Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-257/2023 05.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Aktın etibarlı və müqavilənin bağlanmış hesab olunması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçının hüquqi varisi X5, Cavabdeh2 və müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin etibarlı hesab olunması və torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 18 fevral 2009-cu il tarixli, 2(61)-34/2009 nömrəli qətnaməsindən Cavabdeh2 və müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə 05 iyul 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. JN-0130 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının 03 noyabr 1999cu il tarixli 13 saylı qərarı ilə 1.64 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün mülkiyyət hüququ əsasında X14, Cavabdeh1, X15, X30 və X12 mülkiyyətinə verilməklə qeydə alınmışdır.
2. Tərtər rayon Ələsgərli İƏV-də tərtib olunub təsdiq olunmuş 20 iyul 2003-cü il tarixli aktın surətindən görünür ki, həmin kənd sakinləri Cavabdeh1, Cavabdeh2, İddiaçı Hüseyin oğlu, X16, X6 akt tərtib edərək Cavabdeh1 adına olan torpaq sahəsinin 1 ha hissəsini həmin kənd sakini İddiaçı ömürlük satmaqla həmin torpaq sahəsini İddiaçı adına rəsmiləşdirilməklə onun mülkiyyətinə verilməsinə razılıq verilmiş və bunun müqabilində 1.000 000 (bir milyon) manat nəğd pul vəsaiti almışdır.
3. Tərtər rayon məhkəməsində tərtib olunmuş 18 fevral 2009-cu il tarixli aktdın həmçinin, həmin tarixdə məhkəməyə təqdim etdikləri ərizələrin məzmunundan görünür ki, tərəflər qarşılıqlı razılıq əsasında torpaq mübahisəsini öz aralarında həll etmiş, eləcədə Cavabdeh2 və onun oğlanları İddiaçı əlavə olaraq 600 manat alaraq mübahisəli torpaq sahəsini İddiaçı adına rəsmiləşdirməklə onun mülkiyyətinə verilməsinə razılıq vermişlər.
4. 04.03.2011-ci il tarixli, AZ-İ, 433455 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdə “beyində insult” diaqnozu ilə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 05 nömrə ilə qeyd edilmişdir.
5. Daşınmaz Əmlakın alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli müqavilədən görünür ki, Cavabdeh1, Maraqlı şəxs, X17 və X3 rayonu Ələsgər kəndində yerləşən, ümumi sahəsi 1,64 ha olan torpaq sahəsi paylı mülkiyyət üzrə öz paylarını 5400 manat məbləğində pula X1.
6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Tərtər rayonu Ələsgər kəndində yerləşən, ümumi sahəsi 1,64 ha olan torpaq sahəsi X7 xüsusi mülkiyyətindədir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin etibarlı hesab olunması və torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi tələbinə dair iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə aralarında bağlanmış 20 iyul 2003-cü il tarixli Tərtər rayon Ələsgərli kəndinin ərazisində yerləşən 1 ha torpağı almağına dair Ələsgərli icra nümayəndəsinin möhürü ilə təsdiq olunmuş Aktı etibarlı hesab edib və həmin torpaq sahəsinin adına rəsmiləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və X11 ilə həmkəndlidir. 20 iyun 2003-cü ildə onlar onun yanına gələrək torpaq sahəsini əkib becərə bilmədiklərindən və nağd pul lazım olduğundan 1998-ci ildə torpaq islahatlar aparılan zaman ailə üzvlərinin paylarına düşən 1,64 ha torpaq sahəsinin 1 ha satmaq qərarına gəldiklərini bildirmişlər. Ələsgərli kəndinin icra nümayəndəsinin və bələdiyənin iştirakı ilə cavabdehlərə 2003-cü ildə qüvvədə olan pul vahidə ilə 1.000.000 (bir milyon) manat pul verərək həmin torpaq sahəsini almışdır. Həmin tarixdə Cavabdeh1, Cavabdeh2, X18 və X4 iştirakı ilə və Ələsgərli icra nümayəndəsinin möhürü il təsdiq olunmuş akt tərtib edərək həmin torpaq sahəsini almışdır. Həmin aktda onun cavabdehlərə 2003-cü ildə qüvvədə olan pul vahidi ilə 1000.000 (bir milyon) manat pul verdiyi və onların ömürlük olaraq həmin torpaq sahəsinin ona verdikləri öz əksini tapmışdır. Tərtib olunmuş həmin akta və torpağın mülkiyyət hüququna dair Dövlət Aktının arxasında cavabdeh X8 özü 1 ha torpağın ömürlük ona verilməsinə etiraz etmədiyini yazaraq imzası ilə təsdiq etmişdir. O da həmin vaxtdan indiyənədək 1 ha torpaq sahəsini öz mülkiyyəti kimi əkib becərir və illik dövlət vergilərini bələdiyəyə ödəyir. İndi əkin vaxtı həmin şəxslər gələrək yeri əkmək istəyirlər. O onların bu hərəkətlərinin qarşısını ala bilmir.
9. Tərtər Rayon Məhkəməsinin 18 fevral 2009-cu il tarixli, 2(61)-34/2009 nömrəli qətnaməsi ilə (hakim İlqam Həsənquliyev), iddianın təmin edilməsi, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və arasında 1-ha torpaq sahəsinin alınmasına dair Tərtər rayon Ələsgərli kənd İnzibati Ərazi Vahidi nümayəndəliyində təsdiq olunmuş 20 iyul 2003-cü il tarixli əqd (alqı-satqı müqaviləsi) etibarlı olmaqla həmin tarixdən etibarən bağlanmış hesab olunması, qeyd edilən 1-ha torpaq sahəsinə mülkiyyət hüququ İddiaçı adına qeydə alınmaqla rəsmiləşdirilərək onun mülkiyyətinə verilməsi qət edilmişdir.
10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, 406.1, 406.2, 406.3 və 407.2-ci maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66 və 80-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 77.1, 216-220, 227 və 233-237-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh2 apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin 18 fevral 2009-cu il tarixli, 2(61)-34/2009 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
12. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual normaların pozulması ilə qəbul edilmişdir. Belə ki, mübahisə obyekti olan torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə ona və ailə üzvlərinə məxsusdur. 2003-cü il tarixdə paylı mülkiyyət hüququ ilə ona və ailə üzvlərinə məxsus həmin torpaq sahəsinin İddiaçı 4 illik icarəsinə verilməsinə dair razılaşma olub. Onlar həmin torpaq sahəsini satmamışlar. Göründüyü kimi, məhkəmə alqı-satqı predmeti olmuş torpaq sahəsinin paylı mülkiyyətçisi olaraq onların hüquqlarının pozulmasını nəzərə almamışdır.
13. Müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin 18 fevral 2009-cu il tarixli, 2(61)-34/2009 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
14. Müstəqil tələb irəli sürən üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual normaların pozulması ilə qəbul edilmişdir. Belə ki, mübahisə obyekti olan torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə ona və ailə üzvlərinə məxsusdur. 2003-cü il tarixdə paylı mülkiyyət hüququ ilə ona və ailə üzvlərinə məxsus həmin torpaq sahəsinin İddiaçı 4 illik icarəsinə verilməsinə dair razılaşma olub. Onlar həmin torpaq sahəsini satmamışlar. Göründüyü kimi, məhkəmə alqı-satqı predmeti olmuş torpaq sahəsinin paylı mülkiyyətçisi olaraq onun hüquqlarının pozulmasını nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 hər iki apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, o şəhid ailəsidir, əri 1-ci Qarabağ müharibəsində şəhid olmuşdur. Həmin torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə ona və ailə üzvlərinə məxsusdur. 2003-cü il tarixdə paylı mülkiyyət hüququ ilə ona və ailə üzvlərinə məxsus həmin torpaq sahəsinin İddiaçı 4 illik icarəyə verilməsinə dair razılaşma olubdur. Onlar 4 ildən sonra torpağı geri alıb, torpagda taxıl əkmişlər. 2009-cu ildə məhkəmədə işə baxılarkən torpağın satılmasına razı olmamış, yuxarı orqanlara şikayət yazmışdır. İddiaçı ona yenidən icarə adı ilə 600 manat vermişdir. Onlar həmin torpaq sahəsini satmamışlar. Torpaq sahəsinə dair sənədin əsli həmişə onlarda olmuş, sonradan torpaq sahəsini Rəşad Nağıyevə satmışlar. Hazırda torpaq sahəsini Rəşad əkib becərir. Ona görə də qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs hər iki apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, hazırda o və qardaşı hərbişi olmaqla Vətənə xidmət edirlər, ataları 1-ci Qarabağ müharibəsində şəhid olmuşdur. 1,64 ha torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə ona və ailə üzvlərinə məxsusdur. 2003-cü il tarixdə həmin torpaq sahəsinin İddiaçı 4 illik icarəyə verilməsinə dair anası tərəfindən razılaşma olubdur. Onlar 4 ildən sonra torpağı geri almış, torpagda taxıl əkmişlər. 2009-cu ildə məhkəmədə işə baxılarkən torpağın satılmasına heç kim razı olmamışdır. Anası həmin vaxtı şikayət yazmışdır. Məhkəmədə yenidən icarə adı ilə həmin torpaq sahəsi 600 manata İddiaçı verilmişdir. Onun məhkəmə iclasından xəbəri olmamış, məhkəmə iclasında iştirak etməmişdir. Torpaq sahəsinin satılmasına dair onun və ailə üzvlərinin razılığı alınmamışdır. Onlar həmin torpaq sahəsini Qənaətə satmamışlar. Həmin torpaq sahəsinə dair sənədin əsli daim onlarda olmuşdur. Sonradan torpaq sahəsini notariusda rəsmi olaraq Rəşad Nağıyevə satmışlar. Hazırda torpaq sahəsini Rəşad əkib becərir. Ona görə də qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının hüquqi varisi X16 hər iki apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətlərinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
19. İş üzrə Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə və məhkəmə bildirişini imzalayaraq almasına baxmayaraq, o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
22. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.3.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.
23. Maddə 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir.
24. Maddə 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır.
25. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
26. Maddə 331. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər. Əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. Əgər fiziki şəxs bədən qüsuruna, xəstəliyinə və ya savadsızlığına görə əqdi özü imzalaya bilmirsə, əqdi onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Başqa fiziki şəxsin imzası əqdi bağlayanın özünün imza edə bilməməsinin səbəbləri göstərilməklə, notarius tərəfindən və ya bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxs tərəfindən təsdiqlənməlidir. Əqdlərin elektron formada bağlanması ilə bağlı məsələlər elektron ticarət haqqında və elektron sənəd dövriyyəsinə dair Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
27. Maddə 334. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir.
28. Maddə 335. (24 iyun 2005-ci il 949-İİQD nömrəli Qanunla çıxarılanadək olan redaksiya). Əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Əqdin notariat qaydasında təsdiqlənməsindən əsassız boyun qaçıran tərəf əqdin bağlanmasının ləngidilməsi nəticəsində dəyən zərərin əvəzini digər tərəfə ödəməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88-ci maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
33. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
34. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
35. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
36. Maddə 385.1 Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
37. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
38. MPM-in 376.1. İşdə iştirak edən şəxslərdən hər hansı biri işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmədiyinə görə məhkəmə iclasına gəlmədikdə məhkəmə işə baxılmasını təxirə salır.
39. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
42. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
44. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da mübahisələndirilən hissədə qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
45. Belə ki, işin müəyyən olunmuş hallarına görə, JN-0130 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən, Tərtər rayon Aqrar İslahat Komissiyasının 03 noyabr 1999-cu il tarixli 13 saylı qərarı ilə 1.64 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün Mülkiyyət hüququ əsasında X14, Cavabdeh1, X15, X30 və X12 mülkiyətinə verilməklə qeydə alınmışdır. Bundan sonra Cavabdeh1, Cavabdeh2, İddiaçı Hüseyin oğlu, X16, X6 akt tərtib edərək Cavabdeh1 adına olan torpaq sahəsinin 1 ha hissəsini həmin kənd sakini İddiaçı ömürlük satmaqla həmin torpaq sahəsini İddiaçı adına rəsmiləşdirilməklə onun mülkiyyətinə verilməsinə razılıq verilmiş və bunun müqabilində 1.000 000 (bir milyon) manat nəğd pul vəsaiti almış və bu barədə xx.xx.2003cü il tarixli akt tərtib olunmuşdur. Lakin, akt tərtib olunan zaman mülkiyyətçi Maraqlı şəxs razılığı alınmamışdır. Daha sonra mübahisə predmeti olan torpaq sahəsi isə Cavabdeh1, Maraqlı şəxs, X17 və X9 tərəfindən Tərtər rayonu Ələsgər kəndində yerləşən, ümumi sahəsi 1,64 ha olan torpaq sahəsi paylı mülkiyyət üzrə öz paylarını 5400 manat məbləğində pula X2 və bu barədə barədə xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli alğısatqı müqaviləsi bağlanmışdır. Mübahisə predmeti olan torpaq sahəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən, X7 xüsusi mülkiyyətində keçmişdir. Həmçinin, birinci instansiya məhkəməsinin qətnaməsi icra olunmamışdır.
46. Mərhum İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və digər mülkiyyətçilər X14, X15, X30 və X12 mülkiyyətində və Tərtər rayonu Ələsgər kəndində yerləşən, ümumi sahəsi 1,64 ha olan torpaq sahəsi 20 iyul 2003-cü il tarixdə razılaşaraq aldıqlarını və bu barədə aralarında alğı-satqı barədə aktın tərtib edilərək əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir.
47. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, Tərtər rayonu Ələsgər kəndində yerləşən, ümumi sahəsi 1,64 ha olan torpaq sahəsi X14, Cavabdeh1, X15, X30 və X12 mülkiyyətinə verilmişdir.
48. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.2-ci maddəsinə görə, əşyaya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Qeyd olunan Məcəllənin 215.5-ci maddəsinə görə isə paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir.
49. Belə ki, JN-0130 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının 03 noyabr 1999-cu il tarixli 13 saylı qərarı ilə 1.64 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün Mülkiyyət hüququ əsasında X14, Cavabdeh1, X15, X30 və X12 mülkiyyətinə verilməklə qeydə alınmışdır.
50. Bundan sonra Tərtər rayon Ələsgərli İƏV-də tərtib olunub təsdiq olunmuş 20 iyul 2003-cü il tarixli aktın surətindən görünür ki, həmin kənd sakinləri Cavabdeh1, Cavabdeh2, İddiaçı Hüseyin oğlu, X16, X6 akt tərtib edərək Cavabdeh1 adına olan torpaq sahəsinin 1 ha hissəsini həmin kənd sakini İddiaçı ömürlük satmaqla həmin torpaq sahəsini İddiaçı adına rəsmiləşdirilməklə onun mülkiyyətinə verilməsinə razılıq verilmiş və bunun müqabilində 1.000.000 (bir milyon) manat nağd pul vəsaiti almışdır.
51. Göründüyü kimi, birgə mülkiyyətin mülkiyyətçilərinin hamısının razılığı olmadan, yəni Maraqlı şəxs razılığı alınmadan torpağın özgəninkiləşdirilməsi barədə razılaşma əldə olunmuşdur. Belə olan təqdirdə isə 24 iyun 2005-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335-ci maddəsinə istinadən alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi istisna olunur.
52. İşə baxan birinci instansiya məhkəməsi isə işin qeyd olunan bu halına düzgün hüquqi qiymət verməmiş və nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir.
53. Məhkəmə kollegiyası həmçinin bir xüsusatı da qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsi Cavabdeh1, Maraqlı şəxs, X17 və X9 tərəfindən Tərtər rayonu Ələsgər kəndində yerləşən, ümumi sahəsi 1,64 ha olan torpaq sahəsi paylı mülkiyyət üzrə öz paylarını 5400 manat məbləğində pula X2 və bu barədə barədə xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Mübahisə predmeti olan torpaq sahəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən, X7 xüsusi mülkiyyətinə qanuni əsaslarla keçmişdir.
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
55. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
56. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətləri təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçı tərəfə aid edilməlidir.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.2, 385.2, 392, 393, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayətləri təmin edilsin. İş üzrə Tərtər Rayon Məhkəməsinin 18 fevral 2009-cu il tarixli, 2(61)-34/2009 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin etibarlı hesab olunması və torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçı tərəfə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.