Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-265/2025 10.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, X14, Cavabdeh3, X11 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı(bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X9 qarşı “miras əmlaka payın tanınması” tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları X10 ilə X7 07 iyul 1957-ci ildə bağlanmış rəsmi nikahından beş uşağı- hazırki iş üzrə iddiaçı Vəli və hazırkı iş üzrə cavabdehlər Donara, Sayad, Nəbi və Valxan doğulmuşdur. X15 30 noyabr 1988-ci ildə vəfat etmişdir. X10 26 aprel 1991-ci ildə X24 ilə rəsmi nikaha daxil olmuş və bu nikahdan uşaqları doğulmamışdır. Xanlar rayon İcra Hakimiyyəti Başçısının 31 iyul 1992-ci il tarixli, 301 nömrəli “Daimi yaşayış yerlərinin məcburi tərk etmiş vətəndaşların (qaçqınların) yaşadıqları dövlət evi və ya mənzillərin pulsuz şəxsi mülkiyyətə keçirilməsi” haqqında sərəncamdan çıxarışla müəyyən olunur ki, Xanlar şəhəri, Qarabağ küçəsi 63 nömrəli evdə X5 yaşadığı ev(mənzil) ümumi sahəsi 68,3 kv.m, o cümlədən yaşayış sahəsi 53,8 kv.m olan 2 otaqlı yaşayış sahəsi sonuncunun mülkiyyətinə keçirilmişdir. Xanlar texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş qeydiyyat vəsiqəsi ilə müəyyən olunur ki, Xanlar şəhəri, Qarabağ küçəsi 63 ünvanında yerləşən, bir yaşayış otağından ibarət, sahəsi 27,2 kv.m olan “A” yaşayış binası və bir yaşayış otağından ibarət, sahəsi 26,4 kv.m olan “B” yaşayış binası X5 adına reyestr kitabında 5/94 nömrəsi ilə qeydə alınmışdır. X10 01 yanvar 2009-cu il, X24 isə 07 mart 2018-ci ildə vəfat etmişdir. X19 10 aprel 2007-ci ildə Xanlar şəhəri, Qarabağ küçəsi 63 ünvanında olan evini(mənzilini) oğlu, hazırki iş üzrə cavabdeh olan Valxana vəsiyyət etmişdir. Vəsiyyətnamə reyestrdə 2V-1-57 nömrə ilə qeydə alınmışdır. X24 24 fevral 2016-cı ildə Xanlar şəhəri, Qarabağ küçəsi 63 ünvanında olan fərdi yaşayış evini oğlu, hazırki iş üzrə cavabdeh olan Cavabdeh2 vəsiyyət etmişdir. Vəsiyyətnamə reyestrdə 2V-01-24 nömrə ilə qeydə alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X1 miras qalmış, ünvan 1 ünvanında yerləşən, 26,3 kv.m sahəsi olan evə bütövlükdə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının valideynləri X10 ilə Məmişova (Mustafayeva) Bəsti İsrəfil qızı 1951-ci ildə faktiki qaydada, 07 iyul 1957-ci il tarixdə isə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Onların birgə nikahlarından xx xxxxxxxx 1953-cü ildə X11, xx xxxx 1959-cu ildə Cavabdeh1, xx xxxx 1962-ci ildə Cavabdeh3, xx xxxx 1965-ci ildə İddiaçı və 26 aprel 1969-cu ildə X14 anadan olmuşdur. X12 30 noyabr 1986-cı ildə ölmüşdür. Bundan sonra X10 26 aprel 1991-ci ildə X20 ilə rəsmi nikah münasibətinə girməklə evlənmişlər. Onların birgə nikahlarından uşaqları olmamışdır. Cavabdeh3 ilə X13 arasında bağlanmış 22 may 1989-cu il tarixli dəyişdirmə müqaviləsinə əsasən hazırkı ünvan 2 ünvanında yerləşən 26,3 kv.m sahəsi olan ev ilə Ermənistan Respublikası Stepanavan rayonu, Puşkin kəndində olan ev dəyişdirilmişdir. Sonra Xanlar rayonu İcra hakimiyyəti başçısının 31 iyul 1992-ci il tarixli 301 nömrəli sərancamına əsasən həmin ev Cavabdeh3 atası X6 əvəzsiz olaraq verilmiş və bu barədə 5/94 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. X10 01 iyul 2009-cu il tarixdə ölmüşdür. Ondan qalan miras əmlakı isə İddiaçı idarə etmiş, kommunal xərclərini o ödəmişdir. X3 arvadı X17 da öz evində baxmışdır. X20 07 mart 2018-ci il tarixdə ölmüşdür. Onun ümumiyyətlə birinci növbə vərəsəsi qalmamışdır və Cavabdeh2 vəsiyyətnamə versə də, sonuncu miras əmlakı nə faktiki, nə də ki notariat orqanına ərizə verməklə qəbul etmişdir. Göygöl Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(066)- 127/2024 nömrəli iş üzrə qəbul etdiyi 27 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim M.Məmmədov) iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçı X1 miras qalmış daşınmaz əmlakı qəbul etməsini bildirmiş olsa da, həmin halları təsdiq edən hər hansı mötəbər subutu məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassız olmasına görə təmin edilməməlidir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1145, 1151.1, 1246, 1248.1, 1255-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Xanlar Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 301 nömrəli sərəncamı ilə Qarabağ küçəsi 63 nömrəli ünvanda yerləşən ümumi sahəsi 68,3 kv.m olan ev, Ermənistan Respublikasında yerləşən əvvəlki evinin əvəzi kimi kompensasiya olaraq əvəzsiz qaydada iddiaçının mərhum atası X6 verilmişdir. X10 26 aprel 1991-ci ildə X20 ilə rəsmi nikah münasibətinə girməklə evlənmişdir. Qanunvericiliyin tələbinə əsasən qeyd edilən ev birgə nikah dövründə mülkiyyətə keçirilsə də birgə nikah dövründə əldə edilən əmlak kimi qiymətləndirilə bilməz. İkinci növbədə məhkəmə qətnaməsində iddiaçının miras əmlakı qəbul etməsi ilə bağlı hər hansı mötəbər sübut təqdim etmədiyini bildirsə də, məhkəməyə təqdim edilmiş işıq, qaz və su ilə bağlı arayışlar iddiaçının miras əmlakı faktiki qəbul etməsinin birbaşa sübutudur. Bundan başqa elektron məhkəmə sistemi ilə iş materiallarına əlavə edilmiş tərəflər arasında əvvəllər olan və hazırki işə birbaşa aidiyyatı olan məhkəmə qərarları ilə də iddiaçının mirası qəbul etməyi birbaşa təsdiqini tapır. Məhkəmə isə sadalanan hallara qiymət vermədən prosessual və maddi hüququ normalarının tələblərini pozmaqla iddianı rədd etmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh2 apellyasiya şikayətinə etirazını onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan mənzil 1992-ci ildə dövlət tərəfindən əvəzzsiz olaraq Məmməd Mustafayevin mülkiyyətinə verilmiş, həmin dövrdən başlayaraq X25 ilə birgəyaşayış dövründə, yəni 18 il müddətində mənzilə edilmiş əlavələr onun dəyərini 2-3 dəfə artırmışdır. Mənzilə miras qismində qanun üzrə vərəsə kimi mərhumun arvadı Qızbəs Osmanova yiyələnib, qarşısında olan xidmətinə görə isə ona vəsiyyət edib. Hazırki mübahisədə yeganə cavabdeh odur, digər vərəsələr mirasla heç vaxt maraqlanmayıblar, mirası qəbul etmək həvəsində olmayıblar. İddiaçının yeganə məqsədi miras evin onun mülkiyyətinə keçməsinə mane olmaqdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etirazın dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh4 izahatında miras əmlakdan pay istəmədiyini, evin qardaşı Valxana və ya Vəliyə verilməsini istədiyini bildirmişdir. İş üzrə cavabdehlər Cavabdeh1, X14 və Cavabdeh3 apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və mübahisənin predmeti bölünməz olduğundan məhkəmə aktının əsaslılığı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərəfindən işin araşdırılmış və mübahisələndirilməyən halları kimi müəyyən edilmişdir ki, X10(bundan sonra- miras qoyan) ilə X7 07 iyul 1957-ci ildə bağlanmış rəsmi nikahından beş uşağı- hazırki iş üzrə iddiaçı Vəli və hazırkı iş üzrə cavabdehlər Donara, Sayad, Nəbi və Valxan doğulmuşdur. X15 30 noyabr 1988-ci ildə vəfat etmiş və miras qoyan 26 aprel 1991-ci ildə X24 ilə rəsmi nikaha daxil olmuş və bu nikahdan uşaqları doğulmamışdır. Miras qoyan Qızbəs Osmanova ilə nikah münasibətlərində olduğu zaman, yəni 31 iyul 1992-ci il tarixdə Xanlar şəhəri, Qarabağ küçəsi 63 nömrəli evdə miras qoyanın yaşadığı ev(mənzil) ümumi sahəsi 68,3 kv.m, o cümlədən yaşayış sahəsi 53,8 kv.m olan 2 otaqlı yaşayış sahəsi əvəzsiz(pulsuz) olaraq miras qoyanın mülkiyyətinə keçmiş və bu barədə ona 5/94 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Miras qoyan 10 aprel 2007-ci ildə Xanlar şəhəri, Qarabağ küçəsi 63 ünvanında olan evini(mənzilini) oğlu, hazırki iş üzrə cavabdeh olan Valxana, X24 isə 24 fevral 2016-cı ildə Xanlar şəhəri, Qarabağ küçəsi 63 ünvanında olan fərdi yaşayış evini hazırki iş üzrə cavabdeh olan Cavabdeh2 vəsiyyət etmişdir. Miras qoyan 01 yanvar 2009-cu il, X24 isə 07 mart 2018-ci ildə vəfat etmişdir. Göygöl Rayon Məhkəməsinin 2(066)-970/2018 nömrəli, 04 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının atası X4 miras qalmış Xanlar şəhəri, Qarabağ küçəsi 63 ünvanında yerləşən əmlakı qəbul etməsi faktı müəyyən edilmişdir. Həmin qətnamə əsasında Göygöl rayon notariat kontorunun 13 avqust 2018-ci il tarixli 2V-73 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməsi ilə, Göygöl şəhəri, S.Hacıyev küçəsi, ev 63 ünvanında yerləşən ümumi sahəsi 30,9 kv.m olan 1 nömrəli mənzil və həmin ünvanda yerləşən ümumi sahəsi 53,9 kv.m olan 6 nömrəli mənzilə iddiaçının vərəsəlik hüququ tanınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-879/2019 nömrəli, 23 yanvar 2019-cu il tarixli qərardadı ilə Cavabdeh2(hazırki iş cavabdeh) apellyasiya şikayətinə əsasən Göygöl Rayon Məhkəməsinin 2(066)-970/2018 nömrəli, 04 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və ərizə baxılmamış saxlanılmışdır. İddiaçı 03 iyul 2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən miras əmlakın bir hissəsini, yəni Göygöl şəhəri, S.Hacıyev küçəsi, ev 63 ünvanında yerləşən ümumi sahəsi 29,4 kv.m olan 1 nömrəli mənzili X2 və bu barədə 21 iyul 2020-ci ildə çıxarış verilmişdir. Beləliklə müəyyən olunur ki, hazırki iş üzrə miras əmlak 5/94 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Xanlar şəhəri, Qarabağ küçəsi 63 ünvanında yerləşən bir yaşayış otağından ibarət, ümumi sahəsi 26,4 kv.m olan “B” yaşayış binasıdır (hazırki adı Göygöl şəhəri, S.Hacıyev küçəsi, ev 63, mənzil 6). Həmin əmlak miras qoyanla Qızbəs Osmanovanın birgə nikahları zamanı əldə olunsa da, onların birgə gəlirləri hesabına əldə olunamışdır. Belə ki, həmin əmlak miras qoyana “qaçqın” statusunda olduğu üçün əvəzsiz olaraq verilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının miras əmlakı faktiki qəbul etməsi iş materialları ilə təsdiqini tapmır. Məhkəmə birinci instansiya məhkəməsinin həmin əsaslandırması və buna dair gəldiyi nəticə ilə razılaşmır. Belə ki, şəxsin mirası qəbul etməməsinə görə onun vərəsəlik hüququndan məhrum olması barədə mövqe Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş vərəsəlik və mülkiyyət hüquqlarına ziddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, “qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. ...Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd olunur ki, “vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir.” Məhkəmə qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Məhkəmə bildirir ki, miras əmlak barəsində miras qoyanın oğlu Valxana vəsiyyətnaməsi olduğundan miras qoyanın digər birinci növbəli vərəsələri olan iddiaçının, mərhum X16, eyni zamanda cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 miras əmlakdan məcburi pay almaq hüququ yaranmışdır. Belə ki, Mülki Məcəllə ilə şəxsin mülkiyyətinin bir hissəsi üzərində vəsiyyətnamə əsasında sərəncam vermək hüququ, həm də ailə üzvlərinin mirasdan məcburi pay almaq hüququ təmin edilmişdir. Mülki Məcəllənin 1193cü maddəsinin tələbinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Qeyd olunan maddənin tələbindən çıxış edən Məhkəmə hesab edir ki, miras əmlaka iddiaçının payını müəyyən etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. İddia tələbi və apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. İddiaçının miras əmlakda məcburi pay hüququnun olmasını nəzərə alan Məhkəmə hesab edir ki, miras əmlakda iddiaçının 1/12 hissədə məcburi payı müəyyən edilməlidir. Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə prossesual qənaət prinsipindən çıxış edərək hesab edir ki, Xanlar texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş 5/94 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən, Xanlar şəhəri, Qarabağ küçəsi ev 63 ünvanında yerləşən və X1 miras qalmış, ümumi sahəsi 26,4 kv.m olan “B” yaşayış sahəsinin(ünvanın hazırki adı Göygöl şəhəri, S.Hacıyev küçəsi, ev 63, mənzil 6) 1/12 hissəsinə İddiaçı, 1/12 hissəsinə Cavabdeh3, 1/12 hissəsinə Cavabdeh1, 1/12 hissəsinə Mustafayeva(Süleymanova) Donara Məmməd qızının, 1/12 hissəsinə X16, 7/12 hissəsinə isə X8 payı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Göygöl Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 avqust 2024cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X11 və X9 qarşı “miras əmlaka payın müəyyən edilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Xanlar texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş 5/94 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən, Xanlar şəhəri, Qarabağ küçəsi ev 63 ünvanında(ünvanın hazırki adı Göygöl şəhəri, S.Hacıyev küçəsi, ev 63, mənzil 6) yerləşən və X1 miras qalmış ümumi sahəsi 26,4 kv.m olan B yaşayış sahəsinin 1/12 hissəsinə İddiaçı, 1/12 hissəsinə Cavabdeh3, 1/12 hissəsinə Cavabdeh1, 1/12 hissəsinə Mustafayeva(Süleymanova) Donara Məmməd qızının, 1/12 hissəsinə X16, 7/12 hissəsinə isə X8 payı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-265/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-265/2025
10.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver