Məhkəmə qərarları › İş №2(104)-2552/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2552/2024

20.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2552/2024 20.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X2 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Xocalı Rayon Məhkəməsinin 2(070)-397/2024 saylı, 29 noyabr 2024-cü il tarixli qərardadından Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 18 may 1997-ci il tarixdə doğulmuş X1 xx.xx.1999-cu il tarixdən onun və X3 tərəfindən övladlığa götürülmə faktının təsdiq edilməsi və həmin faktın vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xocalı Rayon Məhkəməsinin 2(070)-397/2024 saylı, 29 noyabr 2024-cü il tarixli qərardadı ilə iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina olunmuşdur. xx.xx.2024-cü il tarixdə Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə şikayətlə məhkəməyə müraciət edərək, Xocalı Rayon Məhkəməsinin 2(070)-397/2024 saylı, 29 noyabr 2024-cü il tarixli qərardadının ləğv olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırlmışdır ki, 18 may 1997-ci il tarixdə doğulmuş X1 xx.xx.1999-cu il tarixdən onun və X3 tərəfindən övladlığa götürülmə faktının təsdiq edilməsi və həmin faktın vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınması barədə qətnamə qəbul edilməlidir. Xocalı Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli 2(070)- 397/2024 saylı qərardadı ilə iddianın yolverilməzliyinə görə Ərizəçi (Maraqlı şəxs1 və Maraqlı şəxs2 maraqlı şəxs qismində göstərilməklə) “övladlığa götürmə faktının müəyyən edilməsinə dair” ərizəsinin icraata qəbul edilməsindən imtina olunmuşdur. Belə ki, məhkəmə qeyd edir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən onların bərpası mümkün olmamalıdır. Lakin görsənən odur ki, məhkəmə işi tam, hərtərəfli araşdımamışdır. Təqdim edilmiş sənədlərə və sübutlara obyektiv qiymət verməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görsənir ki, X4 vətəndaşlıq vəziyyəti aktlarında qeydi olmuşdur. Lakin inzibati Məhkəmə qaydasında həmin qeydlərin ləğv edilməsini məhkəmə görməzdən gəlmişdir. Məhkəmənin istinad etdiyi “sair səbəbdən onların bərpası mümkün olmamalıdır” hissəsi hesab edir ki, inzibati məhkəmə qaydasında ləğv edilmiş doğum qeydi “sair səbəb” hesab edilməklə hazırkı iş icraata götürülməlidir. Bundan başqa Məhkəmə qeyd edir ki, “ərizəçinin ərizəsindən də, göründüyü kimi xx.xx.1997-ci il tarixdə anadan olmuş X1 Ərizəçi tərəfindən övladlığa götürülməsi rəsmiləşdirilməmiş, buna dair qanunvericilikdə nəzərdə tutulmuş prosedura riayət olunmamışdır.” O zaman belə bir ritorik sual meydana çıxır ki, əgər o, övladlığa götürmə faktını rəsmiləşdirmişdir isə məhkəməyə övladlığa götürmə faktının təstiqinə nə ehtiyac vardır?! Məhkəmə işə mahiyyəti üzrə baxarkən araşdırmalı məsələləri icraata götürmə ilə bağlı məsələləri eyniləşdirərək Mülki Prosessual Məcəllənin tələblərini ciddi şəkildə pozmuşdur. Xocalı Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2(070)-397/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Xocalı Rayon Məhkəməsinin 2(070)-397/2024 saylı, 29 noyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, xx.xx.1997-ci il tarixdə anadan olmuş X1 Ərizəçi tərəfindən övladlığa götürülməsi rəsmiləşdirilməmiş, buna dair qanunvericilikdə nəzərdə tutulmuş prosedura riayət olunmamışdır. xx.xx.1997-ci il tarixdə anadan olmuş X1 Ərizəçi tərəfindən övladlığa götürülməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanda qeyd edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, qanunverici övladlığa götürmənin qeyd edilmə faktının müəyyən edilməsinin məhkəmə qaydasında baxılmasını nəzərdə tutmuşdur, övladlığa götürmə faktının deyil. Yəni məhkəmədə bu işlərə o zaman baxıla bilər ki, qeydiyyat orqanda övladlığa götürmə qeydi olmuş, hansısa səbəbdən həmin qeyd saxlanılmamış və həmin qeydiyyatın bərpası mümkün deyildir. Hazırkı vəziyyətdə isə iddiaçı uşağın onun övladı kimi qeydə alınması barədə qanunsuz qeydə istinad edir ki, həmin qeyd uşağın övladlığa götürülməsi ilə bağlı olmamış, uşağın onun öz övladı olması ilə bağlı olmuşdur ki, həmin qeyd də, məhkəmə qaydasında ləğv edilmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Odur ki, şikayət təmin edilməməli və Xocalı Rayon Məhkəməsinin 2(070)-397/2024 saylı, 29 noyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, Ərizəçi tərəfindən məhkəmə kollegiyasına ünvanlanmış ərizə və sənədlər işə materiallarına əlavə edilməlidir. Həmçinin ərizəçinin işə şifahi icraat qaydasında baılmasına dair vəsatəti əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, QƏRARAALDİ:

Xocalı Rayon Məhkəməsinin 2(070)-397/2024 saylı, 29 noyabr 2024-cü il tarixli qərardadından Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Xocalı Rayon Məhkəməsinin 2(070)-397/2024 saylı, 29 noyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar