Məhkəmə qərarları › İş №2(104)-2808/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2808/2023

19.12.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2808/2023 19.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X1 qarşı mülki iş üzrə Açar sözlər: evə köçürülmə tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Tərtər Rayon Məhkəməsinin 2(061)-807/2023 saylı mülki iş üzrə 24 avqust 2023cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 19 dekabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Mülki işin materiallarında olan Tərtər Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı və Cavabdeh arasında olan nikah Tərtər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə pozulmuşdur.

2. Mülki işin materiallarında olan xx.xx.2016-ci il tarixili Daşınmaz Əmlakın alqısatqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ƏMDK-nın yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş **********94-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən xususi mülkiyyət hüququ əsasında ona məxsus olan Tərtər şəhəri A.M.Şərifzadə küçəsində 0,05 ha torpaq sahəsində yerləşən 08 saylı fərdi yaşayış evinin 5000 manat müqabilində Cavabdeh satmışdır.

3. Mülki işin materiallarında olan ƏMDK-nın yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi ******* olan hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Tərtər şəhəri A.M.Şərifzadə küçəsində yerləşən 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 08 saylı fərdi yaşayış evi Cavabdeh tam mülkiyyətindədir.

4. Mülki işin materiallarında olan Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Tərtər Rayon Mərkəzi Xəstəxanası” X4 tərəfindən verilmiş 449 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2010-ci il tarixdən Tərtər RMX PHŞ rühi-əsəb kabinetində “X3 beyin travasından sonra depesivparanoid sindorum, şəxsiyyətin üzvü pozuntusu” diaqnozu ilə dispanser qeydiyyatında dayanır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırda cavabdehin yaşadığı Tərtər şəhəri AM.Şərifzadə küçəsində yerləşən 08 saylı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 1997-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahda olduqları dövrdə, yəni 2007ci ildə Tərtər şəhəri AM.Şərifzadə küçəsində torpaq sahəsi alaraq orada fərdi yaşayış evi tikmişdir. Sözügedən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində onun adına dövlət qeydiyyatına alınmış və bu barədə ona xx.xx.2008ci il tarixdə Çıxarış verilmişdir. Sonradan cavabdehlə münasibətləri pozulmuş və Tərtər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə nikahları ləğv olunmuşdur. xx.xx.2016-cı il tarixdə aralarında Tərtər rayon Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsinə əsasən sözügedən fərdi yaşayış evini cavabdehə satmışdır. Həmin alqı-satqı müqaviləsində evin 5000 manata satıldığı göstərilmişdir. Bununla razı deyil hesab edir ki, həmin məbləğ çox azdır. Bundan başqa həmin məbləğ ona verilməmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, 2022-ci il tarixə kimi sözügedən evdə ona yaşamaq imkanı verilmişdir. 2022-ci ilin yanvar ayından cavabdeh onu müxtəlif bəhanələrlə evdən çıxarmağa çaalışmış və nəhayət onu “dəli” adı ilə Gəncə şəhərində yerləşən Psixatriya Xəstəxanasına məcburi müalicəyə göndərtmiş, xəstəxanadan çıxdıqda isə evə buraxmamışdır. Həmin vaxtdan qohunlarının evində qalır. Hesab edir ki, sözügedən evdə onun zəhməti və haqqı vardır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

7. Tərtər Rayon Məhkəməsinin 2(061)-807/2023 saylı mülki iş üzrə 24 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin 2(061)- 807/2023 saylı mülki iş üzrə 24 avqust 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, cavabdeh onun xəstəliyindən istifadə edərək, onu dövlət notariat xidmətinə apararaq, onunla alqı-satqı müqaviləsi bağlamışdır.O, alqı-satqıya görə cavabdehdən rəsmi olaraq 5000 manat almamışdır. Hazırda yaşamağa da evi yoxdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, onunla telefon əlaqəsi saxlanılmış, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

13. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

14. Maddə 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır.

15. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

16. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr nəzərdə tutulmuşdur. 17.Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

18. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.

19. Maddə 152. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

20. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.

21. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.

22. Maddə 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

23. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

24. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

25. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 81.Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 218.3. Hakim işdə içştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

32. Maddə 384.0.1 Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

34. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. 37.Belə ki, məhkəmə kollegiyasında işə baxılarkən işin faktiki halları kimi müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 1997-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Tərtər Rayon Məhkəməsinin qətnaməsi ilə aralarında olan nikah 2012-ci ildə pozulmuşdur. Mübahisəli yaşayış evi əvvəllər iddiaçının mülkiyyətində olmuş, xx.xx.2016cı il tarixdə iddiaçı həmin daşınmaz əmlakı notarius tərərfindən təsdiq edilən alqı-satqı müqaviləsinə əsasən Cavabdeh satmışdır. Yəni, həmin vaxtdan mülkiyyət hüquqları cavabdehə keçmişdir. Hazırda iddiaçının köçüb yaşamaq istədiyi mübahisəli ev cavabdehin mülkiyyətindədir və iddiaçı öz mülkiyyətində olan əmlakı öz iradəsi ilə özgəninkiləşdirdiyindən onun həmin əmlak barəsində mülkiyyət hüquqları, o cümlədən mülkiyyət hüququnun tərkib elementi olan istifadə hüquqları qalmamışdır. Həmçinin onun həmin evdən istifadə etməsinə əsas verə bilən, mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma da məhkəməyə təqdim edilməmişdir. 38.Kollegiya onu da qeyd edir ki, iddiaçı apellyasiya şikayətinin dəlillərində xx.xx.2016-ci il tarixili Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin etibarlı əqd olmadığını iddia etsə də, hazırki icraatda bu dəlil üzrə araşdırmanın aparılması MPM-in tələbləri baxımından yolverilməzdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Baxılan işdə də xx.xx.2016-ci il tarixili Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin etibarsızlığı barədə iddiaçının iddia tələbi olmamışdır.

39. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.

40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Artıq yuxarıda qeyd edildiyi kimi, iddiaçının istifadə hüquqlarının tanınmasını tələb etdiyi fərdi yaşayış evi cavabdehin xüsusi mülkiyyətindədir. Hazırki vəziyyətdə. iddiaçı cavabdehin ailə üzvü sayılmadığından, həmçinin iddiaçının həmin evdən istifadə etməsinə əsas verə bilən iddiaçı ilə cavabdeh arasında bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma da yoxdur. 42.Buna görə də, onun apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvinə və irəli sürülən iddianın təmin olunmasına əsas vermir. 43.Azərbaycan Respublikasının MPM-in 385.2-ci maddəsinin tələblərinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 385.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 2(061)-807/2023 saylı mülki iş üzrə 24 avqust 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar