Məhkəmə qərarları › İş №2(104)-2753/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2753/2023

04.12.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2753/2023 04.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC X3 İdarəsinə qarşı mülki iş üzrə Açar söz: əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi boşdayanma ilə əlaqədar əmək haqqının ödənilməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və X2 ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi vəkil X1, Cavabdeh Azərbaycan Meliorasiya və X9 Səhmdar Cəmiyyəti X3 İdarəsinin nümayəndələri (rəisi) X5 və Vəkil2 Rəfael oğlunun iştirakları ilə, Göygöl Rayon Məhkəməsinin 2(066)-1068/2020 saylı mülki iş üzrə 21 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 04 dekabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Mülki işin materiallarında olan İddiaçı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2007-ci ildə X4 İdarəsinə fəhlə qəbul edilmiş, xx.xx.2007-ci ildə buldozerçi peşəsi üzrə başqa işə keçirilmiş, xx.xx.2014-cü ildə işdən azad edilmiş, xx.xx.2014-cü il tarixdə yenidən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC X3 İdarəsinə buldozerçi peşəsi üzrə işə qəbul edilmişdir.

2. Mülki işin materiallarında olan Azərbaycan Meliorasiya və X9 Səhmdar Cəmiyyəti X3 İdarəsi üzrə xx.xx.2020-cı il tarixli 65 saylı əmrdən çıxarışdan görünür ki, X3 İdarəsinin buldozerçisi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndi ilə işdən azad edilmiş, əmək müqaviləsinə xitam verilmişdir. Əmrin əsası kimi Həmkarlar təşkilatının №8-li iclasının protokolu göstərilmişdir.

3. Mülki işin materiallarında olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC X3 İdarəsi üzrə xx.xx.2020-cı il tarixli 06 saylı əmrin surətindən görünür ki, İddiaçı SD-22 markalı buldozeri təmirdə olduğu üçün xx.xx.2020-ci il tarixdən buldozerçi peşəsindən müvəqqəti olaraq çilingər peşəsinə keçirilməsi, ona əmək haqqının işəmuzd ödənilməsi, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər buldozerin əsaslı təmirdə olduğu müddətdə İddiaçı əmək haqqı ödənilməyən məzuniyyət verilməsi əmr edilmişdir. 4.Mülki işin materiallarında olan X3 İdarəsi üzrə xx.xx.2020-cı il tarixli 18 saylı əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən çilingər peşəsindən ştatdan kənar traktorçu-buldozerçi peşəsinə keçirilmişdir. 5.Mülki işin materiallarında olan Azərbaycan Meliorasiya və X9 Səhmdar Cəmiyyəti X3 İdarəsi üzrə xx.xx.2020-cı il tarixli 26 saylı əmrin surətindən görünür ki, X3 İdarəsinin buldozerçisi İddiaçı cəmiyyətin ona verdiyi tapşırıqları yerinə yetirmədiyi və məsuliyyətsiz yanaşdığına, işdə davamiyyət qaydalarına riayət etməməsinə görə (heç bir əsas olmadan xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək işdə iştirak etmədiyinə görə) Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən onun əmək haqqı tutulması şərti ilə ona intizam tənbehi-töhmət elan edilməsi əmr edilmişdir.

6. Mülki işin materiallarında olan Meliorasiya və X9 Səhmdar Cəmiyyəti X3 İdarəsi üzrə xx.xx.2020-cı il tarixli 39 saylı əmrin surətindən görünür ki, X3 İdarəsinin buldozerçisi İddiaçı cəmiyyətin ona verdiyi tapşırıqları yerinə yetirmədiyi və məsuliyyətsiz yanaşdığına, işdə davamiyyət qaydalarına riayət etməməsinə görə (heç bir əsas olmadan xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək işdə iştirak etmədiyinə görə) Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən onun əmək haqqı tutulması şərti ilə ona intizam tənbehi – sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməsi əmr edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və X9 Səhmdar Cəmiyyəti X3 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Meliorasiya və X9 Səhmdar Cəmiyyəti X3 İdarəsinin rəisi İlqar Məhərrəmovun xx.xx.2020ci il tarixli, 65 saylı əmrinin etibarsız hesab edilməsi, onun əvvəlki işinə, yəni X3 İdarəsində buldozerçi işinə bərpa olunması və işə bərpa olunduğu günədək məcburi iş buraxdığı günlər üçün ştat cədvəlinə uyğun əmək haqqının və digər gəlirlərinin hesablanıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, о, Kəlbəcər rayonundan məcburi köçkündür, Göygöl rayonunun Üçtəpə kəndində yaşayır. Ailəlidir, himayəsində 3 uşağı var, ailənin yeganə qazanc gətirən şəxsidir və başqa yerdən gəliri də yoxdur. xx.xx.2007-ci il tarixdən X4 İdarəsinə fəhlə, xx.xx.2007-ci il tarixdən isə buldozerçi işinə qəbul olunmuş, fəhlə işləyəndə aylıq əmək haqqı 150 manat, sonradan buldozerçi işləyəndə aylıq gəliri 700-800 manat olmuşdur. Onu həmin işə idarənin keçmiş rəisi Namaz Quliyev qəbul etmiş, Namaz Quliyev 2013-cü ildə işdən çıxmış və idarəyə rəis olaraq İlqar Məhərrəmov gəlmişdir. İlqar Məhərrəmov rəis olan kimi onun əmək haqqısını kəsərək 200 manat etmiş, buna etiraz etsə də hər dəfə ona maaşının düzələcəyinə söz vermiş, lakin bir nəticəsi olmamışdır. O, günəmuzd işləmiş və İlqar Məhərrəmov onun adına hər ay təxminən 1500 manat pul silərək mənimsəmişdir. Həmin puldan ona ödənilməsini xahiş etmiş olsa da, İlqar Məhərrəmov tapşırdığını və kartına ödəniləcəyini bildirirdi. O, gördüyü işin zəhmət haqqını tələb etsə də cavabdeh imtina etmiş və 2020-ci ilin iyul ayının əvvəlində onu işdən azad etdiyini bildirmiş, əmrini tələb etdikdə 14 iyul 2020-ci il tarixli saxta bir əmri yazaraq onu işdən azad etmişdir. İşdən azad edilməsinə dair əmr qanunsuz və əsassızdır, ona görə də həmin əmr etibarsız hesab edilməli, o əvvəlki işinə bərpa olunmalıdır.

9. Göygöl Rayon Məhkəməsinin 2(066)-1068/2020 saylı mülki iş üzrə 21 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Q.Abbasov) iddia tələbinin təmin edilməməsi qət etilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 2(066)- 1068/2020 saylı mülki iş üzrə 21 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

11. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, İlqar Məhərrəmov cavabdeh X3 İdarəsinin müdiri işləməyə başladığı 2013-cü ildən onun əmək haqqısını kəsərək 200 manata endirmiş, onu gündəlik günəmuzd kimi işlətmiş, o, buldozer sürmüş və hər ay təxminən 1500 manat onun adına pul silərək İlqar Məhərrəmov özü mənimsəmişdir. Həmin puldan ona ödənilməsini xahiş etsə də İlqar Məhərrəmov hər dəfə narahat olmamağı, kartına ödəniş edilməsini tapşırdığını bildirmiş, 2013-cü ilin sentyabr ayından hazırki vaxta qədər İlqar Məhərrəmov onun adına hər ay təxminən 1500 manat pul yazmış, lakin həmin puldan bir manat belə olsun ona verməmişdir. O, gördüyü işin zəhmət haqqını tələb etsə də, cavabdeh imtina etmiş, ona görə də heç bir əsas olmadan 2020-ci ilin iyul ayının əvvəlindən ona işdən azad edildiyini demiş, əmri tələb etsə də 14 iyul 2020-ci il tarixli saxta bir əmr yazaraq onu işdən azad etmişdir. İşdən azad edilməsinə əsası kimi əmək müqaviləsi üzrə müəyyən edilmiş əmək funksiyasını və ya öhdəliyi yerinə yetirmədiyini göstərmişdir. Əslində isə İlqar Məhərrəmovun onu işdən azad etməsinə səbəb onun öz haqqını tələb etməsi olmuşdur. O, məhkəmədə cavabdehin qanunsuz hərəkətlərini sübut etsə də, onun sübutlarına heç bir qiymət verilməmiş, yalnız cavabdeh tərəfin saxta və uydurma yalanlarına istinad edilərək iddiası rədd edilmişdir. Məhkəmə qətnaməsində göstərilir ki, guya o, xx.xx.2020-ci il tarixli, 06 saylı əmrlə buldozerçi vəzifəsindən çilingər vəzifəsinə keçirilmiş və həmin tarixdən də ona ödənişsiz məzuniyyət verilib. Bundan sonra guya xx.xx.2020-ci il tarixli, 18 saylı əmrlə 0l.03.2020-ci il tarixdən çilingər peşəsindən ştatdan kənar traktorçu-buldozerçi peşəsinə keçirilmişdir. Bundan başqa qətnamədə qeyd olunur ki, guya ona verilən tapşırıqları yerinə yetirmədiyinə və xx.xx.2020-ci il turixdən xx.xx.2020-ci il tarixədək işdə iştirak etmədiyinə görə əmək haqqı tutulmaqla xx.xx.2020-ci il tarixli, 26 saylı əmrlə ona töhmət edilmlşdir. Guya yenldən o, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək işə çıxmadığına və verilən tapşırıqları yerlnə yetirmədlyinə görə ona xx.xx.2020-ci il tarixdə şiddətli töhmət verilmişdir. Bundan sonra da guya yuxarıda göstərilənlər əsas gətirilərək xx.xx.2020-ci il tarixli 65 saylı əmrlə işdən azad edilmişdir. Məhkəmə yuxarıda göstərilənləri əsas gətirərək iddiasını rədd etmişdir. Halbuki, məhkəmə araşdırması zamanı cavabdeh bildirmişdir ki, işlətdiyi traktor Bakı şəhərində təmirdə olduğu üçün onu çilingər peşəsinə keçiriblər və həmin peşə üzrə də gündəlik davamiyyət üzrə işdə olmalı idi. Əslində işlətdiyi traktoru 2019-cu ilin oktyabr ayında təmir üçün Xırdalan şəhərində yerləşən “Grand Motors”a aparmışdır. Onun işlədiyi iş günəmuzd iş olduğu üçün traktor təmirdə olanda o, mütəmadi olaraq Bakı şəhərinə getmiş, traktorun təmiri ilə məşğul olmuşdur. Onun xx.xx.2020-ci ildə çilingər peşəsinə keçirilməsindən ümumiyyətlə xəbəri olmamışdır. Qətnamədə göstərilir ki, guya o, işə gəlməmişdir. Halbuki, məhkəməyə təqdim etdiyi ezamiyyə vərəqəsindən görünür ki, o, 2020-ci ilin may ayının 17-də Bakı şəhərinə ezam olunmuş və 20-də işlədiyi idarəyə qayıtmışdır. Bundan başqa qətnamədə göstərilən əmrlər yoxlanılsa, heç birinin əmrlər kitabında qeydiyyatdan keçmədiyi, sadəcə saxta olaraq yazıldığı məlum olar. Bundan başqa məhkəmə onun təqdim etdiyi sübutların heç birinə qiymət verməmişdir.

12. Gəncə Apellyasiya Məhkəməsinin 2 (104)-1317/2021 saylı mülki iş üzrə 01 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Göygöl Rayon Məhkəməsinin 2(066)-1068/2020 saylı mülki iş üzrə 21 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

13. Həmin qətnamədən narazı qalan İddiaçı kassasiya şikayəti vermişdir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 (102)- 4576/2021 saylı mülki iş üzrə 30 sentyabr 2021-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2 (104)-1317/2021 saylı mülki iş üzrə 01 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.

15. Gəncə Apellyasiya Məhkəməsinin 2 (104)-498/2022 saylı mülki iş üzrə 27 yanvar 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 2(066)-1068/2020 saylı mülki iş üzrə 21 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilmişdir.

16. Həmin qətnamədən narazı qalan cavabdeh Azərbaycan Meliorasiya və X9 Səhmdar Cəmiyyəti X3 İdarəsinin nümayəndəsi Vəkil1 kassasiya şikayəti vermişdir. 17.Mülki iş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının icraatında olduğu dövrdə Göygöl Rayon Məhkəməsinin hakimi Qələmdar Abbasov, Ali Məhkəməyə sorğu göndərərək X3 İdarəsinin birinci instansiya məhkəməsinin iclas protokoluna verdiyi qeydlərə baxılması üçün işin həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Mülki iş Göygöl Rayon Məhkəməsinə göndərildikdən sonra cavabdehin həmin məhkəmənin xx.xx.2020-ci il tarixli iclasının protokoluna dair qeydlərinə (iddiaçının işə gəlməməsini etiraf etməsi barədə) mahiyyəti üzrə baxmışdır.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 (102)- 2667/2023 saylı iş üzrə 12 sentyabr 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2 (104)-498/2022 saylı mülki iş üzrə 27 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Həmçinin, Ali Məhkəmənin Mülki Kollegiyası həmin iş üzrə 12 sentyabr 2023cü il tarixdə Göygöl Rayon Məhkəməsinin hakim Qələmdar Abbasov barəsində xüsusi qərardad çıxarmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq qeyd etdi ki, məhkəmənin heç bir iclasında işə gələmədiyi barədə məlumat verməmişdir. O, məhkəməyə bildirmişdir ki, buldozerinin işləmədiyi günlərdə buldozerinin təmir işləri ilə məşğul olmuşdur. Sonda iddiaçı şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilərək, irəli sürülən iddianın təmin edilməsini xahiş etmişdir.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil X6 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib, şikayətinin təmin edilməsini xahiş etmişdir.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Meliorasiya və X9 Səhmdar Cəmiyyəti X3 İdarəsinin nümayəndələri (rəisi) X5 və Vəkil2 Rəfael oğlu apellyasiya şikayətinin dəlillərinə etiraz etmişlər. Vəkil2 Rəfael oğlu izahatında qeyd etmişdir ki, 14 iyul 2020-ci il tarixdə İddiaçı çilingər işləyirdi və çilingər kimi işdən azad edilmişdir. Lakin, əmrdə texniki səhvə yol verilmiş və onun buldozerçi kimi işdən azad edildiyi qeyd edilmişdir. Bundan başqa, xx.xx.2020-ci il tarixli ezamiyyə vərəqəsi qanuni sənəd olmamışdır. Sonda nümayəndələr şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

23. Maddə 35. (Vİ) Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

24. Maddə 12. 1-ci hissə. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq və s.

25. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

26. Maddə 70. “c”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 27.Maddə 71

2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

28. Maddə 84. 1-ci hissə Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 2-ci hissə Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

29. Maddə 300. Hissə. 1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

30. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

31. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

32. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 35.Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

36. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

39. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 40.Maddə 271.1.Protokol məhkəmə iclasının və ya ayrıca prosessual hərəkətin bütün mühüm anlarını əks etdirməlidir. 271.2. Məhkəmə iclasının protokolunda aşağıdakılar göstərilir: 271.2.9. işdə iştirak edən şəxslərin, nümayəndələrin və vəkillərin ərizələri, vəsatətləri və izahatları; 271.2.13. məhkəmə çıxışlarının məzmunu. 41.Maddə 273. İşdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər.

42. Maddə 384.0.2.Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

43. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.

44. Maddə 420 Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya baxışının hədləri

45. Maddə MPM-in 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

46. Maddə MPM-in 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

47. Hazırki işdə apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

48. İşin araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və X9 Səhmdar Cəmiyyəti X3 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Meliorasiya və X9 Səhmdar Cəmiyyəti X3 İdarəsinin rəisi İlqar Məmmədovun xx.xx.2020-ci il tarixli, 65 saylı əmrinin etibarsız hesab edilməsi, onun əvvəlki işinə, yəni X3 İdarəsində buldozerçi işinə bərpa olunması və işə bərpa olunduğu günədək məcburi iş buraxdığı günlər üçün ştat cədvəlinə uyğun əmək haqqının və digər gəlirlərinin hesablanıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi irəli sürülən iddianı təmin etməmişdir. İrəli sürülən iddianı təmin etməyərkən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı vəzifəsinin öhdəsindən gəlmədiyi və uzun müddət işə çıxmadığına görə tutduğu vəzifəsindən azad edilmişdir.

49. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır və bu iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslar vardır. 50.Belə ki, əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətsiz əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsi ilə xitam verilərkən işəgötürənin qanunla nəzərdə tutulan bir sira şərtlərə əməl edilməsidir. 51.Bu şərtlərdən biri ondan ibarətdir ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 52.Bundan başqa, Əmək Məcəlləsinin əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmnunundan bəhs edən 84-cü maddəsinin birinci hissəsi ilə nəzərdə tutulmuşdur ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər barədə məlumatlar göstərilir. Həmin qanun normasının ikinci hissəsində nəzərdə tutulmuşdur ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 53.Kollegiya göstərir ki, iddiaçınin etibarsız sayılmasını xahiş etdiyi Azərbaycan Meliorasiya və X9 Səhmdar Cəmiyyəti X3 İdarəsi üzrə xx.xx.2020-cı il tarixli 65 saylı əmrin mətni aşagıdakı kimidir; “İddiaçı-buldozerçi xx.xx.2020-cı il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndinə əsasən ilə işdən azad edilsin əmək müqaviləsinə xitam verilsin.”

54. Göründüyü kimi, həmin əmrin mətnində İddiaçı ilə bağlanmış əmək müqaviləsinə hansı səbəbdən, yəni, İddiaçı üzrsüz səbəbdən hansı tarixdə işə çıxmadığı səbəbindən xitam verilməsi barədə məlumatlar göstərilməmişdir. 55.Halbuki, artıq yuxarıda qeyd edildiyi kimi, Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 56.Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçınin etibarsız sayılmasını xahiş etdiyi Azərbaycan Meliorasiya və X9 Səhmdar Cəmiyyəti X3 İdarəsi üzrə xx.xx.2020-cı il tarixli 65 saylı əmr Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinin və 84-cü maddəsinin 1-ci hissəsinin tələblərinə cavab vermir. Bu hallar Əmək Məcəlləsinin 84-cü maddəsinin 2-ci hissəsinin hazırki mübahisəyə tətbiqi və həmin əmrin etibarsız hesab edilməsi üçün qanuni əsaslardır. 57.Bu məqamda kollegiya həmçinin diqqətə çatdırır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə 30 sentyabr 2021-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 2 (104)-1317/2021 saylı mülki iş üzrə 01 mart 2021-ci il tarixli qətnaməsini ləğv edib, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edərkən qərarda göstərmişdir ki, iddiaçının dəlili ondan ibarətdir ki, işlədiyi müddət ərzində heç bir intizam tənbehi almamışdır. Cavabdeh idarənin rəhbəri qərəzli olaraq onu işdən çıxarmaq üçün sonradan saxta əmrlər və davamiyyət kitabı yazaraq məhkəməyə təqdim etmişdir. İddiaçı qeyd edilən dəlilini təsdiq edən hal kimi iş materiallarında olan xx.xx.2020ci il tarixli ezamiyyə vərəqəsinə istinad edərək bildirmişdir ki, həmin ezamiyyə vərəqəsi onun işə çıxdığını və cavabdeh idarə tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin formal xarakter daşıdığını təsdiq edir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən halın araşdırılması və həmin hala hüquqi qiymət verilməsi hazırkı mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq apelyasiya instansiyası məhkəməsi həmin halı araşdırmamış və həmin hala hüquqi qiymət verməmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə kimi işə çıxmaması və işə çıxamadığı təqdirdə barəsində tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. 54. Halbuki, xx.xx.2020-ci il tarixli ezamiyyə vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2020-ci ildə Azərbaycan Meliorasiya və X9 Səhmdar Cəmiyyəti X3 İdarəsi tərəfindən bir günlük Bakı şəhərinə ezam olunmuşdur. Göründüyü kimi işdə olmaması barədə xəbərdar edildiyi tarixdə iddiaçı işdə olmuş və cavabdeh tərəfindən Bakı şəhərinə ezam olunmuşdur. Eyni zamanda iddiaçı ezamiyyə ilə əlaqədar cavabdehin tapşırığını yerinə yetirərək Bakı şəhərinə getmişdir. 58.Kollegiya Ali Məhkəmənin bu qənaətlərindən əlavə, həm də işin o faktiki halını diqqətə çatdırır ki, işə apellyasiya qaydasında baxılarkən X3 İdarəsinin nümayəndəsi Vəkil2 Rəfael oğlu izahatında göstərmişdir ki, 14 iyul 2020-ci il tarixdə İddiaçı çilingər işləyirdi və çilingər kimi işdən azad edilmişdir. Lakin, əmrdə texniki səhvə yol verilmiş və onun buldozerçi kimi işdən azad edildiyi qeyd edilmişdir. Ancaq, yenə də, həmin əmrin mətninə diqqət yetirdikdə İddiaçı buldozerçi kimi işdən azad edildiyi müəyyən edilir. Bu hal onun əmək kitabçası ilə də təsdiq olunur. Bundan başqa, nümayəndə izahatında göstərmişdir ki,xx.xx.2020-ci il tarixli ezamiyyə vərəqəsi qanuni sənəd olmamışdır. Kollegiya nümayəndənin bu dəlilini də əsassız sayır və göstərir ki, həmin ezamiyyə vərəqəsi idarənin sənədlər üçün nəzərdə tutlan künc ştampı ilə ştamplanmış, idarənin rəhbəri tərəfindən imzalanmız və idarənin möhürü ilə möhürlənmişdir ki, bu halda həmin ezamiyyə vərəqəsinin qanuni sənəd olmadığından söhbət gedə bilməz.

59. Artıq yuxarıda qeyd edildiyi kimi, xx.xx.2020-cı il tarixli 65 saylı əmrin mətnində İddiaçı ilə bağlanmış əmək müqaviləsinə hansı səbəbdən xitam verilməsi barədə məlumatlar göstərilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edib, xx.xx.2020-cı il tarixli 65 saylı əmrin mətnində yol verilən qanun pozuntusunu diqqətdə saxlayıb, belə qənaətə gəlir ki, cavabdeh idarənin rəhbərinin qərəzli olaraq iddiaçını işdən çıxarmaq üçün sonradan sənədlər tərtib edərək məhkəməyə təqdim etməsi barədə iddiaçının dəlilləri təsdiq olunandır. 60.Bundan əlavə, Ali Məhkəmənin Mülki Kollegiyası həmin iş üzrə 12 sentyabr 2023-cü il tarixdə Göygöl Rayon Məhkəməsinin hakim Qələmdar Abbasov barəsində xüsusi qərardad çıxarmışdır. Xüsusi qərarda göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayəti Ali Məhkəmənin Mülki kollegiyasının icraatında olduğu dövrdə Göygöl Rayon Məhkəməsinin hakimi Qələmdar Abbasov, Ali Məhkəməyə sorğu göndərərək X3 İdarəsinin birinci instansiya məhkəməsinin iclas protokoluna verdiyi qeydlərə baxılması üçün işin həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Mülki iş Göygöl Rayon Məhkəməsinə göndərildikdən sonra cavabdehin həmin məhkəmənin xx.xx.2020-ci il tarixli iclasının protokoluna dair qeydlərinə (iddiaçının işə gəlməməsini etiraf etməsi barədə) mahiyyəti üzrə baxmışdır. İddiaçı, qeydlərə etiraz edərək iş vaxtı işdə olduğunu bildirmişdir. Göygöl Rayon Məhkəməsinin (hakim Qələmdar Abbasov) 2(066)-1068/2020 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, iddiaçının işə çıxmaması barədə etirafedici ifadəsi xx.xx.2020-ci tarixli məhkəmə iclasının protokoluna daxil edilmişdir. Beləliklə, işə kassasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, Göygöl Rayon Məhkəməsinin hakimi Qələmdar Abbasov prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. Sözügedən qeydlər qanunla müəyyən edilmiş müddətdə verilmədiyi halda birinci instansiya məhkəməsi onları geri qaytarmamış, işə bir dəfə kassasiya, iki dəfə apellyasiya məhkəməsində baxıldıqdan və iddiaçının xeyrinə qərar qəbul edildikdən sonra cavabdehin verdiyi qeydlərə mahiyyəti üzrə baxmış və onları təmin etmişdir. Bununla da (apellyasiya məhkəməsi tərəfindən qəbul ediləcəyi halda) işin həllinə əhəmiyyətli təsiri ola biləcək yeni məlumat - faktiki hal yuxarıda göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə işə daxil edilmişdir. Kassasiya məhkəməsi yaranmış vəziyyəti nəzərə alaraq işi yeni apellyasiya baxışına göndərməyə məcbur olmuşdur. 61.Kollegiya qeyd edir ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. 62.Kollegiya hesab edir ki, Göygöl Rayon Məhkəməsinin iş üzrə iddiaçının işə çıxmaması barədə etirafedici ifadəsinin xx.xx.2020-ci tarixli məhkəmə iclasının protokoluna daxil edilməsi barədə olan xx.xx.2023-cü il tarixli qərardadı qanunsuz olmaqla yanaşı, həm də özündə obyektiv reallığı əks etdirmir. Ona görə də, həmin qərardadda göstərilənlər işin hallarının müəyyən edilməsində iddiaçının həqiqi izahatı kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının MPM-in 271-ci maddəsinə əsasən, protokol məhkəmə iclasının və ya ayrıca prosessual hərəkətin bütün mühüm anlarını əks etdirməlidir. Məhkəmə iclasının protokolunda bir sıra məsələlər o cümlədən işdə iştirak edən şəxslərin, nümayəndələrin və vəkillərin ərizələri, vəsatətləri və izahatları göstərilir. Həmin Məcəllənin 273-cü maddəsinə əsasən isə işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. İş materiallarından müəyyən olunur ki, X3 İdarəsinin rəisi 20 yanvar 2023-cü il tarixdə protokola qeyd verilməsi haqqında ərizə ilə Göygöl Rayon Məhkəməsinə müraciət etmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərildiyi kimi, Göygöl Rayon Məhkəməsinin hakimi Qələmdar Abbasov prosessual hüquq normalarının kobud pozuntusuna yol vermiş, sözügedən qeydlər qanunla müəyyən edilmiş müddətdə verilmədiyi halda birinci instansiya məhkəməsi onları geri qaytarmamış, işə bir dəfə kassasiya, iki dəfə apellyasiya məhkəməsində baxıldıqdan və iddiaçının xeyrinə qərar qəbul edildikdən sonra cavabdehin verdiyi qeydlərə mahiyyəti üzrə baxmış və onları təmin etmişdir.

63. Protokola verilmiş qeydlərə baxılarkən iddiaçı məhkəmədə iştirak etmiş, X3 İdarəsinin rəisinin protokola qeyd verilməsi haqqında ərizəsində göstərilənlərə etiraz etmiş və izahatında göstərmişdir ki, “mən işə çıxmamışam ifadəsi işlətməmişəm, mən hər gün işdə olmuşam heç bir yerdə deməmişəm ki, işə çıxmamışam”. 64.Kollegiya göstərir ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. 65.X3 İdarəsinin rəisinin protokola qeyd verilməsi haqqında ərizəsində İddiaçı, yəni məhkəmədə özünün izahatı dinlənilmiş bir şəxsin adından qarşı tərəfin başqa məzmunlu izahatın verildiyi barədə qeydləri işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən mötəbər sübut kimi qiymətləndirilə bilməz. 66.Bütün yuxarıda qeyd edilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası bu qənaətdədir ki, işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə riayət edilməmiş, əmək qanunvericiliyinin tələbləri kobud surətdə pozulmuş və iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmr əsassız olmuşdur. Lakin birinci instansiya məhkəməsi tərəfindən işin qeyd olunan hallarına qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-1068/2020 saylı mülki iş üzrə 21 sentyabr 2020-ci il tarixli qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.

67. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsinə görə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. 68.İddiaçı əmək müqviləsinə etibarsız əmr əsaında xitam verildiyindən, onun qanunla qorunan hüquqları pozulduğundan, o, Azərbaycan Meliorasiya və X9 Səhmdar Cəmiyyəti X3 İdarəsində buldozerçi peşəsi üzrə işinə bərpa edilməlidir.

69. İddia tələbinin məcburi iş buraxma üçün əmək haqqı hesablanılıb ödənilməsi hissəsi ilə bağlı kollegiya qeyd edir ki, həmin hissədə də iddia qanuni əsaslı olduğundan təmin edilməlidir.

70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 385.1.1, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Apellyasiya şikayəti təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 2(066)-1068/2020 saylı mülki iş üzrə 21 sentyabr 2020-ci il tarixli qətnaməsi tamamilə ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Azərbaycan Meliorasiya və X9 Səhmdar Cəmiyyəti X3 İdarəsi üzrə, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə verilən 14 iyul 2020-ci il tarixli 65 saylı əmr etibarsız hesab edilsin. İddiaçı Azərbaycan Meliorasiya və X9 Səhmdar Cəmiyyəti X3 İdarəsində buldozerçi işinə bərpa edilsin və işə bərpa olunduğu günədək məcburi iş buraxdığı günlər üçün həmin peşə üzrə ştat cədvəlinə uyğun əmək haqqı hesablanıb ona ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə, ondan kassasiya şikayəti verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar