Məhkəmə qərarları › İş №2(104)-2427/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2427/2023

11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2427/2023 11.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-138/2023 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 08 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 10520,73 ABŞ dolları əsas, 12236,28 ABŞ dolları faiz, 693,91 ABŞ dolları cərimə borcu və xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmaqla 1534,15 ABŞ dolları əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 24985,07 ABŞ dolları borcun və 217,42 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh mülkiyyətində olan Bərdə şəhəri, Babək küçəsində yerləşən 4 otaqlı, 103.2 kv.m ümumi sahədən ibarət 3/3 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bərdə şəhəri, Babək küçəsində yerləşən 4 otaqlı, 103.2 kv.m ümumi sahədən ibarət 3/3 nömrəli fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh mülkiyyətində olan Bərdə şəhəri, Babək küçəsində yerləşən 4 otaqlı, 103.2 kv.m ümumi sahədən ibarət 3/3 nömrəli fərdi yaşayış evinə yönəldikdə və satıldıqdan 1 ay sonra Cavabdeh və digər şəxslərin Bərdə şəhəri, Babək küçəsində yerləşən 4 otaqlı, 103.2 kv.m ümumi sahədən ibarət 3/3 nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh və digər şəxslərin həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-138/2023 saylı 14 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Q.Əbilov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh kredit müqaviləsi üzrə 10520.73 ABŞ dolları əsas, 8.815,94 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə borcu, 1534.15 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 20,920.82 ABŞ dolları qətnamə icra olunan vaxt Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə alınaraq İddiaçı ASC-yə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətindəki Bərdə rayon Babək küçəsində 3/3 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən 4 otaqlı, 103.2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə və 0.05 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 54000 (əlli dörd min) manat müəyyən edilməsi, həmin əmlak açıq hərracdan satılmaqla kredit borcunun bu əmlakın dəyərindən tutulması və artıq qalan məbləğin mülkiyyətçilərə qaytarılması, ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində Cavabdeh həmin fərdi yaşayış evindən və çıxmazsa, onun məcburi qaydada çıxarılması və həmin fərdi yaşayış evinin boşaldılması, qalan hissədə iddia tələbinin təmin olunmaması, Cavabdeh iş üzrə ödənilmiş 217.42 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqının alınaraq İddiaçı ASC-yə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 150 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən 01 iyun 2023-cü il tarixdə Bərdə Rayon Məhkəməsinin 2(021)- 138/2023 saylı 14 mart 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş, Bərdə Rayon Məhkəməsinin 2(021)-138/2023 saylı 02 iyun 2023-cü il tarixli qərardadı ilə qətnamədən şikayət verilməsi müddəti üzürsüz səbədən buraxıldığından apellyasiya şikayəti geri qaytarımışdır. Daha sonra Cavabdeh 25 iyul 2023-cü il tarixdə prosessual müddətin bərpasına dair ərizə vermiş, Bərdə Rayon Məhkəməsinin 2(021)- 138/2023 saylı 25 iyul 2023-cü il tarixli qərardadı ilə ərizəsi geri qaytarılmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə prosessual müddətin bərpasına dair ərizə verərək göstərmişdir ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkmişdir. Sözügedən qətnamə ona rəsmi olaraq çatdırılmamışdır. Uzun illər həbsdə olduğundan qətnaməni ailə üzvləri onunla görüşə gələndə xx.xx.2023cü il tarixdə gətirmişlər və 1 ay müddəti ötürmədən vaxtında apellyasiya şikayəti vermişdir. Göstərilənlərə əsasən hesab edir ki, buraxılmış prosessual müddətin ötürülməsi üzürlü sayılmalı və apellyasiya şikayəti baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilməlidir. Bərdə Rayon Məhkəməsinin 2(021)- 138/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 2(021)-138/2023 saylı, 15 avqust 2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün iş materialları ilə birlikdə 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək hesab edir ki, şikayət təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)- 138/2023 saylı və xx.xx.2023-cü il tarixli 2(021)-138/2023 saylı qərardadları ləğv edilərək yeni qərardad çıxarılmalı, Bərdə Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2(021)- 138/2023 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verməsi üçün prosessual müddət bərpa edilərək sözügedən qətnamədən verilmiş apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bərdə rayon Məhkəməsinin 2(021)-138/2023 saylı 14 mart 2023-cü il tarixli qətnaməsinin surəti 17 mart 2023-cü il tarixli məktubla poçt vasitəsilə tərəflərə göndərilmiş, həmin qətnaməni Cavabdeh ailə üzvü olan oğlu 22 aprel 2023-cü il tarixdə xəbərnaməyə imza etməklə almış, apellyasiya şikayəti isə qətnamənin alındığı gündən 01 ay 8 gün müddət keçdikdən sonra məhkəməyə daxil olmuşdur. Göründüyü kimi Cavabdeh həmin məhkəmə qətnaməsindən xəbəri olmuş, lakin heç bir üzürlü səbəb olmadan apellyasiya şikayətini verməmişdir. Cavabdeh Bərdə rayon Məhkəməsinin 2(021)-138/2023 saylı 14 mart 2023cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddəti heç bir üzürlü səbəb olmadan ötürmüşdür. Azərbaycan Respublikası MPM-in 357.1 və 357.2-ci maddələrinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Prosessual müddətin bərpasına dair ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə müəssisəsinin 09 iyun 2023-cü il tarixli 44 nömrəli arayışından görünür ki, Əliyev X3 Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-in 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilmiş, 27 sentyabr 2018-ci il tarixdən 09 iyun 2023-cü il tarixədək cəza müddətini çəkmişdir. Yəni Cavabdeh 27 sentyabr 2018-ci il tarixdən 09 iyun 2023-cü il tarixədək azadlıqdan məhrum etmə yerində olmuşdur. Belə olduğu halda Cavabdeh tərəfindən qeyd olunan qətnamədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin üzrlü səbədən buraxıldığı mübahisəsizdir. Cavabdeh ərizə ilə müraciət edərək buraxılmış müddətin bərpa edilməsini və şikayətinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsində təsbit olunmuş İnsan və vətəndaş hüquqularının müdafiəsi adlanan maddəsində göstərilir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsində isə göstərilir ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 08 may 2008-ci il tarixli Qərarında oxşar məsələ ilə bağlı hüquqi mövqeyini aşağıdakı qaydada nümayiş etdirmişdir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq-hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konstitusiya Məhkəməsi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli Qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” qərarına istinadla qeyd etmişdir ki, “ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir”. Konstitusiya Məhkəməsi həmin qərarında həmçinin göstərmişdir ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak etməmiş cavabdehin prosessual müddətin bərpasına dair ərizəsini təmin etməməklə, onu yuxarı məhkəmə instansiyasına müraciət etmək, bununla da, onun apellyasiya instansiyası məhkəməsində öz hüquq və azadlıqlarını müdafiə etmək hüququndan məhrum etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilərək Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-138/2023 saylı və xx.xx.2023cü il tarixli 2(021)-138/2023 saylı qərardadları ləğv edilərək yeni qərardad çıxarılmalı, Bərdə Rayon Məhkəməsinin Gəncə Kommersiya Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(021)-138/2023 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verməsi üçün prosessual müddət bərpa edilərək sözügedən qətnamədən verilmiş apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-in 398.0 və 398.0.3-cü maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 133, 264, 398, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-138/2023 saylı və xx.xx.2023-cü il tarixli 2(021)-138/2023 saylı qərardadları ləğv edilərək yeni qərardad çıxarılsın. Bərdə Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(021)-138/2023 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verməsi üçün prosessual müddət bərpa edilsin. Bərdə Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(021)-138/2023 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilsin və baxılması üçün Mülki Kollegiyaya verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar