Məhkəmə qərarları › İş №2(104)-2425/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2425/2024

18.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2425/2024 18.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirli yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X7 iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mülkiyyət hüququ verilməsi tələbinə dair ərizəsi üzrə mülki iş üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2013cü il tarixli 2(023)-117/2013 saylı qətnaməsindən maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə Qazax Rayon Məhkəməsinə müraciət edərəkmərhum anası X6 miras qalmış, onun təsisçisi olduğu, Qazax-Hüseynbəyli şosse yolunun solundakı --- kv.m torpaq sahəsində yerləşən, tikintialtı sahəsi 150,4 kv.m və tikintisinin həcmi 511,4 kv.m olan idarə binasına dair mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması, həmin 4.000,0 torpaq sahəsi daimi istifadəsində saxlanılmaqla. Göstərilən idarə binasının onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X9, anası isə X10 olmaqla o, xx xxxx 1963cü ildə Qazax rayonunda Kosalar kəndində anadan olmuşdur. Ata və anasının rəsmi nikahdan 3 övladı doğulmuşdur: o, bacıları Sədaqət və Sevinc. X17 xx.xx.1999-cu ildə, anası Qiyafət Quluyeva isə xx.xx.2005-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3 və mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən “Göy-göl” kiçik müəssisəsinin təsisçisi anası X8 adına xx.xx.2004-cü il tarixli 232 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən Qazax-Hüseynbəyli şosse yolunun solundakı 0,75 ha torpaq sahəsində yerləşən, “Göy-Göl” kiçik müəssisəsinə məxsus, qeyri-yaşayış binalarının tikintialtı sahəsi 150,4 kv.m, tikintisinin sahəsi 511,4 kv.m olan idarə binası anasının mülkiyyətinə verilmişdir. Anası vəfat etdikdən sonra ondan miras qalmış sözügüdən əmlakı qanunla müəyyən edilmiş qaydada qəbul edə bilməsə də, həmin əmlakı faktiki olaraq qəbul etmiş, hazırda sahiblik edir və idarə olunmasını həyata keçirir. Bacıları isə anasından miras qalmış əmlakın özlərinə düşən hissəsindən notarial qaydada təsdiq olunmuş ərizələri onun xeyrinə imtina etmişlər. Qazax Rayon Məhkəməsinin 04 fevral 2013-cü il tarixli 2(023)-117/2013 nömrəli qətnaməsi ilə, ərizə təmin edilmiş, ərizəçi X2 mərhum anası Quliyeva qyafət İsə qızında miras qalmış, onun təsisçisi olduğu, “Göy-Göl” kiçik müəssəsinə məxsus, tikintialtı sahəsi 138,0 kv.m, ümumi sahəsi 111,2 kv..m, tikintialtı sahəsi 406,0 kv.m, ümumi sahəsi 357,8 kv.m, tikintialtı sahəsi 37,5 kv.m, ümumi sahəsi 28,3 kv.m və tikintialtı sahəsi 67,2 kv.m, ümumi sahəsi 67,2 kv.m olan qeyri-yaşayış binalarına dair mirasın onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməklə, göstərilən qeyri-yaşayış binalarının yerləşdiyi Qazax- Hüseynbəyli şosse yolunun solundakı 0,75 ha torpaq sahəsi daimi istifadədə saxlanılmaqla, həmin torpaq sahəsində yerləşən göstərilən qeyri-yaşayış binalarının mülkiyyət hüququ ərizəçi X5 verilməsi, göstərilən hüququn qeydə alınmasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Tovuz Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirli yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi xx.xx.2023-cü ildə apellyasiya şikayəti, eyni zamanda ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə verərək, müddətin bərpa edilməsini, qətnamənin vərəsəlik payının müəyyən edilməsi hissəində ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən və iş üçün əhəmiyyətli olan hallar qətnamədə qanunla nəzərdə tutulan sübutlarla təsdiq edilməmişdir, gəldiyi nəticələrin təsdiq edilməsi üçün işə məhkəmə ziddiyyətli və aid olmayan sübutlara istinad etmişdir. Belə ki, iş üzrə mübahisə predmeti olan daşınmaz əmlakın bir hissəsi miras toplusuna aid olmadığından, miras əmlak kimi qəbul edilə bilməz və eyni zamanda miras kütləsinə aid olan hissənində cox hissəsi isə sökülmüşdür. Eyni zamanda qətnamə ilə əlavə tikilmiş tiklilərin miras kütləsinə aid edilmiş hissələr isə, qətnamədə qeyd edilən tiklilərlə faktiki tiklilər uğun gəlmir. X1 miras qalmış, onun təsisçisi olduğu, “GöyGöl” kiçik müəssisəsinə məxsus miras qalmış Qazax-Hüseynbəyli şosse yolunun solundakı qeydiyyat vəsiqəsi və texniki pasporta əsasən binanın ümumi sahəsi 127 kv.m hissəsi qeydiyyata alınmış və qeydiyyat kitabında “Göy-Göl” kiçik müəsissəsi kimi qeyd yazılmaqla, təsisçisi kimi X4 göstərilmişdir. Məhkəmə qərar qəbul edilərkən qeydiyyatdan kecməyən əlavə qanunsuz tikliləri də miras kütləsinə aid edərək ümumi sahəni coxaldaraq dövlət reyestrində qeydiyyatın aparılması öhdəliyi Ərazi İdarəsinə havalə edilmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, hüquqi şəxsin təsiscilik üzərində vərərəlik payının müəyyən edilməsi və hüquqi şəxsin nizamnamə payı üzərində qeydiyyatın aparılması İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata kecirilir. 15 saylı Tovuz Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 nömrəli Qərarının 10.2-ci bəndinə əsasən mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Məhkəmə isə mirasın qəbul edilməsi faktı ilə yanaşı miras paylarının müəyyən edilərək icra edilməsi üçün Ərazi İdarəsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş ərizəçi məhkəmə iclasına gəlməmiş, gəlməməyin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirli yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X12 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb, məhkəmə iclasında iştrak edən maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qazax Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(023)-117/2013 saylı qətnaməsi ləğv edilməli və ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası ərizəçinin tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-in 305.1 və 305.1.1-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə və digər işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdırıb, məhkəmə kollegiyasında iştirak edən şəxsin izahatını dinləyərək belə qənaətə gəlir ki, qeyd olunan mübahisəli əmlak üzrə məhkəmə tərəfindən çıxarılmış qətnamə maraqlı şəxsin mənafelərinə toxunur, ona görə də onun qanunvericilikdə nəzərdə tutulmuş qaydada mənafelərinə toxunan maraqlı şəxs kimi apellyasiya şikayəti vermək hüququ yaranmışdır. Azərbaycan Respublikası MPM-in 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Kollegiya qeyd edir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından göründüyü kimi miras əmlakla bağlı ərizəçi ilə digər vərəsələr arasında mübahisə yoxdur. Belə olan halda ərizəçi ilk növbədə mirasın açıldığı yer üzrə notariat orqanına müraciət etməli, notariat orqanı mirasa vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etdiyi halda ərizəçi notariat orqanının cavabından asılı olaraq ərizə ilə məhkəməyə müraciət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, ərizəni təmin edən birinci instansiya məhkəməsi həmin xüsusatları nəzərə almadığına görə apellyasiya şikayəti qismən təmin edilərək qətnamə ləğv edilməli, Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi isə baxılmamış saxlanılmalı, ərizəçiyə miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün mirasın açıldığı yer üzrə notariat orqanına müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-in 259.0.10-cu maddəsinin tələbinə görə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirli yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(023)-117/2013 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mülkiyyət hüququ verilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə izah edilsin ki, məhkəməyə ümumi əsaslarla iddia vermək hüququ vardır. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar