Məhkəmə qərarları › İş №2(104)-2620/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2620/2023

27.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2620/2023 27.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, iddiaçı X8, cavabdehlər Cavabdeh və X10 iştirakı ilə, Birgə iddiaçılar X15, X3, X4, X12 və X7 cavabdehlər Cavabdeh və X13 qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinə gedən yolun açılması” tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(058)-34/2023 saylı qətnaməsindən iddiaçı X15 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: Birgə iddiaçılar X15, X3, X4, X12 və X7 cavabdehlər Cavabdeh və X13 qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinə gedən yolun açılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin zəbtində olan və təsərrüfatına gələn yolun eninin sabiq vəziyyətə gətirilməsi, qaz və kanalizasiya xəttlərinin, su arxının qorunma zolağını müəyyənləşdirməklə onlara mane olan hasarın, özbaşına tikintinin sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Samux rayonu, Sərkar kəndində 0.5695 ha pay torpaq sahələri vardır, həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış almışlar, lakin cavabdeh qonşusu Cavabdeh onlara məxsus torpaq sahəsinin bir hissəsini zəbt edib özü üçün isifadə edir, torpaq sahələrinə gedən yolu zəbt edib, onlar torpaq sahələrinə gedə bilmirlər. Cavabdehə dəfələrlə torpaq sahələrini onlara təhvil verməyini və yollarını açmağı təklif etmişlər, lakin cavabdeh onlara əhəmiyyət vermir, qanunsuz hərəkətlərini davam etdirir. Bu barədə kənd inzibati ərazi dairəsinin nümayəndəliyinə, kənd bələdiyyəsinə müraciət etmişlər, onlara məhkəməyə müraciət etməyi məsləhət bilmişlər. Samux Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(058)-34/2023 saylı qətnaməsi ilə (hakim G.Şirinov) iddia tələbinin təmin edilməməsi, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumunun iddiaçılara aid edilməsi və iş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manatın iddiaçılar İddiaçı, X1, X2, X5 və X6 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşdə olan sübutlar: RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Samux rayonu Sərkar kəndində yerləşən 1.5695 ha torpaq sahəsi üzərində X8, X9, X4, X12 və X7 mülkiyyət hüququ qeydə alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, RX ******* nömrəli çıxarışa əsasən 1.5695 ha torpaq sahəsinin planı və ölçüsü sənədi mövcud olmadığından, aparılan araşdırma zamanı, həmin çıxarışın verilməsinə əsas olan JN-1104 nömrəli dövlət aktı, ərazinin kompleks yerquruluşu layihəsi və bələdiyyə mülkiyyətinə verilən torpaqların yerquruluşu planına əsaslanılmışdır. Ekspertiza baxışı zamanı Cavabdeh naturada təqdim etdiyi faktiki istifadə sahəsinə və JN-1104 nömrəli dövlət aktına əsasən 1.5695 ha torpaq sahəsinə istinadən həmin torpaq sahəsi ilə həmsərhəd olan mübahisəli torpaq yola Cavabdeh tərəfindən müdaxilə halı aşkarlanmamış, JN-1104 nömrəli dövlət aktına əsasən 1.5695 ha torpaq sahəsi ilə həmsərhəd olan torpaq yolun üzərində digər şəxslər tərəfindən yarımçıq daş hasar inşa edildiyi müşahidə olunmuş, mülki işdə adları qeyd olunmayan digər şəxslər ekspertiza baxışında iştirak etmədiyindən, onların faktiki istifadə sahələrini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də digər şəxslər tərəfindən sözügedən yola hansı ölçüdə müdaxilə edildiyini müəyyən etmək mümkün olmamışdır. Asfalt yoldan əkin sahəsinə giriş hissədə yerləşən və iddiaçı tərəfindən mübahisələndirilən, faktiki olaraq müəyyən hissəsi, gediş-gəliş yolu kimi istifadə olunan sahə isə ərazinin kompleks yerquruluşu layihəsinə əsasən yeraltı qaz kəmərinin keçdiyi sahədir və həmin sahənin 0.21 ha hissəsi Cavabdeh faktiki olaraq istifafəsindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, ekspertiza baxışında cavabdehlərdən yalnız Razil Məmmədov iştirak etmiş, Samux rayon Sərkar kəndində yerləşən, xx.xx.2019-cu il tarixli, RX ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçıların mülkiyyətində olan 1.5695 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə cavabdehlərdən Razil Məmmədov və digər şəxslər tərəfindən müdaxilə halı aşkarlanmamış, torpaq islahatı əsasında tərtib olunmuş kompleks yerquruluşu layihəsi və Sərkar bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxemində göstərilən bələdiyyə mülkiyyətində olan yolun üzərində cavabdeh Razil Məmmədov tərəfindən 29.0 metr uzunluğunda daş hasar inşa edilmiş, çirkab suların axıdılması üçün nəzərdə tutulan yeraltı xəttin keçdiyi, faktiki olaraq yol kimi istifadə olunan sahədə cavabdeh Razil Məmmədov tərəfindən 125.0 metr uzunluğunda daş hasar inşa edilmişdir. Çirkab suların axıdılması üçün nəzərdə tutulan yeraltı xəttin keçdiyi faktiki olaraq yol kimi istifadə olunan sahənin, asfalt yoldan giriş hissədən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə qədər olan hissəsi faktiki olaraq cavabdeh Razil Məmmədovun istifadəsindədir. Asfalt yoldan iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gedən digər yolun (yeraltı qaz xəttinin yerləşdiyi sahə) 0.21 ha hissəsi digər şəxslər tərəfindən faktiki olaraq istifadə olunur. Əvvəlki mütəxəssis rəyinə istinadən həmin sahə Cavabdeh faktiki istifadəsindədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5513 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindəv verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-3701/2023 nömrəli mütəxəssis rəyinə əsasən Samux rayon Sərkar kəndində yerləşən, iddiaçıların mülkiyyətində olan 1.5695 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə cavabdehlərdən Razil Məmmədov və digər şəxslər tərəfindən heç bir müdaxilə halı olmadığı müəyyən olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Samux Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(058)-34/2023 saylı qətnaməsindən narazı qalan iddiaçı X15 apellyasiya şikayəti verərək, Samux Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(058)-34/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən nəzərə almamışdır ki, mülkiyyətlərində Samux rayonu, Sərkar kəndində 0.5695 ha pay torpaq sahələri var və həmin torpaq sahəsinə dair çıxarış almışlar. Lakin buna baxmayaraq Cavabdeh onlara məxsus torpaq sahəsininin bir hissəsini zəbt edib özü üçün istifadə edir, torpaq sahələrinə gedən yolu zəbt etdiyi üçün onlar özünə məxsus torpaq sahələrinə gedə bilmirlər. Həmçinin məhkəmə işə baxarkən digər iddiaçıların və iddiaya münasibət bildirməsi üçün cavabdeh Razil Məmmədovun iştirakını təmin etməyərək, onlar tərəfindən məhkəməyə təqdim edilmiş sənədləri sübut kimi nəzərə almadan, mübahisəli torpaq sahəsinə baxış keçirtmədən, yalnız mülki işlə bağlı verilmiş ziddiyətli mütəxəssis rəyini və ekspert rəyini sübut kimi qəbul edərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Hesab edir ki, işlə bağlı ədalətli qərar qəbul edilməsi və ziddiyyətli məqamların araşdırılması üçün yenidən ekspertiza təyin edilməlidir. İştirakçılıqla bağlı prosessual məsələlər və məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X15 apellyasiya şikayətini müdafiə etdiyini bildirib, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə digər iddiaçılara məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası digər iddiaçıların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən X16 izahat verib bildrmişdir ki, onun tərəfindən iddiaçıların hər hansı bir torpaq sahəsi zəbt edilməmiş, o cümlədən iddiaçının torpaq sahəsinə iki tərəfdən də gediş-gəliş yolu mövcuddur. İddiaçının ona qarşı qərəzli iddia qaldırmışdır. Belə ki, iddiaçı ilə onun torpaq sahəsinin alqı-satqısına dair razılaşma olmuş, lakin sonradan bu razılaşmaları məhkəmə mübahisəsinə çevrilmişdir. İddiaçının torpaq sahəsinə müdaxilənin olmaması və torpaq sahəsinə də rahat şəkildə gediş-gəlişinin olması yerində baxış zamanı da müəyyən edilmişdir. Buna görə də apellysiya şikayətinin rədd edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahat verib bildirmişdir ki, iddiaçının yol açılmasını tələb etdiyi ərazi magistral qaz kəmərinin qorunma zolağıdır. Bununla yanaşı iddiaçı həmin qoruma zolağından yol kimi də istifadə edir. Onun əkdiyisahə isə iddiaçının öz torpaq sahəsinə gediş-gəlişinə maneə yaratmır. Həmçinin, digər tərəfdən də iddiaçı torpaq sahəsinə gediş-gəliş yolu kimi istifadə edir. Buna görə də iddiaçının apellyasiya şikayətinin əsassız hesab edilərək təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Samux Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(058)-34/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən mübahisəli əraziyə tərəflərin iştirakı ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən ictimai yola iki istiqamətdən müvafiq keçidləri mövduddur. Asfalt yoldan iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gedən digər yolun (yeraltı qaz xəttinin yerləşdiyi sahə) 0.21 ha Cavabdeh tərəfindən faktiki istifadə edilsə də onun bu istifadəsi iddiaçının mülkiyyətində olna torpaq sahəsinə keçmək üçün hər hansı bir maneə yaratmamaqdadır. Bundan başqa çirkab suların axıdılması üçün nəzərdə tutulan yeraltı xəttin keçdiyi və yol kimi istifadə olunan sahədən də iddiaçı istifadə etmək imkanına malik olmaqla, cavabdeh Razil Məmmədov tərəfindən inşa edilmiş 125.0 metr uzunluğunda daş hasarın da iddiaçının yoldan istifadəsinə hər hansı bir maneə yaratmamaqdadır. Beləliklə, yuxarında göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384-385, 392-393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏTETDİ:

Samux Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(058)-34/2023 saylı qətnaməsindən iddiaçı X15 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Samux Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(058)-34/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar