Məhkəmə qərarları › İş №2(104)-2658/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2658/2023

01.11.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2658/2023 01.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinə və “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iş üzrə Samux Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli 2(058)-799/2023 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin rəisi Ayaz Rəhimov tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinə və “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət etmişdir. Samux Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli 2(058)-799/2023 nömrəli qətnaməsi ilə (hakim G.Şirinov) iddianın təmin edilməsi, İddiaçı ilə “X2” MMC-ti arasında bağlanılmış xx.xx.2019-cu il tarixli xxxxxxx000100 nömrəli əmək müqaviləsinə xitam verilməsi, İddiaçı ilə “X2” MMC-ti arasında bağlanmış xx.xx.2019-cu il tarixli xxxxxxx000100 nömrəli əmək müqaviləsinə məhkəmə qərarı ilə xitam verilməsinə dair məlumatın elektron informasiya sistemi vasitəsi ilə “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilməsi, iş üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin rəisi Ayaz Rəhimov apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Samux Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli 2(058)-799/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti elektron qaydada verilmədiyindən Samux Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli 2(058)-799/2023 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin rəisi Ayaz Rəhimov tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin rəisi Ayaz Rəhimov xx.xx.2023cü il tarixdə yenidən apellyasiya şikayəti vermiş, eyni zamanda apellyasiya şikayəti verilməsi üçün müddətin bərpaq edilməsini xahiş etmişdir. Şikayətin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə münasibət bildirmədən və şikayətin qanunvericiliyə uyğun tərtib edilibedilməməsini yoxlamadan işi baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Həmin Məcllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Göründüyü kimi buraxılmış prosessual müddətin bərpasına dair ərizə birinci instansiya məhkəməsinə verilsə də birinci instansiya məhkəməsi qanunveriliklə müəyyən edilmiş prosessual hərəkətləri etmədən işi apellyasiya instansiyasına göndərmişdir. Bundan başqa apellyasiya şikayətində görünür ki, apellyasiya şikayəti də qanunvericiliyə uyğun tərtib edilməmişdir. Belə ki, 01 oktyabr 2021-ci ildən qüvvəyə minmiş MPM-in 361.1-ci maddəsinə görə müəyyən edilmiş formada (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur) verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: - şikayətin verildiyi məhkəmənin adı və ünvanı; - şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; - barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı - şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; - şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; - şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; - şikayətə əlavə edilən sənədlərin siyahısı. Hazırki iş üzrə apellyasiya şikayətindən görünür ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavədə müəyyən olunmuş formada tərtib edilməmiş, həmçinin cavabdehin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməmişdir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası MPM-in 364-cü maddəsinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. İşdən görünür ki, birinci instansiya məhkəməsi həmin məhkəmənin 28 avqust 2023cü il tarixli 2(058)-799/2023 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin rəisi Ayaz Rəhimov tərəfindən verilmiş apellyasiya şikayətini həmin şikayətin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Samux Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli 2(058)-799/2023 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin rəisi Ayaz Rəhimov tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuş 2(104)- 2658/2023 saylı mülki iş Samux Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 363, 364, 366, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Samux Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli 2(058)-799/2023 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin rəisi Ayaz Rəhimov tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və geri qaytarılması üçün Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuş 2(104)-2658/2023 saylı mülki iş Samux Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar