Məhkəmə qərarları › İş №2(104)-241/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-241/2025

27.01.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-241/2025 27.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 və iddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh(bundan sonra - cavabdeh) qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 2(021)-1809/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları “Dövlətqaçqınkom” Mənzil İstismar Departamenti(kirayəyə verən) ilə X8(kirayəçi, eyni zamanda hazırki iş üzrə üçüncü şəxs) arasında 18 oktyabr 2016-cı il tarixdə 866/15 nömrəli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən Bərdə rayonu 866 ailəlik qəsəbədə yerləşən 15 nömrəli binanın 30 nömrəli mənzili kirayəçinin və onun ailə üzvləri olan X4, Cavabdeh (hazırki iş üzrə cavabdeh) və X1 və istifadəsinə verilmişdir. İddiaçı və cavabdeh 27 iyun 2018-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olaraq ər-arvad olmuşlar və onların birgə nikahlarından xx.xx.2019-cu il və xx.xx.2021-ci il təvəllüdlü Barat və Banu adlı uşaqları doğulmuşdur. Ağdam Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli qətnaməsi ilə tərəflərin arasnda bağlanmış nikah qeydi pozulmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahından olan 3 oktyabr 2019-cu il təvəllüdlü X10 və 7 aprel 2021-ci il təvəllüdlü X11 ilə cavabdehə məxsus Bərdə şəhərində yerləşən məcburi köçkünlər üçün tikilmiş 866 qəsəbədə yerləşən, bina 15(iddia ərizəsinin “xahiş edirəm” hissəsində binanın nömrəsi texniki səhv olaraq 1 kimi qeyd edilmişdir), mənzil 30 ünvanına köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh ilə 27 iyun 2018-ci ildə faktiki nikaha daxil olmuşdur. Birgə nikahlarından 3 oktyabr 2019-cu il tarixdə X10 və 7 aprel 2021-ci il tarixdə X11 adlı uşaqları olmuşdur. O, cavabdehin Bərdə şəhərində yerləşən məcburi köçkünlər üçün tikilmiş 866 saylı qəsəbədə yerləşən, bina 15, mənzil 30 nömrəli evə gəlin köçərək 2022-ci ilin əvvəllərinə kimi həmin evdə yaşamışdır. Bir neçə il ər-arvad kimi normal münasibətlərdə yaşadıqdan sonra onların arasında olan münasibətlər pisləşməyə başlamışdır, cavabdeh onu və birgə nikahdan olmuş 3 oktyabr 2019-cu il tarixdə X10 və 7 aprel 2021-ci il tarixdə X7 cavabdehə məxsus olan Bərdə şəhərində yerləşən məcburi köçkünlər üçün tikilmiş 866 saylı qəsəbədə yerləşən, bina 15, mənzil 30 nömrəli evdən qovmuşdur. Cavabdeh yaşadığı evdən istifadə etməsinə, orada yaşamağına imkan vermir. Ağdam Rayon Məhkəməsinin qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikah pozulmuş və birgə nikahdan olan uşaqları onun himayəsində saxlanılmaqla, uşaqların saxlanılası üçün hər ay hər bir uşağa 125 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq onun xeyrinə tutulması qət edilmişdir. Cavabdeh onu yaşadıqları evdən çıxartdığından o, məcbur qalaraq valideynlərinin yanına gedərək onların yaşadığı ünvan 1 ünvanında yaşamağa başlamışdır. Bu günədək cehiz apardığı əşyaları, sənədləri həmin evdədir. Bərdə şəhərində yerləşən məcburi köçkünlər üçün tikilmiş 866 saylı qəsəbədə yerləşən bina 15, mənzil 30 nömrəli ünvanda yaşamaq istəyir. Bərdə Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(021)- 1809/2023 nömrəli iş üzrə qəbul etdiyi 11 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Əhmədov) iddia tələbi təmin edilmiş, İddiaçı 3 oktyabr 2019-cu il təvəllüdlü X10 və 7 aprel 2021-ci il təvəllüdlü X11 ilə birlikdə Cavabdeh yaşadığı Bərdə şəhərində yerləşən məcburi köçkünlər üçün tikilmiş 866 qəsəbədə yerləşən, bina 1, mənzil 30 ünvanda yerləşən mənzilə köçürülməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçı özü məcburi köçkün statusuna malik olan şəxs olmaqla himayəsində iki azyaşlı körpəsi olduğu halda gəlin köçərək daimi yaşadığı mənzilə olan sahiblik hüququndan iradəsindən kənar olaraq məhrum edilmişdir. Halbuki məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülkil Məcəlləsinin 152.1, 228.5-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.3-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 8 oktyabr 2013-cü il tarixli qərarında və “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2382/2023 nömrəli iş üzrə 18 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Rzaquliyev (sədrlik edən və məruzəçi), L.Süleymanov və A.Hüseynzadə) apellyasiya şikayəti təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 2(021)-1809/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının köçmək istədiyi mənzil məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi üçün nəzərdə tutulmuş mənzil olmaqla həmin mənzilin kirayəçisi, işdə üçüncü şəxs qismində iştirak edən X6r. İddiaçı 2017-ci ildə ünvan 3i ünvanında yerləşən 866 yerlik məcburi köçkün qəsəbəsi, 15 nömrəli binanın 30-cu mənzilinə kirayəçinin razılığı ilə köçüb yaşamağa başlasa da, lakin 2020-ci ilin oktyabr ayında həmin mənzildən çıxıb getmiş, valideynləri ilə birlikdə ona ayrılmış Ağdam rayonu, İHB-nin Birinci Dördyol qəsəbəsində yerləşən 748 nömrəli evdə yaşayır, mübahisəli ünvandakı mənzilin kirayəçisi ilə ümumi təsərrüfat aparmır. İddiaçı mübahisəli ünvandakı mənzilin kirayəçisi ilə mənzildən istifadə hüququ ilə bağlı hər hansı bir razılaşma bağlamadığına görə iddiaçının mübahisəli ünvandakı mənzildə yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması üçün kifayət qədər əsaslar mövcud deyildir, ona görə də o, həmin mənzilə köçürülüb ondan istifadə hüququ tanına bilməz. İddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (bundan sonrakassasiya instansiyası məhkəməsi) 2(102)-2529/2024nömrəli iş üzrə 08 oktyabr 2024-ci il tarixli qərarı ilə (hakimlər – Z.Əliyev (sədrlik edən və məruzəçi), Ə.Xıdırov və Z.Babayev) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 18 oktyabr 2023cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, baxılan işdə iddiaçının mübahisə predmeti olan mənzildən istifadə etmək hüququnun olubolmamasının müəyyənləşdirilməsi işin düzgün həlli üçün əhəmiyyətli olmuşdur. Həmin mənzilin xüsusi təyinatlı yaşayış sahəsi olması, mənzilə dair cavabdehin atası ilə kirayə müqaviləsinin bağlanması, cavabdehin özünün də həmin müqavilədə ailə üzvü kimi qeyd edilməsi, iddiaçının ailə qurduqdan sonra onlarla birlikdə həmin mənzildə yaşaması işin müəyyən edilmiş hallarıdır. Mənzil Məcəlləsinə əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Belə olan halda, iddiaçının qeyd olunan normaların dispozisiya şərtlərinə əsasən mübahisəli yaşayış sahəsindən istifadə etmək hüququnun yaranıb-yaranmadığına, belə hüquq meydana gəlmişsə, onun qanuni əsaslarla aradan qalxıb-qalxmadığına hüquqi qiymət verilməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb etmişdir. Baxılan işdə apellyasiya məhkəməsi bu istiqamətdə hüquqi dəyərləndirmə aparmamış, iddianı rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı 2020-ci ilin oktyabr ayında həmin mənzildən çıxıb getmiş, başqa ünvanda yaşayır, mübahisəli ünvandakı mənzilin kirayəçisi ilə ümumi təsərrüfat aparmır. Bununla belə, məhkəmə istinad etdiyi halların iddiaçının iradəsi daxilində, yoxsa iradəsi xaricində baş verməsini araşdırmamış və əhəmiyyətli olan bu xüsusata hüquqi qiymət verməmişdir. Nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 68 və 99-cu maddələrinə əsasən istifadə hüququ yaranmış şəxsin yaşayış sahəsindən iradəsinə zidd şəkildə çıxarılması, ona həmin ünvanda yaşamağa maneçilik törədilməsi, bu kimi səbəblərdən onun müəyyən müddət başqa yerdə yaşaması və kirayəçi ilə birgə təsərrüfat aparmaması, yaxud kirayəçinin (onun ailə üzvünün) həmin şəxslə birgə yaşamaq istəməməsi sözügedən hüququn itirilməsinin əsası kimi qəbul edilə bilməz. Qeyd olunanlar yuxarıda istinad olunan maddi hüquq normalarının düzgün tətbiq olunmadığına, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilmədiyinə, qətnamənin iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmadığına dəlalət edir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı cavabdehə qarşı qərəzli mövqe tutur. İddiaçının iddia etdiyi mənzil onun mülkiyyətində deyil. Orada sadəcə olaraq yaşamışlar. Həmin ev atasına məxsusdur. İddiaçı həmin evdə müvəqqəti qeydiyyatda deyil. Mübahisəli mənzil dövlət tərəfindən qaçqınların müvəqqəti məskunlaşması üçün verilmişdir. Münaqişəli ailə kimi cavabdehin keçmiş həyat yoldaşı ilə birgə yaşaması mümkün deyildir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və birinci instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddiaçı ilə bir evdə yaşamaqları mümkün deyil. Onlar münaqişəli ailə olublar. İddiaçı atasıgildə olduğu zaman intihara cəhd edib. Bununla bağlı prokurorluqda aparılmış araşdırmalardan sonra müəyyən edilmişdir ki, hadisə iddiaçı atası evində olarkən baş verib. Belə bir halda yenidən onunla eyni evdə yaşamaq mümkünsüzdür. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, himayəsində iki azyaşlı övladı var. Valideyinləri də məcburi köçkün ailəsidir və dövlət tərəfindən verilmiş 1 otaqlı evdə yaşayırlar. Evin yaşam şəraiti yaxşı olmadığı üçün iki azyaşlı övladı ilə orada yaşamaq çox çətindir. Özü müəllimə işləyir. Aldığı əmək haqqı ilə kirayə mənzil tutaraq yaşamağı da imkanları xaricindədir. O səbəbdən də hazırki, mübahisə predmeti olan yaşayış evinə ehtiyacı var. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 izahatında bildirmişdir ki, mübahisəli ev ona verilibdir. Cavabdeh də onun ailə üzvüdür. Onlar indiki vəziyyətdə iddiaçı ilə bir evdə yaşaya bilməz. Kiçik oğlu da ailə qurub. Onun da azyaşlı bir övladı var. Ailə qurduqları ilk dövrlərdən iddiaçı ilə cavabdehin münasibətləri hər zaman mübahisəli olub. Dəfələrlə iddiaçı evi tərk edərək gedib və o, ağsaqqal olaraq tərəfləri barışdırmış, lakin 10-15 gün sonra yenidən mübahisələri başlamışdır. Onların yalnız bir evi olub. Oğlu və gəlini rahat yaşasın deyə qısa bir müddət gedib qohum evində qalmışlar. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 68.1.Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Maddə 68.2.Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Maddə 68.4.Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Maddə 91.1.5.Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Maddə 91.3.Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Maddə 96.Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Maddə 98.1.Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Maddə 98.2.Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Maddə 99.1.Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Maddə 99.4.Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Maddə 99.5.Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə, mülki işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına və tərəflərin bildirdiklərinə əsasən işin mübahisə doğurmayan halları ondan ibarətdir ki, iddiaçı və cavabdeh xx.xx.2018-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Onların bu nikahdan xx.xx.2019-cu il təvəllüdlü Barat və xx.xx.2021-ci il təvəllüdlü Banu adlı 2 övladları var. İş üzrə tərəflərin münasibətləri əvvəllər yaxşı olsa da, sonradan bu münasibətlər pozulmuşdur. Tərəflər arasında qeydə alınmış nikah Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Tərəflər arasında mübahisə doğuran hal – iddiaçının “Dövlətqaçqınkom” Mənzil İstismar Departamenti tərəfindən kirayə müqaviləsi əsasında cavabdehin atası, hazırki iş üzrə 3-cü şəxs Ədalət Hüseynov və onun ailə üzvlərinin (arvadı və 2 övladı) sahiblik və istifadəsinə verilmiş və Bərdə rayonu 866 ailəlik qəsəbədə yerləşən 15 №-li evin 30 №-li mənzilinə köçüb yaşaması üçün hüquqi əsasların olmasıdır. İşdə olan 866/15 №-li, xx.xx.2016-cı il tarixli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”ndən görünür ki, həmin müqaviləyə əsasən “Dövlətqaçqınkom” Mənzil İstismar Departamenti tərəfindən ünvan 4i ünvanında yerləşən 866 yerlik məcburi köçkün qəsəbəsi, bina 15, mənzil 30 ünvanında yerləşən mənzil Ədalət Hüseynov və onun ailə üzvləri olan arvadı Mətanət Hüseynova, övladları Cavabdeh və Rəşad Hüseynovun sahibliyinə və istifadəsinə verilmişdir. İşə apellyasiya qaydasında yenidən baxılması zamanı Məhkəmənin suallarını cavablandıran iddiaçı bildirmişdir ki, o, cavabdehlə ailə qurarkən şərt kəsilmişdir ki, cavabdeh ailənin böyük oğlu olduğuna görə, yeni ailə quranlar, cavabdeh və onun ailəsinə 2016-cı ildə verilmiş, ünvan 3i ünvanında yerləşən 866 yerlik məcburi köçkün qəsəbəsi, bina 15, mənzil 30 ünvanında yerləşən mənzildə yaşayacaqlar. Toydan sonra iddiaçının cehiz əşyaları 30 №-li mənzildə yerləşdirilsə də, iş üzrə tərəflər bu mənzildə qısa müddət(bir aydan az) yaşamış, sonradan elə həmin il daimi yaşamaq üçün cavabdehin valideynlərinin yaşadığı Ağdam rayonu “Dörd yol-1” qəsəbəsindəki evə köçmüş və faktiki ayrıldıqları vaxtadək həmin evdə yaşamışlar. Hazırda iddiaçının köçürülməsini tələb etdiyi mənzildə isə yaşayış olmamışdır. İddiaçı, həftə sonları və ya iki həftədə bir dəfə həmin mənzilə təmizlik işləri görmək üçün getmişdir. Qeyd olunan mənzil hal-hazırda da boşdur. Tərəflərin münasibətləri pozulduqdan sonra iddiaçının tərk etdiyi ev məhz cavabdeh və sonuncunun valideynləri ilə birlikdə yaşadığı Ağdam rayonu “Dörd yol-1” qəsəbəsindəki ev olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh və iş üzrə 3-cü şəxs Ədalət Hüseynov izahatlarında göstərmişlər ki, iddiaçı 2018-ci ildə ailə qurduqdan sonra, cavabdeh və onun valideynlərinin yaşadıqları Ağdam rayonu “Dörd yol-1” qəsəbəsindəki evə köçmüş və tərəflər arasında münasibətlər pozulanadək də həmin evdə yaşamışdır. İşdə olan Ağdam Rayon Prokurorluğunun 126C-22 №-li material üzrə qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarından görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı (hazırki iş üzrə iddiaçı) intihara cəhd etməsi faktı ilə bağlı prokurorluqda araşdırma aparılmışdır. Araşdırma zamanı izahatları alınmış İddiaçı (iddiaçı), onun atası Rizvan Həsənov, Cavabdeh (cavabdeh), onun atası Ədalət Hüseynov (3-cü şəxs) iddiaçının ailə qurduqdan sonra daimi yaşayış yerinin cavabdehin valideynlərinin yaşadığı Ağdam rayonu “Dörd yol-1” qəsəbəsindəki ev olduğunu təsdiq etmişlər. Beləliklə, iş materiallarından və işdə iştirak edən şəxslərin izahatlarından məlum olur ki, iddiaçı övladları ilə birlikdə köçürülməsini istədiyi ünvan 4i ünvanında yerləşən 866 yerlik məcburi köçkün qəsəbəsi, bina 15, mənzil 30 ünvanında yerləşən mənzildə ailə qurduqdan sonra qısa müddət yaşamışdır. İddiaçı özü də bunu apellyasiya baxışı zamanı təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə göstərilən maddi hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, hər hansı bir şəxsin başqa bir şəxsə qarşı “yaşayış sahəsinə köçürülmə barədə” tələbi o zaman təmin edilə bilər ki, həmin yaşayış sahəsi nə vaxtsa birincinin istifadəsində olsun və o, istifadədən qanunsuz şəkildə məhrum edilsin. Hazırki halda, iddiaçının ünvan 4i ünvanında yerləşən 866 yerlik məcburi köçkün qəsəbəsi, bina 15, mənzil 30 ünvanında yerləşən mənzildə yaşaması və buna müvafiq olaraq həmin mənzildən istifadə etməsi təsdiq olunmur. İddiaçı özü də bildirir ki, sözügedən mənzildə ona aid cehiz əşyaları yerləşdirilsə də, o özü bu mənzildə yaşamamışdır. Orada cavabdeh və onun ailə üzvləri də yaşamamışdır. Qeyd olunan mənzil hal-hazırda da boşdur. Belə olan halda müəyyən edilir ki, ünvan 4i ünvanında yerləşən 866 yerlik məcburi köçkün qəsəbəsi, bina 15, mənzil 30 ünvanında yerləşən mənzil iddiaçının yaşayış yeri olmamışdır. Bu hal müəyyən edildiyindən Məhkəmə hesab edir ki, iddiaçının həmin mənzilə köçürülməsi üçün hər hansı bir əsas yaranmır. MPM-nin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-nin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin qənaətinə görə, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə, yəni iddiaçının ünvan 3i ünvanında yerləşən 866 yerlik məcburi köçkün qəsəbəsi, bina 15, mənzil 30 ünvanında yerləşən mənzilə köçürülməsi barədə nəticəsi səhvdir, bu nəticə işin hallarına uyğun deyil. Beləliklə, Məhkəmə MPM-nin 385-ci maddəsinin tələblərinə və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçının 30 №-li mənzilə köçürülməsi barədə iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bərdə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 iyul 2023-cü il tarixli qətnamə ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar