Məhkəmə qərarları › İş №2(104)-2418/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2418/2023

25.10.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2418/2023 25.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Şəmkir rayonu Könüllü kənd 3 nömrəli Körpələr evi-uşaq bağçasına qarşı işə bərpa və məcburi iş buraxma müddətində əmək haqqı tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2(076)-1263/2023 nömrəli qətnaməsindən cavabdeh Şəmkir rayonu Könüllü kənd 3 nömrəli Körpələr eviuşaq bağçası tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Şəmkir rayonu Könüllü kənd 3 nömrəli Körpələr evi-uşaq bağçasına qarşı işə bərpa və məcburi iş buraxma müddətində əmək haqqı tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, barəsində cavabdeh tərəfindən verilmiş əmrin ləğv olunmasına, əvvəlki vəzifəsinə bərpa olunmağına, qətnamə icra olunan vaxta kimi məcburi proqul müddətində əmək haqqının ödənilməsinə və 50 manat mediasiya xərcinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2(076)-1263/2023 nömrəli qətnaməsi ilə (hakim Şəfiqə Məmmədova) iddianın təmin edilməsi, Şəmkir rayonu Könüllü kənd 3 nömrəli Körpələr evi-uşaq bağçasının İddiaçı barəsində olan xx.xx.2023-cü il tarixli, 2 saylı əmri ləğv edilməsi, İddiaçı Şəmkir rayonunun Könüllü kəndində yerləşən 3 saylı körpələr evi-uşaq bağçasında dalandar vəzifəsinə işə bərpa edilməsi, İddiaçı xx.xx.2023cü il tarixdən məhkəmə qətnaməsi qüvvəyə minənədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, 50 manat mediasiya xərci cavabdeh Şəmkir rayonu Könüllü kənd 3 nömrəli Körpələr evi-uşaq bağçasından alınıb iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh Şəmkir rayonu Könüllü kənd 3 nömrəli Körpələr evi-uşaq bağçası apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə, apellyasiya şikayətinə baxılması mümkün hesab edilərək məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş üzrə İddiaçı və cavabdehin Şəmkir rayonu Könüllü kənd 3 nömrəli Körpələr eviuşaq bağçasının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətini və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli apellyasiya şikayətinin mümkünlüyü barədə qərardadı ləğv olunmalı və Şəmkir Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2(076)-1263/2023 nömrəli qətnaməsindən cavabdeh Şəmkir rayonu Könüllü kənd 3 nömrəli Körpələr evi-uşaq bağçası tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, apellyasiya şikayəti yoxlanılarkən cavabdeh Şəmkir rayonu Könüllü kənd 3 nömrəli Körpələr evi-uşaq bağçası tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsinin tələblərinə riayət olunmamaqla, Həmin Məcəlləsinin 2 saylı Əlavəsində nəzərdə tutulmuş formada olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Apellyasiya şikayətinin forması Mülki Prosessual Məcəllənin 2 saylı Əlavəsində müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı Azərbaycan Respublikasının MPM-in 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayəti Azərbaycan Respublikasının MPM-in 2 saylı Əlavəsində nəzərdə tutulmuş formada tərtib edilməmiş, birinci instansiya məhkəməsi isə apellyasiya şikayətini Mülki Prosessual Məcəllənin 361-ci və 363.1.1-1-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Buna görə də apellyasiya şikayəti Azərbaycan Respublikasının MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikasının MPM-in 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264, 267, 361, 363 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)- 2418/2023 nömrəli apellyasiya şikayətinin mümkünlüyü barədə qərardadı ləğv olunsun. Şəmkir Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2(076)-1263/2023 nömrəli qətnaməsindən cavabdeh Şəmkir rayonu Könüllü kənd 3 nömrəli Körpələr evi-uşaq bağçası oğlunun adından verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti Azərbaycan Respublikasının MPM-in 361-ci və 363.1.1-1-ci maddələrinin tələblərinin yoxlanılması üçün Şəmkir Rayon Məhkəməsinə geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar