Məhkəmə qərarları › İş №2(104)-27/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-27/2024

19.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-27/2024 19.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi və cavabdehin hesabına tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 2(015)-17/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 19 fevral 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 11 mart 2020-ci il tarixli ********* nömrəli çıxarış və 06 mart 2020-ci il tarixli A seriyalı 426185 nömrəli Torpaq sahəsinin planı və ölçüsünün surətlərindən görünür ki, Ağsatfa rayonu Dağ Kəsəmən kəndində yerləşən 0,013 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 11 mart 2020-ci il tarixli ********* nömrəli çıxarış və 06 mart 2020-ci il tarixli A seriyalı 426186 nömrəli Torpaq sahəsinin planı və ölçüsünün surətlərindən görünür ki, Ağsatfa rayonu Dağ Kəsəmən kəndində yerləşən 0,0475 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 dekabr 2020-ci il tarixli 10/2637 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 22 oktyabr 2020-ci il tarixli mütəxəssis rəyi ilə İddiaçı 11 mart 2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla verilmiş 0,0475 ha torpaq sahəsinin 201 kv.m qədər hissəsi Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsi ilə üst-üstə düşür, lakin İddiaçı 11 mart 2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla verilmiş 0,0313 ha torpaq sahəsi ilə Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsi üst-üstə düşmür; Cavabdeh Ağstafa rayon X3 06 oktyabr 2009-cı il tarixli 29 nömrəli qərarı əsasında verilmiş 0,04 ha torpaq sahəsinin yerləşməsinə dair koordinatlar olmadığından üst-üstə düşməsi müəyyənləşdirmək mümükün olmamış; İddiaçının və cavabdehin özlərinin istifadələri kimi təqdim edilən torpaq sahələrinin koordinatları və konfiqurasiyası GPS ölçmə aləti vasitəsi ilə müəyyən edilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən mülkiyyətində olan Ağstafa rayonu Dağkəsəmən kəndində yerləşən 11 mart 2020-ci il tarixli ********* nömrəli çıxarışa əsasən 0,0475 ha və 11 mart 2020-ci il tarixli ********* nömrəli çıxarışa əsasən 0,013 ha torpaq sahəsi üzrə zəbt olunmuş 2,05 ha hissəsinin azad edilməsi və dəmir çəpərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, alqı-satqı müqaviləsi əsasında Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən 0,0475 ha və 0,013 ha torpaq sahələrini almışdır. Torpaq sahələrinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 11 mart 2020-ci il tarixli ********* nömrəli və ********* nömrəli çıxarışlar, eləcədə 06 mart 2020-ci il tarixli A seriyalı 426185 nömrəli və 426186 nömrəli Torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. Həmin torpaq sahəsində 4 oataqlı fərdi yaşayış evi inşa etdirmiş və daş hasara alınması üçün material tökdürmüşdür. Lakin 2020-ci ilin iyun ayının əvvəlində əraziyə gələndə görümüşdür ki, Cavabdeh ona məxsus torpaq sahəsini dəmir setka ilə çəpərləmişdir. Bu barədə 102 Xidmətinə müraciət etmiş, lakin ona iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi bildirilmişdir. Dəfələrlə cavabdehə torpaq sahəsindən çıxmasını tələb etmiş, lakin sonuncu heç bir qanuni əsası olmadan bundan imtina etmişdir.

6. İddiaçı iddia tələbinin dəqiqləşdirlməsinə dair ərizə verərək, 11 mart 2020-ci il tarixli ********* nömrəli və ********* nömrəli çıxarışlara əsasən mülkiyyətində olan 0,0475 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş hissəsinin azad edilərək ona qaytarılması və tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Ağstafa Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 2(015)-17/2021 nömrəli (hakim N.Abbasov) qətnaməsi ilə iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 11 mart 2020-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarışla İddiaçı adına qeydə alınmış Ağstafa rayonu Dağ Kəsəmən kəndi ərazisində 0,0475 ha torpaq sahəsinin 201 kv.m hissəsindən Cavabdeh çıxarılması; Həmin torpaq sahəsində olan dəmir çəpər və tikilmiş tikili (dam) Cavabdeh hesabına sökülərək zəbt olunmuş həmin hissə İddiaçı qaytarılması; İş üzrtə keçerilmiş torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci olan 134,85 manat Cavabdeh tutularaq “Kapital Bank”ın 1 saylı Xətai filialı kod 200071 VÖEN ********** Müxbir hesab AZ37NABZ******************** SWİFT AİİBAZ2X Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN ********** AZ23AİİB******************** hesabına keçirilməsi; İş üzrə məhkəmə ekspertizası təqdidatının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh tutularaq Dövlət xəzinədarlığı agentliyi VÖEN ********** KOD 210005 m/h AZ 41 NABZ ******************** SWİFT Bik: CTREAZ22 VÖEN ********** AZ34CTRE******************** nömrəli hesaba keçirilməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5 maddələri, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 5, 111, 112 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 116.1, 119.1, 124.1, 216-220 maddələrinə istinad etmişdir.

b) Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalrının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, birinci instansiya məhkəməsi ekspert rəyi ilə kifayətlənmiş, mübahisəli torpaq sahələrinə hüquqmüəyənedici sənədləri araşdırmamış, eləcədə Ağstafa rayon Dağkəsəmən Bələdiyyəsini işə cəlb etməmişdir. Halbu ki, 0,04 ha torpaq sahəsi 2006-cı ildən onun mülkiyyətindədir və orada fərdi yaşayış evi inşa etmiş, fasiləsiz əkinlə məşğul olmuşdur. Ekspert mütəxəssis rəyinə əsaslanaraq rəy vermişdir. Lakin həmin rəydə torpaq sahəsinə dair koordinatların müəyyən edilməsi mümkün olmadığı göstərilmişdir. Buna baxmayaraq rəyə əlavə olunmuş sxemdə onun istifadəsində 436 kv.m torpaq sahəsinin koordinatları qeyd edilmiş, həmçinin iddiaçı Tahir Taılıbovun istifadəsində olan 415 kv.m torpaq sahəsinin də yerləşmə koordinatları əks olunmuşdur. Ağstafa rayon X3 qərarı ilə 0,04 ha torpaq sahəsi ona verilmiş, lakin onun və digər şəxslərin torpaq sahələrinə dair plan-ölçü və texniki pasportlar DƏDRX-nin əməkdaşları tərəfindən səhv tərtib olunmuşdur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əalvə olaraq bildirmişdir ki, torpaq sahəsini alqı-satqı müqavilə əsasında aldıqdan sonra cavabdeh zəbt etmiş və həmin ərazini setka ilə çəpərləmiş və həmin ərazidə dam inşa etmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcədə gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

14. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

16. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

17. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

18. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

19. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər.

20. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

21. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

27. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

33. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, Talıbov X5 rayonu Dağ Kəsəmən kəndində yerləşən 0,013 ha və 0,0475 ha torpaq sahələrinı alğı-satğı müqavilələri əsasında əldə etmiş və bu barədə ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 11 mart 2020-ci il tarixli ********* nömrəli və ********* nömrəli çıxarışlar, eləcədə 06 mart 2020-ci il tarixli A seriyalı 426185 nömrəli və 426186 nömrəli Torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Sonuncu Cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsinin zəbt edilməsini əsas gətirərək hazırki iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir.

34. Kollegiya hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 11 mart 2020-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarışla İddiaçı adına qeydə alınmış Ağstafa rayonu Dağ Kəsəmən kəndi ərazisində 0,0475 ha torpaq sahəsinin 201 kv.m hissəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsində olan dəmir çəpər və tikilmiş tikilinin (damın) Cavabdeh hesabına sökülərək zəbt olunmuş həmin hissənin İddiaçı qaytarılması barədə birinci instansiya məhkəməsi gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

35. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslar yoxdur.

36. Belə ki, yuxarıda da qeyd olunduğu kimi birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 21 dekabr 2020-ci il tarixli 10/2637 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 22 oktyabr 2020-ci il tarixli mütəxəssis rəyi ilə İddiaçı 11 mart 2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla verilmiş 0,0475 ha torpaq sahəsinin 201 kv.m qədər hissəsi Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsi ilə üst-üstə düşür, İddiaçı 11 mart 2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla verilmiş 0,0313 ha torpaq sahəsi isə Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsi ilə üst-üstə düşmür; Cavabdeh Ağstafa rayon X3 06 oktyabr 2009-cı il tarixli 29 nömrəli qərarı əsasında verilmiş 0,04 ha torpaq sahəsinin yerləşməsinə dair koordinatlar olmadığından üst-üstə düşməsi müəyyənləşdirmək mümükün olmamış; İddiaçının və cavabdehin özlərinin istifadələri kimi təqdim edilən torpaq sahələrinin koordinatları və konfiqurasiyası GPS ölçmə aləti vasitəsi ilə müəyyən edilmişdir.

37. Məhkəmə kollegiyayasına təqdim olunmuş Ağsatfa Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli 2(015)-08/2023 nömrəli qətnaməsindən müəyyən olunur ki, Cavabdeh X1, İddiaçı və üçünücü şəxslər Ağsatafa rayonu Dağkəsəmən bələdiyyəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 15 saylı Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi və əqdin ləğv olunması tələbi ilə məhkəməyə müraciət etsədə, lakin onun iddiası əsassız olduğundan təmin olunmamış və qətnamə qanuni qüvvəsini almışdır.

38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140 maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir, eləcədə əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

39. Cavabdeh Qktay qızı apellyasiya şikayətində iddiaçıya məxsus, torpaq sahəsini zəbt etmədiyini qeyd etsədə, lakin işin yuxarıda qeyd olunan faktiki halları onu deməyə əsas verir ki, Cavabdeh heç bir hüquqi əsas olmadan İddiaçı mülkiyyətində olan 0,0475 ha torpaq sahəsinin 201 kv.m qədər hissəsini zəbt edərək orada dəmir çəpər və dam tikmişdir. Ona görə də kollegiya apellyasiya şikayətinin dəlillərini əsaslı saymır.

40. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 2(015)-17/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar