Məhkəmə qərarları › İş №2(104)-2623/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2623/2023

22.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2623/2023 22.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Əliyev Rafiq Çingiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2079/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2079/2023 saylı qətnaməsi ilə (hakim M.Mustafayev) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2079/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İİ qrup Çernobil əlili, Prezident təqaüdçüsüdür. Gəncə şəhəri, 4-cü mk.r, 23A nömrəli evin 23-cü mənzili onun şəxsi mülkiyyətindədir. Həmin mənzil şəxsi mülkiyyət hüququ əsasında Kəpəz rayon XDS İcraiyyə Komitəsinin 16№ li 11 noyabr 1987-ci il tarixli qərarı əsasında ona verilmiş və mülkiyyət hüququna dair qeydiyyat vəsiqəsi verilmişdir. 1982-ci ildə X1 ilə ailə qurmuşdur. Bu evlilikdən 2 oğlu, 1 qız övladı dünyaya gəlmişdir. Həyat yoldaşı X1 2015-ci ildə rəhmətə getmişdir. Böyük oğlu Cavabdeh1 öz baldızı qızı ilə evləndirmişdir. İkinci oğlu və qızı ailə qurub kənarda yaşayırlar. Həyat yoldaşı artıq 7 ildir ki, vəfat etmişdir. Bu müddət ərzində demək olar ki, öz şəxsi evində qonaq kimi, yad bir insan kimi yaşamağa məcbur olmuşdur. Şəxsi evində eninə-boyuna yaşayan, dövlətdən aldığı pensiyanı belə yeyən nankor oğlu və gəlini ona qənim kəsilmişlər. Öz baldızı qızı Cavabdeh2 evinə gəlin gətirmişdir ki, ona yəqin pis baxmaz. Sən demə evinə gəlin yox əfi ilan gətirmişdir. Nankor və qeyrətsiz oğlun zəifliyindən istifadə edən Günay xanım, oğlu və hətta nəvələri belə onu ələ salıb, ona qulluq edib hörmət göstərmək əvəzinə, onu 70 yaşlı evin ağsaqqalını ələ salıb, hər cür alçaqlığa əl atırlar. Qızı nə vaxta qədər ona paltar yuyub, yemək hazırlayacaq. Biçarə qızı daima ona təsəlli verib, sakitləşdirsə də, artıq bıçaq sümüyə dirənmişdir. Evində baş verən münaqişə ilə əlaqədar olaraq Gəncə şəhəri Mediasiya Şurasının 1 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Ancaq oğlu Səfərov X2 şurasının birinci prosesinə gəlmiş, lakin gəlini Cavabdeh2 ümumiyyətlə heç bir prosesə gəlməmişdir. Oğlu da, birinci prosesə gəlsə də, növbəti proseslərə gəlməmişdir. Halbuki, Mediasiya Şurasının prosesinin yeri və saatı dəqiq göstərilsə də, bu cənablar saymayıb gəlməmişlər. Bu hal da, onların doğurdan da, necə insan olmalarını bir daha təsdiq və sübut etmişdir. Oğlu Cavabdeh1 icra başçısının sərəncamı ilə fərdi ev tikdirmək üçün torpaq sahəsi almış və özləri üçün ev tikdirmişlər. Ona görə də, o, artıq dözə bilmir və onların yaşlı, xəstə olmağına belə hörmət qoymayaraq həm evdə yaşamaları bir yana qalsın, dövlətin ona verdiyi pensiyanı yeyərək harınlaşmaları artıq dözülməz həddə çatmışdır. Bu qeyrətsiz oğlunun və gəlinin onun konstitusion haqqını belə pozmalarına dözə bilməyib ədalətin işığına sığınmaq qərarına gəlmişdir. Öz şəxsi mülkündə qulluqçu tutacaq, yaxud da, ailə quracaq, bu onun hüququdur. Bu səbəbdən də, Cavabdeh1 və həyat yoldaşı Cavabdeh2 onun mənzilindən istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh1 məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, o, iddiaçının doğma oğlu olmaqla göstərilən ünvanda doğulmuş, orada böyüyüb, boya-başa çatmış, evlənmişdir. Həyat yoldaşı da, həmin ünvana gəlin gəlmişdir. İki övladları var. Hazırda da, həmin ünvanda yaşayırlar, başqa yerdə yaşayış yerləri yoxdur. Ona görə də, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh2 etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, o, iddiaçının gəlinidir. 2007-ci ildə həmin mülkə gəlin gəlmişdir. 2009-cu ildə qayınatası İddiaçı özü rəsmi ərizə yazaraq onu evinə qeydiyyata salmışdır. İki azyaşlı övladı da, həmin evdə dünyaya gəlmişlər. Ancaq iddiaçı nə uşaqlara, nə də onlara dinc yaşamağa imkan vermir, uşaqları və onu nəlayiq sözlərlə səbəbsiz yerə təhqir edir, deyir ki, evdən çıxarıb çölə tökəcəkdir. İddiasında göstərir ki, guya o, iddiaçıya baxmır, qulluq etmir. Bu sözlər həqiqətə uyğun deyil. Gəlin gələndən hal-hazıra qədər də iddiaçıya qulluq edir, gücü çatan qədər də, baxır. Ona görə də, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, o, iddiasını onunla əsaslandırmışdır ki, İİ qrup Çernobıl əlili, Prezident təqaüdçüsüdür. Adı Prezidentin masası üzərindəki siyahıdadır. Hazırda yaşadığı ünvan 2 ünvanında yerləşən mənzil onun şəxsi mülkiyyətindədir. O, hazırda öz şəxsi mülkündə qonaq kimi yaşayır. Hansı nəvə öz yaşlı, xəstə babasına ay eşşək, ay qoca kaftar deyə müraciət edib öz şəxsi mülkündə evin ağsaqqalını təhqir edər. Buna rəvac verən də evə gətirdiyi gəlin Günay Famil qızıdır. Bir dəfə də olsun uşaqlarına təpinmir, əksinə xəstə düşəndə onları qızışdırır ki, çalışın babanızı əsəbləşdirin, qoy tez cəhənnəmə vasil olsun. Birinci instansiya məhkəməsi isə onun əleyhinə qərəzli qətnamə qəbul etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 276.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək həmin şikayətin dəlillərinə uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, və məhkəmə iclasında iştirak edən iddiaçının izahatını dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 2079/2023 saylı qətnaməsi ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, 4-cü mkr. 23A saylı evin ümuimi sahəsi 89.2 kv.m olan 23 nömrəli mənzili tam mülkiyyət hüququ İddiaçı adına qeydə alınmışdır. İşdəki sənədlərdən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 3 ünvanda qeydiyyatdadır. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Gəncə şəhəri, 4-cü mikrorayondakı 23A saylı evin ümumi sahəsi 89,2 kv.m olan 23 nömrəli mənzili dövlət mənzil fondunun özəlləşdirilməsi qaydasında İddiaçı mülkiyyətinə verilmiş və o, həmin mənzilin mülkiyyətçisidir. Cavabdeh1 iddiaçının oğlu olmaqla doğulduğu vaxtdan həmin mənzildə yaşayır. Digər Cavabdeh2 isə həmin mənzilə iddiaçının özü tərəfindən və ailə üzvü kimi 2007-ci ildə köçürülmüş, hazırkı vaxtadək həmin mənzildə yaşamaqda davam edirlər. İddiaçı apellyasiya şikayətində cavabdehlərin başqa ünvanda evlərinin olduğunu göstərmiş olsa da, məhkəməyə həmin xüsusatı təsdiq edən sübut təqdim etməmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehlərin müabhisəli mənzildən istifadə hüquqlarına xitam verilməsini xahiş etmişdir. İddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 89.2 kv.m olan mənzil **********003-05101-093002 reyestr nömrəsi və ********** qydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ ilə xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır. Cavabdeh1 İddiaçı oğlu olmaqla anadan olduğu vaxtdan həmin mənzildə yaşayır. Cavabdeh2 2007-ci ildə iddiaçınn razılığı ilə mübahisəli mənzilə gəlin gəlmiş və həmin vaxtdan orada yaşayır. İddiaçının mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə qeydə alındığından və cavabdehlər mübahisəli mənzildə 2009-cu idən əvvəl yaşadıqlarından həmin vaxtı qüvvədə olan 1982ci il redaksiyalı Azərbaycan Respublikasının Mənzil Məcəllənin tələblərnə uyğun olaraq onların mübahisəli mənzildən istifadə hüquqları yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildə istifadə hüququ olduğundan və onların istifadə hüququna xitam verilməsi üçün əsaslar olmadığından və bu baxımdan iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməli olması ilə bağlı düzgün nəticəyə gəlmiş olsa da, lakin maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. İlk öncə qeyd olunmalıdır ki, mübahisəli ünvandakı mənzil iddiaçının mülkiyyətinə 2022-ci ildə yox, 23 dekabr 1992-ci il tarixli bağışlama müqaviləsi əsasında keçmişdir. Belə olduğu halda birinci instansiya məhkəməsinin hər iki cavabdehə münasibətdə xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normalarına istinad etməsi əsassızdır. Çünki qeyd olunduğu kimi mübahisəli mənzil 1992-ci ildə özəlləşdirilərək iddiaçının mülkiyyətinə verilmişdir. Cavabdehlərdən Cavabdeh2 isə həmin mənzilə 2007-ci ildə, yəni mübahisəli ünvandakı mənzil iddiaçının mülkiyyətində olanda köçürülmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrindən biri də Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən görünür ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına uyğun olaraq 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Baxılan işdə tərəflər arasında mübahisəli mənzillə bağlı hüquq münasibətləri cavabdehlərdən birisinə (Cavabdeh1) münasibətdə 2000-ci il sentyabrın 1-dək yarandığından ona münasibətdə mübahisə həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsində göstərilirdi ki, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Məcəllənin 53-cü maddəsində isə göstərilirdi ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. İşin məhkəmə iclasında müəyyən olunmuş hallarından göründüyü kimi cavabdehlərdən Cavabdeh1 iddiaçıya məxsus mənzidə həmin mənzil iddiaçının mülkiyyətinə verilməmişdən əvvəl yaşadığına görə onun həmin mənzildən iddiaçı ilə bərabər istifadə hüququ vardır və mülkiyyətçi ilə bərabər bütün vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 marl 2016-cı il tarixli qərarına əsasən, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107- 2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı). Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, 71ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsini qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır... Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Kollegiya qeyd edir ki, iddiaçı nəhkəməyə hazırkı iddia ərizəsi ilə müraciət edib cavabdehlərin başqa yaşayış yerinin olduğunu vurğulayıb onların mübahisəli ünvandakı mənzildən istifadə hüquqlarına kompensasiya verilmədən xitam verilməsini xahiş etmiş olsa da, məhkəməyə həmin xüsusatı təsdiq edən sübut təqdim etməmişdir. Odur ki, kollegiya iddia tələbini Cavabdeh1 münasibətdə əsassız sayır. Kollegiya iddia tələbini Cavabdeh2 münasibətdə də əsassız sayır. Belə ki iddia ərizəsindən göründüyü kimi Cavabdeh2 2007-ci ildə mübahisəli ünvandakı mənzilə iddiaçının özü köçürmüşdür və oğlu Cavabdeh1 arvadı olmaqla onun ailə üzvüdür. Ona görə də Cavabdeh2 da mübahisəli ünvandakı mənzildən istifadə hüququ yaranmışdır. İddiaçının özü də Cavabdeh2 mübahisəli ünvandakı mənzildən istifadə hüququnun olmasını inkar etmir. Ona görə də iddia ərizəsində Cavabdeh2 da mülkiyyətində olan mənzildən istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 marl 2016-cı il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Birinci instansiya məhkəməsi iddia ərizəsini haqlı olaraq təmin etməsə də, maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verimişdir. Azərbaycan Respublikasının MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Odur ki, apellyasiya şikayəti qismən təmin edilərək qətnamə ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.2. 392-393 və 402-407-ci maddələrini rəhbər tutub, Qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2079/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar