Məhkəmə qərarları › İş №2(104)-2616/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2616/2023

04.12.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2616/2023 04.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və üçüncü şəxslər Tərtər rayon notariat ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: əqdin etibarsız hesab edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 (eləcədə İddiaçı3 etibarnamə üzrə nümayəndəsi) və Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və üçüncü şəxslər Tərtər rayon notariat ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı alıq-satqı müqaviləsinin və ondan irəli gələn bütün hüquqi sənədlərin etibarsız hesab edilməsi, torpaq sahəsinin sahibliyə və istifadəyə qaytarılması tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli 2(061)- 757/2023 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə 04 dekabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Torpağa Mülkiyyət Hüququna dair JN 0092 nömrəli Dövlət Aktının surətindən görünür ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının 08 yanvar 1999-cu il tarixli 01 nömrəli qərarı ilə X16, X21, X14, X17, X18, İddiaçı4, İddiaçı1, X19, İddiaçı3 mülkiyyətinə Tərtər rayonu Bəyimsarov kənd ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 6,60 ha torpaq sahəsi verilmişdir.

2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 noyabr 2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Tərtər rayon Bəyimsarov kəndində yerləşən kənd təsərüfatı təyinatlı 6,0518 ha torpaq sahəsinin1/9 hissəsi X3, 1/9 hissəsi X4, 1/9 hissəsi X5, 2/9 hissəsi İddiaçı1, 1/9 hissəsi X6, 1/9 hissəsi İddiaçı3 və 2/9 hissəsi İddiaçı4 mülkiyyətindədir.

3. Tərtər rayon Dövlət Notariat Kontorunda təsdiqlənmiş 17 dekabr 2014-cü il tarixli ******* nömrəli AN-İ seriyalı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Tərtər rayonu Bəyimsarov kənd ərazisidə yerləşən 6,60 ha torpaq sahəsinin 3,362 ha hissəsi satıcılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 nümayəndələri Cavabdeh2 tərəfindən alıcı Cavabdeh1 satılmışdır.

4. X4 və X5 Tərtər rayon Notariat kontoruna təqdim etdikləri ərizədən görünür ki, Tərtər rayonu Bəyimsarov kənd ərazisidə yerləşən 6,0518 ha torpaq sahəsindən onlara məxsus pay istisna olmaqla ailə üzvləri - İddiaçı4, İddiaçı1, X10 və İddiaçı3 məxsus torpaq paylarının satılmasına etiraz etməmişlər.

5. 19 mart 2014-cü il tarixli AR-İ seriyalı 295546 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı1, Məmmədova (Əzimova) Nazilə Əhəd qızı və İddiaçı3 həmin etibarnamə ilə Gəncə şəhəri, Q.Əliyev küçəsi ev 11-də qeydiyyatda olan Cavabdeh2 DT və XK-in Tərtər rayon şöbəsindən verilmiş Torpağa Mülkiyyət Hüququna dair 11 noyabr 1999-cu il tarixli JN 092, KOD 61100028 nömrəli Dövlət Aktına əsasən Tərtər rayonu Bəyimsarov kəndində yerləşən 6,60 ha torpaq sahəsinin onlara məxsus olan 2,20 ha hissəsinə sərəncam verməyi, satmağı, bağışlamağı, (ipoteka qoymağı) adından müqavilə rəsmiləşdirməyi, pulunu almağı, ərizə yazmağı, bu tapşırıqların icrası ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişlər. Həmin etibarnamə üzrə səlahiyyətlər başqa adama verilə bilər. Etibarnamə 30 il, 19 mart 2044-cü ilədək qüvvədədir. Hər üç etibar edən şəxslər etibarnaməyə imza etmişlər.

6. 27 iyun 2014-cü il tarixli AR-İ seriyalı 306773 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı4, həmin etibarnamə ilə Gəncə şəhəri, Q.Əliyev küçəsi ev 11-də qeydiyyatda olan Cavabdeh2 ona məxsus olan Tərtər rayonu Bəyimsarov kəndində yerləşən 0,733 ha torpaq sahəsinin üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri o, cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, əmlakı girova (ipotekaya) qoymaq və ipotekanı (girovu) qəbul etmək barədə əqdləri bağlamaq, bu əqdlər üzrə haqqhesab aparmağı, mirası qəbul etməyi, yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından və poçtdan teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq , iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetini dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi və digər hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə 50 il, 27 iyun 2064-cü ilədək qüvvədədir. İddiaçı4 etibarnaməyə imza etmişdir.

7. 19 noyabr 2014-cü il tarixli AR-İ seriyalı 359201 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı1, həmin etibarnamə ilə Gəncə şəhəri, Q.Əliyev küçəsi ev 11-də qeydiyyatda olan Cavabdeh2 həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlaklarını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmişbütün əqdləri o, cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, əmlakı girova (ipotekaya) qoymaq və ipotekanı (girovu) qəbul etmək barədə əqdləri bağlamaq, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi, yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından və poçtdan teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq , iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetini dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi və digər hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə 5 il, 19 noyabr 2019-cu ilədək qüvvədədir. İddiaçı1 etibarnaməyə imza etmişdir.

8. Tərtər rayon Notariat Kontorunun 26 sentyabr 2014-cü il tarixli 167 nömrəli məktubundan görünür ki, X11, X12 və X14 və ailə üzvlərinin birgə mülkiyyətində olan Tərtər rayon Bəyimsarov kəndində yerləşən 6,60 ha torpaq sahəsinin İddiaçı4, İddiaçı1, X10 və İddiaçı3 məxsus paylarının satılmasına dair əməliyyat aparılmasını xahiş etmişlər. Qanunvericiliyin tələblərinə görə birgə mülkiyyət payları kimi həmin torpaq sahəsini almaqla onların üstünlük hüququna malik olduqları göstərilmişdir. Odur ki, onlara təklif olunmuşdur ki, bu bildirişi aldıqdan sonra dərhal Tərtər rayon Notariat Kontoruna gələrək fikirlərini bildirsinlər. Əks halda 45 gün keçdikdən sonra onların rəyi nəzərə alınmadan alqı-satqı əməliyyatı aparılacağı barədə xəbərdarlıq edilmişdir.

9. Ölüm haqqında 03 fevral 2010-cu il tarixli AZ-İ 381103 nömrəli şəhadətnamənin surətindən görünür ki, X7 01 fevral 2010-cu il tarixdə ölmüşdür.

10. Ölüm haqqında 01 fevral 2011-ci il tarixli AZ-İ seriyalı 433412 nömrəli şəhadətnamənin surətindən görünür ki, X16 25 yanvar 2011-ci il tarixdə ölmüşdür.

11. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 25 dekabr 2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışın və **********64 nömrəli Torpaq sahəsinin planı və ölçüsü surətindən görünür ki, Tərtər rayon Bəyimsarov kəndində yerləşən kənd təsərüfatı təyinatlı 3,36 ha torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir.

12. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 04 fevral 2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Tərtər rayon Bəyimsarov kəndində yerləşən kənd təsərüfatı təyinatlı 2,69 ha torpaq sahəsi İddiaçı4, X3, X4 və X5 ümumi birgə mülkiyyətindədir.

13. Tərtər rayon Dövlət Notariat Kontorunda təsdiqlənmiş 11 fevral 2015-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Tərtər rayonu Bəyimsarov kəndində yerləşən torpaq sahəsini İddiaçı4 0,345 ha hissəsini, X18 0,6725 ha hissəsi, X17 0,6725 ha hissəsini nümayəndələri Cavabdeh2 vasitəsi ilə Cavabdeh1 satılması barədə alqı-satqı müqaviləsi bağlamışlar.

14. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 28 fevral 2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Tərtər rayon Bəyimsarov kəndində yerləşən kənd təsərüfatı təyinatlı 1,69 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir.

15. Tərtər Rayon Xüsusi Notariat Ofisinin 18 avqust 2023-cü il tarixdə 514 nömrəli məktubundan görünür ki, X16 və X7 ilə bağlı elektron məlumat informasiya sistemində açılmış vərəsəlik işi və ya təsdiq edilmiş şəhadətnamə aşkar edilməmişdir. Lakin, vətəndaş Cavabdeh2 18 avqust 2023-cü il tarixində verdiyi məlumatlara əsasən 2014-cü il üçün Tərtər rayon Notariat Ofisinin arxivinə baxış keçirilən zaman X16 və X7 ilə bağlı təsdiq edilmiş 19 noyabr 2014-cü il V-157,158 nömrəli açılmış vərəsəlik işi 2V-196,197 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə aşkar edilmiş və təsdiq edilmiş 2V-196,197 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin surətini və V-157,158 nömrəli açılmış vərəsəlik işinin müvafiq səhifələrinin surəti məhkəməyə göndərilmişdir.

16. Tərtər rayon Notariat Kontoru tərəfindən 19 noyabr 2014-cü il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, notarius Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159 maddəsinə əsasən təsdiq etmişdir ki, 01 fevral 2010-cu il tarixdə vəfat etmiş X1 vərəsələri İddiaçı4 və İddiaçı1dur. Onlar miras əmlakdan bərabər hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: DTXK-in Tərtər rayon şöbəsi tərəfindən 16 noyabr 1999-cu il tarixli “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktına və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 7 saylı Ərazi İdarəsindən alınmış 31 oktyabr 2014-cü il tarixli, 112 nömrəli arayışa əsasən Tərtər rayonu, Bəyimsarov kəndində yerləşən 6,60 ha torpaq sahəsinin mərhum X2 məxsus 0,733 ha hissəsindən ibarət olduğu göstərilmişdir.

17. Tərtər rayon Notariat Kontoru tərəfindən 19 noyabr 2014-cü il tarixdə verilmiş qanun üzrəvərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, notarius Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159 maddəsinə əsasən təsdiq etmişdir ki, 25 yanvar 2011-ci il tarixdə vəfat etmiş X8 vərəsələri İddiaçı4 və İddiaçı1dur. Onlar miras əmlakdan bərabər hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak : DTXK-in Tərtər rayon şöbəsi tərəfindən 16 noyabr 1999-cu il tarixli “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktına və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 7 saylı Ərazi İdarəsindən alınmış 31 okatyabr 2014-cü il tarixli, 112 nömrəli arayışa əsasən Tərtər rayonu, Bəyimsarov kəndində yerləşən 6,60 ha torpaq sahəsinin mərhum X13 məxsus 0,733 ha hissəsindən ibarət olduğu göstərilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

18. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, və üçüncü şəxslər Tərtər rayon notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı alıq-satqı müqaviləsinin və ondan irəli gələn bütün hüquqi sənədlərin etibarsız hesab edilməsi, torpaq sahəsinin sahibliyə və istifadəyə qaytarılması tələbinə dair iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, Tərtər rayon Aqrar İslahat Komissiyasının 08 yanvar 1999-cu il tarixli, 01 nömrəli qərarı ilə ailə üzvləri X16, X21, X14, X17, X18, X15, İddiaçı1, X19, İddiaçı3 mülkiyyətinə verilmiş və Torpağa Mülkiyyət Hüququna dair JN-092, kod 61100028 nömrəli Dövlət Aktı ilə rəsmiləşdirilmiş və Tərtər rayonu Bəyimsarov kənd ərazisində yerləşən 6,60 ha ölçüdə pay torpaq sahəsinin satılmasına dair satıcı Cavabdeh2 alıcı Cavabdeh1 arasında Tərtər rayon Notariat Kontorunda təsdiq edilmiş 17 dekabr 2014-cü il tarixli AN-İ seriyalı ******* nömrəli, reyestrdə 4Ə-N297 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin və ondan irəli gələn bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi və torpaq sahəsinin iddiaçıların istifadə və sahibliklərinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

19. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının 08 yanvar 1999-cu il tarixli 01 nömrəli qərarı ilə X16, X21, X14, X17, X18, İddiaçı4, İddiaçı1, X19, İddiaçı3 mülkiyyətinə Tərtər rayonu Bəyimsarov kənd ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 6,60 ha torpaq sahəsi verilmiş və bu barədə Torpağa Mülkiyyət Hüququna dair JN 0092 nömrəli Dövlət Aktı tərtib olunmuşdur. Həmin torpaq sahəsinin 3,362 ha hissəsini Cavabdeh2 etibarnamə əsasında 17 dekabr 2014-cü il tarixdə Tərtər rayon dövlət notariat kontorunda ******* nömrəli alqı-satqı müqaviləsi ilə gigər Cavabdeh1 4500 manata satmış və nəticədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 28 fevral 2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Halbu ki, alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanmamışdır. Beləki, ailə başçısı X16 25 yanvar 2011-ci il tarixdə, X20 isə 01 fevral 2010-cu il tarixdə vəfat etmişlər, lakin onların əmlaklarına dair vərəsəlik işi açılmamış və mülkiyyətçilərin soyadı, adı səhv göstərilmişdir.

20. Tərtər Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli 2(061)-757/2023 nömrəli qətnaməsi ilə (hakim K.Rzayev) iddia tələbi təmin edilməmişdir.

21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 152.3, 157.1 maddəsi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84 maddəsi, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 78.1, 84, 88, 213, 217.4, 218.1, 216-220, 233, 360 maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiya məhkəməsində icraat:

22. İddiaçı1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, ona və ailə üzvlərinə Tərtər rayon Bəyimsarov kəndində yerləşən 6,60 ha pay torpaq sahəsi verilmişdir. Pula ehtiyacıları olduğuna görə 2014-cü ildə həmin pay torpaq sahəsinin 3,68 ha hissəsini Cavabdeh1 uzun müddətə icarəyə vermişlər və bunun müqabilində sonuncu 4500 manat ödəmişdir. Sonradan torpaq sahəsini qaytarmasını təklif etmiş, lakin Cavabdeh1 razı olmamışdır. Həmin vaxt mərhumlar X16 və X9 əmlaklarına vərəsəlik işi açılmamış və sənəddə texniki səhvlər səbəbindən torpaq sahəsinin satılması qanunsuz olmuşdur. Hazırki dövrədək pay torpaq sahəsindən Cavabdeh1 istifadə edir. Torpaq sahəsini icarəyə verməmişdən əvvəl pambıq əkmək üçün Tərtər rayon Pambıq Zavodu ilə onlar arasında bağlanmış müqaviləyə əsasən torpağın dövlət aktının və digər sənədlərin əsli Tərtər Rayon Pambıq Zavodunda qalmışdır. Həmin Torpağa Mülkiyyət Hüququna Dair JN-092, kod 61100028 nömrəli Dövlət Aktında ailə üzvlərinin ad və soyadların çoxunda yanlışlığa yol verilmiş və alqı-satqı müqaviləsi bağlanarkən sənədlərin əslinin olmamasına nəzər yetirilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları,

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və şikayətin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, torpaq sahəsini cavabdehə icarəyə vermiş və notariusda bağlanan müqaviləni də icarə müqaviləsi hesab etmişdir. Fazillə olan razılığa əsasən torpaq sahəsini ona 7-8 il müddətinə icarəyə vermiş, sonradan torpağı geri qaytarmağı tələb etmiş, hətda aldığı pulları da ona qaytaracağını bildirmişdir. Ümumilikdə 8000 manat almışdır. İddiaçı1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 (eləcədə İddiaçı3 etibarnamə üzrə nümayəndəsi) iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, torpaq sahəsini cavabdehə satmamışlar. Torpaq sahəsi cavabdehə müvəqqəti icarəyə verilmişdir. İddiaçı2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyək bildirmişdir ki, iddiaçılar 2014-cü ildə torpaq sahəsini onlara satmışlar və bunun müqabilində 2000 manat Müşfiqə, 8000 manat isə Eyvaza vermişdir. Torpaq sahəsinin icarəyə verilməsi barədə aralarında razılaşma olmamışdır. İddiaçılar ona etibarnamə vermiş, həmin etibarnamə əsasında da alqısatqı müqaviləsi bağlanmışdır. Cavabdeh2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

28. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçılar İddiaçı3, İddiaçı4 və Cavabdeh1, üçüncü şəxslər Tərtər rayon notariat ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcədə gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı3 nümayəndəsi ilə təmsil olunmuşdur. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

30. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

31. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

32. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

33. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

34. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.

35. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.

36. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

37. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

38. Maddə 363.3. Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz.

39. Maddə 365.1.7. Etibarnamənin qüvvəsinə etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması nəticəsində xitam verilir.

40. Maddə 567 Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

41. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

47. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

48. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

49. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə düzgün nəticəyə gəlmişdir.

51. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması üçün əsas yoxdur.

52. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 noyabr 2014cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən Tərtər rayon Bəyimsarov kəndində yerləşən kənd təsərüfatı təyinatlı 6,0518 ha torpaq sahəsinin1/9 hissəsi X3, 1/9 hissəsi X4, 1/9 hissəsi X5, 2/9 hissəsi İddiaçı1, 1/9 hissəsi X6, 1/9 hissəsi İddiaçı3 və 2/9 hissəsi İddiaçı4 mülkiyyətinə verilmişdir. İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 əmlaka dair sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri o, cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, əmlakı girova (ipotekaya) qoymaq və ipotekanı (girovu) qəbul etmək barədə əqdləri bağlamaq, bu əqdlər üzrə haqq-hesab aparmağı və digər hüquqları həyata keçirmək barədə Cavabdeh2 notarial qaydada etibarnamə vermişl, sonuncu da həmin etibarnamə əsasında onların payına düşən 3,362 ha hissəni Cavabdeh1 4500 manata satılmış və bu barədə Tərtər rayon Dövlət Notariat Kontorunda 17 dekabr 2014-cü il tarixli ******* nömrəli AN-İ seriyalı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında Tərtər rayon Bəyimsarov kəndində yerləşən kənd təsərüfatı təyinatlı 3,36 ha torpaq sahəsinə dair Cavabdeh1 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 25 dekabr 2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarış və **********64 nömrəli Torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 3,362 ha torpaq sahəsini cavabdehə satmadıqlarını, əslində icarəyə verdiklərini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etməmişdir.

53. Bu qətnamənin 50-ci bəndində də qeyd olunduğu kimi kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və ilk öncə onu qeyd edir ki, əqdin etibarsızlığı o deməkdir ki, əqd formasında həyata keçirilən hərəkətlər hüquqi fakt əlamətinə malik olmur. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Hər hansı əqdin (o cümlədən alğı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Bütün növ əqdlər baxımından sadə yazılı şəkildən bəhs oluna bilinməsi üçün ən azı iki şərt tələb olunur: 1) iradə ifadəsinin yazılı olması 2) yazılı iradə ifadəsinin istinad olunan şəxs tərəfindən və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmasıdır. Mülki hüquq baxımından rəsmi şəkil və ya formaya əsasən notariuslar tərəfindən tərtib və ya təsdiq edilmə hallarında olur. Notariat və ya rəsmi forma-iradə ifadəsinin xüsusi şəxslər tərəfidən deyil, hakimiyyət səlahiyyətini icra edən şəxs və ya orqan tərəfindən bu səlahiyyətlərin yerinə yetirilməsi məqsədilə edilməsi hallarına aiddir. Qeyd olunalara əsasən əqdi bağlayan şəxsin müvafiq fəaliyyət qabiliyyətinin olması, əqd mövzusu (predmeti) şəxsiyyətə zidd olmaması, əqdlər məcburi hüquq qaydalarına zidd olmamalı, əqdin mövzusu (predmeti) mümkünsüz olmamalı və əqdi əmələ gətirən iradə ifadələri zədəli olmamalıdır.

54. Yuxarıda da qeyd olunduğu kimi iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 paylarına düşən kənd təsərüfatı təyinatlı torpaq sahəsinə dair sərəncam verilməsi üçün Cavabdeh2 notarial qaydada etibarnamə vermiş, sonuncuda ona verilmiş eütibarnamələr əsasında digər Cavabdeh1lə 17 dekabr 2014-cü il tarixdə notarial qaydada AN-İ seriyalı ******* nömrəli daşınmaz əmakın alqı-satqısı müqaviləsini bağlamışdır.

55. Qeyd olunmalıdır ki, əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). Ümumiyyətlə, əqdin etibarsızlığı o deməkdir ki, əqd formasında həyata keçirilən hərəkətlər hüquqi fakt əlamətinə malik olmur. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Hər hansı əqdin (o cümlədən alğı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. 17 dekabr 2014-cü il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmakın alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmışdır. Yəni qeyd olunan müqavilə yazılı formada notarial qaydada tərtib olunmuş, səlahiyyətli şəxslər tərəfindən imza edilməklə iradə ifadələri göstərilmiş və bununla da hüquqi nəticələrə səbəb olmuşdur.

56. Kollegiya qeyd edir ki, 17 dekabr 2014-cü il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Belə olan təqdirdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 25 dekabr 2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab olunması (ləğv olunması) üçündə əsas yaranmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-ci maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

57. Apellyasiya şikayətinin dəlillərinə də hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil.

58. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli 2(061)-757/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar