Məhkəmə qərarları › İş №2(104)-2503/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2503/2023

30.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2503/2023 30.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Ərizəçi və Maraqlı şəxs3 Anatoli oğlunun iştirakları ilə, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-650/2023 nömrəli qətnaməsindən hüquq və maraqlarına toxunan şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri X10 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, özünün, yəni Ərizəçi mərhum X2 miras qalmış Göygöl şəhəri R.Nəsibov məhəlləsi bina 7, mənzil 05-də yerləşən 2 otaqlı yaşayış evinə dair mirası qəbul etməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-650/2023 nömrəli qətnaməsi ilə (hakim Qələmdar Abbasov) iddia təmin edilmiş, mərhum X2 miras qalmış MH seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2008-ci il qeydiyyat tarixli çıxarış əsasında verilmiş Göygöl (keçmiş Xanlar) şəhəri R.Nəsibov məhəlləsi ev 7, mənzil 5-də yerləşən 2 otaqlı yaşayış evinə dair mirası Ərizəçi qəbul etməsi və vərəsəliyin açılması faktının müəyyən edilməsi, bu qətnamənin hüquqların qeydiyyata alınması üçün əsas olması qət edilmişdir. Hüquq və maraqlarına toxunan şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri X10 3 saylı Gəncə Ərazi İdarəsi həmin qətnamədən apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-650/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəyə mülki mühakimə icraatı qaydasında baxılması mümkün deyildir. İşin hallarından görünür ki, ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün mirasın qəbul edilməsi və vərəsəliyin açılması faktının müəyyən edilməsi barədə müraciət etdiyi halda, heç bir hüquqi əsas göstərilmədən Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri X10 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə öhdəlik qoyularaq qanuni qüvvəsini almış qətnamənin icra olunması tələb edilmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi notariat orqan tərəfindən həyata keçirilir. Bu mənada qeyd olunan qətnamədə “Notariat haqqında” qanunun 17-ci maddəsinin tələbləri nəzərə alınmamışdır. Əlavə olaraq qətnamədə notariat orqan tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın102-ci bəndinin 3-cü hissəsində təsbit edilmiş tələblərin pozulması halı diqqətə alınmamışdır. Belə ki, Ərizəçi tərəfindən notariat orqanına mirasın vərəsə tərəfindən faktiki qəbul olunması ilə bağlı birbaşa və mötəbər sübutlar təqdim etməsinə baxmayaraq notarius vərəsəlik şəhadətnaməsi verməkdən əsassız olaraq imtina etmişdir. Beləliklə işə notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada deyil, mülki icraat qaydasında baxılmışdır. Bundan başqa bildirik ki, hüquqların dövlət qeydiyyatı özüözlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. İş üzrə hüquq və maraqlarına toxunan şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri X10 3 saylı Gəncə Ərazi İdarəsinə işə baxılmanın yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndəsi heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə kollegiyasının iclasında verdiyi izahatında apellyasiya şikayətinə etiraz edərək, bildirdi ki, birinci instansiya məhkəməsinin qətnaməsini qanuni və əsaslı hesab edir. Belə ki, mərhum X4 ilə 18 aprel 2006-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Onlar ailə qurandan sonra Anatolinin adına Göygöl şəhəri, R.Nəsibov məhəlləsi, ev 07, mənzil 05-də 2 otaqlı yaşayış evi almışlar və o, vəfat edənə kimi həmin evdə yaşamışlar. Həyat yoldaşı Anatoliy xx.xx.2015-ci il tarixdə ürək çatışmamazlığından vəfat edib, o, vəfat edəndən sonra mirası faktiki olaraq özü qəbul etmiş və bu gündə mirası özü idarə edir. Qeyd etdiyi kimi əri Anatoliydən miras qalmış yaşayış evini onlar birgə nikah dövründə əldə etmişlər. Mirası Anatoli qəbul etməmiş və Anatoli ögey oğlu olmaqla, 15 ildən çoxdur ki, ölkə xaricində yaşayır. Ona görə də, apellyasiya şikayətinin təmin olunmamasını və Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)- 650/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Maraqlı şəxs3 Anatoli oğlu məhkəmə kollegiyasının iclasında verdiyi izahatında apellyasiya şikayətinə etiraz edərək, bildirdi ki, birinci instansiya məhkəməsinin qətnaməsini qanuni və əsaslı hesab edir. Belə ki, mirası anası olan Ərizəçi qəbul etmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin olunmamasını və Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-650/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-650/2023 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Xanlar (Göygöl) şəhəri R.Nəsibov məhəlləsində istifadədə olan 0.066 ha torpaq sahəsində yerləşən 7 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində, 54.4 kv.m ümumi, 30.5 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 5 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 98 nömrəli vərəqində qeydiyyata alınmışdır. 18 aprel 2006-cı il tarixdə verilmiş AZ-İ 228481 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X5 ilə Ərizəçi nikahları 18 aprel 2006-cı ildə bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadları verilmişdir. Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 768706 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 24 oktyabr 2015-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Göygöl rayonu İcra Hakimiyyəti Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən 10 mart 2023-cü il tarixdə Ərizəçi verilmiş arayışdan görünür ki, həqiqətən onun mərhum əri X4 24 oktyabr 2015-ci il tarixdə ölmüşdür və ölən günədək Göygöl (keçmiş Xanlar) şəhəri Rövşən Nəsibov məhəlləsi ev 7, mənzil 5-də qeydiyyatda olmaqla yaşamışdır. Ərizəçi təqdim etdiyi sənədlərə və özünün verdiyi məlumata əsasən mərhum əri X3 1960-cı il təvəllüdlü həyat yoldaşı Ərizəçi, 1992-ci il təvəllüdlü Maraqlı şəxs2y qızı, 1993-cü il təvəllüdlü oğlu Maraqlı şəxs3 və 1974-cü il təvəllüdlü oğlu Maraqlı şəxs4 Anatoleviç adlı ailə üzvləri vardır. Maraqlı şəxs4 Anatoleviçin şəxsiyyətini təsdiq edən sənəd təqdim olunmadı. X1 ölən günədək ailəsi ilə birgə Göygöl (keçmiş Xanlar) şəhəri Rövşən Nəsibov məhəlləsi ev 7, mənzil 5-də yaşamışdır. Mərhumun valideynlərindən sağ qalanı yoxdur. QEYD: Ərizəçi ərinin sağlığında və ölümündən sonra hal-hazıra kimi Göygöl (keçmiş Xanlar) şəhəri Rövşən Nəsibov məhəlləsi ev 7, mənzil 5-də yaşayış qeydiyyatında olmaqla yaşayır. (vərəsələrin sayı barədə müraciət edən şəxs tərəfindən bildirilmişdir, gələcəkdə hər hansı hüquqi nəticələrə səbəb olacağı təqdirdə Göygöl Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyi heç bir məsuliyyət daşımır.). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Regional ASAN Xidməti Mərkəzində notariat ofisinin 03 mart 2023-cü il tarixli Maraqlı şəxs3 ünvanlanmış məktubdan görünür ki, müraciətə cavab olaraq ona bildirilmişdir ki, təqdim edilmiş sənədlərdən müəyyən olundu ki, qardaşınız orada qeydiyyatdadır və mirası faktiki qəbul etmişdir. Sizin ərizənizdən görsənir ki, qardaşınız vəfat etmişdir. Lakin onun ölüm haqqında şəhadətnaməsini təqdim edə bilmirsiniz. Ona görə də qardaşınızın ölüm faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Göygöl rayon Notariat ofisinə ünvanlanmış və təsdiq edilmiş Maraqlı şəxs3 Anatoli oğlunun və Quliyeva (Əliyeva) Elina Anatoli qızının ərizələrindən görünür ki, ataları X3 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mərhuma məxsus olan bütün miras əmlakdan özlərinə çatası miras payı qanunla müəyyən edilmiş müddət ərzində bilərəkdən qəbul etməmişlər və indi də etmirlər. Gələcəkdə müddətin bərpası üçün məhkəmə orqanlarına müraciət etməyəcəklər. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, mərhum X2 miras qalmış MH seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2008-ci il qeydiyyat tarixli çıxarış əsasında verilmiş Göygöl (keçmiş Xanlar) şəhəri R.Nəsibov məhəlləsi ev 7, mənzil 5-də yerləşən 2 otaqlı yaşayış evinə dair mirası Ərizəçi qəbul etməsi və vərəsəliyin açılması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmır. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının:

10. Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. 10.1. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. 10.2. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarında qərara almışdır ki:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Müraciət edən şəxslərin vərəsə olması mübahisə predmeti deyildirsə, mübahisə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariat orqanları vərəsəlik payının nisbətini göstərmədən müvafiq sənədi verməlidirlər. Həmin Qərarda qeyd edilir ki, “Mülki Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarı). Qüvvədə olan qanunvericilik ilə miras əmlakla əlaqədar vərəsəlik işlərinin həyata keçirilməsi sahəsində müvafiq sənədləşdirmənin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir.” İş materiallarından göründüyü kimi, Ərizəçi mərhum əri X2 miras qalmış Göygöl şəhəri R.Nəsibov məhəlləsi bina 7, mənzil 05-də yerləşən 2 otaqlı yaşayış evinə dair mirası qəbul etməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Halbu ki, onun tərəfindən mirasın qəbulu işin mübahisələndirilməyən halıdır. Belə olan halda, tərəf “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğun olaraq, məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Digər tərəfdən, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarında qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, yalnız vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli üçün məhkəməyə müraciət edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 384.0.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası heüsab edir ki, hazırkı işə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir.Birinci instansiya məhkəməsi isə işin yuxarıda qeyd edilən hallarını nəzərə almadan və mülki-prosessual qanunvericiliyin tələblərini pozaraq, hazırkı iddia tələbinə baxmışdır. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-650/2023 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Ərizəçiyə izah olunmalıdır ki, notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada məhkəməyə şikayət edə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261, 384,385,392, 402-407-ci maddələrini rəhbər tutaraq

Q Ə R A R A A L D İ:

Hüquq və maraqlarına toxunan şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri X10 3 saylı Gəncə Ərazi İdarəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-650/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Ərizıçiyə izah olunsun ki, notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada məhkəməyə şikayət edə bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar