Məhkəmə qərarları › İş №2(104)-256/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-256/2024

18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-256/2024 18.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X2 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı1 və Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı1 Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-258/2023 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə 18 sentyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, İddiaçı1 şikayət ərizəsi üzrə Cavabdeh2 barəsində cinayət işinin başlanması rədd edilmişdir.

2. Şikayət ərizəsi üzrə toplanmış K-1/3230 saylı rədd materialında olan İddiaçı1 tərəfindən yazılmış ərizədən görünür ki, o, Cavabdeh2 12 ədəd zirkon diş üçün ödədiyi 1000 manat pulu almış, geri qalan 800 manatı isə Elfaqın bir ay ərzində ödəyəcəyini bildirmişdir. Ona görə də, hər hansı şikayəti yoxdur və aparılan araşdırılmanın dayandırılmasını xahiş etmişdir.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsinin 46/KEŞ nömrəli ekspert rəyindən görünür ki, İddiaçı1 mütəxəssis müayinəsi zamanı hazırda onda ortopedik konstruksiyada tərpənmənin – laxlamanın, konstruksiyanın altındakı dişlərdə periodondit və parodontitin olduğu müəyyən edilmişdir ki, bu da göstərilmiş stomatoloji xidmətin qüsurlu texniki icrası ilə əlaqədar olmuşdur. İddiaçı1 müəyyən edilən periodontit xroniki olduğuna görə hazırda əksər dişlərin ekstraksiyasına (çıxarılma) ehtiyac vardır.

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 528/KEŞ nömrəli ekspert rəyindən görünür ki, İddiaçı1 mütəxəssis müayinəsi zamanı hazırda onda ağız boşluğunda 12 ədəd zirkon diş qapağının olduğu müəyyən edilmişdir. İddiaçı1 mütəxəssis müayinəsi zamanı hazırda onda aparılmış stomatoloji müalicələrlə əlaqədar ciddi qüsurların, diş əti və diş köklərində iltihabın olduğu müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar üst konstruksiyalar sökülməli, çəkim göstərişi olan dişlər ekstraksiya olunmalı, təkrar müalicələr aparılaraq yeni konstruksiya düzəldilməli və ehtiyac olarsa implant olmalıdır. Müalicəyə sərf olunacaq vəsaitinin miqdarının təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil.

5. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan müəssisələrdə zikron diş qapağının qoyulması xidməti həyata keçirilmir, diş əti və köklərinin təkrar müalicəsi konkret vəziyyətdən asılı olaraq bir neçə mərhələdə həyata keçirilə bilər. Bununla bağlı tələb olunan vəsait barədə konkret məlumat verilməsi mümkün deyil.

6. X1 həkim-stomotoloq Bəhruz Həsənov tərəfindən verilmiş məktubdan görünür ki, İddiaçı1 xx.xx.2024-cü il tarixində keçirilən 3D tomoqrafiya müayinəsi və vizual müayinə nəticəsində üst çənədə öncədən düzəldilmiş zirkonium körpüyəbənzər çıxmayan protezlərin dayaq dişlərinin bir neçəsi iltihablaşmış, tamlığı pozulmuş vəziyyətdə olduğu müəyyən olunmuşdur. Diş ətində və həmin dişlər ətrafında xroniki iltihab müşahidə olunur. Yuxarıda göstərilən problemlərə görə hər iki zirkonium konstruksiya sökülməli, çəkiləsi dişlər çəkilməli, təkrar müalicəsi tələb olunan dişlər təkrar müalicə olunmalı və yekun müalicə sonunda mümkün ortopedik konstruksiya planlaşdırılıb yenidən düzəldilməlidir. İltihablı nahiyələrdə sümük tamlığının pozulması səbəbilə və iltihablı bölgə olduğu üçün həmin nahiyələrə dərhal implantasiya mümkün deyil. Həmin nahiyələrə sağalma müddəti başa çatdıqdan sonra təkrar müayinə əsasında implantasiyanın mümkün olub-olmaması, əgər mümkündürsə, implant planlamasının kriteriyaları həmin vaxt müəyyənləşdirilə bilər. İcra olunmalı prosedurlar: Zirkonium konstruksiyaların sökülməsi (12x6=72AZN), Yuxarı sağ 5-ci və 6-cı dişlərin çəkilməsi (2x20=40AZN), Yuxarı sağ 2-ci və 3-cü dişlərin təkrar kanal müalicəsi(2x80=160AZN), Yuxarı sağ 7-ci diş təkrar kanal müalicəsi (100AZN), Yuxarı sol 6-cı dişin çəkilməsi (20AZN), Yuxarı sol 2-ci və 3-cü dişlərin təkrar kanal müalicəsi (2x80=160AZN), Yuxarı sol 7-ci dişin təkrar kanal müalicəsi (100AZN), Yuxarı sağ 2-ci və 3-cü yuxarı sol 2, 3 və 4-cü dişlərin zirkonium qapaqlarla bərpası (5x200=1000AZN), Yuxarı sağ 7-ci və sol 7-ci dişlərin zirkonium qapaqla bərpası, (2x200=400AZN), Hissəvi neylon protez (700AZN).

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı1 Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən dişlərinin yenidən bərpası üçün 4000 manat, vurulmuş mənəvi ziyana görə 6000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 120 manat olmaqla cəmi 10400 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin iyun ayında dişlərini düzəltdirmək üçün Tovuz rayon, Əyyublu kəndində stomatoloq kimi fəaliyyət göstərən Cavabdeh1 müraciət etmişdir. Cavabdeh ondan körpü formalı 12 ədəd zirkon diş üçün 1800 manat pul almışdır. Amma onun səhlənkarlıqla düzəltdiyi dişlər ağız hissəsini yara etmiş və artıq neçə aydır ki, qidalanmada çətinlik çəkir. Bundan başqa dişlərin agzında əmələ gətirdiyi yaraların ağrısından gecələr yata bilmir. Bunun üçün də məcbur qalıb mütəmadi olaraq ağrıkəsicilər qəbul edir. Qeyri-rəsmi əldə etdiyi məlumatlara əsasən cavabdehin diş düzəltməklə məşğul olmaq üçün heç bir rəsmi sənədi yoxdur. Dişləri ilə bağlı rentgen sənədlərindən görünür ki, cavabdehin ona qoyduğu dişlər onda fəsad yaratmış və artıq həmin dişlərin sökülərək zədələnmiş hissələrinin müalicə olunaraq dişlərin yenisi ilə əvəz olunması zəruri yaranmışdır. Eyni zamanda cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı keçirmişdir. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir.

9. Tovuz Rayon Məhkəməsinin 2(062)–258/2023 saylı mülki iş üzrə 21 fevral 2023cü il tarixli qətnaməsi (hakim Fərid Əliyev) ilə, iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı iddiasının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfindən cavabdehin düzəltdiyi dişlərə görə ağzında hər hansı yaraların, ümumiyyətlə hər hansı fəsadın olmasına dair mötəbər sübutlar təqdim edilməmişdir. Əksinə mübahisəsiz haldır ki, cavabdeh tərəfindən düzəldilmiş 12 ədəd zirkon dişin əvəzi kimi iddiaçının ona verdiyi 1800 manat pul ona qaytarılmışdır. İddiaçı yalnız şifahi olaraq bildirmişdir ki, müxtəlif klinikalarda ona düzəldilmiş dişlərin ağzına fəsad verməsi bildirilmişdir. Bu barədə tibbi sənəd təqdim etməmişdir. Digər tərəfdən məhkəmə onu da göstərir ki, həqiqətən də iddiaçıya qoyulmuş zirkon dişlərin onun ağzına fəsad verməsi halı olsa idi, iddiaçının şikayət ərizəsi üzrə polisdə araşdırılma aparılan zaman iddiaçı dişlərin dəyərini cavabdehdən alan kimi şikayət üzrə araşdırılmanın dayandırılmasını tələb etməzdi. Həmin vaxt iddiaçının 1800 manat pulu alan kimi şikayət ərizəsini geri götürməsi, habelə hazırda zirkon dişlərin yenə də onun ağzında olması kimi hallar məhkəməyə iddianı əsassız hesab etməyə əsas verir. İddiaçının təqdim etdiyi sübut kimi səs yazısı ilə bağlı məhkəmə göstərir ki, həmin səs yazısının hazırki iş üzrə hər hansı əhəmiyyəti yoxdur. Çünki iddiaçı özü polisdə araşdırılmanın aparılmasının dəymiş ziyan ona ödənildiyi üçün dayandırılmasını xahiş etmişdir. Digər tərəfdən iddiaçının həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət vermək hüququ vardır.

11. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 1096.1, 1096.2, 1097.1 və 1115-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 119.1 və 216-220-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı1 apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-258/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iş cavabdehin düzəltdiyi dişlər onun ağız hissəsində yaralar əmələ gətirmiş və həmin ağrılardan əziyyət çəkir. Məhkəmədə işə baxılarkən həmin dişlərin onun ağzına fəsad verib verməməsinin, həmin dişlərin ümumiyyətlə harada və hansı materialdan düzəldilməsinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunmasını xahiş etsə də, məhkəmə onun vəsatətini təmin etməmişdir. Dişləri ilə bağlı verdiyi müayinələrdən görünür ki, dişində palip əmələ gəlmiş və cərrahi əməliyyata ehtiyac vardır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, o, 2022-ci ilin iyun ayında dişlərini düzəltdirmək üçün Tovuz rayonu, Əyyublu kəndində stomatoloq kimi fəaliyyət göstərən Cavabdeh2 müraciət etmişdir. Cavabdeh ondan körpü formalı 12 ədəd zirkon diş üçün 1800 manat pul almışdır. Amma onun səhlənkarlıqla düzəltdiyi dişlər ağız hissəsini yara etmişdir və neçə aydır ki, qidalanmaqda əziyyət çəkir. Daha sonra cavabdeh tərəfindən 1800 manat pul geri qaytarılmışdır. Lakin, cavabdeh tərəfindən göstərilmiş stomatoloji xidmət nəticəsində dişlərində fəsadlar ağır olmuşdur və ağız nahiyəsində yerləşən dişlərdə yaranmış infeksiyalara və yaralar nəticəsində müalicə üçün xərcləri çoxalmışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsin məhkəmədən xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında göstərmişdir ki, cavabdeh tərəfindən iddiaçıdan aldığı 1800 manat pul ona geri qaytarılmışdır. Məhz bu əsasa görə iddiaçı polis şöbəsində şikayətçi olmamışdır. Hazırda iddiaçının yenidən cavabdehdən pul istəməsi əsassızdır. Çünki, ona dəymiş maddi ziyan ödənilmişdir. Eyni zamanda iddiaçının cavabdehə düzəldiyi dişlər hələ də cavabdehin ağzındadır. Cavabdeh həm dişlərin pulunu iddiaçıdan almış, üstəlik düzəldilən dişləri də ağzından çıxartdırmamışdır. Əgər düzəldilən dişlər iddiaçıya həqiqətən də şiddətli ağrılar vermişsə, onun ağzında yaralar yaranmışsa nə üçün iddiaçı həmin dişlərdən özü vəsaiti hesabına qurtulmur və ona çəkdiyi xərci tələb etmir. Eyni zamanda nə üçün polisdə araşdırma aparılan zaman iddiaçı araşdırmanın dayandırılmasını tələb etmişdir. Çünki cavabdehin düzəltdiyi dişlər iddiaçının ağzına hər hansı fəsad verməmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

17. İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

19. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

20. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

21. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

22. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

23. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2002-ci il tarixli Qərarı

24. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarı.

25. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əm-lak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

29. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir

33. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

36. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

37. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

38. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi;

39. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

40. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

41. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

44. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

46. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

47. İşin kollegiya tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, cavabdeh stomatoloq kimi fəaliyyət göstərir və iddiaçıya 1800 manat müqabilində 12 ədəd zirkon diş düzəlmişdir. Hazırda həmin dişlər iddiaçının ağzındadır və onun tərəfindən çıxartdırılmamışdır. İddiaçı cavabdehin düzəltdiyi zirkon dişlərdən məmnun qalmadığı üçün cavabdehdən pulunu tələb etmiş, cavabdeh isə öz növbəsində pulu vermədiyindən iddiaçı polisə şikayət ərizəsi ilə müraciət etmişdir. Onun müraciəti əsasında polisdə təhqiqat bölməsində araşdırılma başlanmışdır. Araşdırma aparılan zaman cavabdeh aldığı pulun 1000 manatını iddiaçıya qaytarmış, geri qalan 800 manatı isə bir ay ərzində qaytaracağını bildirmişdir. İddiaçı da onunla razılaşmış və şikayət ərizəsini geri götürmüşdür. İddiaçının şikayəti üzrə cinayət işinin başlanması xx.xx.2022-ci il tarixli qərarla rədd edilmişdir. Sonradan geri qalan 800 manat da iddiaçıya cavabdeh tərəfindən qaytarılmışdır. Hazırda isə iddiaçı həmin dişlərin ağzına verdiyi fəsadlara görə cavabdeh ona maddi ziyan kimi 4000 manat, keçirdiyi iztirablara görə isə mənəvi ziyan olaraq 6000 manat verməlidir.

48. İş materiallarından göründüyü kimi, apellyasiya şikayəti üzrə tərəflər arasında yaranmış mübahisə maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı yaranan mübahisədir və iddia tələbinin zərərin əvəzinin ödənilməsini müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi, habelə əlaqəli normalar əsasında həll edilmişdir.

49. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

50. Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

51. Mülki Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

52. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur.

53. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

54. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın rədd edilməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslı olmamışdır.

55. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

56. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

57. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

58. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

59. Məhkəmə kollegiyası tərəfindən məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertin xx.xx.2024-cü il tarixli, 528/KEŞ nömrəli rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı1 mütəxəssis müayinəsi zamanı hazırda onda ağız boşluğunda 12 ədəd zirkon diş qapağının olduğu müəyyən edilmişdir. İddiaçı1 mütəxəssis müayinəsi zamanı hazırda onda aparılmış stomatoloji müalicələrlə əlaqədar ciddi qüsurların, diş əti və diş köklərində iltihabın olduğu müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar üst konstruksiyalar sökülməli, çəkim göstərişi olan dişlər ekstraksiya olunmalı, təkrar müalicələr aparılaraq yeni konstruksiya düzəldilməli və ehtiyac olarsa implant olmalıdır. Müalicəyə sərf olunacaq vəsaitinin miqdarının təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil.

60. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən, həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.

61. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.

62. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Ekspert həmin rəyini əsaslandırmış, iddiaçı məhkəmə-tibbi müayinədə iştirak etmiş və əyani olaraq ağız boşluğu tibbi müayinə edilmişdir.

63. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı1 Cavabdeh1 tərəfindən göstərilən tibbi xidmətin keyfiyyətsiz olması və bunun nəticəsində sonuncu tərəfindən iddiaçıya maddi zərərin dəyməsi iş materialları ilə təsdiq olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaq olmaz.

64. Bu qətnamənin 53-cü bəndində qeyd olunan hallar işin faktiki halları ilə öz təsdiqini tapmışdır. Çünki, cavabdehin göstərdiyi keyfiyyətsiz stomatoloji fəaliyyətə görə iddiaçının ağız boşluğundan ciddi qüsurların, yəni diş əti və diş köklərində iltihabın olduğu müəyyən edilmişdir.

65. Məhkəmə kollegiyası cavabdehin hərəkət(siz)liyi nəticəsində iddiaçıya dəymiş maddi ziyanla bağlı qeyd edir ki, iddiaçıya dəymiş ziyanın müəyyən edilməsi üçün X3 sorğu verilmiş və İddiaçı1 xx.xx.2024-cü il tarixində keçirilən 3D tomoqrafiya müayinəsi və vizual müayinə nəticəsində - Zirkonium konstruksiyaların sökülməsi (12x6=72AZN), yuxarı sağ 5-ci və 6-cı dişlərin çəkilməsi (2x20=40AZN), yuxarı sağ 2-ci və 3-cü dişlərin təkrar kanal müalicəsi (2x80=160AZN), Yuxarı sağ 7-ci diş təkrar kanal müalicəsi (100AZN), yuxarı sol 6-cı dişin çəkilməsi (20AZN), Yuxarı sol 2-ci və 3-cü dişlərin təkrar kanal müalicəsi (2x80=160AZN), yuxarı sol 7-ci dişin təkrar kanal müalicəsi (100AZN), yuxarı sağ 2-ci və 3-cü yuxarı sol 2, 3 və 4-cü dişlərin zirkonium qapaqlarla bərpası (5x200=1000AZN), yuxarı sağ 7-ci və sol 7-ci dişlərin zirkonium qapaqla bərpası, (2x200=400AZN), Hissəvi neylon protez (700AZN) prosedurların icra olunmalı olduğu bildirilmişdir.

66. Göründüyü kimi, hazırda iddiaçının ağız boşluğunun müayinələrin aparılması və səhhətinin bərpa olunması üçün 2752 manat dəyərində stomatoloji müayinə olunmalıdır.

67. Beləliklə, kollegiya bu qənaətə gəlir ki, tələb üzrə mülki hüquq pozuntusunun bütün şərtləri müəyyən edildiyindən iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş müdafiə vasitələrindən istifadə etməkdə, o cümlədən mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 1097.1-ci maddəsində mülki hüquq pozuntusu (delikt) nəticəsində şəxsin əmlakına dəymiş zərərlə yanaşı onun şəxsiyyətinə vurulmuş zərərin də (mənəvi zərərin) əvəzinin tələb edilməsi imkanı nəzərdə tutulmuşdur.

68. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsində göstərilmişdir ki, mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan mübahisələr, Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Mülki hüquq pozuntularından (deliktlərdən)” əmələ gələn öhdəlikləri müəyyən edən İX bölməsinin qaydalarına əsasən nizamlanır.

69. Mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlı qeyd olunmalıdır ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarınının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.»

70. Həmin Qərarın 8-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.»

71. Göstərilən hüquq normalarını işin faktik halları ilə birlikdə təhlil edərək məhkəmə o qənaətə gəlmişdir ki, Mülki Məcəllənin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

72. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmalıdır.

73. Həmçinin qeyd olunmalıdır ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarda qanunvericiliyin, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından verilən anlayışa görə, mənəvi zərər- insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.

74. Həmin qərarın 2-ci bəndində verilən tərifə görə, zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

75. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, cavabdehin göstərdiyi keyfiyyətsiz stomatoloji xidmətə görə iddiaçının ağız boşluğundan ciddi qüsurların, yəni diş əti və diş köklərində iltihabın olduğu müəyyən edilmişdir. Hansı iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasınım rəyi və Gəncə Şəhər Beynəlxalq xəstənasında fəaliyyət göstərən sotomotoloq tərəfindən verilmiş rəy ilə göstərilən xüsusatlar öz təsdiqini tapmışdır.

76. İşin bu halları əsasında o nəticəyə gəlmək olar ki, iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri, iddiaçının sağlamlağına dəymiş zərərin dərəcəsini nəzərə alaraq iddiaçıya kompensasiya məbləği verilməsi məqsədə müvafiqdir.

77. Məhkəmə kollegiyası yuxarıda sadalanan halları nəzərə alaraq, iddiaçıya dəymiş mənəvi ziyanın 500 (beş yüz) manat məbləğində müəyyən edilməsini ağlabatan və keçirilmiş mənəvi əzaba adekvat hesab edir.

78. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

79. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

80. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

81. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

82. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və X5 haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

83. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

84. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

85. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

86. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

87. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

88. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilməlidir.

89. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, iddia qismən təmin edildiyindən iddianın təmin hissəsinə uyğun olaraq 52,52 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

90. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddianın təmin edilmiş hissəsi 5000 (beş min) manatdan az olduğundan həmin hissədən Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz

91. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 382, 388, 393 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-258/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh2 2.752 (iki min yeddi yüz əlli iki) manat maddi ziyan və 500 (beş yüz) manat mənəvi ziyan olmaqla, cəmi 3.252 (üç min iki yüz əlli iki) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 52,52 (əlli iki manat əlli iki qəpik) manat məbləğində pul alınaraq, İddiaçı1 verilsin. İddianın təmin edilmiş hissəsindən kassasiya şikayəti verilə bilməz və həmin hissədə qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iddianın təmin edilməmiş hissəsindən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar