Məhkəmə qərarları › İş №2(104)-2433/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2433/2024

16.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2433/2024 16.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “əmlakın cavabdehin qanunsuz sahibliyindən geri alınması” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 24 sentyabr 2024-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Gəncə Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 137 nömrəli, 30 dekabr 2019-cu il tarixli sərəncamına əsasən İddiaçı Gəncə şəhəri, Nizami prospekti ilə Heydər Əliyev prospektinin kəsişməsinin şərq tərəfində 12 x 4 metr ölçüdə yüngül konstruksiyadan, daşınan ticarət köşkünün qoyulmasına icazə verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi məhkəməyə müraciət edərək, istifadəsində olan Gəncə şəhəri, Nizami prospekti ilə Heydər Əliyev prospektinin şərq tərəfində yerləşən 12 x 4 metr ölçüdə olan ticarət köşkünün cavabdehin qanunsuz sahibliyindən geri alınması və cavabdehin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Xankəndindən olan məcburi köçkün kimi Gəncə şəhəri, Nizami prospekti ilə Heydər Əliyev prospektinin şərq tərəfində yerləşən 12 x 4 metr ölçüdə olan ticarət köşkündə ticarətlə məşğul olur. Gəncə şəhəri, Nizami prospekti ilə Heydər Əliyev prospektinin şərq tərəfində yerləşən 12x4 metr ölçüdə olan ticarət köşkü uzun müddətdir ki, onun istifadəsindədir. Gəncə Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 137 nömrəli, 30 dekabr 2019-cu il tarixli sərəncamına əsasən ona Gəncə şəhəri, Nizami prospekti ilə Heydər Əliyev prospektinin şərq tərəfində yerləşən 12x4 metr ölçüdə olan ticarət köşkünün qoyulmasına sərəncam verilmişdir. İstifadəsində olan həmin qeyri-yaşayış sahəsini tanışı Fərhad vasitəsi ilə cavabdehə icarəyə vermişdir. Cavabdeh onun icarə haqqını bir müddət ödədikdən sonra artıq son aylardır ki, icarə haqqını ödəmir. Dəfələrlə o, cavabdehə xəbərdarlıq etmişdir ki, ya icarə haqqını ödəsin, ya da qeyri-yaşayış sahəsindən çıxsın. Lakin cavabdeh onun qeyriyaşayış sahəsini təhvil verməkdən imtina edir. Hesab edir ki, cavabdehin bu hərəkətləri onun hüquqlarını pozur. Cavabdeh iddia tələbinə etirazının onunla əsaslandırmışdır ki, həmin köşkü Fərhad adlı şəxs qoymuşdur, 2020-ci ildə sözügedən ticarət köşkünü Fərhad adlı şəxsdən hər ay 2700 manat qarşılığında icarəyə götürmüşdür. Bir müddət – 1 il 2 ay işlədəndən sonra Fərhad adlı şəxs Bakıya getdiyini bildirərək ticarət köşkünü satışa çıxarmışdır, 2022-ci ildə maşınını satıb, bankdan kredit götürərək Fərhad adlı şəxsə həmin köşk üçün 70.000 manat məbləğində pul vermişdir. İddiaçını tanımır və bu günədək görməmişdir. Köşkün heç bir hüquqmüəyyənedici sənədi yoxdur, həmin köşklər şəhid ailələrinə verilmişdir. Fərhad adlı şəxsə köşkün müqabilində 70.000 manat məbləğində pul verərkən ondan heç bir sənəd tələb etməmişdir. Həmin köşkü tikib ərazisini artırmışdır. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – Şəhər Məhkəməsi) 2(125)-3695/2024 nömrəli iş üzrə qəbul etdiyi 24 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim F.Fərhadov) iddia tələbi təmin edilmiş, Gəncə şəhəri, Nizami prospekti ilə Heydər Əliyev prospektinin kəsişməsinin şərq tərəfində qoyulmasına İddiaçı icazə verilmiş 12x4 metr ölçüdə yüngül konstruksiyadan, daşınan ticarət köşkünün Cavabdeh qanunsuz sahibliyindən geri alınması və Cavabdeh həmin ticarət köşkündən əşyaları ilə birlikdə çıxarılması qət olunmuşdur. Şəhər Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, sözügedən ticarət köşkünün qanuni sahibinin iddiaçı olması işin mübahisəsiz halları ilə müəyyən edilir. Həmin ticarət köşkünün cavabdehin qanunsuz sahibliyində və istifadəsində olması da iş materialları, eləcə də cavabdeh tərəfin izahatı ilə təsdiq edilir. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, Cavabdeh həmin qeyri-yaşayış sahəsindən istifadə edir. Lakin Cavabdeh mübahisə predmeti olan ticarət köşkünün onun qanuni sahibliyində və istifadəsində olması halı ilə bağlı hər hansı mötəbər sübutunu məhkəməyə təqdim edə bilməmişdir, əksinə cavabdeh sözügedən ticarət köşkünə dair hər hansı hüquqmüəyyənedici sənədinin olmadığını etiraf etmişdir. Cavabdeh ümumi sözlərlə sözügedən qeyri-yaşayış sahəsini Fərhad adlı şəxsdən satın adlığını bildirmiş, sözügedən şəxsin kimliyi, onun həmin əmlaka aidiyyəti barədə, ümumiyyətlə qeyd etdiyi halları və beləliklə də iddianın əsassızlığını təsdiq edən hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Şəhər Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2, 152.3, 157.2, 158.1.2, 158.2, 159, 164.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1, 14.2, 76.1, 76.2, 77.1, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri 2022-ci il tarixdə Fərhad adlı şəxs mübahisə predmeti olan Gəncə şəhəri, Nizami prospekti ilə Heydər Əliyev prospektinin şərq tərəfində yerləşən obyekti satmaq istədiyini cavabdehə bildirmiş, həmçinin obyektin sənədlərinin qaydasında olmadığını, lakin sənədləri tam qaydasına qoyub cavabdehin adına rəsmiləşdirəcəyi barədə razılığa gəldikdən sonra 70.000 manat müqabilində cavabdehə satmışdır. Həmçinin cavabdeh özünə məxsus “Prado” markalı avtomobilini sözügedən obyekti almaq üçün dəyərindən aşağı qiymətə, yəni 37.000 manata satıb, yerdə qalan pulu isə öz tanışlarımın köməkliyi ilə düzəldib şahidlərin iştirakı ilə öz aralarında alğı-satqı etmişdir. Bundan başqa birinci instansiya məhkəməsi işdə olan sübutlara düzgün qiymət verməmiş və iş üzrə gəldiyi yekun nəticə işin faktiki halları ilə uzlaşmamışdır. Belə ki, iddiaçı mübahisə edilən Gəncə şəhəri, Nizami prospekti ilə Heydər Əliyev prospektinin şərq tərəfində yerləşən obyektin 12 x 4 ölçüdə olduğunu iddia etsə də, lakin işdə olan Gəncə ŞəhərNizami Rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 2019-cu il tarixli 137 №-li sərəncamından görünür ki, Gəncə şəhəri, Nizami prospekti ilə HeydərƏliyev prospektinin şərq tərəfində İddiaçı tərəfindən 8 x 4 metr ölçüdə yüngül konstruksiyadan, daşınan ticarət köşkünün qoyulmasına icazə verilmişdir. Bu ziddiyyətli məqamlar məhkəmə tərəfindən araşdırılmamışdır. Birinci instansiya məhkəməsi isə mübahisəli obyektin ölçülərini 12 x 4 ölçüdə qeyd etməklə və cavabdehin məhz həmin ərazidən çıxarılmağı barədə qətnamə qəbul etməklə qətnamənin qanuniliyini və həqiqiliyini şübhə altında qoymuşdur. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəlillərinə uyğun izahat vermişdir. Cavabdeh apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdehin apellyasiya şikayətində qətnaməni tam mübahisələndirilir. Ona görə də, Məhkəmə birinci instansiyası məhkəməsinin aktını tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə, hesab edir ki, Rayon Məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, Gəncə Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 137 nömrəli, 30 dekabr 2019-cu il tarixli sərəncamından görünür ki, həmin sərəncamla Gəncə şəhəri, Nizami prospekti ilə Heydər Əliyev prospektinin kəsişməsinin şərq tərəfində 12 x 4 metr ölçüdə yüngül konstruksiyadan, daşınan ticarət köşkünün qoyulması barədə İddiaçı icazə verilmişdir. Göstərilənə və tərəflərin izahatlarına əsasən apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, mübahisəli köşkə dair sənədlər iddiaçının adına olsa da, cavabdeh tərəfindən istifadə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.8, 164.2-ci və 165.1-ci maddələrinin tələblərinin işin müəyyən edilmiş hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, cavabdehin mübahisəli köşk üzərində istifadəsi qanunsuzdur və iddiaçı həmin köşkdən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır. Cavabdehin həmin köşk üzərində istifadəsinin qanuni əsaslarla həyata keçirilməsini təsdiq edən mötəbər sübutlar iş materiallarında mövcud deyil. Köşkün müəyyən ərazidə yerləşdirilməsinə icazə barədə sərəncam iddiaçının adına verilmişdir və həmin sərəncam hal-hazırda da qüvvədədir. Cavabdeh bildirir ki, o, mübahisəli köşkü 70.000 manat ödəməklə Fərhad adlı şəxsdən satın almışdır. Bu səbəbdən də iddia təmin edilə bilməz. Bununla bağlı Məhkəmə bildirir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən prosessual hüquq normalarının tələblərindən müzakirə edilən mülki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, bu kimi xüsusatı bildirən cavabdeh mübahisəli köşkü məhz iddiaçıdan satın almasını təsdiq edə biləcək mötəbər sübutları məhkəmələrə təqdim etməlidir, çünki Mülki Məcəllənin 181.4-cü maddəsinə görə, mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Lakin cavabdeh iddiaya dair etirazının, habelə qətnamədən verdiyi apellyasiya şikayətinin dəlinin əsası kimi istinad etdiyi halı sübut edə bilmir. Qeyd edilrməlidir ki, şahid ifadələri də köşkün cavabdeh tərəfindən qanuni əsaslarla satın alınmasını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Bu baxımdan hesab edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən dəlili əsassızdır – formal mülahizə xarakteri daşıyır. Apellyasiya şikayətinin daha bir dəlili isə ondan ibarətdir ki, məhkəməyə köşkün qoyulması barədə fərqi məzmunda 2 sərəncam təqdim olunmuşdur. Belə ki, həmin sənədin birində mübahisəli köşkün ölçüləri 12 x 4 qeyd olunsa da, digər sənəddə bu ölçülər 8 x 4 olaraq göstərilmişdir. Bununla bağlı Məhkəmə bildirir ki, işdə olan sənədlərə, o cümlədən məhkəmə iclas protokollarına əsasən müəyyən olunur ki, iddiaçı məhkəməyə Nizami Rayon İcra Hakimiyyəti başçısının 137 nömrəli, 30 dekabr 2019-cu il tarixli sərəncamın notarial qaydada təsdiq edilmiş surətini təqdim etmiş və həmin sərəncamda mübahisəli köşkün ölçüləri 12 x 4 olaraq qeyd olunmuşdur. Ölçüləri 8 x 4 olan köşkün qoyulması barədə sərəncamın fotosurəti isə cavabdeh tərəfindən təqdim olunmuş, həmin sənəd fotosurət olduğundan, sənədin əsli və ya müvafiq qaydada təsdiq olunmuş surəti təqdim olunmadığına görə, məhkəmə həmin fotosurət olan sənədi sübut kimi qəbul etməmişdir. Bu baxımdan Məhkəmə hesab edir ki, müzakirə edilən məsələyə aid apellyasiya şikayətinin dəlilləri əsassızdır – formal mülahizə xarakteri daşıyır və qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Beləliklə apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Gəncə Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş 24 sentyabr 2024cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar