Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-27/2023 20.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Niftalıyev Rəsul Fərrux oğlunun katibliyi, İddiaçı “Qaz İxrac” İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “Qaz İxrac” İdarəsinin Cavabdeh Fərrux qızına qarşı tiklinin sökülməsi tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli 2(042)-09/2020 nömrəli qətnaməsindən iddiaçı “Qaz İxrac” İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyənetdi: İddiaçı “Qaz İxrac” İdarəsi Cavabdeh Fərrux qızına qarşı Gədəbəy Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh Fərrux qızı tərəfindən Gədəbəy rayonunun Tərsyer kəndi ərazisində, yüksək təzyiqli magistral qaz boru kəmərinin mühafizə zonasında, inşa edilmiş yaşayış evinin cavabdehin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasından kənarlaşdırılması və ödənilmiş 10 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli 2(042)-09/2020 nömrəli (hakim F.Mirzəquliyev) qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi; İş üzrə mütəxəsis rəyinin verilməsinə görə çəkilən 54,61 manat xərcin iddiaçı “Qaz İxrac” İdarəsindən tutularaq "xxxx" MMC-nin AZ23AİİB******************** hesablaşma hesabına köçürülməsi; Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməsi qet olunmuşdur. Qətnamədən narazı qalan iddiaçı “Qaz İxrac” İdarəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı “Qaz İxrac” İdarəsi iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Fərrux qızı Layihələndirmə Normaları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli, 103 nömrəli qərarının tələblərini pozularaq, Gədəbəy rayonunun Tərsyer kəndi ərazisində, yəni həmin ərazidən keçən diametri Dş 1020 mm-lik yüksək təzyiqli “Qazıməmməd-Qazax” magistral qaz kəmərinin mühafizə zonasında, AZ DTN 2.9-2 Magistral Boru kəmərinin 30 metrlik məsafəsində yaşayış evi inşa etmişdir. Qaz kəmərinin 50 metr məsafəsində hər hansı tikinti qurğu işlərinin aparılması qadağandır. Cavabdeh tərəfindən inşa edilmiş tikili yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən və qanunsuz tikili olmaqla təhlükə mənbəyidir və kəmərin zədələnməsi nəticəsində sızma baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə səbəb ola bilər. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı “Qaz İxrac” İdarəsi iddia tələbində qeyd olunanlarla yanaşı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, “Texniki təhlükəsizlik haqqında” 02 noyabr 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinentinin 10 may 2001-ci il tarixli 94 nömrəli qəraına görə həmin tikilinin mühafizə zonasında mövcudluğu təhlükə məmbəyidir. Birinci instansiya məhkəməsi isə mütəxəssis rəyini, eləcədə qeyd olunanları nəzərə almamışdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “Qaz İxrac” İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, cavabdehin inşa etdiyi fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən müvafiq sənədlər mövcud deyil. Qeyd olunan mağistiral boru kəməri yüksək təzyiqli olmaqla, həmin kəmərlə Qazax rayonuna, eləcədə qonşu Gürcüstan Respublikasına qaz naql olunur. Nümayəndə sonda məhkəmə kollegiyasından birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh Fərrux qızı məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadasrtı və Ünvanı Reyestri Xidmətinin 27 noyabr 2019-cu il tarixli 15/M-281 nömrəli mütəxəssis rəyinin surətindən görünür ki, Cavabdeh Fərrux qızının istifadəsi kimi təqdim etdiyi torpaq sahəsi təqdim edilən qaz kəmərinə ən yaxın məsafədə 9 metrə qədər məsafədə yerləşir. Sözügedən qaz kəmərinin mühafizə zolağına dair koordinatları əks etdirən rəsmi sənəd məhkəmə tərəfindən təqdim edilən materiallara əlavə edilmədiyindən tikililərin mühafizə zolağına nə qədər hissəsinin yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 19 maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinə istinad edərək, iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Qaz Təchizatı haqqında 30 iyun 1998-ci il tarixli 513İQ nömrəli Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Mühafizə zonasında tikinti işlərinin aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın: 2.23-cü bəndinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələrinin ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanla razılaşdırılır; 2.24-cü bəndinə əsasən kəmərləri istismar edən hüquqi şəxslərə, Dövlət Neft Şirkətinə, onun yerli orqanlarına və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə, öz səlahiyyətləri çərçivəsində, bu qaydaları pozanlar tərəfindən kəmərlərin mühafizə zonalarında və kəmərlərin (onun obyektlərinin) oxundan şəhərlərə və digər yaşayış məntəqələrinə qədər minimal məsafəyə bərabər olan sahədə Azərbaycan Respublikası Dövləttikintikomun təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normaları ilə müəyyən edilmiş məsafələr daxilində aparılan işləri dayandırmağa səlahiyyət verir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa, digər qanunvericilik aktlarına, “Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanına uyğun olaraq, qaz təchizatı sahəsində magistral və xarici qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insan həyatı və ya sağlamlığını, ətraf mühiti və dövlətin əmlak maraqlarını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarını müəyyən edir. Sözügedən Qaydaların 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir. Göründüyü kimi, mühafizə zonalarının müəyyən olunmasında qanunvericinin məqsədlərindən biri də magistral qaz kəmərlərinin istismarına normal şərait yaratmaq, zədələnmə hallarının qarşısını almaqdan ibarətdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin ikinci hissəsinə görə, mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndinə əsasən, boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Kəmərləri istismar edən hüquqi şəxslərə, Dövlət Neft Şirkətinə, onun yerli orqanlarına və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, öz səlahiyyətləri çərçivəsində, bu Qaydaları pozanlar tərəfindən kəmərlərin mühafizə zonalarında və kəmərlərin (onun obyektlərinin) oxundan şəhərlərə və digər yaşayış məntəqələrinə qədər, minimal məsafəyə bərabər olan sahədə Azərbaycan Respublikası Dövləttikintikomun təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normaları ilə müəyyən edilmiş məsafələr daxilində aparılan işləri dayandırmağa səlahiyyət verilir (“Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.23 və 2.24-cü bəndləri). Beləliklə, Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Cavabdeh Fərrux qızı heç bir hüquqi əsas olmadan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli, 103 nömrəli qərarının tələblərini pozaraq, Gədəbəy rayonu Tərsyer kəndi ərazisindən keçən diametri Dş 1020 mm-lik yüksək təzyiqli “Qazıməmməd-Qazax” İ xətt magistral qaz kəmərinin mühafizə zonasında yaşayış evi tikdirmişdir. Ona görə də iddiaçı “Qaz İxrac” İdarəsi hazırki tələblə məhkəməyə müraciət etmiş, işə baxan birinci istansiya məhkəməsi isə iddia tələbini təmin etməmişdir. Bundan əvvəldə qeyd olunduğu kimi kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Apellyasiya icraatı zamanı iş üzrə məhkəmə tikinti-texniki və torpaqşunaslıqyerqurluşu ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 yanvar 2023-cü il tarixli 10/805 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh Fərrux qızının Gədəbəy rayonu Tərsyer kəndində inşa etdiyi fərdi yaşayış evi yüksək təzyiqli qaz kəmərindən 17,0 metr kənarda inşa olunmuşdur və həmin tikili tam olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qayadalrı”nın 2.7 bəndində göstərilən 50,0 metrlik mühafizə zonasının daxilindədir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olmuşdur. Sonuncu qeyd olunan daşınmaz əmlakların mülkiyyətində olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi isə yuxarıda qeyd olunan halları nəzərə almamış və əsassız olaraq iddianı rədd etmişdir. Halbu ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin ikinci hissəsinə görə, mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli 2(042)-09/2020 nömrəli qətnaməsi ləğv edilməli, iddiaçı “Qaz İxrac” İdarəsinin Cavabdeh Fərrux qızına qarşı Gədəbəy rayonunun Tərsyer kəndi ərazisində, yüksək təzyiqli magistral qaz boru kəmərinin mühafizə zonasında, cavabdeh tərəfindən inşa edilmiş yaşayış evinin cavabdehin öz vəsaiti hesabına sökülməsi və mühafizə zonasından kənarlaşdırılması tələbinə dair iddiası təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İşdən müəyyən olunur ki, mütəxəssis rəyinin alınması üçün iddiaçı “Qaz İxrac” İdarəsi tərəfindən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə 95 manat, ödənilmişdir. Eləcədə apellyasiya instansiya məhkəməsində icraat zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Kollegiya hesab edir ki, mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəfindən ödənilmiş 95 manat və ekspertiza tətqiqatının dəyəri 100 manat Cavabdeh Fərrux qızından alınaraq 95 manat iddiaçı “Qaz İxrac” İdarəsinə, 100 manat isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab № AZ34CTRE******************** hesabına ödənilməlidir. Eləcə də Cavabdeh Fərrux qızından ödəniılmiş dövlət rüsumunun əvəzi 10 manat Cavabdeh Fərrux qızından alınaraq iddiaçı “Qaz İxrac” İdarəsinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 385, 387, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddiaçı “Qaz İxrac” İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli 2(042)-09/2020 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı “Qaz İxrac” İdarəsinin Cavabdeh Fərrux qızına qarşı Gədəbəy rayonu Tərsyer kəndi ərazisindən keçən yüksək təzyiqli “Qazıməmməd-Qazax” magistral qaz kəmərinin mühafizə zonasında cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin onun vəsaiti hesabına sökülməsi və mühafizə zonasından kənarlaşdırılması tələbinə dair iddiası təmin edilsin. Gədəbəy rayonu Tərsyer kəndi ərazisindən keçən yüksək təzyiqli “Qazıməmməd- Qazax” İ xətt magistral qaz kəmərinin mühafizə zonasında Cavabdeh Fərrux qızı tərəfindən inşa edilmiş fərdi yaşayış evi onun öz vəsaiti hesabına tam sökülərək mühafizə zonasından kənarlaşdırılsın. Mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəfindən ödənilmiş 95 manat və ekspertiza tətqiqatının dəyəri 100 manat Cavabdeh Fərrux qızından alınsın. Həmin vəsaitin 95 manatı iddiaçı “Qaz İxrac” İdarəsinə, 100 manat isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab № AZ34CTRE******************** hesabına ödənilsin. Eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi 10 manat Cavabdeh Fərrux qızından alınaraq iddiaçı “Qaz İxrac” İdarəsinə verilsin. Qətnamə şikayət verilməzsə 2 (iki) ay müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-27/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-27/2023
20.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver