Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-271/2023 24.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızının sədrliyi və məruzəsi, Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı ilə, “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ilk, “mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılması yerinin müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi üzrə Göygöl Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(066)- 753/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Xanlar rayon XDS İcraiyyə Komitəsinin 15 aprel 1986-cı il tarixli, 8 nömrəli protokolundan çıxarışın kserosurətindən görünür ki, Topalhəsənli kənd sovetliyinin Topalhəsənli kənd sakini İddiaçı ümumi sahəsi 56 kv.m, yaşayış sahəsi 28 kv.m olan iki otaqlı yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır. 137 reyestr nömrəli olan xx.xx.1988-ci il tarixli fərdi yaşayış evinin texniki pasportunun kserosurətindən görünür ki, Topalhəsənli kəndində yerləşən fərdi yaşayış evi X16 və İddiaçı adına qeydə alınmışdır. X12 Bürosu tərəfindən 20 mart 1986-cı il tarixdə inventarlaşma aparılmış, Texniki pasport tərtib edilmiş və texniki pasportda Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən ümumi sahəsi 122.9 kv.m olan liter «A» və ümumi sahəsi 149,3 kv m olan liter «B» fərdi yaşayış evi X6 və İddiaçı oglunun adına tərtib edildiyi göstərilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-064A seriyalı, KOD 50800038 nömrəli şəhadətnamənin surətindən görünür ki, Xanlar rayon Aqrar İslahatı Komissiyasının 03 noyabr 1997-ci il tarixli, 16 nömrəli qərarı ilə keçmiş Xanlar indiki Göygöl rayonu Topalhəsənli kənd sakini X7 0.12 hektar torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün verilmişdir. Göygöl rayon Topalhəsənli kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı, 062819 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 12 fevral 1999-cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1999-cu ilin 02-ci ayının 15-ci günündə 02 nömrə ilə qeyd edilmişdir. Göygöl rayon Topalhəsənli kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı, 768710 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 22 mart 2015ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2015-ci ilin 03-cü ayının 30-cü günündə 03 nömrə ilə qeyd edilmişdir. X8, X9 və X15 tərəfindən Göygöl Rayon Məhkəməsinə yazılmış notarial qaydada təsdiq edilmiş xx.xx.2015-ci il tarixli ərizələrdən görünür ki, ataları X16 və anaları X14 vəfat etmişdir. Onların adına Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən fərdi yaşayış evi və həmin evin mülkiyyətindəki 0.12 hektardan ibarət torpaq sahəsindən öz paylarına düşən hissəsini qardaşları Cavabdeh2 xeyrinə imtina edirlər. "xxxx" ASC Göygöl Elektrik şəbəkəsi tərəfindən verilmiş 994 nömrəli, xx.xx.2022-ci il tarixli arayışda qeyd olunur ki, Göygöl Topalhəsənli kəndində yaşayan İddiaçı 2013-cü ildən abonent kimi Göygöl EŞ-nin dövriyyəsində qeydiyyatdadır. «Azəriqaz» X36 İstismar idarəsinin 132 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından məlum olur ki, Göygöl rayonu Topalhəsənli kəndində yaşayan İddiaçı Göygöl xidmət sahəsində **********00000 abonent kodu olmaqla qeydiyyatdadır və hazırki tarixə istehlak edilən qaza heç bir borcu yoxdur. Topalhəsənli kənd E.Bayramov adına tam orta məktəbin xx.xx.2022-ci il tarixli, 45, 46 və 47 nömrəli arayışlarından məlum olur ki, X17 xx.xx.1997-ci il tarixdən, X18 və X19 xx.xx.1995-cı il tarixdən məktəbin birinci sinifinə daxil olublar. Göygöl rayonu İcra Hakimiyyəti başçısının Topalhəsənli kəndi İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 400 nömrəli arayışdan məlum olur ki, İddiaçı atası X16 xx.xx.1999-cu ildə, anası X14 xx.xx.2015-ci il vəfat edib. Valideynləri vəfat etdikdən sonra İddiaçı mərhum atası X16 ilə birgə mülkiyyət qeydiyyatında olduğu evdə yaşayır. Göygöl rayonu İcra Hakimiyyəti başçısının TopalHəsənli kəndi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 137 nömrəli arayışdan və təqdim edilmiş təsərrüfatbaşına kitabdan çıxarışlardan məlum olur ki, İddiaçı məxsus nümayəndəliyin 5 saylı təsərrüfatbaşına kitabın 399 saylı şəxsi hesab nömrəsində 0,04 ha həyətyanı torpaq sahəsi 76 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi, Cavabdeh2 məxsus 5 saylı təsərrüfatbaşına kitabın 414 saylı şəxsi hesab nömrəsində 0,06 ha həyətyanı torpaq sahəsi, 78 kv.m ümumi yaşayış sahəsi və bundan əlavə digər qeyri-yaşayış sahəsində 0,06 ha həyətyanı torpaq sahəsi qeydə alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan məlum olur ki, arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən fərdi yaşayış evinə dair xx.xx.1988-ci il tarixli Texniki Pasport ilkin inventarizasiya zamanı X16 və İddiaçı adına işlənmişdir. Lakin sözügedən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş, arxiv materiallarında heç bir hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. xx.xx.1988-ci il tarixli Texniki pasportda 122,9 kv.m olan 3 otaqla «A» literli və 149,3 kv.m olan 4 otaqlı «B» literli fərdi yaşayış evləri qeyd olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi və Göygöl rayon notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və Cavabdeh2 mərhum atası X16 və anası X4 vərəsələri hesab edilməklə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mərhum anası X1 miras qalan Göygöl rayonu Topalhəsənli kəndində yerləşən, ərazi hüdudları JN- 064A, KOD 50800038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə müəyyən edilmiş 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ½ hissəsi, həmçinin də mərhum atası X6 mülkiyyətində olmuş evin (X13 Bürosu tərəfindən verilmiş 20 mart 1986-cı il tarixli Texniki pasport tərtib edilmiş Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən ümumi sahəsi 122.9 kv.m olan liter «A» və ümumi sahəsi 149.3 kv.m olan liter «B») qanun üzrə vərəsəlik qaydasında onun və Cavabdeh2 aralarında paylarının ½ hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(066)-413/2021 nömrəli qətnaməsinə əsasən iddia təmin edilməklə qarşılıqlı iddia qismən təmin edilmiş, JN-064A KOD 50800038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhvən qeyd edilmiş mərhum Hüseynova "Nazilə" Əzim qızının adı Hüseynova "Nəzirə" Əzim qizi kimi qeyd edilməklə sənədin şəxsə məxsus olması faktı müəyyən edilmişdir. Cavabdeh2 və İddiaçı mərhum X16 və X4 vərəsləri hesab edilmişdir. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yeri müəyyən edilmişdir. X1 miras qalan (Göygöl rayonu Topalhəsənli kəndində yerləşən JN- 064A, KOD 50800038 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə müəyyən edilmiş) 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən hissəsi X6 mülkiyyətində olmuş ev (X13 Bürosu tərəfindən verilmiş 20 mart 1986-cı il tarixli Texniki pasport tərtib edilmiş Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən ümumi sahəsi 122.9 kv.m olan liter A və ümumi sahəsi 149.3 kv.m olan liter B ) qanun üzrə vərəsəlik qaydasında İddiaçı və Cavabdeh2 aralarında payları bərabər olmaqla ½ hissədə müəyyən edilmişdir. Qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir. Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 2(104)-444/2022 nömrəli qətnaməsinə əsasən apelyasiya şikayəti (iddianın sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi hissəsində) təmin edilməmişdir. Həmçinin Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 2(104)-444/2022 nömrəli qərardadına əsasən apelyasiya şikayəti qismən təmin edilmişdir. Göygöl Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(066)-413/2021 nömrəli qətnaməsi Cavabdeh2 və İddiaçı mərhum X16 və X4 qanun üzrə vərəsələri hesab edilmələri, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılması yerinin müəyyən edilməsi, X1 miras qalan (Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən JN-064A, KOD 50800038 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair şahadətnamə ilə müəyyən edilmiş) 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ½ hissəsi X6 mülkiyyətində olmuş ev (X13 Bürosu tərəfindən verilmiş 20 mart 1986-cı il tarixli Texniki pasport tərtib edilmiş Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən ümumi sahəsi 122.9 kv.m olan liter A və ümumi sahəsi 149.3 kv.m olan liter B) qanun üzrə vərəsəlik qaydasında İddiaçı və Cavabdeh2 aralarında payları bərabər olmaqla ½ hissədə müəyyən edilməsi hissəsində ləğv edilərək ərizə baxılmamış saxlanılmış, ümumi əsaslarla yenidən məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilmişdir. İddiaçı Göygöl rayonu, Topalhəsənli kəndində qeydiyyatdadır və həmin ünvanda yaşayır. Yaşadığı evin ½ hissəsi iddiaçının özünə və ½ hissəsi isə atası X10 məxsus olmuşdur. İddiaçının atası 12 fevral 1999-cu il tarixdə vəfat etmişdir. İddiaçının atası vəfat etdikdən sonra atasının adına olan ev və onun qarşısında olan 0,12 ha torpaq sahəsi anası mərhum X4 adına qeyd edilmişdir. İddiaçının anası X14 22 mart 2015-ci il tarixdə vəfat etmişdir. İddiaçının anası vəfat etdikdən sonra mirası qəbul etmək üçün ərizə ilə Göygöl rayon Notariat kontoruna müraciət etməmişdir. İddiaçı mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etmək üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Lakin, mirası faktiki qəbul etmişdir. Notariat kontoruna vaxtında müraciət etmədiyinə görə və sonradan da cavabdehlə aralarında olan mübahisə və münaqişə səbəbindən onlar analarından miras qalmış əmlakı başqa cür sənədləşdirə bilməmişlər. Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı və maraqlı şəxslər Göygöl rayon Notariat ofisi, X15, X9 və X2 qarşı «mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılması yerinin müəyyən edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, yəni Cavabdeh2 mərhum X6 və X4 qanun üzrə vərəsəsi olmaqla Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən 8 otaqlı yaşayış evinə və 0.12 ha torpaq sahəsinə dair mirası qəbul etməsi və vərəsəliyin açılması faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh2 qarşı iddia qaldıraraq valideyinlərindən miras qalmış daşınmaz əmlakın ilkin iddiaçı ilə onun arasında bölünməsini xahiş etmişdir. İlkin iddiaçı iddia ərizəsində guya valideynlərindən miras qalmış əmlakı miras kimi o da qəbul etmişdir. Cavabdeh2 X33 1999-cu ildə, anası Nəzirə isə 2015-ci ildə vəfat etmişlər. Onlar vəfat edənə kimi Cavabdeh2la yaşayıblar və evin kiçik oğlu kimi onlara o, qulluq etmişdir. Cavabdeh2 valideynləri onun yanında vəfat etmişlər, onların dəfn xərcini və digər xərclərini də o, çəkmişdir. İlk iddiaçı onun böyük qardaşıdır. O, 1990-cı ilin əvvəllərindən Göygöl rayonu, Qızılqaya qəsəbəsinə köçmüş və 30 ildən artıqdır orada öz evində yaşayır. Evin böyük oğlu kimi ailə üzvləri 1990-cı ilin əvvəllərində birləşərək Cavabdeh2 qardaşı İddiaçı Qızılqaya qəsəbəsində ev tikmişlər.. Valideyinləri vəfat edəndən sonra bacı və qardaşları miras qalmış əmlakı Cavabdeh2 qəbul etdiyini və həmin əmlakdan onun xeyrinə imtina etmələri barədə notarial qaydada ərizə vermişlər. Qeyd olunan miras əmlak 12 sot torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3 və 4 otaqlı yaşayış evlərindən ibarətdir. Torpaq sahəsinə dair mülkiyyət şəhadətnaməsi olsa da ancaq yaşayış evlərinin texniki pasportu vardır. Cavabdeh2 atasından miras qalmış yaşayış evini o və mərhum anası Nəzirə qəbul etmişlər. Anası Nəzirə 2015-ci ildə vəfat edəndən sonra isə anasından qalan mirası faktiki olaraq Cavabdeh2 qəbul etmişdir və hazırda da o idarə edir. Odur ki, qarşılıqlı iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(066)-753/2022 nömrəli qətnaməsi ilə (hakim E.Kərimov) ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh2 mirasın qəbul edilməsi faktı və vərəsəliyin açılma yeri müəyyən edilərək mərhum X16 və X4 qanun üzrə vərəsələri hesab edilməsi, X1 miras qalan (Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən JN-064A, KOD 50800038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə müəyyən edilmiş) 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ½ hissəsi X6 mülkiyyətində olmuş ev (X13 Bürosu tərəfindən verilmiş 20 mart 1986-cı il tarixli texniki pasport tərtib edilmiş Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən ümumi sahəsi 122.09 kv.m olan liter «A» və ümumi sahəsi 149,3 kv.m olan liter «B») qanun üzrə vərəsəlik qaydasında İddiaçı və Cavabdeh2 aralarında ½ hissədə paylarının müəyyən edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mərhum X14 və X16 tərəfindən heç bir vəsiyyətnamə qoyulmamışdır və onların ölümündən sonra birinci növbə vərəsələri olan İddiaçı, Cavabdeh2, X15, X9 və X11 qalmışdır. İddiaçı və Cavabdeh2 miras qalan əmlakda yaşayır və onu faktiki olaraq idarə edirlər. Digər vərəsələr tərəfindən qanunla müəyyən edilmiş üç aylıq müddət ötürülmüş və onlar ataları öldükdən – 16 il, anaları öldükdən isə - 5 ay 26 gün sonra miras paylarından imtina etmişlər. Beləliklə iddiaçı və cavabdehin miras əmlaka hər birinin 1/2 payı müəyyən edilməlidir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 1133, 1151, 1159, 1194, 1209, 1243, 1256-cı maddələri, 1964-cü ilin mart ayından qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527, 528, 529, 530, 537, 538, 552-ci-cı maddələri, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, MM-nin 1133-cü maddəsindən görünür ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxsə qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontorunu, bu barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə faktik başladıqda və bununla da mirası nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Hazırki işin mübahisə olunmayan halından görünür ki, mirası o, qəbul etmiş, hazırda da o, idarə edir. İlkin iddiaçı 1990-cı ildən mübahisəli evdə yaşamır, valideynləri öldükdən sonra da mirası qəbul etməmişdir. X33 1999-cu ildə, anası Nəzirə isə 2015-ci ildə vəfat ediblər, ölənə kimi onunla yaşayıblar və evin kiçik oğlu kimi onlara o, qulluq etmişdir. Mərhumlar onun yanında vəfat ediblər, onların dəfn xərcini və digər xərclərini o, çəkmişdir. İlkin iddiaçı onun böyük qardaşıdır, o, 1990-cu ilin əvvəllərindən Göygöl rayonu, Qızılqaya qəsəbəsinə köçmüş və 30 ildən artıqdır orada öz evində yaşayır. Valideyinlərinin vəfatından sonra bacı və qardaşları miras qalmış əmlakı onun qəbul etdiyini və həmin əmlakdan onun xeyrinə imtina etmələri barədə notarial qaydada ərizə veriblər. Qeyd olunan miras əmlak 12 sot torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3 və 4 otaqlı yaşayış evindən ibarətdir. Torpaq sahəsinə dair mülkiyyət şəhadətnaməsi olsa da ancaq yaşayış sahəsinə aid texniki pasport var. Yuxarıda qeyd etdiyi kimi atasından miras qalmış yaşayış evini o və mərhum anası Nəzirə qəbul etmişdir, anası Nəzirə 2015-ci ildə vəfat edəndə sonra anasından qalan mirası faktiki olaraq o, qəbul etmiş və hazırda da o, idarə edir. Mirasın evə aid hissədə açılmasından 22 il, torpağa aid hissədə isə 5 il keçir, buna baxmayaraq iddiaçı iddia qaldıraraq mirası o da qəbul etdiyini göstərir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. Məhkəmə kollegiyasının əvvəlki iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, 1990-cı ildən İddiaçı mübahisəli kənddə yerləşən evində yaşamır. O, 1990-cı ildən Gəncə şəhəri Gülüstan qəsəbəsi adlanan ərazidə özünə ev tikdirmiş və orada yaşamağa başlamışdır. Belə ki, mübahisəli torpaqda iki ev vardır. Biri onların ata evidir, hansıkı həmin evdə illərdir o, ailəsi ilə birlikdə yaşayır, digəri də atasının hələ sağlığında qardaşı Arif üçün əlbirliyi ilə tikdirdikləri evdir. Lakin qardaşı illərdir həmin evdə yaşamır. Ata-anasının sağlığında onun üçün tikilmiş olan ev ilə ata evinin arası açıq idi. Sonradan qardaşı həmin evi ayırmaq məqsədi ilə həyətin ortasından hasar çəkmişdir. Hazırda da evin açarı Arifdədir və o, evin açarını qonşulara verərək, evdə işıq və qaz yandırmalarını xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında vəkil X20 izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, müdafiə etdiyi tərəfə valideynləri tərəfindən miras olaraq Topalhəsənli kəndində torpaq sahəsi qalmışdır. Lakin həmin torpaq sahəsi üzərində olan evlərin heç birinin sənədi yoxdur. Belə ki, Cavabdeh2 anasının vəfatından sonra 6 ay ərzində mirası faktiki şəkildə qəbul etmişdir. 3 qardaş və bacıları mirasdan Dilqəmin xeyrinə imtina etmişlər. Hansı ki, həmin qardaş-bacısı hazırkı işdə qarşılıqlı iddia üzrə maraqlı şəxs qismində işə cəlb edilmişlər. Məhkəmə kollegiyasının əvvəlki iclasında izahat verən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə etiraz etdiyini bildirmiş və qeyd etmişdir ki, o, ata və anasının ölümündən sonra ona məxsus evdə yaşamışdır və təqdim etdiyi arayışlardan da məlum olduğu kimi uşaqları da həmin kənddə olan orta məktəbdə oxumuşlar. Analarından miras qalmış torpaq sahəsinin uzunluğu 29 metrdir. Hələ atası sağlığında həmin torpaq sahəsini metrlə ölçdürmüş və ona yarısını vermişdir ki, özünə ev tikdirərək orada yaşasın. 1986-cı ildə də o, özünə düşən torpaq sahəsində ev tikdirmişdir və həmin tarixdən də həmin evdə yaşayır. Onun Gəncə şəhərində evi olsa da o, daim Topalhəsənlidə yerləşən evində yaşamışdır. Hazırda da ona məxsus olan evin açarı ondadır. Hazırda qardaşı Cavabdeh2 həmin evi, yəni onun evini iddia qaldıraraq, tələb etməsi onun üçün anlaşılmazdır. Belə ki, hazırda o ata evində yaşayır və onun evi ilə həmin evin giriş-çıxışı və darvazası ayrı-ayrıdır. Məhkəmə kollegiyasının əvvəlki iclasında vəkil X21 izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında maraqlı şəxs X8 izahat verərək bildirmişdir ki, ata və anasına həqiqətən də qardaşı Cavabdeh2 baxıb. Hətta anasının dəfn xərcini belə qardaşı Dilqəm çəkmişdir. Ata-anasının sağlığında da qardaşı Dilqəm onlarla qalırdı. Texniki pasportda qeyd olunan evlərdən biri İddiaçı üçün tikilmişdir və həmin ev onun olmuşdur. Hazırda torpaq sahəsində yerləşən evin açarı Arifdə olsa da 1990-cı ildən o, orada yaşamır. Hər iki ev arasında hasar çəkilib və ayrı-ayrı girişi olan iki evdir. Birində ata-baba evində qardaşı Dilqəm, digər evdə isə Arif yaşayıb. Ata və anası öləndən sonra da evin açarı qardaşı Arifdə olub. O, atası ölməmişdən əvvəl ailə həyatı qurub çıxıb getmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında maraqlı şəxs X9 M.Hüseynova ilə eyniməzmunlu izahat verdi əlavə olaraq bildirdi ki, ailə həyatı qurub ata evindən getmişdir və həmin kənddə, lakin başqa evdə yaşayır. xx.xx.2015-ci il də miras əmlakdan qardışı Dilqəmin xeyrinə o, da imtina etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında maraqlı şəxs X15 da digər maraqlı şəxslərlə eyni məzmunlu izahat verdi əlavə olaraq bildirdi ki, o, da ata-anasının ölümündən sonra həmin ünvanda yaşamamışdır. Qardaşı İddiaçı torpaq sahəsini satmaq istədiyindəndigər qarşdaşı Dilqəmlə aralarında problemlər yaranmağa başlamışdır. Qardaşı Dilqəm həmin evin ona satmasını desə də qiymətlə bağlı Ariflə razılaşa bilməyiblər. Hazırki məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən digər tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. 4-cü bəndi.Heç kəs məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolu (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş): Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair. 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Maddə 1291. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.05.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; «Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında» Təlimat: 7.1. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması barədə arayış verilir. Arayış əmlakın növündən asılı olaraq bu Təlimata əlavə olunmuş 1-36-cı əlavələrə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. 7.2. Müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Bu arayış vərəsə tərəfindən qanunvericiliklə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən edilmiş sənədlər təqdim olunduqda verilir, həmin sənədlər ərazi idarəsində saxlanılır və vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənəd təqdim olunduqdan sonra müvafiq qaydada əmlakın qeydiyyata alınması aparılaraq sənədlər əsas kimi əlavə olunur. Arayış bu Təlimata əlavə olunmuş 37-ci əlavəyə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İşin hallarından görünür ki, hazırki iş üzrə tərəflər İddiaçı, Cavabdeh2 və maraqlı şəxslər Maqsud Hüseynov, Məlahət Hüseynova, Mətanət Hüseynova 12 fevral 1999-cu ildə vəfat etmiş Rəşid Hüseynovun və 30 mart 2015-ci il tarixdə vəfat etmiş Nəzirə Hüseynovanın birinci növbə vərəsələridirlər və bu işin mübahisə olunmayan halıdır. İlkin iddia tələbində İddiaçı özünün və Cavabdeh2 mərhum ata-analarının vərəsələri kimi tanınmalarını, mərhum X1 miras qalmış Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən JN 064A, KOD 50800038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd edilən 0,12 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ½ hissədə R.Hüseynovun mülkiyyətində olan X13 bürosu tərəfindən verilmiş 20 mart 1986-cı il tarixli texniki pasportda əks olunan (ümumi sahəsi 122,9 kv.metr olan liter «A» və ümumi sahəsi 149,3 kv.metr olan liter «B») fərdi yaşayış evinin Cavabdeh2 və İddiaçı arasında miras pay kimi bölünməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbində isə Cavabdeh2 ata və anasının qanun üzrə vərəsəsi olmaqla X1 miras qalmış Göygöl rayonu,Topalhəsəli kəndində yerləşən JN 064A, KOD 50800038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd edilən 0,12 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 8 otaqlı fərdi yaşayış evlərinin ona miras pay kimi verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələblərinə hüquqi qiymət verilərək ilk iddia tam, qarşılıqlı iddia qismən təmin edilmiş, İddiaçı və Cavabdeh2 miras əmlakı faktiki olaraq qəbul etməklə X16 və X4 qanun üzrə vərəsələri hesab edilmiş, miras kütləsi kimi X1 miras qalan JN-064A, KOD 50800038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə müəyyən edilmiş 0,12 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ½ hissəsi X6 mülkiyyətində olmuş -X13 Bürosu tərəfindən verilmiş 20 mart 1986cı il tarixli texniki pasport tərtib edilmiş Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən ümumi sahəsi 122.09 kv.m olan liter «A» və ümumi sahəsi 149,3 kv.m olan liter «B» fərdi yaşayış evlərinin qanun üzrə vərəsəlik qaydasında İddiaçı və Cavabdeh2 aralarında ½ hissədə bölünməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayan qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh2 apellyasiya şikayəti vermiş və qeyd etmişdir ki, miras əmlakı faktiki idarə və qəbul edən yalnız o, olmuşdur. Digər vərəsələr olan maraqlı şəxslər Maqsud Hüseynov, Məlahət Hüseynova, Mətanət Hüseynova miras paydan onun xeyrinə imtina etmişlər və texniki pasportda qeyd olunan fərdi yaşayış evləri üzrə hüquqlar dövlət reyestrində qeydə alınmadığından miras kütləsinə daxil edilə bilməz. Qətnamə ilk İddiaçı tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apelyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». Beləliklə hazırki məhkəmə araşdırılmasının predmeti miras kütləsinin və hansı vərəsələr tərəfindən mirasın qəbul edilməsinin müəyyən olunmasıdır. Məhkəmə kollegiyası ilkin olaraq miras kütlənin müəyyən edilməsinin vacibliyini vurğulayır. Belə ki, iddia tələblərində miras kütləsi kimi ½ hissəsi R.Hüseynovun adına X13 Bürosu tərəfindən verilmiş 20 mart 1986-cı il tarixli texniki pasport tərtib edilmiş «A» və «B» literli 2 fərdi yaşayış evi və həmin yaşayış evlərinin yerləşdiyi N.Hüseynovanın mülkiyyətində olan JN 064A, KOD 50800038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd edilən 0,12 ha torpaq sahəsi qeyd olunmuşdur. Şikayətdə miras kütləsi kimi JN 064A, KOD 50800038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd edilən 0,12 ha torpaq sahəsi mübahisələndirilməmiş, yalnız X13 Bürosu tərəfindən verilmiş 20 mart 1986-cı il tarixli texniki pasport mübahisələndirilmiş və qeyd edilmişdir ki, həmin əmlak üzərində mərhumun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Başqa sözlə, şikayətçinin mövqeyinə görə mübahisəli evlər miras qoyan R.Hüseynovun adına dövlət qeydiyyatına alınmadığı üçün (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1 və 139.3-cü maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka dair hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmalıdır) miras kütləsinə daxil olması istisna edilir və bu hal Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsində müəyyən edilmişdir. Belə ki, həmin normaya görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X12 Bürosu tərəfindən 20 mart 1986-cı il tarixdə inventarlaşma aparılmış, Texniki pasport tərtib edilmiş və texniki pasportda Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən ümumi sahəsi 122.9 kv.m olan liter «A» və ümumi sahəsi 149,3 kv m olan liter «B» fərdi yaşayış evi X6 və İddiaçı oglunun adına tərtib edildiyi göstərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili ilə qismən razılaşır və qeyd edir ki, mərhum R.Hüseynovun adına tərtib edilmiş texniki pasport hüquqmüəyyənedici sənəd deyildir və hüquqların qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439nömrəli fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı müəyyən edilmiş, həmin siyahının 1.11-ci maddəsinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar və 2.4-cü maddəsinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) hüquqların qeydə alınması üçün əsas hesab edilmişdir. Hazırki iş üzrə texniki pasport qeyd olunan fərman üzrə müəyyən edilən sənədlər siyahısına daxil deyildir. Lakin fərdi yaşayış evlərinin yerləşdiyi JN 064A, KOD 50800038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə həmin evlər üzərində hüquqların qeydə alınması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.5 və 139-1.1.9-cu maddələri, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5.5 və 8.0.9-cu maddələrinə əsasən 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak hüquqları təsdiq edən şəhadətnamələr və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dairməqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd hüquqların dövlət reyestrində qeydə alınması üçün əsasdır. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(83)-444/2018 saylı, xx.xx.2018-ci il tarixli inzibati iş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Layihə Tədqiqət İdarəsinin mühəndisi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Göygöl rayonu Topalhəsənli kəndində yerləşən və İddiaçı məxsus fərdi yaşayış evi JN 064A, KOD 50800038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd olunan torpaq sahəsinin üzərində yerləşir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, mərhum R.Hüseynovun adına tərtib edilmiş texniki pasport hüquqmüəyyənedici sənəd hesab edilməsə də, JN 064A, KOD 50800038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə fərdi yaşayış evləri üzərində hüquqların dövlət reyestrində qeydə alınması üçün əsas olduğundan fərdi yaşayış evləri N.Hüseynovanın miras kütləsinə daxil edilməlidir. Belə ki, MM-nin 1151.1-ci maddəsində qeyd olunan əmlak hüquqları (miras aktivi) anlayışı dövlət reyestrində qeydiyyata alınan əmlak hüquqları ilə məhdudlaşmamalıdır və əmlak hüquqları anlayışı geniş təfsir edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014cü il tarixli qərarında deyilir ki, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mübahisəli fərdi yaşayış evləri JN 064A, KOD 50800038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd edilən 0,12 ha torpaq sahəsində yerləşir və şəhadətnamə fərdi yaşayış evləri üzrə hüquqların N.Hüseynovanın adına dövlət reyestrində qeydə alınması üçün əsasdır. «Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında» təlimatın 7.1 bəndinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması barədə arayış verilir. Arayış əmlakın növündən asılı olaraq bu Təlimata əlavə olunmuş 1-36-cı əlavələrə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Həmin Təlimatın 7.2. bəndinə əsasən müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Bu arayış vərəsə tərəfindən qanunvericiliklə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən edilmiş sənədlər təqdim olunduqda verilir, həmin sənədlər ərazi idarəsində saxlanılır və vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənəd təqdim olunduqdan sonra müvafiq qaydada əmlakın qeydiyyata alınması aparılaraq sənədlər əsas kimi əlavə olunur. Arayış bu Təlimata əlavə olunmuş 37-ci əlavəyə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Göründüyü kimi evlərin, torpaq sahələrinin dövlət qeydiyyatına alınmasının qanunla nəzərdə tutulan qaydaları müəyyən edilmişdir. Şəxsin həmin əmlakı öz mülkiyyətinə keçirmək üçün qanuni gözləntiləri, hüquqları maddi dəyərə malik olan hüquqlardır. Ona görə belə hüquqlar miras aktivinə daxildir. Hazırki iş üzrə müəyyən edilməli olan digər hal miras əmlakın vərəsələr tərəfindən qəbul edilməsidir. İşdə olan sübutlardan görünür ki, X16 xx.xx.1999-cu il tarixdə, X14 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Onların 5 övladı vardır. Mübahisəli məsələ həmin 5 vərəsədən, yəni MM-nin 1159.1.1-ci maddəsində nəzərdə tutulan birinci növbə vərəsələrdən kimin mirası hüquqi və ya faktiki qəbul etməsidir. Məhkəmə kollegiyası ilkin olaraq X15, X9 və X5 münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Normadan göründüyü kimi müəyyən vaxt kəsiyində mirasdan imtina olunması imperativ qaydada müəyyən edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyanın Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında qeyd olunur ki, vərəsəlik hüququnda nəzərdə tutulmuş imtina institutu bir tərəfdən şəxslərin istəmədiyi halda məcburən vərəsə hesab olunmasının qarşısını almaq, digər tərəfdən isə hüquqi müəyyənliyi təmin etmək məqsədinə xidmət edir. Mirasın açılması ilə vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyini bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində bildirməlidir. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Hazırki işdən görünür ki, qanunla müəyyən edilmiş müddət ötürülmüş və maraqlı şəxslər mərhumun digər övladları X15, X9 və X3 anaları öldükdən - 5 ay 26 gün sonra miras paylarından imtina etmişlər. Tərəflərin miras əmlakı faktiki qəbul etməsi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, işdə olan təsərrüfatbaşına kitabdan çıxarışlardan, tərəflərin verdiyi izahatlardan müəyyən edilir ki, hazırda mübahisə predmeti olan fərdi yaşayış evinin biri faktiki olaraq N.Hüseynova öldükdən sonra İddiaçı istifadəsində və sahibliyində olmuşdur. Həmin fərdi yaşayış evləri JN 064A, KOD 50800038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd edilən 0,12 ha torpaq sahəsində yerləşir. Faktiki olaraq torpaq sahəsi iki hissəyə bölünüb və hər biri ayrı-ayrı olmaqla iki fərdi yaşayış evi mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Göründüyü kimi 12 sot torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evlərinin hər birini analarından qalmış mirası pay kimi ayrı-ayrılıqda Cavabdeh2 və İddiaçı faktiki olaraq yaşamaqla və təsərrüfatı idarə etməklə qəbul etmişlər. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən, Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Qeyd olunan Qərarda göstərilən mirasın vərəsə tərəfindən faktiki qəbulunun iki formasından biri olan miras əmlakı faktiki idarə etməyin anlayışı aydın şəkildə izah edilmişdir ki, həmin anlayışda da vərəsənin (vərəsələrin) miras əmlak barədə mülkiyyətçi funksiyasında mənafeyinə uyğun əmlakın saxlanmasını və normal təsərrüfatın aparılmasını təşkil edən hərəkətləri etməsi ehtiva olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 387, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: Apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(066)-753/2022 nömrəli qətnaməsi qismən- İddiaçı və Cavabdeh2 mərhum X6 qanun üzrə vərəsələri hesab edilməsi, ½ hissəsi X6 mülkiyyətində olmuş ev (X13 Bürosu tərəfindən verilmiş 20 mart 1986-cı il tarixli texniki pasport tərtib edilmiş Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən ümumi sahəsi 122.09 kv.m olan liter «A» və ümumi sahəsi 149,3 kv.m olan liter «B») qanun üzrə vərəsəlik qaydasında İddiaçı və Cavabdeh2 aralarında ½ hissədə paylarının müəyyən edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılmaqla ilk və qarşılıqlı iddia tələbi qismən təmin edilsin. JN 064A, KOD 50800038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd edilən 0,12 ha torpaq sahəsində yerləşən, X13 Bürosu tərəfindən verilmiş 20 mart 1986-cı il tarixli texniki pasportda göstərilən ümumi sahəsi 122.09 kv.m olan liter «A» və ümumi sahəsi 149,3 kv.m olan liter «B» fərdi yaşayış evləri üzərində qanun üzrə vərəsəlik qaydasında İddiaçı və Cavabdeh2 hər birinin ½ (ikidə bir) hissədə payları müəyyən edilsin. Göygöl Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(066)-753/2022 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-271/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-271/2023
24.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver