Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-292/2023 24.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı nümayəndəsi X10, Cavabdeh1 və digər cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1668/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu azyaşlı uşaqları ilə birlikdə cavabdehlərin faktiki istifadəsində olan və hazırda yaşadıqları Şəmkir rayonu, Düyərli kəndində yerləşən fərdi yaşayış evinə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1668/2022 saylı qətnaməsi ilə (hakim R.Mustafayev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 əri, Cavabdeh1 qaynanasıdır. İddiası üzrə Cavabdeh2 ilə 2008-ci ilin oktyabr ayında faktiki ailə qurmuşlar, nikahlarını 12 mart 2010-cu ildə rəsmi qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü Elcan və xx.xx.2011-ci il təvəllüdlü Asiman adlı uşaqları doğulmuşdur. Toyları olan günü cavabdehlərə məxsus evə gəlin köçmüşdür. Hazırda ona məxsus cehiz əşyaları, özünə və uşaqlarına məxsus bütün əmlakları həmin evdədir. 2020-ci ilin mart ayına kimi həmin evdə mübahisəsiz yaşamışlar. 2020-ci ilin mart ayında cavabdehlərlə aralarında narazılıq olmuş, yaşadıqları evdən az yaşlı uşaqları ilə birlikdə qovulmuşdur. Həmin vaxtdan ata evində yaşayır. Uşaqları onun himayəsində yaşayır. Başqa yerdə yaşamağa evi yoxdur. Ata evində yaşamaq, uşaq saxlamaq ona çox çətindir. Bir neçə dəfə həmin evdə yaşamaq üçün getsə də, cavabdehlər onu həmin evə buraxmamışlar. Cavabdehlərin istifadəs*ində olan fərdi yaşayış evi qayınatası mərhum X3 adına olub gəlin göçdüyü evdə yaşamaq istəyir. Mülki iş materiallarında olan: Nikah haqqında arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2010-cu il tarixdə 65 saylı nikah bağlanmışdır. Doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, tərəflər arasında olan nikahdan xx.xx.2009-cu il təvəllüdlü Elcan və xx.xx.2011-ci il təvəllüdlü Asiman adlı uşaqları doğulmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-2182/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2010-ci il tarixdə Şəmkir rayon qeydiyyat şöbəsində bağlanmış və 65 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydi pozulması, boşanmadan sonra tərəflərin birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü Elcan və xx.xx.2011-ci il təvəllüldü Asiman adlı uşağın cavabdeh İddiaçı yanında qalması müəyyən edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2009-cu il təvəllüdlü Elcan və xx.xx.2011-ci il təvəllüldü Asiman adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh2 hər ay hər uşağa görə 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməsi qət edilmişdir. Arayışdan görünür ki, İddiaçı Şəmkir rayonu, Düyərli kəndində yaşayır. Arayışdan görünür ki, Cavabdeh2 Şəmkir rayonu, Düyərli kəndində yaşayır. Arayışdan görünür ki, Cavabdeh1 Şəmkir rayonu, Düyərli kəndində yaşayır. Şəmkir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-2182/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2010-cu il tarixdə Şəmkir rayon Qeydiyyat Şöbəsində 65 nömrə ilə qeydə alınmış nikah akt qeyd məhkəmə qayadasın pozulmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçının vəkilinin sorğusuna cavab olaraq verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, JN 58F saylı “Torpağın mülkiyyət verilməsinə dair şəhadətnaməyə” əsasən Şəmkir Rayonu Düyərli kəndində yerləşən 0.12 ha həyatyanı torpaq sahəsi Cavabdeh2, Cavabdeh1, X6 və X5 adlarına ümumi birgə mülkiyyət hüququ ilə qeyd edilmiş, qeyd edilən şəxslərin adlarına Şəmkir rayonu Düyərli kəndində digər daşınmaz əmlak qeydiyyata alınmamışdır. Şəmkir rayon Düyərli kənd İcra Nümayəndəliyindən verilən arayışdan görünür ki, mərhum X6 ölən günədək Şəmkir rayonunun Düyərli kəndində ailə üzvləri ilə birgə yaşamışdır. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarını pozmuş və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, o, cavabdehlər tərəfindən mübahisəli mənzilə köçürüləndə, ailə üzvü kimi ailəyə qəbul olunanda, cehiz əşyaları həmin mənzilə yığılanda ev qanunsuz tikili idi. Bu gün də qanunsuz tikilidir. Məhkəmə bunları nəzərə almayıb. Məhkəmə hesab edir ki, mübahisəni həll edərkən 2009-cu ilə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə istinad etməklə ilk iddianı təmin etməli idi. Çünki, cavabdehlərlə mənim aramda hüquq münasibətləri 2008-ci ildə yarandığından, məhkəmənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinə istinadı maddi hüquq normasının pozulması kimi qiymətləndirilməlidir. Hesab edir ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələbinə, eyni zamanda 2009-cu ilə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələbinə görə də iddianı təmin etməli idi. Qeyd etdiyi əsaslara görə hesab edir ki, məhkəmə iddianı rədd edərkən həm maddi, həm də prosesual hüquq normalarını pozmuşdur. Məhkəmə qətnamədə MM-nin 228.5-ci maddəsinə əsaslanıb iddianı təmin etməmişdir. Mübahisə olunan evin reysterdə qeydiyyatı yoxdur. İddiaçı Mətləb Orucov isə mülkiyyətçi deyildir. Texniki pasport hüquqi sənəd olmadığından məhkəmə 228.5-ci maddəyə istinad edə bilməz. İşdə iştirak edən şəxslərin apellyasiya məhkəməsində verdiyi izahatlar Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X13 apellyasiya şikayətinin dəlillərində göstərilən hallara oxşar izahat verərək bildirdi ki, İddiaçı ilə Cavabdeh2 faktiki olaraq 2008-ci ildə ailə həyatı qurmuşlar və xx.xx.2010-cu il tarixdə isə rəsmi nikaha daxil olmuşlar. İddiaçı 2020-ci ilin mart ayınadək uşaqları ilə birlikdə mübahisə predmeti olan Şəmkir rayonu, Düyərli kəndində yerləşən fərdi yaşayış evində yaşamışlar. Lakin, daha sonra iddiaçını evdən çıxartmışlar və sonuncu məcbur olaraq atasının evində yaşamağa başlamışdır. Mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin isə sənədi yoxdur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və apellyasiya şikayətinin təimn edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında bildirdi ki, Şəmkir rayonu, Düyərli kəndində yerləşən fərdi yaşayış evinin mülkiyyətçisidir. Əvvəl, yəni 16 il bundan qabaq ərinin adına texniki pasport olmuşdur. İddiaçı isə onun oğlu ilə evləndikdən sonra mübahisə predmeti olan fərdi yaşayış evinə gəlin köçən zaman əri ölmüşdür. Hazırda isə iddiaçının onun mülkiyyətində olan evə köçməsini istəmir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi X7 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, Cavabdeh1 izahatına oxşar izahat verib, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı Cavabdeh2 ilə 2008-ci ildə el adəti ilə evlənmiş və gəlin kimi Cavabdeh1 mülkiyyətində olan Şəmkir rayonu, Düyərli kəndində yerləşən fərdi yaşayış evinə köçmüş, cehiz əşyaları da həmin evə yığmışdır. Daha sonra isə iddiaçı Cavabdeh2 ilə xx.xx.2010-cu il tarixdə rəsmi olaraq nikaha daxil olmuşlar. Onların birgə nikahından iki uşaqları doğulmuşdur və iddiaçı 2020-ci ilin mart ayınadək həmin evdə yaşamışdır. Daha sonra ailə daxili münaqişələrə görə iddiaçının Cavabdeh2la münasibətləri pozulmuş və məhkəmə qətnaməsi ilə nikahları 2021-ci ildə pozulmuşdur. Hazırda iddiaçı azyaşlı uşaqları ilə birlikdə atasına məxsus olan evdə yaşayır. İddiaçının köçürülməsini xahiş etdiyi Şəmkir rayonu, Düyərli kəndində yerləşən mübahisəli fərdi yaşayış evi dövlət qeydiyyatına alınmamışdır. Lakin həmin evin yerləşdiyi 0.12 ha həyatyanı torpaq sahəsi həyətyanı torpaq sahəsi Cavabdeh2, Cavabdeh1, X6 və X5 adlarına ümumi birgə mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri evə köçürülmə ilə bağlı yaranan mübahisədir. Göründüyü kimi, iddiaçının köçmək istədiyi mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır Lakin bununla belə, həmin ev Cavabdehlərin ümumi birgə mülkiyyətində olan 0.12 ha həyətyanı torpaq sahəsində yerləşməsi sonuncuların sözügedən evə gözlənilən mülkiyyət hüquqlarının mövcud olduğunu göstərir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Qarrax Çexiyaya qarşı» xx.xx.2003-cü il tarixli, «Miray Fransaya qarşı» 23 sentyabr 2003-cü il, «Burdov Rusiya Federasiyasına qarşı» və «Yunanıstan neftayırma zavodu «Stren» və X1rşı», habelə «Akimova Azərbaycana qarşı» iş üzrə və digər qərarlarında şərh etdiyi hüquqi mövqeyə görə isə real möcud olanı əmlak gələcəkdə əldə etməyi qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə xx.xx.2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər (§ 124). Azərbaycan Respublikası Konstitusiyaının 33, 43 və 71-ci maddələrinin tələbinə görə hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Cavabdeh2 ilə nikaha daxil olaraq mübahisəli evə 2008-ci ildə köçsə də, hazırkı tərəflər arasında mübahisəli hüquq münasibətləri 12 mart 2010-cu il tarixdən (tərəflərin nikahları rəsmi qeydı alındığı vaxtdan) yaranmışdır və buna görə də, hazırkı mübahisə həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında isə göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göründüyü kimi, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Lakin İddiaçı cavabdehlərə münasibətdə həmin şəxslərə aid deyildir. Belə ki, Cavabdeh2la iddiaçı arasında olan ailə münasibətləri 2021-ci ildə pozulmuş, beləliklə də cavabdehlə arasında olan ailə münasibətlərinə xitam verilmişdir. Eyni zamanda iddiaçının Cavabdeh2 özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, həmçinin o, maddi vəziyyəti və ya diqqətə layiq olan digər hallarla əlaqədar özünü yaşayış sahəsi ilə təmin etməyə imkanının olmaması barədə heç bir sübut təqdim etmədiyindən Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulmuş digər qaydaların tətbiqi, yəni onun istifadə hüququnun müəyyən müddətə saxlanılması da istisna olunur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, tərəflərin nikahları pozulduqdan sonra birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü Elcan və xx.xx.2011-ci il təvəllüldü Asiman adlı uşaqlar iddiaçının himayəsində saxlandığından, onlarda sözügedən mübahisəli evə köçürülməməlidirlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Ona görə də, birinci instansiya məhkəməsi haqlı olaraq Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə istinad edərək, iddianı rədd etmişdir. Həmin nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. İddiaçının apellyasiya dəlilləri qətnamənin ləğv edilməsinə hüquqi əsas vermir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsslar mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qətetdi: Apelyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1668/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-292/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-292/2023
24.01.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver