməsi və 50 manat mediasiya xərcinin cavabdehdən alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1896/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Taleh Musayev) iddia təmin edilməmişdir. İddiaçı oğlu həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1896/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, işdən azad olunarkən ona heç bir xəbərdarlıq olunmamış, həmkarlar təşkilatının iclası keçirilməmiş, həmçinin onun izahatı alınmamışdır.Sonradan formal olaraq protokollar tərtib olunmuşdur. Məhkəmə öz qətnaməsində məktəb direktorunun iddianı qəbul etmədiyini göstərsə də, əslində məktəb direktoru iddianı qəbul edərək bildirmişdir ki, məktəbdə heç bir işçinin, o cümlədən onun şəxsi işi olmayıb. İddiaçı X7 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, o, xx.xx.2005–ci ildən xx.xx.2017–ci il tarixədək Afiq Əsədov adına Qaracəmirli kənd tam orta məktəbində xadimə işləmişdir. İşlədiyi müddətdə heç bir qayda pozuntusuna yol verməmişdir. Lakin cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan 02 noyabr 2017–ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70–ci maddəsinin "ç" bəndinə əsasən onun əmək müqaviləsinə xitam vermişdir. Halbuki o, işlədiyi müddətdə işə vaxtında gəlmiş, verilən tapşırıqları layiqincə yerinə yetirmiş, heç bir intizam məsuliyyətinə cəlb olunmamışdır. Buna baxmayaraq, cavabdeh tərəf heç bir əsas olmadan onu işdən azad etmişdir. Onu da qeyd edir ki, onun barəsində mövcud olan əmr, başqa işə qəbul edilməsinə maneədir, ona görə də, iddiası təmin olunda belə, işləmək fikri yoxdur, sadəcə əmrində düzəliş olunmasını istəyir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1896/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Afiq Əsədov adına Qaracəmirli kənd tam orta məktəbin direktoru X4 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, 02 noyabr 2017–ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70–ci maddəsinin "ç" bəndinə əsasən iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Lakin həmin vaxt o, qeyd olunan məktəbin direktoru vəzifəsində işləməmiş, əmr onun fəaliyyətindən əvvəl verilmişdir. Bununla belə qeyd edir ki, məktəbə direktor təyin edildikdən sonra işçilərin şəxsi işlərini yenidən bərpa etmiş, əmr kitabına əsasən əmək kitabçaları işlənmişdir. Həmçinin, iddiaçının öz ərizəsinə əsasən onun şəxsi işi və əmək kitabçası özünə verilmişdir. İddiaçının mübahisələndirdiyi əmrlə bağlı qeyd edir ki, işçilərin şəxsi işləri araşdırılan zaman məlum olmuşdur ki, İddiaçı işinə məsuliyyətsiz yanaşmış və işə davamiyyət qaydalarını pozaraq özbaşına işdən qalmışdır. Həmin vaxt həmkarlar təşkilatının iclası keçirilmiş və müəyyən edilmişdir ki, İddiaçı heç bir üzrlü səbəb olmdan işə gəlməmiş, bununla da əmək intizamını pozmuşdur İddiaçı işində yol verdiyi nöqsanlara, əmək müqaviləsi üzrə əmək intizamı istiqamətində vəzifə öhdəliklərini yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70–ci maddəsinin “ç” bəndinə əsasən işəgötürən tərəfindən ləğv edilmişdir. Həmin əmr əsaslı və qanuni olmuşdur. Ona görə də, apellyasiya şikayətinin təmin olunmamasını və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)- 1896/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh Afiq Əsədov adına Qaracəmirli kənd tam orta məktəbin nümayəndəsi X3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1896/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)- 1896/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respubilkasının MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya istansiyası məhkəməsi birinci istansiya məhkəməsinin qətnaməsinin əsaslılğını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlilərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya istansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prossesual hüqüq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş: xx.xx.2005–ci il tarixli 248/8 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı Afiq Əsədov adına Qaracəmirli kənd tam orta məktəbdə fəhlə işinə qəbul edilmişdir. Afiq Əsədov adına Qaracəmirli kənd tam orta məktəbi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, İddiaçı işlədiyi müddətdə işlərin öhdəsində layiqincə gəlmiş, lakin 2017–ci ilin avqust ayında məktəbin təsərrüfat işləri üzrə direktor müavini X5 ilə arasında baş vermiş müabhisə nəticəsində mütəmadi olaraq işə gəlməmiş, bu səbəbdən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70–ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Afiq Əsədov adına Qaracəmirli kənd tam orta məktəbin həmkarlar təşkilatının xx.xx.2017–ci il tarixli iclas protokolundan görünür ki, İddiaçı 2017–ci ilin iyul ayının 22– dən işdə olmasına baxmayaraq, həmin tarixdən bir gün də olsun işə gəlməmiş və əmək intizamını pozmuşdur. Bu səbəbdən İddiaçı işdən azad edilməsi qərara alınmışdır. Afiq Əsədov adına Qaracəmirli kənd tam orta məktəbinə aid davamiyyət jurnalından görünür ki, İddiaçı 21 iyul 2017–ci il tarixdən 05 sentyabr 2017–ci il tarixədək işə gəlməmişdir. xx.xx.2017–ci il tarixli, xx.xx.2017–ci il tarixli, xx.xx.2017–ci il tarixli və xx.xx.2017–ci il tarixli məlumatlardan görünür ki, Afiq Əsədov adına Qaracəmirli kənd tam orta məktəbin xadiməsi İddiaçı vaxtlı–vaxtında işə gəlməmişdir. Afiq Əsədov adına Qaracəmirli kənd tam orta məktəbində tərtib edilmiş xx.xx.2017–ci il tarixli, xx.xx.2017–ci il tarixli və xx.xx.2017–ci il tarixli aktlardan görünür ki, məktəbin xadiməsi İddiaçı işə gəlməmişdir. xx.xx.2017–ci il tarixli əmrdən çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70–ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı məxsus ******* saylı əmək kitabçasından görünür ki, o, xx.xx.2005–ci il tarixli 248/8 saylı əmrlə Afiq Əsədov adına Qaracəmirli kənd tam orta məktəbdə fəhlə işinə qəbul edilmiş, xx.xx.2017– ci il tarixli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70– ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Afiq Əsədov adına Qaracəmirli kənd tam orta məktəbinə aid əmr kitabından görünür ki, xx.xx.2017–ci il tarixli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70–ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, Afiq Əsədov adına Qaracəmirli kənd tam orta məktəbi İddiaçı əmək müqaviləsini ləğv edərkən müəyyən edilmiş əsaslar məhkəmə araşdırması zamanı təsdiq olunduğundan, yəni işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğundan işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, iddiaçı xx.xx.2005–ci il tarixli 248/8 saylı əmrlə Afiq Əsədov adına Qaracəmirli kənd tam orta məktəbdə fəhlə işinə qəbul edilmişdir. İddiaçı işlədiyi müddət ərzində bir sıra nöqsanlara yol vermiş, işə davamiyyət qaydalarını kobud şəkildə pozmuşdur. Belə ki, İddiaçı 2017–ci ilin iyul ayının 22–dən etibarən heç bir üzrlü səbəb olmadan işə gəlməmişdir. Bundan sonra Afiq Əsədov adına Qaracəmirli kənd tam orta məktəbin Həmkarlar Təşkilatına müraciət edilərək, işçinin işdə qalıb-qalmaması məsələsinə münasibət bildirilməsi xahiş edilmiş və Həmkarlar Təşkilatı tərəfindən İddiaçı 2017–ci ilin iyul ayının 22–dən işdə olmasına baxmayaraq, həmin tarixdən bir gün də olsun işə gəlməmiş və əmək intizamını pozaraq öhdəsinə düşən öhdəlikləri yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilməmişdir. Bundan sonra əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2017–ci il tarixli əmrlə İddiaçı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə onunla bağlanmış əmək müqaviləsi ləğv edilərək tutduğu peşədən işdən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin ç) bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 72-ci maddəsinin b) bəndinə görə, alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 80-ci maddəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 2-ci bəndinə görə, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Göründüyü kimi, İddiaçı işdə nizam-intizam qaydalarını, əmək intizamını pozaraq öhdəsinə düşən öhdəlikləri yerinə yetirməməklə, 2017–ci ilin iyul ayının 22–dən etibarən heç bir üzrlü səbəb olmadan işə gəlməməklə əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Ona görə də, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmaqla və həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir ki, bu da əmək qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1896/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1896/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar