Məhkəmə qərarları › İş №2(104)-2616/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2616/2024

23.12.2024 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2616/2024 23.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, Gəncə Şəhər Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli 2(125)-6537/2024 nömrəli qərardadından İddiaçı adından verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı əqdin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli 2(125)-6537/2024 nömrəli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Həmin qərardaddan “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinet vasitəsilə vəkil Nümayəndə (İddiaçı adından) tərəfindən şikayət verilmiş və şikayət vəkilin elektron imzası ilə imzalanmışdır. İş materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən vəkil Nümayəndə etibarnamə verilmişdir. Lakin, adı qeyd olunan vəkil tərəfindən İddiaçı hüquqi yardım göstərilməsi barədə vəkil orderi şikayətə əlavə edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət MPM-nin 361-ci maddəsinin tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 74-cü maddəsinə əsasən, nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Həmin Məcəllənin 361.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Göstərilənlərə əsasən və MPM-nin 69, 263-264, 361, 363 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Gəncə Şəhər Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli 2(125)-6537/2024 nömrəli qərardadından İddiaçı adından verilmiş şikayət qeyri-mümkün hesab edilsin və şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar