Məhkəmə qərarları › İş №2(104)-2421/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2421/2024

18.12.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2421/2024 18.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: qeyri-qanuni hərəkətlərə son qoyulması, mənzilin divarına quraşdırılmış dolabın sökülməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilin divarına quraşdırılmış dolabın sökülməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-533/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 18 dekabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. DƏDRX-nin ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışının surətindən görünür ki, Gəncə şəhəri 4-cü mikrorayon ev 2, 19 saylı mənzil tam mülkiyyət hüququ ilə xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır.

2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, 4-cü mikrorayon, ev 2, mənzil 20 Yeni qaydalarla: AZ 2023, Gəncə şəhəri, Məmməd Xələfov küçəsi, 8, M1, m2 tam mülkiyyət hüququ ilə xx.xx.2024-cü il tarixdə Cavabdeh adına qeydə alınmışdır.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 09 iyul 2024-cü il tarixli 3-16-16/2-10/1278 nömrəli rəyindən görünür ki, Gəncə şəhəri, 4-cü mikrorayonda yerləşən 2 saylı evin 1-ci mərtəbəsinin ümumi istifadədə olan hissəsində (blokunda) taxta materialdan dolab quraşdırıldığı, həmin dolabın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********69-05101-093007 reyestr nömrəli Çıxarışa əsasən, İddiaçı mülkiyyətinə verilmiş Gəncə şəhəri, 4-cü mikrorayonda yerləşən 2 saylı evin ümumi sahəsi 61,5 kv.metr olan 19 saylı mənzilin hamam tikilisinin divarına bitişik şəkildə quraşdırıldığı müəyyən edilmişdir. Həmin rəyə əlavə edilmiş, ekspertiza xərclərinə dair bildirişdən müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğini təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən onun xüsusi mülkiyyətində olan Gəncə şəhəri 4-cü mikrorayon ev 2, 19 saylı mənzilin divarına quraşdırdığı dolabın cavabdehin hesabına sökülməsinə və iddia ərizəsi vermək üçün ödədiyi 100 (bir yüz) manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, 4-cü mikr, 2 saylı evin 19 saylı mənzili 2022-ci ilin oktyabr ayından etibarən iddiaçıya məxsusdur. Mənzil çoxmərtəbəli binanın birinci mərtərbəsində yerləşir. Cavabdeh 19 saylı mənzillə üzbəüz olan 20 saylı mənzildə yaşayır. Binanın quruluşuna görə mərtəbədə mənzillərin qarşısında ümumi istifadədə olan sahə, pilləkən qəfəsi var. Onlar həmin sahədən keçib mənzillərinə daxil olurlar. Həmin sahədə cavabdeh qanunsuz olaraq dolab və su çəni yerləşdirib. Cavabdehin yerləşdirdiyi dolab iddiaçının mənzilinə bitişikdir. Ev panel olduğu üçün cavabdeh hər dəfə həmin dolabı açıb-bağlayanda evin içərisində səs və titrəyiş əmələ gəlir. Həmin dolabın cavabdeh tərəfindən istifadəsi nəticəsində iddiaçı evində rahat yaşaya bilmir, işdən qayıtdıqdan sonra istirahət edə bilmir, hər dəfə dolabın qapısı çırpılanda diksinir. İddiaçı dəfələrlə cavabdehə müracftət edərək dolabının evin divarından sökməsini bildirmişdir. Lakin, cavabdeh könüllü olaraq dolabı evinin divarından sökmür. Buna görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Cavabdeh tərəfindən xüsusi mülkiyyətində olan Gəncə şəhəri 4-cü mikrorayon ev 2, 19 saylı mənzilin divarına quraşdırdığı dolabın cavabdehin hesabına sökülməsi, iddia ərizəsi vermək üçün ödədiyi 100 (bir yüz) manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş olunmuşdur.

6. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-533/2024 nömrəli qətnaməsi ilə (hakim Ədil Məmmədov), iddianın qismən təmin edilməsi, Gəncə şəhəri 4-cü mikrorayon, 2 saylı evin İddiaçı mülkiyyətində olan 19 saylı mənzilinin hamam tikilisinin divarına bitişik şəkildə, Cavabdeh tərəfindən quraşdırılmış dolab Cavabdeh vəsaiti hesabına sökülüb götürülməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: SWİFT BİK: CTREAZ22, **********, hesab № AZ43CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595ə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (bir yüz) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 146.1, 152.5 və 170-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15 və 29.4-cü maddələrinə istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 115, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(125)-533/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, sözügedən Gəncə şəhəri, 4-cü mikrorayonda yerləşən 2 saylı evin 1-ci mərtəbəsinin ümumi istifadədə olan hissəsində (blokunda) taxta materialdan quraşdırılmış dolab uzun müddətdir ki, mövcuddur və heç bir kəsin gedişgəlişinə, hərəkət etməsinə maneçilik törətmir, çünki blokun boşluq hissəsində quraşdırılmış, həmçinin taxta materialdan olduğundan açılıb-bağlanarkən heç bir səs-küy yaratmır. İddiaçı əvvəl həmin mənzildə yaşayan heç bir kəsin həmin dolabın evin 1-ci mərtəbəsinin ümumi istifadədə olan blokunda quraşdırılmasına nə etirazı olmuş, nə də ki, narazılığı olmuşdur. Həmin dolab 2 saylı evin 1-ci mərtəbəsinin ümumi istifadədə olan hissəsində (blokunda) taxta materialdan İddiaçı adına olan mənzilin, sonradan inşa edilmiş hamam tikilisinin divarına bitişik şəkildə quraşdırıldığı üçün hesab edir ki, işdən gəlib istirahət edərkən Aynurəyə heç bir narahatçılıq yarada bilməz. Bundan başqa, taxta materialdan hazırlanmış dolab çoxmənzilli yaşayış binasının ümumi istifadədə olan sahəsində quraşdırıldığından İddiaçı heç bir mülkiyyət hüququ pozulmamış, onun həmin ümumi sahədən istifadə hüquqları məhdudlaşdırılmamışdır və iddiaçı həmin sahədən sərbəst surətdə gedib-gəlir, hərəkət edir. Bildirir ki, hamam yerində isə mətbəx inşa edilmişdir. Buna görə də hesab edirəki, İddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur, iddiaçı hüquqdan sui-istifadə edir. İddiaçı əsas məqsədi həmin dolabı sökdürdükdən sonra, həmin yerdən özünə yeni dolab quraşdırmaqdır. Məhkəmə bunları nəzərə almadan yalnız iddiaçının izahatlarına və öz mülahizəsinə əsaslanaraq iddia tələbini təmin etmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi belə nəticəyə gəlməkdə haqlı olmamışdır, məhkəmə qətnaməsində onun tərəfindən iddiaçının hansı mülkiyyət hüququnun pozulması göstərilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

13. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

14. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.

15. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.

16. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

18. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

19. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

20. Maddə 170.1. İki tərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

21. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

22. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səsküyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.

23. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.

24. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

25. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

26. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

27. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

28. Maddə 15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.

29. Maddə 29.4. Yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

30. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

38. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

39. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

41. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

44. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

46. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-533/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Beləliklə, işin halları ondan ibarətdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarış ilə, Gəncə şəhəri 4-cü mikrorayon ev 2, 19 saylı mənzil tam mülkiyyət hüququ ilə xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır. Hazırda iddiaçının sökülməsinin tələb etdiyi dolabın cavabdeh tərəfindən onun mülkiyyətində olan mənzilin divar hissəsinə quraşdırılması müəyyən edilmişdir.

49. Mülki Məcəlləyə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır (maddə 170.1, 170.2). Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur (maddə 171.1, 171.2.).

50. Bununla yanaşı, Mülki Məcəllənin 180-ci maddəsi nəzərdə tutur ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

51. Qanunun mənasına görə qonşu daşınmaz əmlak mülkiyyətçiləri bir-birinə qarşılıqlı hörmət bəsləməli, bir-birilərinin mülkiyyətinə hədsiz təsirlərdən çəkinməlidirlər. Mülkiyyətçi öz sahəsinə qonşu təsirini o zaman qadağan edə bilər ki, öz sahəsindən istifadə etməkdə ona maneçilik yaransın və ya hüququ əhəmiyyətli dərəcədə pozulsun. Təsir əhəmiyyətli olsa da əmlakdan adi istifadədən törəyirsə və normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilinirsə də qonşu təsiri qadağan edilə bilməz.

52. Beləliklə, həm qonşu təsirinin qadağan edilməsi, həm də qonşuluqda aparılmış özbaşına tikililərin sökülməsi barədə iddia qaldırmış fiziki və hüquqi şəxslər qonşu təsirinin və ya özbaşına tikinti işlərinin nəticəsinin onların hüquq və mənafelərinə ziyan vurduğunu sübuta yetirdikləri halda əsaslı hesab edilə və təmin oluna bilər.

53. Baxılan iş üzrə iddiaçı cavabdehin onun yaşadığı mənzilin divar hissəsinə quraşdırılmış dolabın çıxarılmasını tələb edir və öz mövqeyini onunla əsaslandırır ki, onun mənzilinin divar hissəsində olan cavabdeh tərəfindən quraşdırılmış dolab hər dəfə açılıb örtülən zaman onun evinə səs verir və bu isə onun narahatçılığına səbəb olur.

54. Cavabdeh isə iddia tələbinə etiraz edərək, dolabın onun istifadəsində olmaqla çoxdan quraşdırıldığını, hazırda da onun tərəfindən istifadə edilməklə iddiaçının mülkiyyətində olan əmlaka heç bir maneə yaratmadığını bildirir.

55. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehin Gəncə şəhəri, 4cü mikrorayonda yerləşən 2 saylı evin 1-ci mərtəbəsinin ümumi istifadədə olan hissəsində (blokunda) və məhz iddiaçının mülkiyyətinə aid olan hissədə quraşdırdığı taxta materialdan dolab, çoxmənzilli yaşayış binasının ümumi istifadədə olan sahəsindən iddiaçının istifadə hüquqlarını məhdudlaşdırdığından və bu baxımdan iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

56. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılşaraq, iddia tələbinin təmin edilməsini əsaslı hesab edir.

57. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 09 iyul 2024-cü il tarixli 3- 16-16/2-10/1278 nömrəli rəyindən görünür ki, Gəncə şəhəri, 4-cü mikrorayonda yerləşən 2 saylı evin 1-ci mərtəbəsinin ümumi istifadədə olan hissəsində (blokunda) taxta materialdan dolab quraşdırıldığı, həmin dolabın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********69-05101-093007 reyestr nömrəli Çıxarışa əsasən, İddiaçı mülkiyyətinə verilmiş Gəncə şəhəri, 4-cü mikrorayonda yerləşən 2 saylı evin ümumi sahəsi 61,5 kv.metr olan 19 saylı mənzilin hamam tikilisinin divarına bitişik şəkildə quraşdırıldığı müəyyən edilmişdir.

58. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyləri qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.

59. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.

60. Məhkəmə kollegiyası rəyləri tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Çünki, ekspertin rəyi dəqiq və müfəssəl tərtib edilmiş, eyni zamanda həmin rəy mübahisəli əmlaka əyani baxış keçirilməklə və mənzillərə dair texniki pasportlar tədqiq edilməklə dəqiqliklə göstərilmişdir.

61. Göründüyü kimi, cavadehin istifadəsində olan dolab tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş qurğu olmaqla, iddiaçının mülkiyyətinə təsir göstərməklə (səs-küyün yaranması, açılıb örtülən zaman titrəşimin yaranması və.s digər hallar) istifadə hüquqlarını məhdudlaşdırır.

62. Kollegiya iş materiallarını göstərilən nomralar əsasında araşdıraraq hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar olmuş və birinci instansiya məhkəməsi iddianı təmin etməklə iddiaçının mülkiyyətində olan mənzil üzərində pozulmuş mülkiyyət hüquqlarını haqlı olaraq bərpa etmişdir.

63. Apellyasiya dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər əsassızdır. Belə ki, ekspertiza rəyinin düzgün olmaması barədə dəlilə diqqət yetirdikdə, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Azərbaycan Respublikasının MPM-in 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

64. Qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsinin şərtlətini müəyyən etmişdir.

65. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə həmin rəyi şübhə altına almaq üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Azərbaycan Respublikasının MPM-in 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır.

66. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

69. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

70. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

71. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-533/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar