Məhkəmə qərarları › İş №2(104)-2471/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2471/2023

02.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2471/2023 02.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, Şəmkir Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(076)-374/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı zəbt edilmiş əmlakın boşaldılması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən, İddiaçı MMC-nin X1 balansında olan Kür EATS-nın yerləşdiyi torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz tikilmiş, eni 4.40 m, uzunluğu 8 m (ümumilikdə 35,2 kv.m) ölçüdə tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin İddiaçı MMC-yə təhvil verilməsi və 100 manat dövlət rüsumunun cavabdehdən alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(076)-374/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim K.Məmmədov) iddia qismən təmin edilmiş, xx.xx.2018-ci il tarixli, 504–18–733 inventar nömrəli Texniki Pasport əsasında Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən, İddiaçı MMC–nin X1 balansında olan Kür EATS–nın yerləşdiyi torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş 0.0034 ha (34.04 kv.m) ölçüdə tikilinin cavabdehin öz vəsaiti hesabına sökülməsi və həmin torpaq sahəsinin İddiaçı MMC-yə təhvil verilməsi, Cavabdeh aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərcinin alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi, Cavabdeh 100 (bir yüz) manat məbləğində pulun alınıb İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(076)-374/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi Kür qəsəbəsinin keçmiş bələdiyyə sədri tərəfindən aralarında olan şifahi razılaşma əsasında 2019-cu ildə ona verilmiş, həmin torpaq sahəsinin bələdiyyə tərəfindən ona satılmasına dair alqı-satqı müqaviləsi sonradan rəsmişləşdiriləcəyi nəzərdə tutulmuşdur. Ancaq pandemiyanın başlaması ilə alqı-satqını rəsmişlədirmək mükün olmamışdır. Ona görə də, o, mübahisəli torpaq sahəsində sahibkarlıq məqsədi ilə 34,04 kv.m sahəsi olan tikilini inşa etdirərək istifadə etməyə başlamışdır.Tikintini başa çatdırıb uzun müddət istifadə etdikdən sonra iddiaçı tərəf ona qarşı hazırki iddia tələbi ilə müraciət etmişdir. Cavabdeh məhkəmə kollegiyasına iclasında verdiyi izahatında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini, Şəmkir Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(076)-374/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı MMC-nin nümayəndəsi X3 məhkəmə kollegiyasına iclasında verdiyi izahatında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, mübahisəli torpaq sahəsi İddiaçı MMCnin X1 balansında olmaqla, texniki pasportunda göstərilmişdir. Cavabdeh isə onların balansında olan mübahisəli torpaq sahəsində 2019-cu ildə heç bir qanuni əsas olmadan kosmetika mağazası tikmişdir. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Şəmkir Rayon Məhkəməsinin 04 iyul 2023cü il tarixli 2(076)-374/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(076)-374/2023 saylı qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya istansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prossesual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Cavabdeh apellyasiya şikayətinin dəlillərində Şəmkir Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(076)-374/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etsə də, şikayətin dəlillərində iddia tələbinin təmin edilmiş hissəsini mübahisələndirmişdir. Qətnamənin iddianın təmin edilməmiş hissəsi mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan: xx.xx.2018-ci il tarixli Texniki Pasportdan görünür ki, Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən və Kür EATS–na məxsus qeyri–yaşayış binası və 0.1233 ha torpaq sahəsi Rabitə və Texnologiyalar Nazirliyi İddiaçı Şəmkir MMC–nin Telekommunikasiya Qovşağının adına qeyd edilmişdir. xx.xx.2022–ci il tarixli aktdan görünür ki, Cavabdeh Kür EATS–na məxsus torpaq sahəsində eni 4.40 m, uzunluğu 8.0 m ölçüdə tikili inşa edilmişdir. xx.xx.2022–ci il tarixli pretenziya məktubundan görünür ki, Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən və Kür EATS–na məxsus torpaq sahəsinin boşaldılması, əks halda məhkəməyə müraciət olunacağı barədə cavabdeh xəbərdar edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023–cü il tarixli mütəxəssis rəyindən görünür ki, Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən, İddiaçı MMC–nin X1 balansında olan Kür EATS–nın yerləşdiyi torpaq sahəsində Cavabdeh tərəfindən tikili inşa edilmişdir və qeyd olunan tikili 0.0034 ha (34.04 kv.m) ölçüdə ərazini əhatə edir. Mübahisəli ərazi İddiaçı MMC–nin X1 balansındadır və mübahisəli torpaq sahəsi dövlət mülkiyyətinə məxsus torpaq sahəsidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 mart 2023–cü il tarixli 10/1597 saylı ekspert rəyindən görünür ki, Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən, İddiaçı MMC-nin X1 balansında olan Kür EATS–nın yerləşdiyi torpaq sahəsində Cavabdeh tərəfindən tikili inşa edilmişdir və qeyd olunan tikili 0.0034 ha (34.04 kv.m) ölçüdə ərazini əhatə edir. Mübahisəli ərazi İddiaçı MMC-nin X1 balansındadır və mübahisəli torpaq sahəsi dövlət mülkiyyətinə məxsus torpaq sahəsidir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən, İddiaçı MMC-nin X1 balansında olan Kür EATS–nın yerləşdiyi torpaq sahəsində Cavabdeh tərəfindən tikili inşa edilmişdir və qeyd olunan tikili 0.0034 ha (34.04 kv.m) ölçüdə ərazini əhatə edir. Mübahisəli ərazi İddiaçı MMC-nin X1 balansındadır və mübahisəli torpaq sahəsi dövlət mülkiyyətinə məxsus torpaq sahəsidir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində mübahisəli torpaq sahəsinin Kür qəsəbəsinin keçmiş bələdiyyə sədri tərəfindən aralarında olan şifahi razılaşma əsasında 2019-cu ildə ona verilməsini və həmin torpaq sahəsinin alqı-satqı qaydasında rəsmiləşdirilmədiyini göstərmişdir ki, bu hal da, iddianın əsaslılığını göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun üzərində sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(076)-374/2023 saylı qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(076)-374/2023 saylı qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar