Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-245/2024 13.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (oğlu) X5, həmçinin etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qeyri yaşayış binasından çıxarılma, obyektin qapısının açılması və əşyalarla birlikdə obyektin təhvil verilməsi, həmçinin icarə haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 16 iyun 2023-cü il tarixli 2(125)-447/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus Gəncə şəhəri Atatürk prospektinin şimal başlanğıcında, Dəmir yolunun mədəniyyət evinin şərq tərəfində yerləşən qeyri-yaşayış binasından məcburi qaydada çıxarılması, obyektin qapısının açılması, ona məxsus əşyaları ilə birlikdə onlara təhvil verilməsi, cavabdehin ona məxsus qeyri-yaşayış binasının işlədilməsi ilə bağlı ödəməli olduğu 10000 manat icarə haqqının cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək qeyd etmişdir ki, Cavabdeh obyektin icarə haqqı olaraq 10000 manat pul tələb etmişlər. Cavabdeh artıq 12 aydır hər ay 3000 manat icarə haqqını ödəmir. Ona görə də iddia tələbinin həcmini artıraraq hər ay üçün 3000 manat olmaqla 12 ay üçün Cavabdeh ümumilikdə 36000 manat icarə haqqının tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 16 iyun 2023-cü il tarixli 2(125)-447/2023 nömrəli qətnaməsi ilə (hakim Cavid Tağıyev) iddia təmin edilərək, Cavabdeh Gəncə şəhəri, Atatürk prospektinin şimal başlanğıcında, Dəmir Yolunun mədəniyyət evinin şərq tərəfində yerləşən qeyri-yaşayış binasından məcburi qaydada çıxarılması; Həmin obyektin qapısı açılaraq əşyaları ilə birlikdə İddiaçı təhvil verilməsi; Cavabdeh əldən çıxmış fayda olmaqla 10.000 (on min) manat məbləğində zərər alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Atatürk prospektinin şimal başlanğıcında, Dəmir Yolunun mədəniyyət evinin şərq tərəfində yerləşən, əsas sahəsi 220 kv.m olan "Oznura" kafesini 2022-ci ilin aprel ayında 2 ay sınaq müddəti ilə cavabdehin icarəsinə vermişdir. Mərhum ərinə məxsus qeyri-yaşayış sahəsinin hər ayına görə 3000 manat pul almağa razılaşmışdır. Cavabdeh ilk olaraq ona 2000 manat pul vermişdir. 900 manatı isə qaza-işığa görə verməli olmuşdur. İyun ayının 10-da cavabdeh ona icarə haqqı verməli idi. O, ayın 10-da icarə haqqını istəmişdir. Cavabdeh bildirmişdir ki, ayın axırı gəlsin. O, isə Bakıya gedəcəyini və pulu kartına göndərməsini bildirmişdir. 29 iyunda yenə cavabdehə zəng edib pulu istədikdə cavabdeh pulu poçtla göndərdiyini demişdir. O, poçta gedib pulun 900 manatının göndərildiyini görmüşdür. Niyə pulun hamısını göndərmədiyini soruşmuş cavabdeh isə pulu 2-3 günə göndərəcəyini demişdir. Bundan sonra cavabdeh onun telefonunu götürməmişdir. O, obyektə getdikdə ona müxtəlif bəhanələr gətirib ondan gizlənmişlər. Ən nəhayət o, yenə obyektə getdikdə obyektin qapısının qıfılını dəyişdiklərini görmüşdür. Artıq 5 aydır ki, cavabdehlər obyekti istifadə edib icarə haqqı vermirlər. Obyektin istifadə edilməsinə görə işığa, qaza, suya görə borc yaranmışdır. Bu pul da ödənilməmişdir. Bir sözlə özünə məxsus obyektə onu buraxmamışdırlar. Onlara görə obyektə baxış keçirib ərazi idarəsi çıxarış verə bilmir. İş materiallarında olan: Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyət başçısının xx.xx.2014-cü il tarixli, 760 nömrəli sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, Atatürk prospektinin şimal başlanğıcında, Dəmir Yolunun mədəniyyət evinin şərq tərəfində yerləşən 220,0 kv.m torpaq sahəsində X6 tərəfindən iaşə obyektinin yerləşdirilməsinə icazə verilmişdir; Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 X1 Ekspertiza Baş idarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 19173 nömrəli rəyin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, Atatürk prospektinin şimal başlanğıcında, dəmir yolu mədəniyyət evinin şərq tərəfində iaşə üzrə bütün işlərin Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılmışdır; Bakı şəhəri 54 saylı notariat ofisi tərəfindən AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Müvafiq Ərazi İdarəsinə ünvanlanmış məktubun surətindən görünür ki, X4 xx.xx.2019-cu il tarixdə vəfatı ilə əlaqədar vərəsə İddiaçı müraciəti əsasında vərəsələrin dairəsi müəyyən olunmuş və vərəsəlik işi açılmışdır. X4 vərəsəsi İddiaçıdır. Bununla əlaqədar Gəncə şəhəri, Atatürk prospektinin şimal başlanğıcında, Dəmir Yolunun mədəniyyət evinin şərq tərəfində (220.0 kv metr torpaq sahəsində) yerləşən iaşə obyektinə dair Çıxarışın vərəsəsi İddiaçı verilməsi xahiş olunmuşdur; xx.xx.2022-ci il tarixli, 1 nömrəli icarə müqaviləsinin surətində qeyd olunmuşdur ki, İddiaçı tərəfindən Gəncə şəhəri, Atatürk prospektinin şimal başlanğıcında, Dəmir Yolunun mədəniyyət evinin şərq tərəfində yerləşən əsas sahəsi 220 kvm olan “Öznura” kafesini xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək hər il üçün 500 manat icarə haqqı ödənilməsi şərti ilə Cavabdeh icarəyə vermişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/486 nömrəli rəyindən görünür ki,xx.xx.2022-ci il tarixli İcarə müqaviləsinin “İcarəyə verən” qrafasında “M.Y” yazılarının üst hissəsindəki imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, İddiaçı ilə aralarında imzalanmış 11 aprel 2022-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçı Gəncə şəhəri Atatürk prospektinin şimal başlanğıcında Dəmir Yolunun mədəniyyət evinin şərq tərəfində yerləşən, əsas sahəsi 220 kv.m olan “Öznura” kafesini illik icarə haqqı 500 manat olmaqla 31 dekabr 2027-ci il tarixədək ona icarəyə vermişdir. Bütün icarə dövrü üçün icarə haqqını ödəmək məqsədilə iddiaçıya ilkin olaraq 2000 manat əlbəəl ödəmiş, 900 manat isə poçt vasitəsilə göndərmişdir. Onun iddiaçıya icarə haqqı borcu qalmamışdır. Qaz, su və elektrik enerjisinə görə isə özü şəxsən ödənişlər etmişdir. Hətta obyektin köhnədən qalan kommunal borclarını da ödəmişdir. İşə baxan birinci instansiya məhkəməsi qətnamədə qeyd edir ki, tərəflər arasında şifahi razılaşmaya əsasən iddiaçı qeyd olunan obyekti cavabdehə aylıq 3000 manat ödəmək şərtilə verilməsi məhkəmə tərəfindən müəyyən edilmişdir. Lakin məhkəmə bu halı hansı sübuta əsasən müəyyən etdiyini qeyd etməmişdir. Çünki, bunu təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin heç bir sübuta söykənməyən izahatlarını inandırıcı hesab etmiş, müqavilənin illik 500 manata bağlanması barədə onun bildirdiklərini isə həqiqəti əks etdirmədiyi barədə qənaətə gəlmişdir. Halbuki, bunları bildirməklə yanaşı həm də vergi orqanında qeydiyyata alınmış və hazırda da qüvvədə olan icarə müqaviləsini məhkəməyə təqdim etmişdir. Yəni, əslində iddiaçının və onun nümayəndəsinin izahatlarında bildirikləri həqiqəti əks etdirmir. Belə ki, fiziki şəxsdir və sahibkarlıq fəaliyyətilə bağlı vergi ödəyicisidir. Mübahisəli obyekti də işlədib gəlirindən vergi ödəyə bilməsi üçün işlətdiyi obyektə dair rəsmi icarə müqaviləsi olmalıdır ki, onu vergi orqanında qeydiyyatdan keçirib, gələcəkdə vergiləri ödəyə bilsin. İddiaçının deməsindən belə çıxır ki, onun qeyd etdiyi 2 ay sınaq müddətində vergi orqanında qeydiyyatdan keçmədən fəaliyyət göstərəcəkdi? Bu isə mümkün deyil. Çünki rəsmi icarə müqaviləsi olmadan obyekt işlətsə buna görə qazandıqlarından qat-qat artıq cərimə edilər. Bundan başqa məhkəmə qətnamə çıxararkən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli xx.xx.2023-cü il tarixli 4/486 nömrəli rəyinə əsaslanmışdır. Həmin rəydə qeyd edilir ki, guya xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin “icarəyə verən” qrafasında “M.Y” yazılarının üst hissəsindəki imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında olan Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********45454100 saylı məktubundan və ona əlavə edilmiş icarə müqaviləsinin surətindən görünür ki, icarə müqaviləsini vergi orqanında qeydiyyata aldırmışdır. Əgər müqavilə saxta olsaydı onu necə dövlət orqanında qeydiyyata aldıra bilərdi? İcarə müqaviləsini iddiaçı özü tərtib etdirib, imzalayıb sonra ona təqdim etmişdır. Belə çıxır ki, iddiaçı qəsdən, yəni onu gələcəkdə “yükləmək” niyyətilə imzasını dəyişik çəkmişdir. Ekspert imzanın iddiaçıya məxsus olmamasına dair rəy vermiş olsa da, məhkəmə həmin rəyə əsasən onun obyektdən çıxarılmağı barədə qərar verə bilməzdi. Belə ki, qeyd etdiyi kimi hazırda da qüvvədə olan icarə müqaviləsi var, həmin icarə müqaviləsinin etibarsız hesab edilməsinə dair hər hansı məhkəmə qətnaməsi yoxdur. Bundan başqa məhkəmə iddia tələbinin 10000 manat əldən çıxmış faydaya aid hissədə, ümumiyyətlə, heç bir araşdırma aparmadan təmin etmişdir. Belə ki, obyekti boşaltmamağına görə iddiaçıya məhz 10000 (on min) manat əldən çıxmış fayda olaraq ziyan dəyməsini nə iddiaçı əsaslandırmamış, nə də buna aid hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə özü də iddia tələbini həmin hissədə təmin etməsini qətnamədə əsaslandırmamışdır. Apellyasiya şikayətinə dair tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, tərəflər arasında olmuş razılığa əsasən qeyri-yaşayış sahəsi aylıq 3000 manata icarəyə verilmişdir. Həmin razılıq şifahi şəkildə 2022-ci ilin aprel ayında olmuşdur. İddiaçı Cavabdeh iki ay müddətinə güzəşt etmişdir ki, iş fəaliyyətinə başlasınlar. Həmçinin tərəflər razılaşmışlar ki, əgər cavabdeh obyektdə normal gəlir əldə etsə, uzunmüddətli müqavilə bağlayarlar. İş materiallarında obyektin icarəyə verilməsi haqqında müqavilə İddiaçı tərəfindən imzalanmamışdır. Mübahisə predmeti olan obyekt Cavabdeh icarəyə verilməmişdən əvvəl başqa şəxsin icarəsində olmuşdur. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, Cavabdeh iddiaçıya ümumilikdə 3000 manat ödəmişdir. Razılığa görə iki ay güzəştdən sonra iyun ayından hər ay 3000 manat icarə haqqı ödənilməliydi. Obyekt hazırda Cavabdeh istifadəsindədir. Cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 3000 manat vəsaitin 1800 manatı icarə haqqı olmuş, qalan 1200 manat isə kommunal xərclərlə bağlı olmuşdur. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (oğlu) X5 da nümayəndə (vəkil) Vəkilla eyni məzmunlu izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». Apellyasiya baxışının hədlərini araşdıran məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermişdir. Sonuncu apellyasiya şikayətində qətnamənin tamamilə ləğv olunmasını xahiş etsə də, lakin şikayətin dəlillərindən müəyyən olunur ki, qətnamənin əsaslığı “Cavabdeh əldən çıxmış fayda olmaqla 10.000 (on min) manat məbləğində zərər alınaraq İddiaçı ödənilməsi” hissədə mübahisələndirilmişdir. Qətnamə digər hissələrdə mübahisələndirilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı yalnız mübahisələndirilən hissə üzrə yoxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməsini yoxlanılan hissədə lazımi qaydada əsaslandırmamış, mübahisənin həllinə tətbiq edilməli olan maddi hüquq normasının seçimi zamanı səhvə yol vermiş, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, İddiaçı iddia ərizəsində, habelə iddia tələbinin həcminin artırılması barədə ərizədə qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə görə Cavabdeh ödənilməmiş icarə haqqının tutulmasını xahiş etmişdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından göründüyü kimi tərəflər arasında icarə hüquq münasibətləri olmuşdur və hazırkı mübahisə də məhz həmin münasibətlərdən qaynaqlanmışdır. İşə baxan birinci instansiya məhkəməsi isə cavabdehin iddiaçıya məxsus iaşə obyektindən çıxmayaraq hüquqi əsas olmadan obyekti işlətməklə iddiaçıya əldən çıxmış fayda olaraq zərər vurduğu qənaətinə gəlmiş və əldən çıxmış fayda olaraq cavabdehdən iddiaçının xeyrinə 10000 manat maddi ziyan əvəzi tutmuşdur. Nəzərə almaq lazımdır ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırsınlar. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə yoxlanılan hissədə ləğv edilərək həmin hissədə işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatlarını dinləyib, yoxlanılan hissədə iddia tələbini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “Cavabdeh əldən çıxmış fayda olmaqla 10.000 (on min) manat məbləğində zərər alınaraq İddiaçı ödənilməsi” hissədə ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi icarə haqqının ödənilməsi hissədə qismən təmin edilməli, Cavabdeh 4200 manat icarə haqqı alınaraq İddiaçı verilməli, icarə haqqının ödənilməsinə dair qalan hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Gəncə şəhəri Atatürk prospektinin şimal başlanğıcında, Dəmir Yolunun mədəniyyət evinin şərq tərəfində yerləşən əsas sahəsi 220 kv.m olan iaşə obyekti iddiaçı Zeynəb Məmmədovanın mərhum əri X2 miras qalmış və həmin qeyri yaşayış sahəsi iddiaçının sahibliyində və istifadəsində olmuşdur. Bundan sonra tərəflər arasında olan şifahi razılaşma əsasında sözügedən qeyri yaşayış sahəsi Cavabdeh icarəyə verilmiş və sonuncu həmin obyektdə öz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdeh qeyri yaşayış sahəsinə dair icarə haqqını ödəmədiyindən İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri icarə hüquq münasibətlərindən yaranan mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki münasibətlərdən hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-in 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllənin 700.1-ci maddəsinə görə, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə görə, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə görə, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, Gəncə şəhəri Atatürk prospektinin şimal başlanğıcında, Dəmir Yolunun mədəniyyət evinin şərq tərəfində yerləşən əsas sahəsi 220 kv.m olan iaşə obyektinin İddiaçı Məhəmməd qızı tərəfindən Cavabdeh icarəyə verilməsi işin mübahisəsiz halıdır. Qeyd olunan hal iddiaçı tərəfin izahatı, o cümlədən cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri ilə öz təsdiqini tapır. Bununla yanaşı məhkəmə kollegiyası onu da qeyd edir ki, işin müəyyən olunmuş və faktiki hallarından göründüyü kimi mübahisə predmeti ola qeyri yaşayış sahəsi 2022-ci ilin aprel ayında İddiaçı tərəfindən Cavabdeh icarəyə verilmişdir. Beləliklə həmin vaxtdan onlar arasında icarə hüquq münasibətləri yaranmışdır. İddiaçı Cavabdeh qeyri yaşayış sahəsinə dair 12 ay üzrə icarə haqqı tələb etmişdir. Məhkəmə kollegiyası diqqətəlayiq bir xüsusatı qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı 27 fevral 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, 2022-ci ilin aprel ayında 2000 manat ödəniş etməklə iddiaçı ilə icarə müqaviləsi bağlamışdır və hal-hazırda obyekt işləmədiyinə görə icarə haqqı ödəmir (bax səhifə 168 məhkəmə iclas protokolu). Məhkəmə kollegiyası mübahiəli qeyri yaşayış sahəsinin 2022-ci ilin aprel ayında Cavabdeh icarəyə verilməsi və 2023-cü ilin fevral ayında həmin qeyri yaşayış sahəsinin cavabdehin icarəsində olması barədə işin hallarını əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, həqiqətən də iddiaçıya məxsus qeyri yaşayış sahəsi 12 ay ərzində cavabdehin icarəsində olmuşdur. İşin mübahisə doğuran tərəfi İddiaçı məxsus olan və Cavabdeh icarəyə verilmiş qeyri yaşayış sahəsinin icarə haqqının hansı məbləğdə olmasıdır. Çünki İddiaçı qeyri yaşayış sahəsinin Cavabdeh 3000 manata icarəyə verdiyini iddia etmiş, sonuncu isə apellyasiya şikayətinin dəlillərində icarə haqqının 500 manat olduğunu bildirmişdir. Kollegiya göstərir ki, iddiaçı tərəfindən qeyri yaşayış sahəsinin cavabdehə icarəyə verilməsi öz təsdiqini tapsa da, icarə haqqı məbləğinin məhz iddia tələbində göstərilən məbləğdə olmasını sübut etmə öhdəliyi Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddiaçının üzərinə düşür. Çünki, həmin normaya əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Lakin, iddiaçı tərəf bu sübutetmə öhdəliyinin öhdəsindən gələ bilməmiş və göstərilən halı sübuta yetirə bilməmişdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda da göstərildiyi kimi Cavabdeh apellyasiya şikayətinin dəlillərində iddiaçıya məxsus qeyri yaşayış sahəsini ondan 500 manata icarəyə götürdüyünü bildirmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı məxsus Gəncə şəhəri Atatürk prospektinin şimal başlanğıcında, Dəmir Yolunun mədəniyyət evinin şərq tərəfində yerləşən əsas sahəsi 220 kv.m olan iaşə obyektinin icarə haqqı məbləğinin 500 manat məbləğində olması müəyyən edilməlidir. Məhkəmə kollegiyası mübahisə predmeti olan qeyri yaşayış sahəsinin 12 ay üzrə Cavabdeh icarəsində olması və icarə haqqı məbləğinin 500 manat olması barədə işin hallarını sistemli şəkildə tədqiq edərək qeyd edir ki, Cavabdeh qeyri yaşayış sahəsinə görə İddiaçı ümumilikdə (12 x 500) 6000 manat icarə haqqı ödəməli olmuşdur. Lakin nəzərdən qaçırmaq olmaz ki, apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) izahatında bildirmişdir ki, Cavabdeh tərəfindən iddiaçıya 3000 manat vəsait ödənilmişdir, həmin vəsaitin 1800 manatı icarə haqqı olmuş, qalan 1200 manat isə kommunal xərclərlə bağlı olmuşdur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq qeyd edir ki, Cavabdeh tərəfindən İddiaçı ödənilmiş 1800 manat icarə haqqı onun 6000 manat icarə haqqı borcundan çıxılmalı və iddiaçıya verilməli qalıq icarə haqqı məbləği (6000- 1800=4200) 4200 manat məbləğində müəyyən edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə müəyyən olunur ki, Cavabdeh icarə müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə İddiaçı 4200 manat icarə haqqına görə borcu yaranmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, həmin vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.2, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 16 iyun 2023-cü il tarixli 2(125)-447/2023 nömrəli qətnaməsi yoxlanılan, yəni “Cavabdeh əldən çıxmış fayda olmaqla 10.000 (on min) manat məbləğində zərər alınaraq İddiaçı ödənilməsi” hissədə ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İcarə haqqının ödənilməsi hissədə iddia qismən təmin edilsin. Cavabdeh 4200 (dörd min iki yüz) manat icarə haqqı alınaraq İddiaçı verilsin. İcarə haqqının ödənilməsinə dair qalan hissədə iddia tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-245/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-245/2024
13.02.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver