Məhkəmə qərarları › İş №2(104)-25/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-25/2025

08.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-25/2025 08.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iş üzrə QƏTNAMƏ Hakimlər İsgəndərova Aygül Vulqar qızının sədrliyi və məruzəsi, Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-208/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. JN0061 KOD61021018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Bərdə Rayon Aqrar İslahat Komissiyasının 20 oktyabr 1997-ci il tarixli, 14 nömrəli qərarı ilə X9, X6 və X4 Bərdə rayonu, Çələbilər kəndində 2,47 ha torpaq sahəsi verilmişdir.

2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli çıxarışından görünür ki, Bərdə rayonu Çələbilər kəndində yerləşən 2,4654 ha pay torpaq sahəsi İddiaçı, X12 və X2 ümumi birgə mülkiyyətində olmaqla bu barədə daşınmaz əmlakın dövlət reyestrində 254 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır.

3. Bərdə rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 322-05/69 nömrəli arayışlarından görünür ki, X7 15 iyul 2006-cı il tarixdə, X12 07 noyabr 2009-cu il tarixdə Bərdə rayonu Çələbilər kəndində ölmüşdür.

4. 19 iyul 2022-ci il tarixli aktdan məlum olur ki, İddiaçı məxsus olan 2,4654 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları elektron məlumat bazasına əsasən GPS aləti ilə ölçülüb özünə tanıdılmışdır.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 23 dekabr 2022-ci il tarixli, **********403 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən qeyd edilmişdir ki, TEKUİS məlumat bazasına əsasən Torpağa mülkiyyət hüququna dair JN-0061 KOD61021018 saylı Dövlət aktı ilə Bərdə rayonu Çələbilər kəndində yerləşən X8, İddiaçı və və X3 mülkiyyətinə verilmiş 2,47 ha torpaq sahəsinin 1,01 ha hissəsindən Cavabdeh1, 1,22 ha hissəsindən isə X11 ilə Cavabdeh2 tərəfindən istifadə edilir. TEKUİS məlumat bazasına əsasən Torpağa mülkiyyət hüququna dair JN0061 KOD61021018 saylı dövlət aktı ilə Bərdə rayonu Çələbilər kəndində yerləşən X8, İddiaçı və X3 mülkiyyətinə verilmiş 2,47 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1, X11 və Cavabdeh2 məxsus (TEKUİS məlumat bazasına əsasən sənəd üzrə mülkiyyətlərinə verilmiş) torpaq sahələri ilə üst-üstə düşmür. Lakin cavabdehlərin naturada istifadə etdikləri torpaq sahələri ilə üst-üstə düşür.

6. Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2024-cü il tarixli, 10/7956 nömrəliekspert rəyində qeyd edilmişdir ki, TEKUİS məlumat bazasına əsasən, torpağa mülkiyyət hüququna dair JN-0061 KOD 61021018 saylı dövlət aktı ilə Bərdə rayonu Çələbilər kəndində yerləşən X8, İddiaçı və X3 mülkiyyətinə verilmiş 2.47 ha torpaq sahəsinin 1.01 ha hissəsi Cavabdeh1, 1.22 ha hissəsi isə X11 və Cavabdeh2 tərəfindən istifadə edilir. TEKUİS məlumat bazasına əsasən, torpağa mülkiyyət hüququna dair 4N- 0061 KOD 61021018 saylı Dövlət aktı ilə Bərdə rayonu Çələbilər kəndində yerləşən X8, İddiaçı və X3 mülkiyyətinə verilmiş 2.47 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1, X11 və Cavabdeh2 məxsus (TEKUİS məlumat bazasına əsasən sənəd üzrə mülkiyyətlərinə verilmiş) torpaq sahəsi ilə üst-üstə düşmür. Lakin, cavabdehlərin naturada istifadə etdikləri torpaq sahələri ilə üst-üstə düşür.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı X13 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Bərdə rayonu Çələbilər kəndində yerləşən xüsusi mülkiyyətinə verilmiş 2,47 ha pay torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmasına, onun həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona X12 və X10 ilə birlikdə Bərdə rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 20 oktyabr tarixli 14 saylı qərarına əsasən Bərdə rayonu Çələbilər kəndində 2,47 ha pay torpaq sahəsi verilmiş, həmin torpağa JN-0061 saylı kod61021018 olan dövlət aktı almışlar. Həmin torpaq sahəsi onlara tanıdılmış və onların sahibliyinə və istifadəsinə verilmişdir. Payçılardan atası X12 xx.xx.2009-cu ildə, bacısı X10 isə 15 iyul 2006-cı ildə vəfat etmişdir. Həmin torpaq sahəsini bir neçə ildir əkib becərib ailəsini dolandırır. Lakin 2021-ci ildən Cavabdeh1 və Cavabdeh2 onun sahibliyində və istifadəsində olan 2,47 ha pay torpaq sahəsini zəbt edərək onun istifadə etməsinə imkan verməmişdir.

9. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-208/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********57 nömrəli çıxarışa əsasən İddiaçı, X12 və X5 ümumi birgə mülkiyyətində olan Bərdə rayonu, Çələbilər kəndində yerləşən 2, 4654 ha torpaq sahəsindən çıxarılması və İddiaçı həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsi, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında torpaq sahəsindən istifadə etdiklərini etiraf etmişlər. Məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, cavabdehlərin TEKUİS məlumat bazasına əsasən sənəd üzrə mülkiyyətlərinə verilmiş torpaq sahəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür və digər ərazidə yerləşir. Lakin, cavabdehlərin naturada istifadə etdikləri torpaq sahəsi iddiaçının mülkiyyətində olmaqla döngə nöqtələrinin koordinatları elektron məlumat bazasına əsasən GPS aləti ilə ölçülüb özünə tanıdılmış torpaq sahəsi ilə üst-üstə düşür və nəticədə iddiaçıya məxsus torpaq sahəsinin cavabdehlərin istifadəsində olması məhkəməyə məlum olur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh2 qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-208/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə etirazın məzmunu ilə eynilik təşkil etmiş, əlavə qeyd olunmuşdur ki, məhkəmə iş üzrə torpaqşünaslıq ekspertizası təyin etmədən yekun nəticəyə gəlmişdir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək müdafiə etdi və təmin olunmasını xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.

16. İş üzrə cavabdehlərə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

18. Azərbaycan Respublikası Torpaq Məcəlləsi:

48. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. 65.1.Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. 67.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 84.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

19. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 217.4. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

20. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

21. İddia tələbindən məlum olur ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bərdə rayonu Çələbilər kəndində yerləşən xüsusi mülkiyyətinə verilmiş 2,47 ha pay torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmasına, onun həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, tələb təmin edilmişdir.

22. Hazırki apellyasiya şikayətində cavabdeh məhkəmə tərəfindən nəzərə alınan mütəxəssis rəyinin mötəbər sübut kimi qiymətləndirilə bilməməsini, torpaq sahəsinin iddiaçıya məxsus olmamasını irəli sürmüşdür.

23. İlkin olaraq məhkəmə tərkibi qeyd edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir və iş üzrə sübut etmə yükü iddiaçının üzərinə düşür, məhz o, cavabdehin torpaq sahəsindən çıxarılmasını tələb etdiyi torpaq sahəsinin mülkiyyətində olduğunu, həmin sahənin hazırki cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir.

24. Baxılan işdə cavabdehlərin çıxarılması tələb olunan torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Belə ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli çıxarışından görünür ki, Bərdə rayonu Çələbilər kəndində yerləşən 2,4654 ha pay torpaq sahəsi İddiaçı, X12 və X2 ümumi birgə mülkiyyətində olmuş, X7 15 iyul 2006-cı ildə, X12 isə 07 noyabr 2009-cu ildə ölmüşlər.

25. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 23 dekabr 2022-ci il tarixli, **********403 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, TEKUİS məlumat bazasına əsasən Torpağa mülkiyyət hüququna dair JN-0061 KOD61021018 saylı Dövlət aktı ilə Bərdə rayonu Çələbilər kəndində yerləşən X8, İddiaçı və və X3 mülkiyyətinə verilmiş 2,47 ha torpaq sahəsinin 1,01 ha hissəsindən Cavabdeh1, 1,22 ha hissəsindən isə X11 ilə Cavabdeh2 tərəfindən istifadə edilir. TEKUİS məlumat bazasına əsasən Torpağa mülkiyyət hüququna dair JN0061 KOD61021018 saylı dövlət aktı ilə Bərdə rayonu Çələbilər kəndində yerləşən X8, İddiaçı və X3 mülkiyyətinə verilmiş 2,47 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1, X11 və Cavabdeh2 məxsus (TEKUİS məlumat bazasına əsasən sənəd üzrə mülkiyyətlərinə verilmiş) torpaq sahələri ilə üst-üstə düşmür. Lakin cavabdehlərin naturada istifadə etdikləri torpaq sahələri ilə üst-üstə düşür.

26. Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2024-cü il tarixli, 10/7956 nömrəli ekspert rəyi ilə bildirilmişdir ki, TEKUİS məlumat bazasına əsasən, torpağa mülkiyyət hüququna dair JN-0061 KOD 61021018 saylı dövlət aktı ilə Bərdə rayonu Çələbilər kəndində yerləşən X8, İddiaçı və X3 mülkiyyətinə verilmiş 2.47 ha torpaq sahəsinin 1.01 ha hissəsi Cavabdeh1, 1.22 ha hissəsi isə X11 və Cavabdeh2 tərəfindən istifadə edilir. TEKUİS məlumat bazasına əsasən, torpağa mülkiyyət hüququna dair 4N-0061 KOD 61021018 saylı Dövlət aktı ilə Bərdə rayonu Çələbilər kəndində yerləşən X8, İddiaçı və X3 mülkiyyətinə verilmiş 2.47 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1, X11 və Cavabdeh2 məxsus (TEKUİS məlumat bazasına əsasən sənəd üzrə mülkiyyətlərinə verilmiş) torpaq sahəsi ilə üst-üstə düşmür. Lakin, cavabdehlərin naturada istifadə etdikləri torpaq sahələri ilə üst-üstə düşür.

27. Göründüyü kimi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli çıxarışla İddiaçı, X12 və X2 ümumi birgə mülkiyyətində olan və Bərdə rayonu Çələbilər kəndində yerləşən 2,4654 ha pay torpaq sahəsinin hal-hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz zəbt edilməsi mütəxəssis və ekspert rəyləri ilə sübut olunmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara hüquqi qiymət verilərək düzgün nəticəyə gəlinmişdir.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 19 aprel 2018-ci il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, “Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Bununla yanaşı, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir”.

29. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, iş üzrə 50 (əlli) manat ekspertiza xərci Cavabdeh2 aid edilməlidir.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 387, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-208/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. İş üzrə 50 (əlli) manat ekspertiza xərci- Cavabdeh2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X1 Agentliyi, KOD 210005, VÖEN **********, m/h AZ 41, NABZ ******************** SWİFT BİK CTREAZ 22, MEM VÖEN **********, hesab AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən, tərəflərə verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet ilə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar