Məhkəmə qərarları › İş №2(104)-259/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-259/2024

18.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-259/2024 18.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi ilə, İddiaçı, cavabdeh X3 və onun nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(125)-101/2023 nömrəli qətnaməsindən cavabdeh X11 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X6 qarşı Gəncə şəhəri, Nizami rayonu, X23 küçəsində yerləşən 35A nömrəli fərdi yaşayış evindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(125)-101/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Camal Quliyev) iddia təmin edilmiş, Cavabdeh İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, X23 küçəsində yerləşən 35A nömrəli fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Cavabdeh X11 həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(125)-101/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 1985-ci ildə X14 ilə ailə quraraq hazırda yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Həmin vaxtdan fasiləsiz olaraq həmin evdə yaşayır. Uşaqları da bu evdə dünyaya gəlmişdir. Həyat yoldaşı 23 yanvar 2011-ci il tarixində vəfat etmişdir. Həyat yoldaşı vəfat edəndən sözügedən mülkdə yaşamağa davam etmiş və bu gün da orada yaşayır. O, artıq 40 ildir ki, bu evdə yaşayır. Bu illər ərzində yaşadığı evdə dəfələrlə əsaslı təmir və tikinti işləri aparmışdır. Yəni sözügedən evin yaşayış sahəsinə onun istifadə hüququ vardır və həmin hüquq 2000-ci il sentyabrın 1-dən əvvəl yaranmışdır. Onun yaşadığı mənzilin mülkiyyətçisinin dəyişməsi onun həmin mənzilə istifadə hüququna xitam verilməsi üçün əsas ola bilməz. Məhkəmə iş üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Cavabdeh X11 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi. Həmçinin göstərdi ki, həmin evin qiyməti təxminən 150000 manat civarındadır. Buna baxmayaraq, həmin ev oğlunun iddiaçıya olan 30.000 ABŞ dolları borcu əvəzində icra qaydasında əvəzlənmiş və ev əsassız olaraq iddiaçının mülkiyyətinə verilmişdir. Halbu ki, onun və oğlunun başqa yaşayış yeri olmamışdır. Məhkəmənin qətnaməsini qanunsuz hesab edir. Belə ki, o, 1985-ci ildən mübahisəli evə köçərək orada yaşayır və həmin ev mərhum qaynanası tərəfindən onun oğlu Simrana bağışlanılmışdır. Ona görə də, apellyasiya şikayətinin təmin olunmasını, Gəncə Şəhər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(125)-101/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh X3 nümayəndəsi (vəkili) Vəkil1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, cavabdehin hazırda yaşadığı Gəncə şəhəri, Nizami rayonu, X23 küçəsində yerləşən 35A nömrəli fərdi yaşayış evi əvvəllər xüsusi mülkiyyət hüququ əsasında X9 məxsus olmuşdur. Həmin ev Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2(044)-1071/2019 nömrəli qətnaməsinin icrası ilə əlaqədar Gəncə şəhəri üzrə İcra İdarəsinin qərarı əsasında İddiaçı mülkiyyətinə verilmişdir. Həmin fərdi yaşayış evi cavabdehin və digər ailə üzvlərinin yeganə yaşayış yeridir. Qanunvericiliyin tələbinə görə isə mülkiyyətçinin dəyişməsi mənzildən istifadə hüququna xitam verilməsinə səbəb olmur. Məhkəmənin qətnaməsini qanunsuz hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin olunmasını, Gəncə Şəhər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(125)-101/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, mübahisəli evlə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Ev onun mülkiyyətindədir. Cavabdeh Seyran evin əvvəlki mülkiyyətçisi Simranın anasıdır. Hesab edir ki, cavabdehin hazırda onun evində yaşaması mülkiyyətçi olaraq onun mülkiyyət hüquqlarını pozur. Hazırda evin qiyməti 70000-80000 manat arasında olar. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə Şəhər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(125)-101/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsləri və vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(125)-101/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilməli, İddiaçı X6 qarşı cavabdehin Gəncə şəhəri, Nizami rayonu, X23 küçəsində yerləşən 35A nömrəli fərdi yaşayış evindən çıxarılması tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Daşınmaz Əmlakı Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 05 oktyabr 2020-ci il tarixli arayışının surətindən görünür ki, Gəncə şəhər notariat kontorunun 19 aprel 1931-ci il tarixli 3097 nömrəli bəxşeyiş müqaviləsinə əsasən X5 ona məxsus Gəncə şəhəri, Əli Bayramov küçəsi, 35 nömrəli fərdi yaşayış evini X18 və X15 bağışlamışdır. Mülk bölündükdən sonra Əli Bayramov küçəsi, 35 saylı fərdi yaşayış evi X12 adına olmuşdur. X12 adına ona məxsus əmlakın yerləşdiyi 106 kvadrat metr torpaq sahəsinə dair 28 fevral 1935-ci il tarixli torpaq qeydi tərtib edilmişdir. Kirovabad şəhəri notariat kontorunun 25 fevral 1976-cı il tarixli 1-243 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu mülk X1 adından X7 adına keçmişdir. X10 hazırda ünvanı X23 küçəsi, 35A olan fərdi yaşayış evinə (istifadədə olan 0,011 hektar torpaq sahəsində yerləşən tikili «A»-da 59,2 kvadrat metr üçün yaşayış otağı, 21,6 kvadrat metr köməkçi sahə, 58,7 kvadrat metr y/zirzəmi) 17 mart 2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 5 saylı notariat kontorunun 29 mart 2015-ci il tarixli 4Ə-44 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən bu əmlak X9 bağışlanmışdır və ona 09 aprel 2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli 2(044)-1071/2019 nömrəli qətnamə və icra vərəqəsinə əsasən borclu X9 məxsus X23 küçəsi, 35A nömrəli fərdi yaşayış evi İddiaçı mülkiyyətinə verilmişdir və ikinciyə 30 iyul 2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. **********71-10301 nömrəli əmlaka dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində nömrəsi **********71-10301 olan Gəncə şəhəri, Nizami rayonu, X23 küçəsində yerləşən 35A nömrəli fərdi yaşayış evinə və 0,0106 hektar torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ 30 iyul 2020-ci il tarixdə ********** nömrəsi ilə qeydə alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 12 oktyabr 2020-ci il tarixli arayışından görünür ki, Gəncə şəhəri, Nizami rayonu, X23 küçəsində yerləşən 35A nömrəli fərdi yaşayış eviüzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq 30 iyul 2020-ci il tarixli **********71-10301 reyestr nömrəli çıxarış verilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 17 aprel 2019- cu il tarixli 2(044)-1071/2019 nömrəli qətnaməsinin və həmin qətnamə üzrə icra sənədinin surətindən görünür ki, X4 30.000 ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu alınaraq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 noyabr 2022-ci il tarixli 2(102)-5342/2022 nömrəli qərarından görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli qətnaməsi ilə X4 30.000 ABŞ dolları qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli qərardadına əsasən X9 məxsus Gəncə şəhəri, Nizami rayonu, X23 küçəsi, ev 35A ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur. Gəncə şəhəri üzrə İcra İdarəsinin 02 dekabr 2019-cu il tarixli qərarına əsasən borclu X9 məxsus Gəncə şəhəri, Nizami rayonu, X23 küçəsi, ev 35A saylı fərdi yaşayış evinin qiymətləndirilməsi üçün mütəxəssis dəvət edilmiş və həmin yaşayış sahəsi qiymətləndirilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin 04 iyun 2020-ci il tarixli məktubuna əsasən Gəncə şəhəri, Nizami rayonu, X23 küçəsi, ev 35A saylı fərdi yaşayış evi həbs qoyularaq qiymətləndirildikdən sonra «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən İddiaçı təklif olunmuşdur. İddiaçı Gəncə şəhəri üzrə İcra İdarəsinin təklifini tələbkar qəbul etmişdir. Həmçinin Gəncə şəhəri üzrə İcra İdarəsinin 16 iyun 2020-ci il tarixli qərarına əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2(044)-1071/2019 nömrəli qətnaməsinin icrasını təmin etmək üçün tələbkar İddiaçı borclu X8 adına qeydə alınmış Gəncə şəhəri, Nizami rayonu, X23 küçəsi, ev 35A nömrəli fərdi yaşayış evini qəbul etməsi barədə müraciəti nəzərə alınaraq həmin yaşayış sahəsinin tələbkar İddiaçı adına rəsmiləşdirilməsi üçün zəruri sənədlərin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə göndərilməsi barədə qərar qəbul edilmişdir. Sonradan Gəncə şəhəri, Nizami rayonu, X23 küçəsi, ev 35A ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. X2 Anarə Muraz qızı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi) və Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı «çıxarışın ləğv olunması» tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, X23 küçəsi, ev 35A nömrəli fərdi yaşayış evinə dair cavabdeh İddiaçı adına verilmiş 30 iyul 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və evin əvvəlki hüquqi vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(044)-468/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1365/2022nömrəli, 13 may 2022-ci il tarixli qətnaməsi ilə X16 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 noyabr 2022ci il tarixli 2(102)-5342/2022 nömrəli qərarı ilə apellyasiya məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddianı təmin edən birinci instansiya məhkəməsi mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228 -ci maddəsini və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrini tətbiq etməklə, gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, hazırki halda İddiaçı Gəncə şəhəri, Nizami rayonu, X23 küçəsində yerləşən 35A nömrəli fərdi yaşayış evinin mülkiyyətçisi olduğuna görə o, öz mülahizəsinə görə həmin yaşayış sahəsinə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin Cavabdeh hər hansı hüququnun olmamasına baxmayaraq, həmin evdən əşyaları ilə birlikdə könüllü olaraq çıxmaması nəticəsində İddiaçı evdən istifadə hüququnu tam şəkildə həyata keçirə bilmir. Buna görə də, İddiaçı mülkiyyətində olan yaşayış sahəsindən S.S.Hacıyevanın əşyaları ilə birlikdə çıxarılmasını tələb etməkdə haqlıdır. Qeyd olunan səbəbdən mövcud şərtlər daxilində İddiaçı iradəsinə zidd olaraq S.S.Hacıyevanın ona məxsus yaşayış sahəsində yaşaması onun mülkiyyət hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Belə ki, iş materilları ilə müəyyən edilir ki, cavabdeh X11 1985-ci ildə X14 ilə ailə quraraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və həmin vaxtdan fasiləsiz olaraq həmin evdə yaşayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsi yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvlərinin evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarını onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməməsi halından asılı edir. Lakin bu maddədə həmin istifadənin qaydası, o cümlədən onun hansı şərtlər və hüdudlar daxilində həyata keçirilməsi müəyyən olunmamışdır. Göründüyü kimi, cavabdeh X11 1985-ci ildə X14 ilə ailə quraraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçərək, həmin vaxtdan fasiləsiz olaraq həmin evdə yaşadığından, onun həmin evdə istifadə hüququ yaranmışdır. Cavabdeh 1985-ci ildə həmin evə köçərkən, evin mülkiyyətçisi qaynanası X17 olmuş, sonuncu isə həmin evi 29 mart 2015-ci il tarixli 4Ə-44 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən cavabdehin oğlu X9 bağışlamışdır. İş materialları ilə müəyyən edilir ki, mübahisə edilən ev Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli 2(044)-1071/2019 nömrəli qətnaməsi və icra vərəqəsinə əsasən İddiaçı mülkiyyətinə verilmiş və ona 30 iyul 2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bundan sonra, İddiaçı cavabdeh X6 qarşı həmin fərdi yaşayış evindən çıxarılması tələbinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istissna təşkil edir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh 1985-ci ildə mübahisəli evə gəlin köçərək, orada yaşadığından, onun həmin evdən istifadə hüququ vardır və bu hüquqa yalnız Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərədə tutulan qaydada, yəni müvafiq kompensasiya verilməklə xitam edilə bilər. Azərbaycan Respublikası MPM-nin 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(125)-101/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilməli, İddiaçı X6 qarşı cavabdehin Gəncə şəhəri, Nizami rayonu, X23 küçəsində yerləşən 35A nömrəli fərdi yaşayış evindən çıxarılması tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 386, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh X3 apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(125)-101/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı X6 qarşı cavabdehin Gəncə şəhəri, Nizami rayonu, X23 küçəsində yerləşən 35A nömrəli fərdi yaşayış evindən çıxarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar