Məhkəmə qərarları › İş №2(104)-2612/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2612/2023

22.11.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2612/2023 22.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və X11 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: ev və torpaq sahəsindən çıxarılma, pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3, qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh1, ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil və qarşılıqlı iddia üzrə cavabdeh X8 iştirakı ilə, İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı ev və torpaq sahəsindən çıxarılma tələbi barədə ilk iddiasına, ilk iddia üzrə Cavabdeh1 cavabdehlər İddiaçı və X11 qarşı pul tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-568/2023 nömrəli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 22 noyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarışdan görünür ki, Gədəbəy rayonu, Novosaratovka kəndində olan 0.25 ha torpaq sahəsi və üzərində yerləşən evə İddiaçı mülkiyyət hüququ 06 mart 2023-cü il tarixdə qeydə alınmışdır.

2. 23 aprel 2013-cü il tarixli, 034A********** nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə kredit razılaşmasından görünür ki, 29 dekabr 2020-ci il tarixdə Cavabdeh2 aylıq 1.6667 faiz dərəcəsi ilə 36 ay müddətinə 40000 manat kredit verilmişdir.

3. Zaminlik müqaviləsindən görünür ki, 24 fevral 2023-cü il tarixdə Cavabdeh3 “AccessBank” tərəfindən Cavabdeh2 veriləcək 45000 manat kreditlə əlaqədar Kredit Müqaviləsi ilə əlaqədar üzərinə zaminlik məsuliyyəti götürmüşdür.

4. Zaminlik müqaviləsindən görünür ki, 24 fevral 2023-cü il tarixdə X2 “AccessBank” tərəfindən Cavabdeh2 veriləcək 45000 manat kreditlə əlaqədar Kredit Müqaviləsi ilə əlaqədar üzərinə zaminlik məsuliyyəti götürmüşdür.

5. Cavabdeh1 tərəfindən təqdim edilmiş onun polis orqanına ünvanlanmış 04 aprel 2022-ci il tarixli ərizəsi üzrə təhqiqat materiallarında olan izahatın surətindən görünür ki, o, təhqiqatçının sualına cavab verərəkən bildirmişdir ki, Elmara 40000 manat pul verərkən, heç bir müqavilə bağlamamış, yanlarında yalnız oğlu və həyat yoldaşı olmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı ev və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən fərdi yaşayış evi və 0,25 ha həyətyanı torpaq sahəsindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Gədəbəy rayonu, Novosaratovka kənd sakini olmuş X7 xx.xx.1996-cı il tarixdə fərdi yaşayış evi almışdır. Həmin evə dair xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyesterində 31 nömrəli reyster kitabının 84 nömrəli vərəqində qeydiyyata alınmaqla 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən o fərdi yaşayış evinə dair çıxarış verilmişdir. Cavabdehlərlə o yaxın qonşudur və torpaq sahələri həmsərhəddir. O Bakı şəhərində yaşadığı üçün həmin evi ilkin olaraq N saylı hərbi hissədə qulluq etmiş İsa adlı şəxsə müvəqqəti yaşamaq üçün kirayəyə vermişdir. 2021-ci ilin sonlarında cavabdehlər evin boş olmasına görə və oğlunun evləndirməyinə eləcə də öz evlərinin sökülərək yeni tikiliş aparılmasına görə müvəqqəti olaraq ona məxsus olan evdə qalmalarını xahiş etmişlər. O buna razılıq verərək evin açarını onlara vermişdir. O 2022-ci ilin yay mövsümundə kəndə qalmağa gələn zaman cavabdehlər onu evə buraxmamışlar və ona bildirmişlər ki, onlar evdən çıxmırlar. Sənin bu evə dair əlində heç bir sənədin yoxdur. O dəfələrnən cavabdehlərə könüllü olaraq ona məxsus olan mülkdən çıxarılmasını bildirsə də cavabdehlər inad edərək evdən çıxmaq istəmirlər. O bu barədə aidiyyəti üzrə Gədəbəy rayon X4 rəsmi ərizə ilə müraciət etmişdir. X3 bildirilmişlər ki, cavabdehlərin sizə məxsus olan evdən könüllü olaraq çıxarılması mümkün deyildir, bu mübahisə mülki xarakterli olduğu üçün məhkəmə orqanlarına müraciət etməyi tövsiyə edilmişdir. Ona görə də o məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur.

8. Bundan sonra ilk iddia üzrə Cavabdeh1 cavabdehlər İddiaçı və X11 qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı və X5 müştərək qaydada 60000 manat, eləcə də ödənilmiş 270 manatın alınıb ona ödənilməsi qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh1 iddia həcminin artırılması barədə birinci instansiya məhkəməsinə ərizə təqdim edərək, cavabdehlərdən 60500 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh, İddiaçı ilə 2021-ci ildən tanışdırlar. Belə ki, iddiaçı və oğlu X13 ilə onlara gələrək Gədəbəy rayonu Novo-Saratovka kəndində fərdi yaşayış evlərinin olmasını və 50.000 manata satmalarını bildirmişlər. O bankdan kredit götürüb 45.000 (qırx beş min) manat iddiaçıya və oğlu X11 vermişdir. İddiaçı isə yaxın zamanlarda evin sənədlərini düzəldib qanuni alqı-satqı edəcəklərini bildirmişlər. O bir neçə dəfə Gədəbəy rayon Polis Şöbəsinə müraciət etmişdir. Tərəflərdən izahat alındıqdan sonra ona bildirmişlər ki, pul verib ev almısan, narahat olma. İddiaçı isə evi saxta sənədlərlə sənədləşdirib hazırkı iddia ilə ona və ailə üzvlərinə qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. O pulu iddiaçı və oğluna qonşuların şahidliyi ilə vermişdir və bu barədə notarial qaydada aktları, ərizələri var. O Banka xeyli miqdarda faiz ödəmişdir. Ona görə də hazırkı qarşılıqlı-iddia ilə məhkəməyə müracət edib cavabdehlərdən 60.000 (altmış min) manat pul tələb edir.

11. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-568/2023 nömrəli qətnaməsi (hakim Fizuli Mirzəquliyev) ilə, ilk iddia tələbinin təmin edilməsi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 İddiaçı Hümbət oğlunun mülkiyyətində olan Gədəbəy rayonu, Novosaratovka kəndində olan 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmaları, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 alınaraq, İddiaçı verilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

12. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1, 139-1.1.3, 144.1, 146.1, 152.1, 152.5, 157.2, 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-227, 358-360 və 362-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

13. Qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-568/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, ilk iddianın rədd edilməsini və qarşılqlı iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, onların bankdan 40.000 manat kredit götürməklərini təkzib edən sübut yoxdur. 40000 manat pulun iddiaçıya verilməsini onun şahidləri təsdiq etsə də məhkəmə buna düzgün qiymət vermədən qarşılıqlı iddianı rədd etmişdir. Onun tərəfindən məhkəmədə dindirilmiş şahidlər iltizama qol çəkib izahat vermişlər. Pulun əskinazlarının 50,100,200 manat olmasını şahid təsdiq edir. Şahid pulun iddiaçıya verilməsini təsdiq edirsə bundan başqa hansı sübut olmalıdır. İşə baxan məhkəmə qarşılıqlı iddianı rədd edərkən qarşılıqlı iddia üzrə cavabdehin onlardan pulu alıb öhdəliyi yerinə yetirməməsinə, pullarını alıb evi onlara satmaqdan imtina etməsinə düzgün hüquqi qiymət verməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, o, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh, İddiaçı ilə 2020-ci ildən tanışdırlar. Belə ki, iddiaçı Nazim Gədəbəy rayonu Novo-Saratovka kəndində fərdi yaşayış evlərinin olmasını və 50.000 manata satmalarını bildirmişdir. O İddiaçı 2020-ci ilin fevral ayında 5000 manat beh vermişdir. Daha sonra isə 2020-ci ilin yanvar ayında Nazimə 40.000 manat vermişdir. Nazimlə aralarında müqavilə bağlanmamışdır. İddiaçı hazırkı iddia ilə ona və ailə üzvlərinə qarşı iddia vermişdir. O pulu iddiaçıya qonşuların şahidliyi ilə vermişdir və bu barədə notarial qaydada ərizələr var. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, o, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər Nazim və oğlu ilə 2020-ci ildən tanışdırlar. Belə ki, iddiaçı və oğlu X1 rayonu Novo-Saratovka kəndində fərdi yaşayış evlərinin olmasını və 50.000 manata satmalarını bildirmişlər. O bankdan kredit götürüb 45.000 (qırx beş min) manat iddiaçıya və oğlu X11 vermişdir. İddiaçı isə yaxın zamanlarda evin sənədlərini düzəldib qanuni alqı-satqı edəcəklərini bildirmişlər. O bir neçə dəfə Gədəbəy rayon Polis Şöbəsinə ərizə verib müraciət etmişdir. Tərəflərdən izahat alındıqdan sonra ona bildirmişlər ki, pul verib ev almısan, narahat olma. İddiaçı isə evi saxta sənədlərlə sənədləşdirib hazırkı iddia ilə ona və ailə üzvlərinə qarşı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. O pulu iddiaçı və oğluna qonşuların şahidliyi ilə vermişdir. O Banka xeyli miqdarda faiz ödəmişdir. Ona görə də hazırkı qarşılıqlı-iddia ilə məhkəməyə müracət edib cavabdehlərdən 60500 manat pul tələb edir. Apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh1, eyni zamanda Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək və qarşılıqlı iddia üzrə iddiaçının göstərdiyi xüsusatları təsdiq edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, o, Gədəbəy rayonu, Novosaratovka kənd sakini olmuş X7 xx.xx.1996-cı il tarixdə fərdi yaşayış evi almışdır. Həmin evə dair xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınmaqla 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən çıxarış verilmişdir. Cavabdehlərlə o yaxın qonşudur və torpaq sahələri həmsərhəddir. O Bakı şəhərində yaşadığı üçün həmin evi əvvəl N saylı hərbi hissədə qulluq etmiş İsa adlı şəxsə müvəqqəti yaşamaq üçün kirayəyə vermişdir. 2021-ci ilin sonlarında cavabdehlər evin boş olmasına görə və oğlunun evləndirməyinə eləcə də öz evlərini söküb təmir aparılmasına görə müvəqqəti olaraq ona məxsus olan evdə qalmalarını xahiş etmişlər. O buna razılıq verib, evin açarını onlara vermişdir. O 2022-ci ilin yay mövsümundə kəndə qalmağa gələn zaman cavabdehlər onu evə buraxmamışlar və ona bildirmişlər ki, onlar evdən çıxmırlar, evə dair heç bir sənədin yoxdur. O dəfələrlə cavabdehlərə könüllü olaraq onun mülkündən çıxarılmalarını bildirsə də onlar evdən çıxmamışlar. O bu barədə Gədəbəy rayon X4 ərizə ilə müraciət etmişdir. Polis Bölməsindən ona bildirilmişlər ki, cavabdehlərin evdən könüllü olaraq çıxarılması mümkün deyildir, bu mübahisə mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etmək lazımdır. Ona görə də o məhkəməyə müraciət etmişdir. Cavabdehlərə ev satmamış, onlardan pul almamışdır. Cavabdehlər onlara böhtan atırlar. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə cavabdeh X13 apellyasiya şikayətini qəbul etməyərək izahatında göstərmişdir ki, o, Bakı şəhərində Neftayırma zavodunda işləyir. Atası Gədəbəy rayonu, Novosaratovka kənd sakini olmuş X7 xx.xx.1996-cı il tarixdə fərdi yaşayış evi almışdır. Həmin ev onların mülkiyyəti olmaqla çıxarış əsasında atasına məxsusdur. Cavabdehlərlə yaxın qonşudur və torpaq sahələri həmsərhəddir. Həmin ev N saylı hərbi hissədə qulluq etmiş İsa adlı şəxsə müvəqqəti yaşamaq üçün kirayəyə verilmişdir. 2021-ci ilin sonlarında cavabdehlər evin boş olmasına görə və oğlunun evləndirməyinə eləcə də öz evlərini söküb təmir aparılmasına görə müvəqqəti olaraq atasına məxsus olan evdə qalmalarını xahiş etmişlər. Atası buna razılıq verib, evin açarını onlara vermişdir. Atası 2022-ci ilin yay mövsümundə kəndə qalmağa gələn zaman cavabdehlər onu evə buraxmamışlar və ona bildirmişlər ki, onlar evdən çıxmırlar, evə dair heç bir sənədiniz yoxdur. Atası bu barədə Gədəbəy rayon X4 ərizə ilə müraciət etmişdir. Polis Bölməsindən onlara məhkəməyə müraciət etməyi bildirmişlər. Cavabdeh Məlahət polisdə pulu ərinin yanında, məhkəmədə isə şahidlərin yanında verdiyini deyərək, bir-birinə zidd olan izahatlar vermişdir. Cavabdeh Məlahətin dediyi vaxtda o, Bakıda işdə olmuşdur. Onlar cavabdehlərə ev satmamışlar və cavabdehlərdən pul almamışlar. Cavabdehlər onlara böhtan atırlar. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

22. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

23. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

26. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

27. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

28. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın

29. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

30. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.[742]

31. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

32. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

33. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

39. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

40. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

42. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

45. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

47. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-568/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Beləliklə, işin halları ondan ibarətdir ki, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən sahəsi 56,10 kv.m olan fərdi yaşayış evi və 0,25 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Bu barədə onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. İlk iddia üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 isə hər hansı hüquqi əsas olmadan iddiaçının mülkiyyətində olan mübahisəli fərdi yaşayış evində yaşayır və oradan könüllü olaraq çıxmırlar. Lakin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 mübahisəli fərdi yaşayış evini almaq üçün İddiaçı 60.000 manat məbləğində pul verdiyini və aralarında şifahi olaraq alğı-satqı etdiklərini iddia edir.

50. Məhkəmə kollegiyasının qənaətinə görə ilk iddia üzrə tələbi üzrə tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyətin müdafiəsi ilə bağlıdır və aşağıdakı hüquq normaları əsasında təhlil olunmalıdır.

51. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

52. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri).

53. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

54. Nəzərə alınmalıdır ki, mülkiyyətçinin Konstitusiyada təsbit olunmuş mülkiyyət hüquqları öz təbiəti etibarilə nəinki onun təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir.

55. Məhkəmə kollegiyası bildirir ki, ilk iddia tələbi üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olan İddiaçı mülkiyyətində olan evin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququ olmadığından onların həmin evdə yaşamaları iddiaçının bir mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və dinc istifadə hüquqlarından məhrum olunmasına səbəb olur. Ona görə də məhkəmə kollegiyası ilk iddia tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı, qanuni və ədalətli hesab edir.

56. Məhkəmə kollegiyası həmçinin qarşılıqlı iddia tələbinə qiymət verərək hesab edir ki, həmin tələb əsassızdır.

57. Qarşılıqlı iddia tələbinin digər hüquqi əsasını təşkil edən hüquq norması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MM-in) 1091.1-ci maddəsidir. Həmin normada deyilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

58. Azərbaycan Respublikasının MM-in 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

59. Azərbaycan Respublikasının MM-in 14.2.1-ci maddəsinə əsasən, Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 1091.2-ci maddəsinin tələbinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

60. Öhdəliklərin icrası zamanı vicdanlılıq prinsipini müəyyən edən Mülki Məcəllənin 425-ci maddəsində deyilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

61. Sadalanan hüquq normalarını əsas tuttaraq kollegiya hesab edir ki, iddia tələbi qeyd olunan normalar əsasında o halda əsaslı hesab edilə bilər ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tələbinin əsası kimi istinad etdiyi hallar onun tərəfindən sübuta yetirilsin. Bu yanaşma Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsindən qaynaqlanır. Həmin normaya görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

62. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

63. İş materialları təhlil edilən zaman müəyyən edilir ki, qarşılıqlı iddiaçının dəlilləri mötəbər sübutlarla təsdiq edilmir. Qarşılıqlı iddiaçı tələbinin əsası kimi xx.xx.2013-cü il tarixli, 034A********** nömrəli kredit müqaviləsini və şahid ifadələrini təqdim etmişdir. Həmin kredit müqaviləsi ilə qarşılıqlı iddia üzrə iddiaçının bankdan 45.000 manat məbləğində kredit götürdüyü müəyyən edilsə də, həmin məbləğin qarşılıqlı iddia üzrə cavabdehlərə verilməsini təsdiq edəcək hər hansı bir mötəbər sübuta rast gəlinməmişdir.

64. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

65. Məhkəmə kollegiyası xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

66. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Hümmət qızı iş vərəqə 23-24-də olan qarşılıqlı iddia ərizəsində - iddiaçı və oğlu X13 ilə onlara gələrək Gədəbəy rayonu Novo- Saratovka kəndində fərdi yaşayış evlərinin olmasını və 50.000 manata satmalarını bildirmişlər. O bankdan kredit götürüb 45.000 (qırx beş min) manat iddiaçıya və oğlu X11 verdim – qeyd etmişdir. Bundan sonra iş vərəqə 44-də olan Cavabdeh1 Gədəbəy RPŞ-nin Yeni Saratovka PB-nə yazdığı xx.xx.2022-ci il tarixli ərizədə - xx.xx.2020-ci il tarixdə qonşum X14 ona məxsus evi satırdı biz onunla evin qiymətini 60 min manata pazılaşdıq, mən Elmara ilkin olaraq 45 min manat pul verdim - yazmışdır. Daha sonra iş vərəqə 113 - 114-də olan Cavabdeh1 Gədəbəy RPŞ-nin Yeni Saratovka PB-nə yazdığı izahatında – Mən Elmara 2020-ci ilin dekabr ayında ilkin olaraq 5 min, 2021-ci ili yanvar ayında 40 min manat pulu oğlumun və həyat yoldaşımın yanında vermişəm - yazmışdır. Məhkəmə Kollegiyasının iclasında isə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Hümmət qızı izahatında - pulu iddiaçı və oğluna qonşuların şahidliyi ilə vermişəm - demişdir. Göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 bir-birinə zidd olan izahatlar vermişdir. Onun tərəfindən birinci instansiya məhkəməsinə dəvət edilmiş şahidlərin ifadələri ilə bağlı kollegiya göstərir ki, iddiaçının izahatı və şahidlərin ifadələri inandırıcı deyildir. Çünki, iddiaçı birbaşa olaraq iddianın həllində maraqlı şəxsdir və bu cür izahat verən zaman məqsədi iddianın təmin edilməsinə yönəlmişdir.

67. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).

68. Şahidlərin ifadələrinə gəldikdə isə qeyd olunmalıdır ki, şahidlər tərəflər arasında olan münasibətləri aydın və müfəssəl diktə etməmiş, münasibətlərin hansı tarixdə yaranması dəqiq qeyd olunmamışdır. Belə ki, şahidlər pulun verilmə vaxtı, miqdarı və əskinaslarla əlaqədar qeyri-dəqiq və ziddiyyətli ifadələr vermişlər.

69. Digər tərəfdən isə qarşılıqlı iddia üzrə cavabdehin təşəbbüsü ilə dindirilmiş şahidlərdə cavabdeh İddiaçı evi satmadığını və iddiaçının ona və ya digər cavabdeh Elmar Abbasova pul vermədiyini bildirmişlər.

70. Məhkəmə kollegiyası bir xüsusatı da xüsusilə bir daha qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı polis orqanına müraciət edən zaman verdiyi izahatda şahidlərin olmadığını bildirmişdir. Belə ki, Cavabdeh1 tərəfindən təqdim edilmiş onun polis orqanına ünvanlanmış 04 aprel 2022-ci il tarixli ərizəsi üzrə təhqiqat materiallarında olan izahatın surətindən görünür ki, o, təhqiqatçının sualına cavab verərəkən bildirmişdir ki, Elmara 40000 manat pul verərkən, heç bir müqavilə bağlamamış, yanlarında yalnız oğlu və həyat yoldaşı olmuşdur. Göründüyü kimi, hazırki tələb üzrə iddiaçı təhqiqat orqanına izahat verən zaman şahidlərin olmadığını, lakin birinci instansiya məhkəməsində verdiyi izahat isə pul verilən zaman şahidlərin olduğunu və həmin halı təsdiq etdiklərini bildirmişdir. Məhkəmə kollegiyası ona görə də iddiaçının izahatını qeyri-səmimi olmaqla, inandırıcı hesab etmir.

71. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.

72. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur.

73. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

74. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

75. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

76. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

77. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

78. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-568/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar