Məhkəmə qərarları › İş №2(104)-2446/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2446/2023

03.11.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2446/2023 03.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı, nümayəndəsi Vəkil və cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı” tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(042)-665/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində cavabdeh tərəfindən verilmiş əmrin ləğv olunmasına, onun əvvəlki vəzifəsinə bərpa olunmasına, qətnamə icra olunan vaxta kimi məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsinə, 50 manat mediasiya xərcinin, 500 manat vəkil xidmət haqqının cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 18 iyul 1991-ci ildən 08 fevral 2023cü il tarixinə kimi Gədəbəy Rayon X13 Hüquqi şəxsində müxtəlif vəzifələrdə işləmişdir. İşlədiyi müddətdə heç bir qayda pozuntusuna yol verməmişdir. Cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan 2023-cü ilin fevral ayının 8-də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işindən azad edilmişdir. Dəfələrlə cavabdehə müraciət etməsinə baxmayaraq cavabdeh tərəfindən əvvəlki işinə qayıtması mümkün olmamışdır. Cavabdeh tərəfindən işdən azad olunarkən hesab edir ki, qaydalar pozulmuşdur. O, işlədiyi müddətdə heç bir qanun pozuntusuna yol verməmişdir. Əgər hər hansı qayda pozuntusuna yol vermişsə, bəs nə üçün onun izahatı alınmamışdır? Onun vəzifədən azad olunması işlədiyi kollektivində, həmkarlar təşkilatında müzakirə olunmamış, onların bu barədə fikirləri soruşulmamış və rəsmi olaraq münasibəti öyrənilməmişdir. Eyni zamanda işindən azad olunacağı barədə ona qabaqcadan rəsmi xəbərdarlıq olunmamışdır. İş buraxmasına səbəb isə ölkə xaricində müalicə alması olmuşdur. Bu barədə şifahi qaydada rəhbərliyə məlumat vermişdir. Lakin cavabdeh onun bu müraciətinə əhəmiyyət verməmişdir. Eyni zamanda cavabdehin onu işdən azad etməsi ilə bağlı olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti X8 tərəfindən də müvafiq araşdırılma aparılmışdır. Həmin araşdırma zamanı müəyyən olunmudur ki, 06 fevral 2023-cü il tarixində onun barəsində müvafiq tədbir görülməsi üçün Gədəbəy rayon Səhiyyə X9 Şurasına müraciət edilmiş və xx.xx.2023-cü il tarixdə Gədəbəy rayon Səhiyyə X9 Şurasının razılığına əsasən xx.xx.2023-cü il tarixli PHŞ6-38/3-1-73/2023 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən verilərkən, son haqq-hesab pulunun əmək haqqı kartına köçürülərkən, eyni zamanda onun barəsində qeyd olunan əmr verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187.2-ci maddəsinin tələbləri pozularaq xitam verildiyi müəyyən olunmuşdur. Bu səbəbdən də Gədəbəy rayon X13 hüquqi şəxsin direktoru X10 barəsində Azərbaycan Respublikası İXM-nin 192.6 (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi) maddəsinə uyğun olaraq 29 mart 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin araşdırma zamanı X18 Xidmətinin X2 xx.xx.2023-cü il tarixli 3-17-5/2-10309/2023-cü il tarixli, PHŞ-6-38/3-1- 73/2023 nömrəli əmrin ləğv edilib nəticəsi barədə X18 Xidmətinin X8nə məlumat verilməsi tələb olunmuşdur. Lakin bu günə kimi tələb yerinə yetirilməmişdir. Hesab edir ki, cavabdeh müəsisədə fasiləsiz və nöqsansız fəaliyyəti, şəxsiyyəti, praktikası və kollektivdəki, nüfuzu, ailə vəziyyəti əsas verirdi ki, cavabdeh onun barəsində qeyd olunan əmri verməsin. Göründüyü kimi cavabdeh ona qarşı qərəzçilik etmiş, bu halların heç birinə əhəmiyyət verməmiş, heç bir ciddi əsas olmadan ona qarşı aqressivlik göstərərək, onu işdən azad etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(042)-665/2023 saylı qətnaməsi ilə (hakim M.Kazımov) iddia təmin edilməmişdir. İşdə olan sübutlar: Gədəbəy RİHB-nın Əlinağlar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən Gədəbəy Rayon X13 hüquqi şəxsinə ünvanlanmış 21 noyabr 2023-cü il tarixli məktubdan görünür ki, Əlinağılar kəndində qeydiyyatda olan İddiaçı yaxın qohumlarının dediyinə görə xx.xx.2022-ci il tarixdən Rusiya Federasiyasına getmişdir. Hal-hazırda ərazidə yoxdur. Gədəbəy Rayon X13 hüquqi şəxsin direktorunun 21 noyabr 2022-ci il tarixli əmrinin surətindən görünür ki, İddiaçı 01 avqust 2022-ci il tarixdən işə davam etmədiyi üçün üzrlü səbəb təqdim edənədək işdən kənarlaşdırılmışdır. Gədəbəy Rayon Səhiyyə X9 Şurasının 07 fevarl 2023-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı vəzifəsindən azad edilməsinə razııq verilmişdir. Gədəbəy Rayon X13 hüquqi şəxsin direktorunun 08 fevral 2023-cü il tarixli, PHŞ-6- 38/3-1-73/2023 saylı əmrinin surətindən görünür ki, Gədəbəy Rayon X13 hüquqi şəxsin Əlinağılar kənd həkim məntəqəsinin fəhləsi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əsasən xitam verilmişdir. Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” Əlinağılar KHM-nin fəhlə vəzifəsinə təyin edilmişdir. “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktoru Firdovsi Sarıyevin 08 fevral 2023-cü il tarixli, PHŞ-6-38/3- 1-73/2023 №-li əmrinə əsasən “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” Əlinağılar KHM-nin fəhləsi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Gədəbəy Rayon X13 Hüquqi Şəxsi tərəfindən İddiaçı ünvanlanmış 27 yanvar 2023cü il tarixli məktubdan görünür ki, İddiaçı tərəfindən təqdim edilmiş xəstəlik sənədlərinə Gədəbəy Rayon X13 Hüquqi Şəxsin tərkibində olan Həkim Məsləhət komissiyasında baxılmış və müəyyən edilmişdir ki, həmin sənədlər onun işə gəlmədiyi dövrü əhatə etmir, davamlı deyildir və xəstəlik vərəqləri arasında fasilələr olduğu üçün üzrlü sənədlər hesab edilməmişdir. Həmçinin İddiaçı daha 10 iş günü müddətinə vaxt verilməklə işə gəlmədiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdədək olan müddət üçün üzrlü səbəbdən sənədlər təqdim etmədiyi halda müəssisə ilə bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı xəbərdar edilmişdir. Gədəbəy Rayon X13 hüquqi şəxsin Həkim Məsləhət Komissiyasının xx.xx.2023-cü il tarixli protokolundan çıxarışın surətindən görünür ki, İddiaçı tərəfindən təqdim edilmiş tibbi sənədlərin 2022-ci ilin avqsut ayından işə gəlmədiyi dövrü əhatə etmədiyi, davamlı olmadığı müəyyən edilmiş və xəstəlik vərəqləri arasında fasilə olduğu üçün üzrlü sənədlər hesab edilməmişdir. Gədəbəy Rayon X13 Hüquqi Şəxsin direktoru tərəfindən Gədəbəy Səhiyyə X9nın sərdi Ceyhun Məmmədova ünvanlanmış 06 fevral 2023-cü il tarixli məktubdan görünür ki, Gədəbəy Rayon X13 Hüquqi Şəxsin Əlinağlar kənd HM-in fəhləsi İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işə gəlməmişdir. İşə gəlmədiyi müddət ərzində heç bir üzrlü sənəd təqdim etməmişdir. Ona görə də onun barəsində qanuna müvafiq qaydada tədbir görülməsi xahiş edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(104)-338/2023 saylı qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin DƏMX X8 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Gədəbəy Rayon X13 hüquqi şəxsin direktoru X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(042)-130/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı 15 dekabr 2022-ci il tarixdən 21 dekabr 2022-ci il tarixədək stasionar müalicədə olmaqla, işdən azad edilmişdir. Gədəbəy Rayon X13 hüquqi şəxsin 21 noyabr 2022-ci il tarixli, 187 nömrəli əmrinin surətindən görünür ki, Gədəbəy Rayon X13 hüquqi şəxsin Əlinağılar kənd həkim məntəqəsinin tibb bacısı X11 İddiaçı 01 avqust 2022-ci il tarixdən işə davam etməməsinə baxmayaraq davamiyyət cədvəli təqdim etməsinə, bununla da əmək və icra intizamının pozulmasına görə şiddətli töhmət verilmişdir. 05 dekabr 2022-ci il tarixli qəbzdən görünür ki, 975 manat X17 tərəfindən Gədəbəy Rayon X13 hüquqi şəxsin hesabına ödənilmişdir. Apellyasiya şikayətinin dəlilləri. Gədəbəy Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(042)-665/2023 saylı qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(042)-665/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, işdən azad olunarkən ona heç bir xəbərdarlıq olunmamış, həmkarlar təşkilatının iclası keçirilməmiş və onun izahatı alınmamışdır. Sonradan formal olaraq protokollar tərtib olunmuşdur. Əgər o, hansısa qayda pozuntusuna yol vermişdirsə, nə üçün onun izahatı alınmayıb? Yaxud nə üçün o, iş yerindən müsbət xasiyyətləndirilmişdir? Onun əmək haqqı kartına əmək haqqı ödənilib. Göründüyü kimi qanun normaları imkan verir ki, işə götürən işçiyə hörmətlə yanaşsın. Uzun müddət müəsisəsdə fəaliyyəti və qüsürsuz fəaliyyəti əsas götürülsün və işçi hər adi bir şeyin bəhanəsi ilə cəzalanmasın. Lakin cavabdehin ona münasibəti aqressiv olmaqla, ikili olmuşdur. Onun və ailə üzvülərinin onun əmək haqqına ehtiyacı vardır. Çox imkansız halda yaşayır. Ailəsinin başqa yerdən qazancı yoxdur. Məhkəmə təqdim etdiyi sübutları obyektiv qiymətləndirməyib. Eyni zamanda cavabdeh tərəf məhkəməyə heç bir mötəbər sübut təqdim etməyib. Halbuki, onun uzun müddət bu kollektivdə işləməyi və pozuntunun obyektiv səbəbdən yaranması və tez bir zamanda həmin pozuntunun aradan qaldırılması, kollektivin ona münasibəti əsas verirdi ki, məhkəmə onun iddia tələbini tam təmin etsin. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş bütün hallar qanunvericiliyin tələblərinə uyğun deyildir və əsassızdır. Məhkəmə hansı daxili inamı əsasında iddianı rədd edib?. Birinci instansiya məhkəməsi iddianı rədd etməklə, Mülki Prosessual qanunverciliyin tələblərini pozmuş, gəldiyi nəticə tamamilə əsassız və qanunsuz olmuşdur. Məhkəməyə təqdim etdikləri vəsatətlər, mötəbər sübutlar müzakirə olunmamışdır. Hər şeydən əvvəl o müqavilə əsasında işləmir. İşə müddətsiz qəbul olunmuşdur. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etdiyini bildirib, şikayətin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o bir aylıq müddətinə məzuniyyətə çıxmasına dair avqust ayının 26-da ərizə yazıb getmişdir. Lakin, Rusiya Federasiyasında müalicə aldığı zaman ona zəng etmişlər ki, onu işdən azad etmişlər. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, övladları Rusiya Federasiyasında yaşadığından müalicə üçün həmin ölkəyə getmişdir. Məzuniyyətə çıxmağına dair ərizə yazsa da məzuniyyət pulu almamışdır. Xəstəxanın direktorunun qəbulunda işdən çıxarıldıqdan sonra olmuş, o cümlədən ona xəstəxana tərəfindən hər hansı bir yazılı müraciət daxil olmamışdır. Poçt göndərişinin verilməsi barədəki imza isə ona məxsus deyildir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi X3 izahat verib bildirmişdir ki, 21 noyabr 2022-ci il tarixdə Gədəbəy Rayon X13 Hüquqi Şəxsin Əlinağılar kənd həkim məntəqəsində yoxlama zamanı İddiaçı 01 avqust 2023-cü il tarixdən işə gəlməməsi və davamiyyət jurnalına imza etməməsi müəyyən edilmiş və buna dair Əlinağlar kənd İƏD üzrə nümayəndəliyindən müvafiq arayış da alınmışdır. İddiaçı tərəfindən məzuniyyətə çıxmasına dair ərizə də yazılmamışdır. Noyabr ayının axırlarında isə iddiaçı Rusiya Federasiyasından geri qayıtmış və yaxın adamları ilə işdən azad olunmaması üçün bir neçə dəfə xəstəxananın direktorunun yanında olmuşdur. Lakin, ona işdə olmadığı bir neçə ay üçün üzürlü səbəblərinə dair sübut təqdim etməsi təklif olunmuş, hətta iddiaçıya buna dair rəsmi məktub da göndərilməsinə baxmayaraq, iddiaçı işə gəlməməsinin üzürlü səbəbləri barədə sübut təqdim edə bilməmişdir. İddiaçı tərəfindən bir neçə xəstəlik sənədi təqdim olunmuşdur ki, həmin sənədlər ambulator müayinə sənədləri olmaqla, üzrlü sənədlər hesab edilməmişdir. İddiaçının vəkilinin suallarına cavabında isə bildirmişdir ki, iddiaçıdan yazılı izahat alınmamış, lakin xəstəxanın direktorunun qəbulunda olarkən işə çıxmamasının səbəbləri barədə şifahi izahat vermişdir. Yazılı izahat verməməsinin səbəbi isə iddiaçının izahat verməkdən imtina etməsi olmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər

2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar

Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;

Maddə 80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar

1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

Maddə 186. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri

3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

Maddə 187. İntizam tənbehinin verilməsi qaydaları

1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instasniya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Gədəbəy Rayon X13 hüquqi şəxsin Əlnağılar kənd həkim məntəqəsinin fəhləsi İddiaçı 01 avqust 2022-ci il tarixdən işə çıxmadığı, həmin aydan Rusiya Federasiyasında olduğu müəyyən edilmiş, işə çıxmamanın səbəblərinin müəyyən edilməsi üçün 21 noyabr 2022-ci il tarixdə İddiaçı işdən kənarlaşdırılması barədə əmr verilmişdir. İddiaçı 2022-ci ilin noyabr ayının axırlarında Azərbaycana qayıtdıqdan sonra Rusiya Federasiyasına müalicə olunmaq üçün getdiyini bildirdiyindən ona şifahi qaydada buna dair müvafiq sənədləri təqdim edilməsi təklif edilmiş, iddiaçı tərəfindən 25 yanvar 2023-cü il poçt vasitəsilə Rusiya Federasiyasında və respulika ərazisində müayinə və müalicə olunmasına dair sənədlər işəgötürənə təqdim olunmuş, Həkim Məsləhət Komissiyasında həmin sənədlərə baxılmış və sənədlərin İddiaçı işə çıxmadığı dövrləri əhatə etmədiyi, davamlı olmadığı, xəstəlik vərəqələri arasında fasilələr olduğu məlum olmuşdur. Belə ki, təqdim olunmuş sənədlərdə iddiaçı Rusiya Federasiyasında 31 avqust 2002-ci il tarixdə və 19 noyabr 2022-ci il tarixdə 1 günlük həkim müayinəsində olması, Azərbaycana qayıtdıqdan sonra isə 15 dekabr 2022-ci il tarixdən 21 dekabr 2022-ci il tarixədək X24 xəstəxanasında stasionar müalicə alması müəyyən olunmuşdur. Bundan sonra cavabdeh tərəfindən 27 yanvar 2023-cü il tarixdə İddiaçı xəstəliyini təsdiq edən sənədlərin təqdim edilməsi üçün daha 10 gün vaxt verilmişdir. Lakin, iddiaçı işdə olmadığı müddət ərzini əhatə edən dövr üzrə müalicədə olması ilə bağlı hər hansı bir sənəd təqdim etməmişdir. 06 fevral 2023-cü il tarixdə İddiaçı işdən azad olunması ilə bağlı müvafiq razılığın verilməsi üçün Gədəbəy Rayon Səhiyyə X9 Şurasına müraciət edilmiş, Gədəbəy Rayon Səhiyyə X9 Şurası isə 07 fevral 2023-cü il tarixdə iddiaçının işdən azad edilməsinə müvafiq razılığını verdikdən sonra, 08 fevral 2023-cü il tarixdə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Bundan başqa X16 Xidmətinin X8 tərəfindən İddiaçı işdə azad olunması zamanı əmək qanunvericiliyini pozulub-pozulmaması araşdırılmış və Gədəbəy Rayon X13 Hüquqi Şəxsin direktoru X4 barəsində İddiaçı əmək müqaviləsinə əmək qanunvericiliyinin tələtləri pozulmaqla xitam verilməsi müəyyən edilmiş, bununla da İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında qərar əsasən X6 Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsinə əsasən şərti olaraq 1500 manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh təyin edilmişdir. Lakin, X21 tərəfindən həmim inzibati tənbeh vermə haqqında qərardan Gədəbəy Rayon Məhkəməsinə şikayət verilmişdir. Şikayətə baxılaraq Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(042)-130/2023 saylı qərarı ilə şikayət təmin edilmiş, Azərbaycan Respublikası ƏƏSMN Yanında DƏMX X2 29 mart 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh verilmə haqqında qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. DƏMX X8 tərəfindən həmin qərardan verilmiş apellyasiya şikayəti isə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(104)-338/2023 saylı qərarı təmin edilməmiş, Gədəbəy Rayon X13 Hüquqi Şəxsin direktoru X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(042)-130/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası iddiaçının ona işdən azad edilərkən izahat verməsinin təklif edilməməsi ilə bağlı şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iddiaçının 2022-ci ilin noyabr ayının axırlarında Rusiya Federasiyasından geri qayıtdıqdan sonra işdən azad olunmaması üçün bir neçə dəfə xəstəxananın direktorunun qəbulunda olmasına və ona işdə olmadığı bir neçə ay üçün üzürlü səbəblərə dair sübut təqdim edilməsinin təklif edilməsinə dair izahat vermişdir ki, cavabdehin nümayəndəsinin bu izahatı işin faktiki halları ilə öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında Rusiya Federasiyasında müalicə aldığı zaman ona zəng edilərək işdən azad edildiyini bildirmişdir ki, 2022-ci ilin avqust ayından işə çıxmamasına baxmayaraq, 18 yanvar 2023-cü il tarixdə məzuniyyətə çıxmaq istəməsi adı altında ərizə ilə xəstəxanın rəhbərliyinə müraciət etməsi və müraciətinə Rusiya Federasiyasında olduğu zaman həkim müayinəsindən keçməsinə dair sənədləri və 2022-ci ilin dekabr ayında isə əmək qabiliyyətinin olmamasına dair bir həftəlik vərəqni təqdim etməsi faktı onun barəsində müvafiq araşdırmanın aparılmasından xəbərdar olmasını təsdiq etmişdir. Hərçənd ki, cavabdeh təşkilatın 21 noyabr 2022-ci il tarixli əmri ilə iddiaçını üzrlü səbəb təqdim edənədək işdən kənarlaşdırılmasına dair əmr verməsi faktı da iddiaçıya işə gəlməməsinin üzürlü səbəblərinin təqdim edə bilməsi üçün lazımı şəraitin yaradılmasını təsdiq etməkdədir ki, qeyd olunan hallar iddiaçının yazılı izahat verməməsinə baxmayaraq, şifahi qaydada işəgötürənə izahat verməsini və müvafiq sənədləri təqdim etməsini təsdiq etməkdədir. Həmkarlar təşkilatının iclasının keçirilməməsi ilə bağlı iddiaçının şikayətinin dəlili isə iş materiallarına əlavə edilmiş Gədəbəy Rayon Səhiyyə X9 Şurasının 07 fevral 2023-cü il tarixli iclas qərarı ilə istisna olunmuşdur. Bundan başqa iddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatında 26 avqust 2022-ci il tarixdə bir aylıq müddətinə məzuniyyətə çıxmasına dair ərizə yazıb getdyini bildirsə də iddia ərizəsində bu barədə şifahi qaydada rəhbərliyə məlumat verdiyini qeyd etmişdir ki, bununla da iddiaçının izahatlarında ziddiyyət olmaqla, onun işəgötürənə hər hansı bir məlumat vermədən və icazə almadan işə çıxmamasını təsdiq etmişdir. İddiaçının işləmədiyi dövr ərzində bank kartına əmək haqqı məbləğinin köçürülməsinə münasibətdə isə qeyd olunur ki, iş materiallarında əlavə edilmiş Gədəbəy Rayon X13 hüquqi şəxsin 21 noyabr 2022-ci il tarixli, 187 nömrəli əmrinin surətindən görünür ki, Gədəbəy Rayon X13 hüquqi şəxsin Əlinağılar kənd həkim məntəqəsinin tibb bacısı X11 İddiaçı 01 avqust 2022-ci il tarixdən işə davam etməməsinə baxmayaraq davamiyyət cədvəli təqdim etməsinə, bununla da əmək və icra intizamının pozulmasına görə şiddətli töhmət verilmiş, X17 da təqsirli hərəkətləri nəticəsində işəgötürənə zərər vurduğunu qəbul etməklə, 05 dekabr 2022-ci il tarixdə 975 manat zərər məbləğini Gədəbəy Rayon X13 hüquqi şəxsin hesabına ödəmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsində və şikayətində kollektivdə nüfuzunun olmasını və müsbət xarakterizə olunmasını əsas gətirərək, işdən azad edilməsi üçün kifayət qədər əsas olmadığını iddia etmişdir ki, məhkəmə kollegiyası iddiaçının qeyd olunan dəlilini də əsassız hesab etmişdir. Belə ki, işin faktiki hallarından müəyyən olunur ki, iddiaçı 01 avqust 2022-ci il tarixdən 2022-ci ilin noyabr ayının sonunadək işə çıxmamışdır ki, Əmək Məcəllənin 72-ci maddəsinin tələbinə əsasən işçinin üzürsüz səbəbdən bir iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud pozuntusu hesab olunur. İddiaçı isə təxminən 4 ay müddətinə işə çıxmamışdır ki, qeyd edilən hal işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu və peşəkarlıq səviyyəsini nəzərə alınması üçün əsas hesab oluna bilməz. 4 aylıq müddətdə işçinin işə çıxmaması iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozmaqla, işəgötürənin qanunla qorunan mənafelərinə mənfi təsir etməkdədir. Həmçinin, iddiaçının işdə olmasına baxmayaraq, müəyyən şəxslərlə birgə təqsirli hərəkət etməklə əmək haqqı alması isə işəgötürənə zərər vurulmasına gətirib çıxaran hal hesab olunur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayətinin dəliləri əsassız olmaqla, cavabdehin iddiaçı barəsində tətbiq etdiyi intizam tənbehi qanuni və əsaslı olmuş və intizam tənbehi tətbiq edilərkən əmək qanunvericiliyinin tələblərinə riayət olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, gəlinmiş nəticə işin hallarına uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Buna görə də Gədəbəy Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(042)-665/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Gədəbəy Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(042)-665/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Gədəbəy Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(042)-665/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(042)-665/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar