Məhkəmə qərarları › İş №2(104)-294/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-294/2025

04.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-294/2025 04.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Akif qızının Cavabdeh2 qarşı mülki iş üzrə Açar sözlər: etibarsız nikah Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı Akif qızı, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Kəlbəcər rayon qeydiyyat şöbəsinin rəisi X4 iştirakı ilə, İddiaçı Akif qızının Cavabdeh2 qarşı nikahın etibarsız sayılması tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli 2(040)-684/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 04 fevral 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan SSR Kəlbəcər rayonunun Lev sovetliyi tərəfindən 01 oktyabr 1968-ci il tarixdə verilmiş “Evlənmək haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 ilə X1 arasında nikah 01 oktyabr 1968-ci il tarixdə 10 nömrə ilə qeydə alınmışdır. Nikah bağlanıldıqdan sonra kişiyə- “Rüstəmov”, arvada- “Rüstəmova” soyadları verilmişdir;

2. Kəlbəcər rayon Qeydiyyat Şöbəsi tərəfindən 23 yanvar 2024-cü il tarixdə verilmiş 16 nömrəli çıxarışdan görünür ki, X10 ilə Qənbərova (Rüstəmova) Mehrəngiz Süleyman qızının nikah haqqında akt qeydi 01 oktyabr 1968-ci il tarixdə nikahları bağlanmış və nikah haqqında akt qeydi 09 fevral 2023-cü ildə 01 nömrə ilə bərpa edilmişdir. Nikahın qeydə alındığı yer: Kəlbəcər rayon qeydiyyat şöbəsi. Nikah bağlandıqdan sonra ərə “Rüstəmov”, arvada “Rüstəmova” soyadları verilmişdir;

3. Kəlbəcər rayon qeydiyyat şöbəsi tərəfindən 23 iyun 2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində İddiaçı aid 27 mart 1993-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar olunmamışdır. “Rüstəmova” soyadını qəbul edərək X10 ilə 09 fevral 2023-cü ildə Kəlbəcər Rayon Qeydiyyat Şöbəsində 1 nömrə ilə nikah bağlanmışdır. Vilayət Rüstəmov 27 mart 1993-cü ildə ölümü ilə (29 mart 1993-cü ildə Kəlbəcər Rayon Qeydiyyat Şöbəsində 4 nömrə ilə ölümü dövlət qeydiyyatına alınmışdır) nikaha xitam verilmişdir;

4. Bakı şəhəri Cavabdeh1 tərəfindən 18 aprel 2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, X10 ilə X6 nikahı haqqında Cavabdeh1ndə 10 sentyabr 1983-cü il tarixdə 692 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə - “Rüstəmov”, arvada - “Rüstəmova” soyadı verilmişdir;

5. Kəlbəcər rayon qeydiyyat şöbəsi tərəfindən Kəlbəcər Rayon Məhkəməsinə ünvanlanmış 07 avqust 2024-cü il tarixli 367 nömrəli məktubdan görünür ki, Kəlbəcər Rayon Qeydiyyat Şöbəsində 09 fevral 2023-cü ildə 01 saylı aktla X10 ilə Rüstəmova (Qənbərova) Mehrəngiz Süleyman qızının nikahı bərpa edilmişdir;

6. Kəlbəcər Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli 31-.3/2025 nöməli məktubundan görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin icraatında X10 ilə Qənbərova (Rüstəmova) Mehrəngiz Akif qızı arasında xx.xx.1968-ci il tarixdə bağlanmış nikah akt qeydinin pozulması tələbinə dair mülki iş olmamışdır;

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri Cavabdeh1nə qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, mərhum əri X10 ilə cavabdeh Rüstəmova (Quluyeva) Nailə Əmircan qızı arasında 10 sentyabr 1983-cü il tarixdə Bakı şəhəri Cavabdeh1ndə bağlanmış 692 nömrəli nikah akt qeydinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum əri X10 ilə 01 oktyabr 1968-ci il tarixdə nikaha daxil olmaqla ailə həyatı qurmuş və birgə nikahlarından üç uşaqları doğulmuşdur. X15 Qarabağ döyüşlərində iştirak etmiş və xx.xx.1993-cü il tarixdə Kəlbəcər rayonu Çərəktar kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Həmin vaxtdan ona şəhid ailəsi üçün nəzərdə tutulmuş Prezident təqaüdü verilmişdir. 2023-cü ildən təqaüd dayandırılmış, səbəb kimi də mərhum ərinin Quluyeva (Rüstəmova) Nailə Əmircan qızı adlı şəxslə xx.xx.1983-cü il tarixdə Bakı şəhəri Cavabdeh1ndə nikaha daxil olduğu və həmin nikahın ləğv olunmadığı göstərilmişdir. Göründüyü kimi, o, X13 01 oktyabr 1968-ci il tarixdə nikaha daxil olduğu və həmin nikah ləğv olunmadığı halda Nailə Quliyeva xx.xx.1983-cü il tarixdə qanunsuz olaraq X13 nikaha daxil olmuşdur.

9. Kəlbəcər Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli 2(040)-684/2024 nömrəli qətnaməsi ilə (hakim Həsən Qəniyev) iddia təmin edilərək, Cavabdeh2 ilə X10 arasında Bakı şəhəri Binəqədi Rayon X2 Qeydiyyatı Şöbəsində rəsmiləşdirilmiş 10 sentyabr 1983-cü il tarixli 692 nömrəli nikah aktı qeydinin rəsmiləşdiyi andan etibarsız hesab edilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 1.1, 1.4, 8.1, 25.2, 25.3 və 25.4-cü maddələrinə, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi tərəfindən 04 iyul 1928-ci il tarixdə təsdiq edilmiş və 01 aprel 1970-ci il tarixədək qüvvədə olmuş Azərbaycan SSR “Nikah, Ailə və Qəyyumluq və Vətəndaşlıq vəziyyəti aktları haqqında Qanunlar Məcəlləsi”-nin 6-cı maddəsinə, habelə Azərbaycan SSR-nin 26 dekabr 1969-cu il tarixli qanunu ilə təsdiq edilmiş və 01 aprel 1970-ci ildən 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan SSR Nikah və Ailə Məcəlləsinin 17-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə onun mərhum X10 ilə Bakı şəhəri Cavabdeh1ndə rəsimləşdirilmiş xx.xx.1983-cü il taixli 692 nömrəli nikah aktı bağladıqdan sonra həmin şəxslə faktiki ailə qurub- qurmadıqlarını aydınlaşdırma vəzifəsi daşıyır. Əslində, o, mərhum X10 ilə nikaha daxil olandan 5 il qabaq faktiki olaraq onunla birgə yaşamışlar, habelə nikah bağlandıqdan sonra da 10 il birgə təsərrüfat idarə etmişlər. Onların nikahı faktikidir və bu nikahdan 1978-ci ildə Elnarə, 1982-ci ildə Sevil, 1983-cü ildə Eldəniz, 1989-cu ildə isə Cahid adlı uşaqları anadan olmuşdur. İddiaçı Akif qızının isə 1977-ci ildən sonra X13 övladları dünyaya gəlməmişdir. Belə ki, iddiaçının sonuncu övladı X7 1977-ci ildə doğulmuşdur. İddiaçının sonuncu övladının 1977-ci ildə dünyaya gəlməsi, onun isə ilk övladının 1978-ci ildə doğulması özlüyündə onu göstərir ki, iddiaçı ilə mərhum Vilayət Rüstəmov arasındakı nikah 1977-ci ildə faktiki olaraq sona çatmışdır. Bundan başqa, iddiaçı məhkəmənin hazırlıq iclasında və baxış iclasında bildirmişdir ki, onu və övladlarını tanıyır və aralarında 1983-cü ildən xoş münasibət olmuşdur. Həmçinin məhkəmə onunla mərhum Vilayət Rüstəmov arasında bağlanmış nikahdan anadan olmuş 4 uşağın varlığını nəzərə almamışdır. Halbuki, o və mərhum Vilayət Rüstəmov könüllü qaydada nikaha daxil olmuşlar və birgə təssərüfat aparmışlar. Tərəflər könüllü qaydada nikaha daxil olub sonradan həmin nikah aktını mübahisələndirmirsə, deməli, həmin nikah akt qeydi etibarsız sayıla bilməz. Əgər hesab edilsə ki, nigaha daxil olmuş şəxslərdən hər hansı biri başqa şəxslə nigahda olmuşdur, həmin şəxsin 41 il müddətinə bu nikahdan xəbəri olub nikahı mübahisələndirməməsi həmin nikahı bəyənməsi və həmin nikahla razılaşmasıdır. Bundan başqa, məhkəmə xitam verilmiş nikahı etibarsız hesab etməkdə haqlı olmamışdır. Çünki, nikaha 1993-cü ildə Vilayət Rüstəmovun ölümü ilə xitam verilmişdir. Xitam verilmiş nikahın etibarsız hesab edilməsi qanunvericiliyin tələblərinə zidd olmuşdur. Bundan başqa, 01 aprel 1998-ci il tarixə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsinin 48-ci maddəsinin dispozisiyasında göstərilmişdir ki, nikah bu Məcəllənin 15-17-ci maddələrində müəyyən edilmiş şərtlər pozulduqda, habelə ailə qurmaq niyyəti olmadan nikah bağlandığı hallarda (saxta nikah) nikah etibarsız sayıla bilər. 1 aprel 1998-ci il tarixə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsinin 48-ci maddəsinin dispozsiyasına nəzər saldıqda müəyyən olunur ki, saxta nikaha daxil olan şəxsin niyyəti nikaha girməkdirsə onda həmin nikah saxta sayıla bilməz. Nikah və Ailə Məcəlləsinin 48-ci maddəsinin dispozsiyasından da görsənir ki, 17-ci maddədə göstərilmiş hallara görə qanunvericilik işə baxan hakimin üzərinə nikahın etibarsız sayılması barədə öhdəliyini qoymamış, nikahın etibarsız sayıb-saymaması seçimi vermişdir. Qüvvədə olan Ailə Məcəlləsində və 1 aprel 1998-ci il tarixə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Nikah və Ailə məcəlləsində müəyyən edilmişdir ki, saxta nikaha daxil olmuş şəxs faktiki nikaha daxil olmuşdursa həmin nikah etibarsız sayıla bilməz. Bundan başqa, məhkəməyə 01 sentyabr 2000-ci il tarixə qədər qüvvədə olan Mülki Məcəllənin 73-cü maddəsinin və ümumi iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edilmişdir. Ərizədə xahiş edilmişdir ki, mülki iş üzrə iddia müddəti təbiq edilməli, iddiaçının hüquqlarının pozulması və hüquqlarının müdafiəsi üçün başqa şəxslər arasında olan nikahın etibarısızlığını mübahisələndirilməsinə dair iddiasına 01 sentyabr 2000-ci il tarixə qədər qüvvədə olan Mülki Məcəllənin 73-cü maddəsi tətbiq edilsin. Məhkəmə 01 sentyabr 2000-ci il tarixə qədər qüvvədə olan Mülki Məcəllənin 73-cü maddəsini əsas tutmamış, işə hal-hazırda qüvvədə olan Ailə Məcəlləsinin 8.1-ci maddəsini tətbiq etmiş və müddətlə bağlı ərizəni təmin etməmişdir. Məhkəmə hal-hazırda qüvvədə olan Ailə Məcəlləsinin 8.1-ci maddəsini əsas tutmaqla həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsinin və Mülki Məcəlləsinin tələblərini pozmaqla onun qanunla qorunan hüquqlarını kobud surətdə pozmuşdur. 01 aprel 1998-ci il tarixə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsinin 7.1-ci maddəsində göstərilmişdir ki, nikah və ailə münasibətlərindən irəli gələn tələblərə iddia müddəti tətbiq edilmir. Maddənin dispoziyasından da görsəndiyi kimi, iddia müddəti nikah bağlayan və ailə münasibətlərində olan şəxslərə aid edilmir. İşin faktiki hallarından da müəyyən olunur ki İddiaçı Akif qızı ilə onun arasında nikah və ailə münasibətləri mövcüd olmamışdır. Belə olan halda iddiaçı həmin iş üzrə hüquqları pozulmuş subyektidir və həmin subyektin iddia qaldırması 73-cü maddəyə əsasən 3 il müddətinə ola bilər. Onu da qeyd etməyi vacib hesab edir ki, hal-hazırda qüvvədə olan Mülki Məcəllənin 357-ci maddəsində göstərilmişdir ki, şəxs razılaşmadığı əqdi mübahisələndirmirsə artıq həmin əqd bəyənilmiş əqd sayılır. Eyni zamanda, mərhum X10 ilə İddiaçı Akif qızı arasında 01 oktyabr 1968-ci il tarixdə nikah bağlanmamışdır. Kəlbəcər rayon qeydiyyat şöbəsi akt qeydini bərpa edərkən həqiqətə uyğun olmayan sənədlərə istinad etmişdir. Mülk iş materiallarına baxdıqda müəyyən olunur ki, iddiaçı və onun övladları Kəlbəcər rayonundan məcburi köçkün gələrkən özlərinə məxsus sənədləri, o cümlədən yaş kağızlarını özləri ilə götirməmişdirlər. Ona görə də 1994-cü ildə Kəlbəcər rayon qeydiyyat şöbəsinə müraciət edərək, özləri ilə gətirə bilmədikləri yaş kağızlarını bərpa etdirmişlər. Yaş kağızlarının bərpası barədə aktlara nəzər saldıqda müəyyən olunur ki, onların yaş kağızlarının bərpa olunması barədə aktların verilməsinin əsası Levkənd icra nümayəndəliyinin arayışı olmuşdur. Bundan başqa mərhum X10 27 mart 1993-cü il tarixdə vəfat etmişdir. Lakin, 1994-cü il tarixdə İddiaçı Akif qızının övladlarının bərpa edilmiş yaş kağızlarında məlumat verən şəxs kimi mərhum X10 göstərilmiş və onun imzası ilə həmin məlumatlar təsdiqlənmişdir. Həmin yaş kağızlarının bərpasından da müəyyən edilir ki, iddiaçı tərəfindən saxtakarlığa (X10 1993cü il tarixdə ölməsinə baxmayaraq guya 1994-cü ildə imza atmışdır) yol verilmiş və yaş kağızları bərpa edilmişdir. Bundan başqa iş üzrə iddiaçı iddia ərizəsində göstərmişdir ki, guya o, şəhid ailələri üçün nəzərdə tutulmuş Prezident təqaüdü almış həmin təqaüd 2023cü il tarixdə dayandırılmışdır. Məhkəmə iddiaçının Prezident təqaüdü alıb-almamasını araşdırmamış və işin nəticəsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə işi araşdırsaydı müyyən edərdi ki, iddiaçı heç bir zaman Prezident təqaüdü almamışdır. Bundan başqa, iddiaçı ilə onun arasında xoş münasibətlər olmuş və bir yerdə yaşamışdırlar. İddiaçı X8 mərhum X5 cavabdeh X12 ilə ailə qurmasını və ondan övladları olmasını 1978-ci ildən bilmişdir. Buna baxmayaraq, həmin dövrdən 41 il keçməsinə baxmayaraq heç bir iddia qaldırmamış və mübahisə etməmişdir. İddiaçının 41 il ərzində iddia qaldırmamasının hansı səbəblərdən baş verməsi məhkəmə tərəfindən araşdırılmamışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Apellyasiya instansiyası məhkəməsində icraat

14. Apellyasiya instansiyasında icraat zamanı Kəlbəcər rayon qeydiyyat şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. e) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh2 X13 1978-ci ildən faktiki ailə münasibətlərində olmuşlar, 1983-cü ildə isə onların nikahı qeydə alınmışdır. Hazırki iş üzrə tərəflər də bir-birini tanımış və X14 ailə münasibətləri barədə məlumatlı olmuşlar, hətta onların uşaqları da bir-birini tanımışlar. İddiaçı da mərhum əri Vilayət Rüstəmovun cavabdehlə nikahda olmasından, habelə bu nikahdan dünyaya gəlmiş 3 uşağının olmasından məlumatlı olmuşdur. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, X14 dəfn mərasimi cavabdeh tərəfindən təşkil edilmişdir. Əgər iddiaçı ilə X13 ailə münasibətlərində heç bir problem yox idisə, iddiaçı hansı səbəbdən 2023-cü ildə nikah akt qeydinin bərpasına dair ərizə vermişdir.

16. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Akif qızının etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, mərhum Vilayət Rüstəmov vəfat edənə qədər iddiaçı ilə nikahda olmuşdur. O, şəhid olmuş, dəfn mərasimi də iddiaçı tərəfindən təşkil edilmişdir. X13 iddiaçı arasındakı nikah cavabdehlə olan nikahdan daha əvvəl bağlanmışdır. X13 iddiaçının birgə nikahlarından dünyaya gəlmiş sonuncu övladları 1978-ci il təvəllüdlüdür. Əgər X13 cavabdeh arasında bağlanmış nikah qanuni idisə, niyə onlar hər ikisi Kəlbəcər rayon sakini olduqları halda nikahlarını Kəlbəcər rayonunda deyil də, gedib Bakı şəhəri Binəqədi rayonunda bağlayırdılar. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, iddiaçı 2023-cü ildə şəxsiyyət vəsiqəsini dəyişəndə iddiaçıya məlum olmuşdur ki, X14 başqa nikahı vardır. Bundan sonra iddiaçı nikah qeydini əldə etmək istədikdə, ona bildirmişlər ki, həmin sənədlər Kəlbəcər rayonunun arxiv idarəsində qalmış və onları əldə etmək mümkün olmadığından həmin sənəd bərpa edilmişdir.

17. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətini müdafiə etdiyini və əvvəlki məhkəmə iclasında verdiyi izahata əlavəsi olmadığını bildirmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, 1968-ci ildə X13 nikaha daxil olaraq ailə qurmuşlar və birgə nikahlarından dörd uşaqları doğulmuşdur. Mərhum əri Vilayət Rüstəmovun cavabdehlə yaşadığından məlumatı olmuşdur, ancaq onlar arasında nikah bağlandığını bilməmişdir. Bildiyinə görə, cavabdeh özü başqa şəxslə nikahda olmuşdur. Cavabdeh2 şəhid ailə üzvlərinə verilən təqaüd almışdır. O isə belə bir təqaüd almamışdır. Ailə başçısını itirdiyinə görə təqaüd almışdır. 2023-cü ildə həmin təqaüdün verilməsi dayandırıldıqda aidiyyəti dövlət orqanına müraciət etmiş və həmin vaxt cavabdehin onun mərhum əri ilə nikahda olması barədə məlumat almışdır. Verilmiş suallara cavab olaraq İddiaçı bildirmişdir ki, şəhid ailə üzvlərinə verilən təqaüd alması ilə bağlı hər hansı dövlət orqanına müraciət etməmişdir. Mərhum əri Vilayət Rüstəmovun dəfn mərasimi də onun tərəfindən təşkil edilmişdir. Mərhum əri 1993-cü ildə Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuş və mərhum Kəlbəcər rayonunda dəfn edilmişdir. Mərhum əri Vilayət Rüstəmovla nikahları pozulmamışdır. Birgə nikahlarından Təranə, Tünzalə, Məfizə və Eldar adında övladları var. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

19. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Akif qızının etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1 da apellyasiya şikayətini qəbul etmədiyini və əvvəlki məhkəmə iclasında verdiyi izahata əlavəsi olmadığını bildirmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

20. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Kəlbəcər rayon qeydiyyat şöbəsinin rəisi X11 izahatında bildirmişdir ki, İddiaçı X13 nikah şəhadətnamələrinin kserosurəti ilə qeydiyyat şöbəsinə müraciət edərək nikah akt qeydinin təsdiq edilməsini xahiş etmişdir. X2 qeydiyyatı ilə bağlı sənədlərin bir nüxsəsi qeydiyyat şöbəsində, bir nüxsəsi isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin arxivində saxlanılır. İddiaçı ilə mərhum Vilayət Rüstəmov arasında bağlanmış nikah şəhadətnaməsinin nüxsəsi qeydiyyat şöbəsində qalmışdır. Çünki, onların nikahı 1968-ci ildə qeydə alınmışdır və 1993-cü ildə Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunarkən arxiv sənədləri də orada qalmışdır. Sonradan isə həmin sənədlərin arxivdən götürülməsi mümkün olmamışdır. Bu səbəbdən həmin sənədlər Nazirliyin Arxivindən əldə edilmişdir. İddiaçı təqdim etdiyi nikah şəhadətnaməsinin kserosurətində nikah aktının qeydiyyat nömrəsi göstərilmişdir. Hansı ki, X2 qeydiyyat kitabına da baxış keçirilərkən iddiaçının təqdim etdiyi nikah şəhadətnaməsinin kserosurətində göstərilən qeydiyyat nömrəsi (sıra nömrəsi) nikah aktlarının qeydiyyat kitabındakı sıra nömrəsi ilə üst-üstə düşmüşdür. Eyni zamanda, iddiaçının X13 birgə nikahlarından anadan olmuş övladlarının doğum haqqında şəhadətnamələrində onların nikahı barədə məlumat göstərilmişdir. Ona görə də iddiaçının müraciəti əsasında 2023-cü ildə nikah akt qeydini bərpa etmişlər. Sədrlik edənin suallarına cavab olaraq Elnur Namazov bildirmişdir ki, əgər İddiaçı ilə mərhum Vilayət Rüstəmov arasındakı nikah pozulmuş olsaydı, bunu müəyyən edə bilərdilər. Çünki, Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmış vətəndaşlıq vəziyyəti aktları barədə bütün məlumatlar onlara ötürülmüşdür.

21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi

22. Maddə 1.4. Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır.

23. Maddə 12.0.3. İkisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir.

24. Maddə 14.1. Ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir.

25. Maddə 25.1. Bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır.

26. Maddə 25.2. Nikah məhkəmə qaydasında etibarsız sayılır.

27. Maddə 25.4. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır.

28. Maddə 26.1. Aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər: 26.1.6. bu Məcəllənin 26.1.4-cü - 26.1.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, bu Məcəllənin 12-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər, eləcə də müvafiq icra hakimiyyəti orqanı.

Azərbaycan SSR-nin 26 dekabr 1969-cu il tarixli qanunu ilə təsdiq edilmiş və 01 aprel 1970-ci ildən 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan SSR Nikah və Ailə Məcəlləsi

29. Maddə 17. İkisindən biri başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir.

30. Maddə 48. Nikah bu Məcəllənin 15-17-ci maddələrində müəyyən edilmiş şərtlər pozulduqda, habelə ailə qurmaq niyyəti olmadan nikah bağlandığı hallarda (saxta nikah) etibarsız sayıla bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

37. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, X10 ilə X1 arasında nikah 01 oktyabr 1968-ci il tarixdə 10 nömrə ilə qeydə alınmışdır. Nikah bağlanıldıqdan sonra kişiyə- “Rüstəmov”, arvada- “Rüstəmova” soyadları verilmişdir. Bu barədə Azərbaycan SSR Kəlbəcər rayonunun Lev sovetliyi tərəfindən 01 oktyabr 1968-ci il tarixli “Evlənmək haqqında şəhadətnamə” tərtib edilmişdir. Həmin nikah məhkəmə və ya qeydiyyat şöbəsi tərəfindən pozulmamışdır. Bununla yanaşı müəyyən olunur ki, X10 ilə X12 arasında xx.xx.1983-cü il tarixdə 692 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə - “Rüstəmov”, arvada - “Rüstəmova” soyadı verilmişdir. Bu barədə Bakı şəhəri Binəqədi Rayon X2 Qeydiyyatı Şöbəsində rəsmiləşdirilmiş 10 sentyabr 1983-cü il tarixli 692 nömrəli nikah aktı qeydi aparılmışdır. X10 xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. Kəlbəcər rayon qeydiyyat şöbəsində 09 fevral 2023-cü iltarixdə 01 saylı aktla X10 ilə Rüstəmova (Qənbərova) Mehrəngiz Süleyman qızının nikahı bərpa edilmişdir. İddiaçı mərhum əri Vilayət Rüstəmovun onunla nikahda olduğu halda Cavabdeh2 ilə nikaha daxil olduğunu, bu səbəbdən də həmin nikahın etibarsız sayıldığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

42. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

43. İlk növbədə qeyd edilməlidir ki, mübahisələndirilən nikah xx.xx.1983-cü il tarixdə Bakı şəhəri Binəqədi rayon X2 Qeydiyyatı Şöbəsində qeydiyyata alınmışdır. Buna görə də baxılan iddia Azərbaycan SSR-nin 26 dekabr 1969-cu il tarixli qanunu ilə təsdiq edilmiş və 01 aprel 1970-ci ildən 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan SSR Nikah və Ailə Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır. Çünki, MPM-nin 217.2-ci maddəsinin tələbinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.

44. İşin mübahisəsiz halları ilə müəyyən olunur ki, X10 ilə X1 arasında nikah xx.xx.1968-ci il tarixdə 10 nömrə ilə Azərbaycan SSR Kəlbəcər rayonunun Lev sovetliyi tərəfindən qeydə alınmışdır. Həmçinin, cavabdehlə mərhum Vilayət Rüstəmov arasında nikah akt qeydi xx.xx.1983-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon X2 Qeydiyyatı Şöbəsində qeydiyyata alınmışdır.

45. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, Kəlbəcər rayon qeydiyyat şöbəsində 09 fevral 2023-cü il tarixdə 01 saylı aktla X10 ilə Rüstəmova (Qənbərova) Mehrəngiz Süleyman qızının nikahının bərpa edilməsi - həmin nikahın əvvəllər pozulmuş olması anlamına gəlmir.

46. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında» Qərarın 13-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; Qərarın 16-cı bəndində qeyd edilmişdir ki, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında itmiş akt qeydləri yalnız müvafiq akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir.

47. Azərbaycan SSR Kəlbəcər rayonunun Lev sovetliyi tərəfindən 01 oktyabr 1968-ci il tarixdə verilmiş “Evlənmək haqqında şəhadətnamə”nin surətində qeyd edilmişdir ki, X10 ilə X1 arasında nikah 01 oktyabr 1968-ci il tarixdə 10 nömrə ilə qeydə alınmışdır. Nikah bağlanıldıqdan sonra kişiyə - “Rüstəmov”, arvada - “Rüstəmova” soyadları verilmişdir; Bundan başqa, onların uşaqlarının doğum haqqında şəhadətnamələri (bax işin 72-78-ci səhifələri) məhkəmə iclasında tərəflərin iştirakı ilə sistemli şəkildə tədqiq edilmiş və doğum şəhadətnamələrində Uşaqlarının valideynlərin nikahı barədə məlumatlar qeyd edildiyi müəyyən olunmuşdur. Bununla yanaşı, Kəlbəcər rayon qeydiyyat şöbəsinin vətəndaşlıq vəziyyəti aktların qeydiyyat kitabı da məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş və qeydiyyat kitabına baxış keçirilərkən müəyyən edilmişdir ki, 9 nömrə ilə qeydə alınmış akt qeydi qeydiyyat kitabında mövcuddur. Lakin, 10, 11, 12 nömrələrlə qeydə alınmış akt qeydləri (səhifələri) kitabda mövcud deyildir. İddiaçı təqdim etdiyi nikah şəhadətnaməsinin kserosurətində də nikahın 10 nömrə ilə qeydə alındığı müəyyən edilir. Eyni zamanda, X2 qeydiyyat kitabından müəyyən edilir ki, 459741 seriya nömrəsi ilə akt qeydi mövcuddur, lakin 4597-42, 43 44 seriya nömrələri ilə akt qeydləri kitabında mövcud deyildir. İddiaçı təqdim etdiyi nikah şəhadətnaməsinin kserosurətində də nikahın 459742 seriya nömrəli olduğu müəyyən edilir. Göründüyü kimi, İddiaçı təqdim etdiyi 10 qeyd nömrəli, 459742 seriya nömrəli nikah şəhadətnaməsi sıra ardıcıllığı ilə X2 qeydiyyat kitabındakı qeyd və seriya nömrələri ilə üst-üstə düşür. İşin bu halı da ağlabatan mühakimə əsasında X13 İddiaçı arasında 1968-ci ildə nikah bağlanmasına dəlalət edir.

48. Məhkəmə kollegiyası bu qənaətə gələrkən işin bir halını da nəzərə alır ki. X13 İddiaçı arasında nikah 1968-ci ildə Azərbaycan SSR Kəlbəcər rayonunun Lev sovetliyində qeydə alınmışdır. Kəlbəcər rayonunda tərtib edilmiş X2 qeydləri də həmin ərazidə fəaliyyət göstərmiş qeydiyyat şöbəsinin arxivində saxlanılmışdır. Məlumdur ki, Kəlbəcər rayonu xx.xx.1993-cü il tarixdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir və bu zaman həmin rayon ərazisində yerləşən dövlət orqanlarında, o cümlədən qeydiyyat şöbəsinin arxivində saxlanılan sənədlərin mühafizəsi mümkün olmamışdır. Bu baxımdan, X13 İddiaçı nikah şəhadətnaməsinin Kəlbəcər rayon qeydiyyat şöbəsində qalmamasının obyektiv səbəblərdən baş verməsi inandırıcı və ağlabatandır.

49. Digər tərəfdən, ailə qanunvericiliyinə görə X2 dövlət qeydiyyatın aparılması məqsədilə nikahın bağlanması, o cümlədən nikahın pozulması dövlət qeydiyyatına alınır. X13 İddiaçı arasında bağlanmış nikahın pozulması barədə isə X2 dövlət qeydiyyatını aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər hansı qeydiyyat aparılmamışdır.

50. Beləliklə, iş materiallarında olan sübutlar əsasında müəyyən edilir ki, iddiaçı ilə mərhum Vilayət Rüstəmov arasında bağlanmış nikah ləğv edilməmiş (mövcud olduğu halda) cavabdehlə mərhum Vilayət Rüstəmov arasında nikah bağlanmışdır.

51. Şərh edilənlər əsasında məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı ilə mərhum Vilayət Rüstəmov arasında xx.xx.1968-ci il tarixdə bağlanmış nikah ləğv edilmədən X14 sağlığında digər şəxslə (cavabdehlə) nikaha daxil olması Azərbaycan SSR-nin 26 dekabr 1969-cu il tarixli qanunu ilə təsdiq edilmiş və 01 aprel 1970-ci ildən 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan SSR Nikah və Ailə Məcəlləsinin 17-ci maddəsinin (İkisindən biri başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir) tələbinə zidd olmuşdur. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehlə mərhum Vilayət Rüstəmov arasında Bakı şəhəri Binəqədi Rayon X2 Qeydiyyatı Şöbəsində bağlanmış xx.xx.1983-cü il tarixdə 692 nömrəli nikahın etibarsız sayması nəticəsinə gəlmişdir.

52. Apellyator X13 nikah münasibətində olduğu, onunla ailə olaraq birgə təsərrüfat apardığı, birgə ailə münasibətlərindən dünyaya gəlmiş uşaqları olduğu, iddiaçının da onların ailə münasibətləri barədə məlumatlı olduğu dəlillər irəli sürmüşdür. Kollegiya bununla bağlı qeyd edir ki, həmin hallar cavabdehlə mərhum Vilayət Rüstəmov arasında qanuni nikah münasibətinin mövcudluğu nəticəsinə gəlmək üçün əsas sayıla bilməz. Çünki, mərhum Vilayət Rüstəmov həmin dövrdə cavabdehlə faktiki yaşamış olsa belə, lakin rəsmi olaraq İddiaçı ilə nikahı pozulmamış və onunla ər-arvad olmuşdur.

53. X14 vəfat etmiş olması və bunun nəticəsində onunla bağlanmış nikaha xitam verilməsi barədə işin halı da özlüyündə iddianın təmin edilməsinə mane yaradacaq hal kimi qəbul edilə bilməz. Çünki, ərin (arvadın) ölümü nəticəsində nikaha xitam verilməsi nikahda olan şəxslə başqa şəxs arasında bağlanmış və birbaşa qanun göstərişinə əsasən etibarsız olan nikahın məhkəmə qaydasında etibarsızlığına mane deyildir. Ona görə ki, ailə qanunvericiliyi ikisindən biri başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol vermir, bu qaydada bağlanmış nikahı etibarsız (saxta) hesab edir. Belə nikahın məhkəmə qaydasında etibarsızlığı təsbit edildikdə, nikah onun bağlandığı gündən etibarsız sayılır.

54. İddia verilməsi üçün qanunla müəyyən edilmiş iddia müddəti ötürülmüşdür barədə apellyatorun dəlili də məhkəmə kollegiyası tərəfindən əsassız sayılmışdır. Çünki, 01 aprel 1970-ci ildən 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan SSR Nikah və Ailə Məcəlləsinin 7.1-ci maddəsində göstərilmişdir ki, nikah və ailə münasibətlərindən irəli gələn tələblərə iddia müddəti tətbiq edilmir.

55. Qeyd olunanlara əsasən məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci intansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli 2(040)-684/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar