Məhkəmə qərarları › İş №2(104)-2893/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2893/2023

19.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2893/2023 19.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-1235/2023 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı daşınmaz əşya üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-1235/2023 saylı qərardadı ilə (hakim T.Kərimova) Ərizəçi daşınmaz əşya üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Ərizəçi həmin qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərardadında ərizəçinin mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsini tələb etdiyi torpaq sahəsi ərizədə göstərildiyi ölçüdə göstərilməmişdir. Həmçinin məhkəmənin qərardadında sözügedən torpaq sahəsinin bələdiyyəyə məxsus olması və onun həmin torpağa dair yalnız isifadə hüququnun olmasına dair qeyd olunanlar düzgün deyil. Belə ki, həmin torpaq sahəsində yerləşən ferma onun mülkiyyətində olduğu üçün həmin fermanın altında yerləşən torpaq sahəsinə əldə etmə müddətinə əsasən onun mülkiyyət hüququ yaranır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin olunmamış və şikayət baxılması üçün işlə birlikdə Gəncə Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarının ərizəçinin ərizəsinin icraata qəbulundan imtina etməsi barədə MPM-nin müddəaları əsasında təhlilinə başlamazdan əvvəl xatırladır ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Azərbaycan Respublikası MPM-nin 1.2-ci maddəsində də qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Lakin nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Buraya dövlət rüsumunun ödənilməsi, mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət olunması və s. kimi qanunla nəzərdə tutulmuş hallar aiddir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Belə ki, ərizə və ona əlavə olunmuş sənədlərdən görünür ki, ərizəçi daşınmaz əşya üzərində mülkiyyət hüququnun tanınmasına dair ərizə verməklə ona məxsus olan əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,04958 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun müəyyən olunmasını xahiş etmişdir. Lakin işin materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ərizəçinin Samux rayonu, Sərkar kəndində yerləşən əmlak kompleksinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 3 saylı Gəncə Ərazi İdarəsində baxılmış və aparılan araşdırma zamanı ərizəçinin müraciətinə torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi müəyyən edilmişdir. Həmçinin Ərazi İdarəsinin arxiv məlumatlarında torpaq sahəsinə dair hüquqmüəyyənedici və texniki sənədlər aşkar edilməmişdir. Qeyd olunan çatışmamazlıqları nəzərə alınaraq ərizənin icrasının mümkün olmadığı bildirilmiş və müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarilxi 4№-li qərarında göstərilmişdir ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi hazırkı tələb inzibati qaydada baxılmalı olan tələbdir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara görə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instasiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 398.0.1.-ci maddəsinə görə qərardaddan verilmiş şikayətə baxan apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149, 263, 264, 267, 398, 402, 404, 405.0.2 və 406-cı maddələrini rəhbər tutaraq qəraraaldı: Şikayət təmin edilməsin. Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-1235/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar